Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

Bacarıqlı bir menecer kitab satışını dirçəldə bilərmi?


İllüstrasiya
İllüstrasiya

-

"Bəlkə üz qabığının dizaynı pis olub (marketinq). Bəlkə düzgün satış kanalları seçilməyib (satış). Bəlkə kitabda qrammatik səhvlər olub (keyfiyyət) – bu, yeri gəlmişkən, məni Azərbaycan dilində kitab oxumaqdan iyrəndirən əsas səbəblərdən biridir. Bəlkə də hamısı birgə baş verib."

Günel Mövlud bir şirkətin menecerindən müsahibə alıb, iş yeri icazə vermədiyindən onun adı göstərilmir.

İdeal halda və reallıqda

​- Menecer ümumiyyətlə, nə iş görür?

- Çox sadələşdirsək, menecer sadəcə hər hansı bir funksiyanı, prosesi idarə edən və ya şirkətdə hər hansı funksiyaya görə, onun verdiyi nəticəyə görə məsuliyyət daşıyan şəxsdir.

- Bu iş kateqoriyası bizim ölkəyə nə vaxtdan gəldi?

- Kateqoriya olaraq çoxdan var idi, sadəcə ad olaraq sonradan gəldi. Yəni məsələn, SSRİ dövründə bir zavodda da hansısa funksiyanın meneceri var idi, sadəcə ona şöbə rəisi deyirdilər və ya məsələn, təsərrüfat müdiri.​

- Azərbaycanda menecer olmağı öyrədən təhsil müəssisələrində nələr öyrədilir və ya nələr öyrədiləməlidir, amma öyrədilmir?

- Məsələn, mən Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdareətmə fakültəsini bitirmişəm. Adından da bilindiyi kimi, orada müəyyən idarəetmə (yənə menecment) əsasları öyrədilməli idi.

Hətta 2000-ci ildə bir belə fakültə vardısa, əminəm, indi daha çoxdu və daha effektivdir. Nələr öyrədilməlidir, bu, ciddi olaraq funksiyadan asılıdır. Baxır, adam gələcəkdə nəyi “menec”, yəni idarə edəcək. İnsan Resurslarının İdarə edilməsi, Maliyyə İdarəetməsi və sair fakültələrə sırf funksiyadan asılı olaraq, fərqli şeylər tədris olunur.

Ümumi dərslər də vacibdir – heyətini necə idarə etməli, düzgün kommunikasiyadan tutmuş, lap elə deyək, layihələrin idarə edilməsinin əsaslarına kimi. Yeri gəlmişkən, Layihə Menecmenti lap ayrı müzakirə mövzusu ola bilər, amma onu da müzakirə etsək, qorxuram mühazirə olar söhbətimiz.

Qısaca onu da qeyd edim ki, ümumiyyətlə, idarə edilən funksiya/proses böyüdükcə onun rəhbərindən, yəni menecerindən digər funksiyalar haqqında da biliklərin olması gözlənilir.

Yəni İnsan Resursları rəhbəri şirkətin maliyyə göstəricilərini də çox gözəl anlamalı və analiz etməyi bacarmalıdır. Amma bunlar daha çox iş təcrübəsindən yaranacaq. Sırf ali məktəbdə ixtisasın öz fünksiyasını, Menecmentin əsaslarını öyrətsələr, bəsdir.

Təəssüflə qeyd etməliyəm ki, istənilən halda Azərbaycan ali məktəblərində bu istiqamətdə verilən təhsil biznesə imkan vermir ki, adam universitetdən dərhal menecmentə cəlb olunsun. Odur ki, bir neçə il həmin funksiyada sıravi işçi kimi təcrübə toplayıb, növbəti pilləyə keçmə ehtimalı daha böyükdür.​

İllüstrasiya
İllüstrasiya

Maliyyə meneceri peşəsi var. İnsan Qaynaqları meneceri peşəsi var. Müştərilərlə əlaqələr departamentinin meneceri var.

Amma ümumiyyətlə menecer demək - ümumiyyətlə həkim deməyə bənzəyir, bütün həkimlər eyni iş görmürlər; bunun pediatrı, stomatoloqu və psixiatrı var.

Burda bir haşiyə çıxmaq istərdim ki, effektiv menecer bəzən öz sahəsindən çıxıb digər sahəyə keçə və orda da effektiv nəticələr verə bilər.

Adətən bu, çoxillik uğurlu menecment təcrübəsnin nəticəsi olur...

- Bir dəfə mütailəli, ədəbiyyatı sevən bir menecer yazıçı Seymur Baycanın kitabına menecerlik etməyə çalışdı. Yazıçı onunla mübahisə edirdi ki, alınmayacaq, kitablar satılmayacaq, çünki ölkədə kitab oxuyan yoxdur. Menecer isə iddia edir ki, kitabın sadəcə yaxşı meneceri yoxdur.

Nəticədə doğrudan da həmin fədakar insanın bütün cəhdlərinə baxmayaraq, kitablar satılmadı. Siz necə düşünürsünüz, kitab məsələsində doğrudanmı yaxşı menecer yoxdur, yoxsa bu işdə heç menecerlik də kömək edə bilməz.

- Düzünü deyim, bir məsələ ilə yaxından məşğul olmamışamsa, onun haqda fikir yürütməkdən çəkinirəm. Amma nəzəri analiz etməyə çalışacam.

Nigar Köçərli
Nigar Köçərli

Gözümün önündə illərlə kitab biznesində uğurlu fəaliyyət göstərən Nigar Köçərli durur.

Uğurlu deyəndə ki, onun da detallarını bilmirəm, amma kitab mağazaları illərlə çalışırsa, demək, çox da pis deyil.

Deməli, o, Azərbaycanda kitab satmağın nə olduğunu anlayıb və bunu həyata keçirir.

Mən şəxsən Azərbaycanda kitabın satılmasına möcüzə kimi baxıram. Bir oxucu kimi deyə bilərəm ki, yazıçının "Azərbaycanda kitab oxuyan yoxdur" yanaşmasını da birmənalı qarşılamazdım.

Sırf nəzəri yanaşsam, kitab satılmasında (istənilən digər məhsul və ya xidmət satışı kimi) bir neçə element görərdim, bu, ilk növbədə, əlbəttə, məhsulun keyfiyyəti (kitabın məzmunu), daha sonra isə marketinqi, satışı və s. Hər bir elementdə uğursuzluq, əlbəttə ki, son nəticədə əksini tapacaq.

Konkret kitabın nədən satılıb satılmamasını deyə bilmərəm. Bəlkə üz qabığının dizaynı pis olub (marketinq). Bəlkə düzgün satış kanalları seçilməyib (satış). Bəlkə kitabda qrammatik səhvlər olub (keyfiyyət) – bu, yeri gəlmişkən, məni Azərbaycan dilində kitab oxumaqdan iyrəndirən əsas səbəblərdən biridir. Bəlkə də hamısı birgə baş verib.

- Bu yaxınlarda bir rus bloqçunun yazısını oxudum. O, Rusiyada izahı mürəkkəb olan bir neçə işin süqutundan yazırdı. Bu peşələrin arasında menecerlik də vardı. Bizdə necədir? Neft pullarının azalması, qapının ağzındakı maliyyə böhranı hansısa şəkildə sizin bu işə təsir edəcəkmi?

- Bir neçə belə məqalə oxumuşam və mənasız sayıram. Söhbət konkret menecmentdən getmir, hansısa funksiyadan gedir. Əlbəttə, mətbəxdə çaynik meneceri funksiyasi itə bilər. Amma IT layihə meneceri?!

Neft pullarının azalması və maliyyə bohranı, idealda, biznes proseslərinin səmərəliləşməsinə gətirməlidir. Bəli, mənasız menecer vəzifələri ləğv oluna bilər, daha yüksək səviyyəli menecerlərə tapşırıla bilər, qruplar, funksiyalar birləşə və ya ayrıla bilər.

Bu, hər hansı ayrıca şirkətin sturkturunun son nəticəyə nə dərəcədə uyğun xidmət etməyindən asılıdır. Proses optimallaşması (yəni, tutaq ki, sənəd 5 adamın təsdiqindən deyil, 3 adamın təsdiqindən keçsin) struktur optimlaşmasına gətirməlidir və s.

Amma heç bir halda o demək deyil ki, menecerlər (yəni faktiki məsuliyyət daşıyanlar) işsiz qalacaqlar. Əksinə, daha bilikli və bacarıqlı, daha effektiv menecerlər belə halda bir neçə istiqaməti birləşdirərək şirkətə daha çox xeyir gətirə bilərlər. İdeal halda.

Reallıqda necə olacaq, proqnoz verməkdən çəkinirəm, çünki biz təəssüf ki, tam normal fəaliyyət göstərən bazar iqtisadiyyatına keçmədik və burda tam başqa qanunlar işləyə bilər.

XS
SM
MD
LG