Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Özlərini təriflədənlər ədəbiyyatından bir-birini tərifləyənlər ədəbiyyatına


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Qoca AYB-çılarla bu rektor-direktor yazarlar arasında gizli döyüş başladı."

"Çörək və yenə də çörək onların nizamını və düzənini pozdu, hətta bir-birinə qarşı çıxmağa başladılar."

Azad Qaradərəli

RİYAKARLARIN ƏDƏBİYYATI

Azad Qaradərəli
Azad Qaradərəli

Sovet ideologiyası adamları marionetkaya çevirdiyi kimi, ədəbiyyatı da eyni müstəvidən idarə edirdi.

Hər respublikada 3-5 “yazıçı” çıxardır, onların ətrafında miflər yaradır və bütün ədəbu ictimaiyyəti başda ədəbi tənqid deyilən bir oyuncaq dəstə olmaqla təriflədir, təriflədirdilər.

Böyük bəstəkar D.Şostakoviçin bu barədə gözəl bir yazısı var. Həmin yazıda qazax ozanı Cambul Cabayevin üfürülərək necə şişirdildiyini və yalandan böyük şairə, ozana döndərildiyini tünd boyalarla əks etdirib.

Zhambyl Zhabaev və Qazaxıstan Kommunist Partoyası Akhmetov. Almata, 1943
Zhambyl Zhabaev və Qazaxıstan Kommunist Partoyası Akhmetov. Almata, 1943

Hər şey isə uydurma idi. Cambul Cabayev özü əlbəttə ki, mövcud idi. Tərcümələr də. Orijinal isə yox idi.

Çünki Cambul bəlkə də yaxşı adam idi. Ancaq şair deyildi. Nə bilim, bəlkə də şair idi. Amma bu, heç kimi maraqlandırmırdı. Çünki Cambulun guya rus dilinə tərcümə olunmuş mövcud olmayan şeirləri elə rus şairləri tərəfindən yazılırdı.

Bu, Tiflisdə də olub, Yerevanda da, Kiyevdə də, lap Moskvada da. Amma Bakıdakı kimi heç yerdə olmayıb.

Ona görə də bizdəki xalq yazıçıları Sosialist Əməyi Qəhrəmanı adı uğrunda yarışa girmişdilər – təbii ki, gözəl əsər yazmaq uğrunda deyil. Bu, heç onların vecinə belə deyildi. Başını ağrıdıb modern əsər yazıncan dövlət sifarişi ilə Lenindən, partiyadan yaz, bitsin bu iş.

Mirzə İbrahimov
Mirzə İbrahimov

“Pəri xala və Lenin” hekayəsi, “Gələcək gün” romanı, “Şimal küləyi” romanı, “Lenin” poeması, “Xanlar” dramı, “Zamanın bayraqdarı” poeması... kimi maklaturalara illərini vermiş yazıçılarımız.

(“Gələcək gün”ün adını təsadüfi çəkmədim. Özü güneyli olan Mirzə İbrahimov 1945-ci ildə sovet ordusunun buraxıb çıxdığı silahla şah ordusunun güneyin azadlıq aşiqlərini al qana boyadığı barədə bircə kəlmə də bəhs etməmişdi.)

Onların bir çoxu həm də generallar idilər, gizli generallar. (Hansı mənada istəyirsiniz başa düşün, amma gerçəkdən beləydi. Bunu mənə uzun illər MTN sistemində çalışmış, akademiyaya, yazıçılar birliyinə kuratorluq etmiş istefada olan polkovnik danışıb. Bu barədə “Şəhərcik” romanımda bəhs etmişəm.)

Onların zamanı bitər-bitməz, 60-cılar meydana atıldılar. Təbii ki, Moskvanın verdiyi kiçicik bir nəfəslikdən barınıb "Sakit Don”, “Doktor Jivaqo”, “Master və Marqarita”, “Arxipelaq QULAQ”... kimi əsərlər yazmaq yerinə, “Təhminə və Zaur”, “Mahmud və Məryəm”, “Qış gecəsi”, “İtkin gəlin” kimi yüngül ədəbiyyat nümunələri meydana gəldi.

AYB-nin 12-ci qurultayı
AYB-nin 12-ci qurultayı

İsa Hüseynovun, Sabir Əhmədlinin əsərləri isə kəsildi, doğrandı, lazımi səviyyəyə qalxmasına imkan verilmədi.

Amma buna baxmayaraq, həm AYB daxilində, həm də başqa sahələrdə mövqe tutan bu 60-cılar həm yaşıdlarını, həm özlərindən yaşlıları (generalları), həm də özlərindən sonra gələnləri (80-ciləri və hətta indiki gəncliyin bəzi nümayəndələrini belə!) təşfiq etdilər ki, onların əsərləri haqqında mədhiyyələr yazsınlar.

Bu mədhiyyələr hələ də yazılır, ona görə ki, son nəfəsdə olsalar da, hələ əlləri sükandadır, kürsüdən bərk yapışıblar. İş, qonorar və təqaüd üçün məzlum yazarlar dəstəsi bu işi hələ də davam etdirməkdədirlər...

Adama elə gəlir ki, generallar köçünü çoxdan sürdüyündən, onların kürsülərini zəbt etmiş 60-cılar da artıq son günlərini yaşadıqlarından, bu epidemiyanın da kökü kəsilmək üzrədir...

Heyhat...

Arada yaranmış azacıq boşluq kimidən (boşluq yox ha, boşluq kimi, ona görə ki, ONLAR hələ diridilər və onların sərhəddinə girmək olduqca qorxuludur! – elektrik dirəklərində qabaqlar yazardılar: QALXMA, ÖLDÜRƏR!) istifadə edən bəzi yeni məmur yazıçılar boş kimi görünən sahələri zəbt edərək özlərini təriflətməyə başladılar.

Kamal Abdulla
Kamal Abdulla

Tərifçilər aşkarda-gizlində bu işə həvəslə getdilər, rektor-direktor yazıçıların əsərlərində nəsə tapdılar və tərif dalğası sunami təsiri yaratdı.

Nəticədə qoca AYB-çılarla bu rektor-direktor yazarlar arasında gizli döyüş başladı. Tərifçilər də tərəf oldular bu arada...

(Bu rektor-direktor yazıçıların əsərlərini tərifləyənlərin birindən sormuşdum ki, bu yazılarda nə var, mən niyə anlamıram? Qəribə bir təşəxxüslə cavab vermişdi: bu, yeni estetikadır... Həşəbe-xeybər! Hələ də o estetikanın nə olduğunu bilmirəm və olmayan bir şeyi bilmək də istəmirəm. Lap Cambul Cabayev timsalı...)

2000-ci ildən ədəbi meydana girən və az vaxtda çox iş görən AYO-çular ədəbi çevrədə bir silkələnmə yaratdılar. Çox müstəqil addımları ilə ədəbi aləmə yeni nəfəs verdilər.

Amma təəssüf ki, bu modern düşüncə sahibləri həm AYO-nu, həm özlərini bu şəkildə uzağa apara bilmədilər.

Çörək və yenə də çörək onların nizamını və düzənini pozdu, hətta bir-birinə qarşı çıxmağa başladılar. Qocaların qoynuna sığınan kim, kommunizmin üfüqlərinə boylanan kim, saytlarda vaxt öldürən kim...

Və ciddi əsərlər yenə yaranmadı...

İllüstrasiya
İllüstrasiya

Fəlakət onda oldu ki, onların da bəziləri başladılar yuxarıda dediyimiz 60-cıları və onlara rəqib olanları tərifləməyə.

Sonra orada dayanmağın yanlış olduğunu anlayıb, anadolular demiş, kəndinə döndülər.

Amma yanlış da bir naxışdır – onlar tərifin “dadını” duymuşdular. Tərifləməyə birisi olmayanda başladılar bir-birilərini tərifləməyə.

ÖZLƏRİNİ TƏRİFLƏDƏNLƏRİN yerlərini BİR-BİRİNİ TƏRİFLƏYƏNLƏR tutdu. Bu gün bütün çevrələrdə onlar bir-birlərini tərifləməklə məşğuldurlar. Çox təəssüf ki, yeni, dünya səviyyəli ədəbiyyat yaratmaq heç kimin yadına düşmür və belə getsə heç düşməyəcək də...

Amma sonda bir şeyi mütləq deməliyəm: sonunculardan belə hikkəylə danışmağıma baxmayın. Hələ də onlara inanıram.

Elə bilirəm ki, yeni ədəbiyyatı onlar yaradacaqlar, əgər BİR-BİRLƏRİNİ TƏRİFLƏMƏK kimi yanlışlıqdan azad ola bilsələr.

Bir yazımın başlığı beləydi: BÖYÜK ƏDƏBİYYATIN AYAQ SƏSLƏRİ. Qoy o cümlə bu acılar icində yazdığım yazının sonluğu olsun. Mən o səsləri eşidirəm... bir görsəydim də...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG