Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:36

Deyəsən ki, xatirələrini yaz, amma düz yaz. Nə olar, görəsən?!


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Bu günlərdə Seymur Baycanla bir müsahibəni oxuyub xeyli məyus oldum. Əslində məyusluq illər əvvəl başlamışdı..."

"Bu gün məmurların mənşəyi bəlli olmayan pullarla açdıqları saytlarda papaqlarını günə verən Azərbaycan gəncliyi manısların, rəqqasələrin həyatından elə şouya oxşar əsərlər yazırlar ki, bəlkə satıla və 3-5 manat qazanalar."

Azad Qaradərəli

Seymur Baycan və müasir Azərbaycan nəsri,

yaxud yazı içərisində yazı

Seymur Baycan
Seymur Baycan

Bəri başdan deyim ki, Seymur Baycanın yazılarının əksəriyyətini izləmişəm. Elə ilk yazılarından bu istedadlı və zəhmətkeş qələm adamına rəğbətim olub.

Düşünmüşəm ki, yeni Azərbaycan nəsrini yaradası 2-3 yazardan biri o olacaq.

Nəhayət, onun “Quqark” romanı meydana çıxanda gümanımda yanılmadığımı düşündüm.

Bir neçə yazımda bu roman haqqında fikirlərimi də bölüşdüm. Hətta ayrıca bir yazı da yazdım, fəqət o yazını özümün də anlamadığım səbəbdən saytlarda yayımlada bilmədim.

(Bəzən belə şeylər olur. Ya yazılarımı verməkdən ehtiyat edirlər, ya da sayta qoyandan 3-4 saat sonra yığışdırırlar. Soruşa bilərsiniz ki, əlində “Yazı” boyda iri həcmli dərgi ola-ola siz niyə çap problemindən danışırsınız?! İş ondadır ki, mən bu dərginin təsisçisi və baş redaktoru kimi imzamın orada həddindən artıq görünməsindən qaçmağa çalışmışam daim. Yəni bu, bir etika məsələsi həm də.)

Bu günlərdə Seymur Baycanla bir müsahibəni oxuyub xeyli məyus oldum. Əslində məyusluq illər əvvəl başlamışdı...

Maraqlı romanlardan sonra (o ayrı söz ki. bu romanları hər birinin uğurlarıyla yanaşı, çatışmazlıqları da yox deyildi), birdən-birə “Ana ürəyi” və bu kimi xırım-xırda hekayələr yazmağa başladı; onu da deyim ki, qələmi irihəcmli əsərlərçün ovxarlanmış yazar bu yeni çevrəsində heç də əvvəlki uğurunu qazana bilmədi.

Düzdür, o var ki, Seymur Baycan harda varsa, orda yenilik, uğur olacaq. Amma uğur da var, uğur. Belə bir deyim misalı: ”Dur get var ki, gəl oturdan yaxşıdır.” Qısası, Seymur romançı kimi doğulmuşdu...

Bəs səbəb nədir ki, Seymur birdən-birə romandan hekayəyə keçib? Özünün şərhi maraqlıdır, amma həm də faciəvidir:

"Roman yazmaqçün pul lazımdır. Azı beş min manat. Gərək bütün işini atıb ancaq yazmaqla məşğul olasan. Pul yoxdur. Pul olmadığına görə yazmağa güc, həvəs də yoxdur. Birtəhər səfərbər olub yazmaq olar, amma bu, kimə lazımdır? Heç mənim özümə də lazım deyil. Əziyyətinə dəyməz. Hekayələrlə, məqalələrlə birtəhər yola verirəm.”

Mən bu sətirlərdə müasir Azərbaycanın gənc yazıçılarının (elə bizim də) getdikcə fəlakət həddənə çatan vəziyyətini görür və kədərlənirəm.

Bu gün məmurların mənşəyi bəlli olmayan pullarla açdıqları saytlarda papaqlarını günə verən Azərbaycan gəncliyi manısların, rəqqasələrin həyatından elə şouya oxşar əsərlər yazırlar ki, bəlkə satıla və 3-5 manat qazanalar. Yəni, daloy ciddi ədəbiyyat!

Axı Seymur Baycan da elə həmin sayt və qəzetlərdə məqalə yazır, (sonra həmin məqalənin üzünü astarına çevirib hekayə edir???) və özünün etiraf etdiyi kimi, 50 manat qonarar alıb dolanır... Hələ onun arvad-uşağı da olsaydı, gör nələr olardı!?

Bax, AYB və onun funksionerləri Azərbaycan gəncliyini belə sındırırlar. Bizimlə deyilsən, demək bizdən deyilsən!

Nə yazıqlar ki, onlarla olanı da ayrı cür sındırırlar. Gənclər üzrə katib bir dəfə belə etiraf etmişdi: mənə istedadlı gənc yox, sadiq gənc lazımdır...

Seymur Baycan nə birincilərdəndir, nə ikincilərdən. O elə Seymur Baycandır.

Aşağıdakı yazı isə bir qədər əvvəldə bəhs etdiyimdir.

SEYMUR BAYCAN VƏ “QUQARK”

Seymur Baycan
Seymur Baycan

Əslində “və”yə qəti ehtiyac yox idi, nədən ki, birinci ilə ikincinin arasında cüzi belə, fərq yox. Seymur Baycan “Quqark”dır, “Quqark” da odur. Sadəcə “və”ni ona görə yazdım ki...

OxuZalında oxuduğuma görə, Seymur bəy daha roman yazmayacağını deyib. Məncə, bu, onun həyatda ən yanlış addımı olardı.

Siz, (əgər gah sən, gah siz yazsam, bağışla, necə gəldi, elə də yazdım) zatən bundan başqa nə bacarardınız ki?!

Sabir Əhmədli həyat yoldaşı Şaban Əhmədli ilə
Sabir Əhmədli həyat yoldaşı Şaban Əhmədli ilə

Mən, məsələn, yaza bilməsəm, (hərçənd mən də bu kəramətin yiyəsi deyiləm: beş uşağnan qaçqın kimi çöllərə düşdüm, onlara babat baş təpməyə yer tapan kimi yarıqaranlıq dəhlizdə hekayə yazıb, Sabir Əhmədlinin “Ədəbiyyat qəzeti”nə gətirirdim.

O da zəif demirdi, güclü demirdi, mənə qonorar vermək üçün hamısını çap edirdi) müəllim işləyərəm, uşaq hazırlaşdıraram, birinə dissertasiya yazaram, gedib inək saxlayaram və sair.

Sən isə bunların heç birini edə bilməzsən. Çünki sən yüz faiz yazıçı doğulmusan, yalnız yazıçı!

Dostum Rəhim Əliyevdən göndərdiyin avtoqraflı kitaba görə (“Quqark”) sağ ol. Yazmısan ki, “oxuyun.” Amma nahaq. Mən bu kitabı elə çıxan vaxtlarda alıb oxumuşam və deyim ki, həm sevinmişəm, həm də bir az kədərlənmişəm.

Əvvəl kədərdən başlayım ki, qoy toxtaq olasan.

Mən sənin əksər publisistik yazılarını oxumuşam. Bəzi hekayələrini də. Məsələn, o bir möhtəşəm hekayən var e, adını unutmuşam, camaat rayonu tərk edəndə bir dəli oturub yolun ağında (təhriflərə görə üzr istəyirəm, bu, tədqiqatçı yazısı deyil, yazıçı qeydləridir) və niyə getmədiyini soruşanlara deyir ki, hara gedim, bax, o yoldan o tərəfdə məni heç kim tanımır!

Amma sənin “Körpüsalanlar”ını və o biri romanını (adını dəqiqləşdirməyə hövsələm çatmadı) oxumamışdım. Bax, kədərləndim, ona görə ki, mən səni özümçün gec kəşf etmişdim.

İndi keçək “Quqark”a.

Dmitri Şostakoviç
Dmitri Şostakoviç

“Quqark”dan danışmazdan qabaq bir məsələyə toxunum gərək. Bu yaxınlarda Dimitri Şostakoviçin xatirələrini oxudum.

Onların nisbətən qısa forması ilə vaxtilə tanış olmuşdum.

İnanın, dəhşətə gəldim ki, bizimkiləri, qoyasan avtomat qabağına və deyəsən ki, xatirələrini yaz, amma düz yaz. Nə olar, görəsən? İnanmıram ki, avtomat köməyə gəlsin...

Hə, deməyim odu ki, sənin, gənc bir yazıçının bu yaşında oturub xatirə janrına yaxın roman yazması ona görə baş tutub ki, sən hər şeyi olduğu kimi yazmısan, hətta anana belə güzəştə getməmisən!

"Quqark"
"Quqark"

Anaya güzəştə getməmək olar, amma sən millətinə də güzəştə getməmisən.

Milləti islah etmək üçün elə bilirəm ki, ona da güzəştə getməməlisən.

Seymur bəy, sizin əsərinizin uğuru bilirsiniz nədədir?

Onu oxumağa başlayan kimi qurtarmaq istəməyin sirri bilirsiniz nədir? Oxucunu buraxmamağın səbəbi bilirsiniz nədir? Bunların hamısının bir nədəni var: səmimiyyət. Hətta bir qədər ifratından.

İndi də ifrat barədə. Bizdə bir ifadə var: yalı artıq düşüb. İtdən söhbət getsə də, məlumdur ki, o deyil. Bu gün yalı artıqlıq etdiyindən quduranlar ölkənin sərvətini talayır, elm və kitab əhli isə dilənçi kökündədir.

Bir yazıçı kitabında sevgi səhnələri əvəzinə yemək səhnələri təsvir edirsə, bu, qorxulu cəhətdir. Bəlkə də yazıçı uzaqgörənliyidir bu: qarşıdan gələn, bəlkə elə başlamış aclığın həyəcan təbilidi. (Əli Kərimin “Gül və çörək” şerindən başlayan yoldu bu əslində)

Deyəsən, bir azdan biz hər mənada yaxşı yeməyi ancaq kitablardan oxuyacağıq. Əsərin arılara həsr olunması da elə burdan qaynaqlanır, məncə.

Mən də, elə sən də işğal olunmuş bölgələrdənik. Bizim nə çəkdiyimizi bilənlər bilər.

Sən öz müharibəni verəndə güclü olursan, çox güclü. Amma mən bu romanı yazmaq üçün filan-filan romanları oxudum deyimi hər mənada sənə, sənin öz romanına mane olur. Amma yaxşı ki, səndə heç olmasa bu, ifratçılıq səviyyəsində olmadığından, qulağa xoş gəlir.

Mən bilirəm, bizim qadınların böyük əksəriyyəti Fatma-Tükəzban səviyyəsini aşmayıb, amma bir az insaflı ol, burda heç olmasa ifrata varma.

Aza qane olan, ərinin əlinə baxmayan, bir çox hallarda ərlərini də uşaqlarına qatıb ağır zəhmətlə qazandığı çörəklə saxlayan bədbəxt qadınlarımızı sən bunca bədbəxt günə qoyma, çox aşağılama onları. Bu cəmiyyət, inan ki, onların çiyinləri üzərində olub həmişə.

Sonda ermənilər barədə. Sənin yaratdığın, daha doğrusu həyatdan götürüb kitabında rəsm etdiyin erməni obrazları daha çox diridirlər. Mən səninlə razı, onlarda yeniliyi duymaq, plastika, iynənin ulduzundan keçmək məharəti bizdən çox-çox qabaqdadır.

Bəli, hətta onlar istəklərinə çatmaq naminə qadınlarından da istifadə edirlər. Amma onlar bu gün bizim düşmənlərimizdir, ən azından müharibə bitmədiyi üçün. Bu yerdə tənqidçi dostumuz Tehranla mən də şərikəm.

Nəhayət, Seymur Baycan həqiqəti barədə. Sevincimə səbəb olan elə budur. Həqiqət naminə, hətta ifrata da varmağa dəyər.

(Bu həqiqətin ən böyüyü bir erməninin azərbaycanlıya dediyi cümlədir: ”Gəl səni iyləyim. Səndən Bakının iyi gəlir”. Təkcə bu cümləyə görə bu romanı yazmağa dəyərdi.)

Mən inanıram ki, bu imza tezliklə sınırları keçəcək. Yeni bir Qurban Səidin doğuluşu bu imzadan və onun yaşıdlarından çox asılıdır. Bununçün sənin öz yolundan sapmamağın çox vacibdir.

Sapmamaqçün isə necə varsansa, elə də qal və bildiyin kimi yazmağında davam et. Haqqında yazılanları oxu, (elə bu yazını da) deyilənləri dinlə, amma öz bildiyini heç kimə vermə. XXX olaraq qal.

1. S.A.(söz ardı)

Sabir Əhmədlini oxuyuram. “Yazılmayan yazi” adlı son əsərini. O da avtobioqrafikdir. Belə əsəri yazmaq adamdan hünər istəyir. Həqiqəti demək hünəri. 2011 avqust

2.S.A.

Seymur Baycanın “Quqark”ı barədə başqa bir yazımda da bəhs etmişdim. “Renessans həsrəti” kitabımda getmiş o məqalədə “Göləqarğısancan”, “Aç mənəm”, “Mustafa” və “Quqark” romanlarından bəhs etmişdim.

“Quqark” və onun müəllifi haqqında yazdıqlarımdan sətirlər: "Əvvəlki üç əsərdən fərqli olaraq, “Quqark” müəllifi daha professionaldır. Həyatını, sağlamlığını roman janrına girov qoyan bu müəllif, məncə, Azərbaycanın Ordubadidən, Sabir Əhmədlidən sonra üçüncü böyük romançısı olacaq. Baxmayaraq ki, ona indidən bir sıra epitetlər yapışdırıblar. Amma onun ən böyük epiteti elə “romançı”dır.

***

Belə. Seymur Baycana bunları da deməliyəm: onun indiyəcən yazdıqları, əslində yaradıcılığının baş məşqi idi. Oxucular ondan əsl romanları bundan sonra gözləyirlər.

Qaldı yazıçının pul barədə dediklərinə, məncə Seymur vaxtilə aza qane olan birisi idi. Bəzəkli restoranlar, bahalı yemək-içmək məclisləri onu yazıçılıqdan təcrid etməməlidir.

Əsl yazıçı asket həyatı yaşayandır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG