Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Türkmənistan xoru Ginnes rekordu vurdu


Türkmənistan
Türkmənistan

-

4 min nəfər prezidentin mahnısını oxuyub; Beyinin erkəyi, dişisi olmaz; Avropa Erdoğan-a yalvarır – 2 dekabr Qərb mediasının icmalı.

Türkmən xoru bir mahnının çoxsəsli ifasına görə dünya rekordunu qırıb. Xor Türkmənistan prezidentinin bəstələdiyi söylənən nəğməni səsləndirib.

«İrəli, ancaq irəli» mahnısını 4 mindən çox insan, nəhəng, ənənəvi çadırın – yurtun altında oxuyub.

BBC yazır ki, bu zaman böyük ekranda prezident Kurbanguly Berdymukhamedov sintezator çalaraq onlarla birlikdə ifa edib.

Çoxsəsli (polifonik) ifa zamanı hamı eyni melodiyanı səsləndirir, ancaq müxtəlif vaxtlarda başlayır və mahnı üst-üstə düşür.

Adətən, Türkmənistan lideri dövlət mediasında bir sıra istedadlar sahibi kimi təqdim olunur. Onun avqustda yayılmış «İrəli, ancaq irəli» mahnısı artıq himnə çevrilib. Berdymukhamedov 2012-ci ilin fevralında 97 faiz səslə ikinci dəfə prezident postuna yiyələnib. Beynəlxalq müşahidəçilər seçkinin demokratik keçmədiyini bildirib.

O, Saparmurat Niyazov 2006-cı ildə öləndən sonra hakimiyyətə keçib və sələfinin şəxsiyyətinə pərəstiş izlərini məhv edib. Ancaq eyni zamanda özünə aid olanları gətirib. Məsələn, bu ilin əvvəlində Aşqabadda prezidentin at üstündə nəhəng qızılı heykəli açılıb.

5.5 milyon əhalisi olan Türkmənistan dünyanın ən repressiv ölkələri siyahısındadır.

İnsan beyni
İnsan beyni

BEYNİN ERKƏYİ, DİŞİSİ OLMAZ

İndiyədək kişi və qadın beyinlərinin fərqliliyi barədə müxtəlif fikirlər irəli sürülüb. Ancaq bazar ertəsi ABŞ Milli Elmlər Akademiyasının rəsmi jurnalında dərc edilmiş araşdırma bunun belə olmadığını ortaya qoyub. Bu barədə «The Washington Post»da Rachel Feltman yazır.

«Cinsiyyət üzvlərində fərq daim qeyd-şərtsiz etiraf olunsa da, bunun insan biologiyasına təsiri məsələsi həll olunmamış qalırdı» - araşdırmada deyilir. Tel-Əviv Universitetində tədqiqatçılar 1400 fərdin tomoqrafik çəkilişlərini öyrənib və onların oxşar olduğunu üzə çıxarıb. Bu tədqiqatın cinsə görə beyin fərqliliklərini ilk dəfə öyrəndiyi qeyd olunur. Müəlliflər çox az sayda beyinin tamamilə kişi və ya qadına məxsus xüsusiyyətlərə malik olduğunu bildirir, belə ki, çoxu mozaik tərkiblidir:

«Kişi-qadın xüsusiyyətli beyinlərin sayı çox azdır», - alimlər yazır. «Beyinlərin çoxu ya daha çox qadınlara, ya da kişilərə aid cizgilərin üstünlük təşkil etdiyi nadir mozaik tərkiblidir».

Tel-Əviv Universitetində tədqiqata rəhbərlik etmiş Daphna Joel «New Scientist» dərgisinə deyib ki, beyində cinsə görə fərqliliklərə dair fərziyyələr artıq kənara atılmalıdır: «Daima qızları və oğlanları, kişiləri və qadınları ayırırıq. Bu, yanlışdır, təkcə siyasi deyil, həm də elmi baxımdan səhvdir, hər kəs fərqlidir».

R.T.Erdoğan
R.T.Erdoğan

AVROPA ERDOĞAN-A YALVARIR

«Brüssel qaçqın məsələsində Türkiyə avtokratına bel bağlayır». «The Wall Street Journal» Avropa Birliyi və Türkiyənin ötən bazar günü əldə etdiyi sazişdən yazır. Qaçqınların Avropaya axınını önləmək üçün Türkiyəyə 3 milyard avro yardım ayrılır.

Qəzet yazır ki, Nəzəri baxımdan, razılaşma qaçqın probleminə nəzarətə yardım göstərə bilər. Ancaq Türkiyənin təkbaşına bu kütləvi miqrasiyanı idarə edəcəyi real səslənmir. Belə ki, Türkiyədə artıq 2 milyondan çox suriyalı qaçqın var. Üstəlik, Türkiyə vətəndaşları üçün vizasız səyahətin müzakirəsi, Türkiyə liderləri ilə müntəzəm sammitlər keçirilməsi kimi güzəştlər hakim AKP-yə siyasi qazanc yaradacaq:

«Bu böhran nağd pul və diplomatik güzəştlərlə həll olunası deyil. Hasarlarla, sərhədlərin bağlanması ilə də başa gəlməyəcək. Avropanın sərhədləri çox uzundur və həmişə bu sərhədi aşmağa bir yol tapılacaq».

«Qaçqın böhranının həlli üçün ciddi variant hərbi güc vasitəsilə Suriya və İraqda qeyri-uçuş zonası yaratmaq, «İslam Dövləti» silahlı qruplaşmasını məğlub etmək və adamların öz ölkələrində təhlükəsizlik yaşamasını təmin etməkdir. Bu, Avropadan fərqli sərmayə tələb edəcək. Elə bir sərmayə ki, Avropa bunu on illərdir yatırmaq istəmir. Ancaq bu, baş verərsə, təhlükəsizliyin Türkiyə avtokratının şıltaqlıları hesabına təminatı riski də azalar».

XS
SM
MD
LG