Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

İndi İlham Əliyevin ən yaxşı seçimi - ehtiyatlı olmaqdır


İlham Əliyev və R.T.Erdoğan

İlham Əliyev və R.T.Erdoğan

-

«Rusiya-Türkiyə gərginliyinin artması Azərbaycanı çətin duruma salır. Enerji qiymətlərinin düşüşünün ölkə iqtisadiyyatını sıxdığı bir vaxtda rəsmilər daxili sabitliyi saxlamaq naminə həm Türkiyə, həm Rusiya ilə güclü münasibətləri qorumalıdırlar». Bunu eurasianet.org saytında Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədov yazır. Ancaq onun məqalədə şəxsi mövqedən çıxış etdiyi qeyd olunur.

AZƏRBAYCANDAN DƏSTƏYİ ALA BİLMƏDİ

Müəllif yazır ki, Türkiyə qırıcısı noyabrın 24-də Rusiyanın «Su-24» bombardmançısını vurandan sonra Türkiyə cidd-cəhdlə Azərbaycanın dəstəyini almağa çalışdı. Xarici işlər naziri Mevlüt Cavuşoğlu Bakıya səfər etdi. Baş nazir Ahmet Davutoğlu elan etdi ki, Ankara Dağlıq Qarabağı azad etmək üçün mümkün hər şeyi edəcək. Ancaq onlar Bakının cavabından məyus oldular. Prezident İlham Əliyev və digər rəsmilər bu məsələdə tərəf tutmaqdan imtina etdilər, təəssüf bildirərək vasitəçilik təklifi irəli sürdülər:

«Azərbaycanda ictimai fikir daha çox Türkiyənin yanında olsa da, Əliyev administrasiyası iqtisadi və siyasi səbəbləri ehtiyatla götür-qoy edir. Rusiyanın Azərbaycana təsir göstərmək yolları çoxdur, iqtisadi çöküşdən dolayı ölkədə indi daha çox ictimai narazılıq yarana bilər».

Müəllif Rusiyada bir milyonadək azərbaycanlının işləməsinə, Rusiyadan Azərbaycana illik pul göndərişlərinin 3 milyard dollara çatmasına diqqət çəkir: «Moskvanın bu vətəndaşların Rusiyada işləməsini məhdudlaşdırmağa yönəlik istənilən cəhdi Azərbaycana ciddi təsir göstərər. Daha bir iqtisadi rıçaq isə Kremlin Azərbaycandan ərzaq idxalını qadağan etməsi ola bilər».

DİPLOMATİYADA DA RUSİYA

Diplomatiyaya gəlincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi təsirə malikdir.

İlham Əliyev və Vladimir Putin.

İlham Əliyev və Vladimir Putin.

«Rusiya istərsə, Azərbaycanın şimalında, öz sərhədinə yaxın ərazidə ləzgi azlığı içində narazılıq yarada bilər», - yazan müəllif hər iki ölkənin sələfi radikalizmindən ümumi narahatlığı olduğunu da vurğulayır. Azərbaycandan da Suriyaya döyüşməyə gedənlər var və bəzi ekspertlər onların nə vaxtsa qayıdıb iğtişaş yarada biləcəyini söyləyir. Azərbaycan üçün məsələni qəlizləşdirən bir amil də Türkiyənin Suriyada bəzi radikal qrupları dəstəkləməsidir, Bakıyla Moskva həmin qrupların neytrallaşdırılmasını istəyir:

«Moskva və Bakıdakı elitaların öz ölkələrində «Avromaydan»a bənzər itaətsizliyin mümkünlüyü sarıdan qorxusunun rolunu da kiçiltmək olmaz. Bu narazılığın qapağını bağlı saxlamaq məqsədilə Bakıdakı rəsmilər narazılara qarşı amansız kampaniya aparıb. Bakının siyasəti Qərblə münasibəti soyudub, ancaq Moskvanı yanında görüb. Xarici işlər naziri Elmar Məmmədyarov bir az da irəli gedərək təklif edib ki, Azərbaycan Moskvanın rəhbərlik etdiyi Avrasiya Birliyi ilə münasibətlərin genişləndirilməsində maraqlıdır».

DÜNYƏVİ HƏYAT TƏRZİ VƏ TƏHSİL

Eldar Məmmədov yazır ki, İran faktoru da Azərbaycana təsirsiz ötüşmür. Tehran Suriyada Moskvanın müttəfiqidir və Azərbaycan Türkiyəpərəsət mövqe tutardısa, buna kənardan baxmayacaqdı: «İndi Azərbaycana gərəkən sonuncu şey 1990-cı illərə qayıdışdır. O zaman demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəyin qızğın türkpərəst hökuməti həm Moskvadan, həm də Tehrandan uzaqlaşırdı».

İlham Əliyev və Hassan Rohani.

İlham Əliyev və Hassan Rohani.

«Mədəniyyət məsələsi də öz sözünü deyir. Azərbaycanın indiki liderləri dünyəvi həyat tərzi və təhsilə malikdirlər. Çoxları üçün Azəri türkcəsi deyil, rusca əsas dildir. Çoxu Moskvadakı həmkarları ilə çoxdan şəxsi, siyasi, peşəkar və biznes əlaqələri qurub. Onlar Türkiyənin dini baxımdan mühafizəkar rəhbərliyi ilə dil tapmaqda karıxırlar».

İNDİLİK ƏN YAXŞI DİPLOMATİK SEÇİM

«Sonucda, Türkiyə-Rusiya böhranı Bakını iqtisadi və siyasi seçimlərini genişləndirməyə həvəsləndirə bilər. Məsələn, neftin qiymətinin aşağı olması Azərbaycanın Avropa Birliyi ilə daha güclü münasibətlər qurmağa sövq edə bilər. İndiliksə, görünən odur ki, Əliyev administrasiyasının təyyarə vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərində göstərdiyi ehtiyatlılıq ən yaxşı və mümkün diplomatik seçimdir», - Eldar Məmmədov yazır.

Qeyd edək ki, Azərbaycanda hakimiyyət təmsilçiləri ölkədə narazıların susdurulması barədə deyilənləri qəbul etmir, beynəlxalq insan haqları təşkilatlarının, medianın yazdığını ölkəyə qarşı «qarayaxma kampaniyası» kimi dəyərləndirirlər. Ancaq bu ilin oktyabrında prezident İlham Əliyev Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) rəhbəri ilə görüşündə qurumun vətəndaş cəmiyyəti ilə bağlı qaldırdığı məsələlərin həllini üzərinə götürmüşdü. Məlumatı MSŞT yaysa da, Prezident Administrasiyası tərəfindən təkzib olunmadı. MSŞT rəhbəri Clare Short daha sonra «BBC Azərbaycanca»ya müsahibəsində deyirdi ki, prezident Əliyev ölkədə vətəndaş cəmiyyətinə təzyiqləri «regiondakı bəzi qeyri-sabitlik»lə əlaqələndirib və deyib: «Hə, biz vətəndaş cəmiyyətinə məhdudiyyətləri Ukraynada «Maydan2 və regionda baş verən başqa hadisələrə görə qoymuşuq».

XS
SM
MD
LG