Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Özümü niyə öldürüm ki. Elə-belə, dayanmışam da burda


Cavid Ramazanlı

Cavid Ramazanlı

-

"Mən məst olmuşcasına şəhərin küçələrində veyl-veyl gəzirdim. Ətraf aləmlə aramda olan ziddiyyətlər tamamilə yoxa çıxmışdı.​"

Cavid Ramazanlı

Suitinin həyatla imtahanı

​(Hekayə)

Günorta yuxarı mərtəbədə yaşayan rus nənə qapıya gəlmişdi. Şikayət eləyirdi ki, gecəsi-gündüzü yoxdu əlimizdən, səs-küy salırıq. Guya hətta tavanı təpikləyirmişik. Nənə bizi polisə şikayət eləməklə hədələyib getdi.

Arvadın təklikdən başı uçub...

Bütün günü divanda uzanıb tavana baxıram, görəsən, gözlərimin təmasından tavanda səs-küy yarana bilərmi – fikirləşirəm. Yox - deyirəm öz-özümə, - belə şey mümkün deyil.

Evdə də əksər vaxt sakitçilikdi. Bəs babulya niyə səs-küy gəldiyini deyir? Ola bilsin, bir neçə dəqiqəlik də olsa, ünsiyyətə ehtiyacı vardı – heç kimi yoxdu, tənhadır. Alt qonşunun tavanı təpikləməsi kimi fantaziya başqa necə yarana bilər ki? Ancaq təklikdən.

Nənə gəldi, məni düşüncələrdən ayırdı, tavana baxa-baxa gül kimi xəyallara dalmışdım.

Axır vaxtlar tavana baxıram, amma deyəsən, elə ömrüm boyu gözlərimi harasa boş-boş zilləməklə keçirmişəm. Adamlara həyatını tavana baxmaqla keçirdiyini deyə bilməzsən.

Kimsə, xüsusilə atam zəhmli səslə nə işlə məşğul olduğumu soruşanda deyirəm: zamanın keçməsinə tamaşa eləməklə məşğulam. Başqa nə deyim? Belə ən azından təmtəraqlı cümlə qurmuş oluram...

3-4 ay əvvələ kimi canımı dişimə sıxıb möhkəm işlədim. Köhnə dostum, indiki ev yoldaşım Zaur mənə yaman qaz vermişdi. Deyirdi ki, nə vaxta kimi belə yaşayacaqsan, boş-boş bəhanələr gətirməklə ömrü bada verəcəksən, pul qazanmaq lazımdı.

Zaur özü mənə iş tapdı, özünün kirayədə yaşadığı evə yaşamağa dəvət elədi. Dedi: “Mən də təkəm evdə, adam darıxır. Gəl bir yerdə qalaq, işləyək, əylənək, kef çəkək”.

Ofisdə kompüter arxasında oturub ərzaq şirkətlərinin məhsullarının tərkibi, faydaları haqqındakı gic-gic məlumatları ingiliscədən azərbaycancaya tərcümə eləyirdim.

İlahi, qusmağım gəlirdi. Bu məlumatları oxuyan vardımı, görəsən? Marketlərə, dükanlara girib qəsdən alıcıları müşahidə edirdim. Çox nadir hallarda kimsə məhsul haqqında yazılanlara baxırdı. Adətən əllərinə nə keçsə, eləcə səbətə vızıldadırdılar...

“Çox mənasız işdir”, - Zaur işim barədə soruşanda deyirdim.

“Bütün işlər mənasızdı, narahat olma, amma pul qazanmaq lazımdı”, - Zaur cavab verirdi.

- Həyata nifrət eləyirəm.

- Düz eləmirsən.

- Bəs neynəyim?

- Bilirsən, elə şeylər var, onlarla barışmaq lazımdı. Hamı necə, sən də elə. Palaza bürün, elnən sürün. Yaşamaq üçün işləməlisən. Başqa variant yoxdu.

- İşdən gələndən sonra yorğunluqdan heç nəyə həvəs olmur, işlə yat, işlə yat, işlə yat. Nə qədər olar axı? Depressiyaya düşmüşəm. Universitet bundan yaxşıydı.

- Narahat olma, indi hamı depressiyadadır, işləyən də, işsiz də. Amma işləyib depressiyada olmaq daha yaxşıdı.

- Nəyi yaxşıdı?

- Ən azı vicdanın təmiz olur ki, işləyirsən. Yeməyə çörək tapırsan, əyninə paltar alırsan, bazlıq eləyirsən, hətta hərdən harasa gəzməyə gedirsən. Daha nə lazımdı ki? 22-23 yaşın var artıq, nə qədər papanın şotuna fırlanassan?

Hardansa başlamaq lazımdı, sonra daha yaxşı iş taparsan. Bilirsən, sənə vaxt lazımdı. Müqavimət göstərmə, təslim ol. Belə baxanda, heç təslimiyyət də lazım deyil, biraz ağıllı ol, bəsdi.

Əsas məsələ adamın özünü yaxşı hiss eləməyidi. Özünü yaxşı hiss eləmək üçün də dövrün damarını tutmalısan, vəssalam.

- Dövrün damarını nətər tutum?

- Dayanma, işlə, pul qazan!

Bu tip dialoqlar aramızda tez-tez təkrar olunurdu. Mən həyatın mənasızlığından şikayətlənirdim, Zaursa mənim iddialarımı puça çıxarmağa çalışırdı.

Dostumun çox sadə həyat düsturu varıydı və o, buna necəsə çox əminliklə riayət edirdi. Deyirdi ki, uğurun açarı çətinlikdədir, ona görə də daim çətinliyin üzərinə getmək lazımdı.

Səhər yuxudan tez durmaq çətindirmi, tez dur, işə vaxtında getmək çətindirmi, vaxtında get, avaralıq eləməmək çətindirmi, avaralıq eləmə.

Zaur hardansa çırpışdırdığı bir aforizmi həyatının şüarına çevirmişdi: Disiplin Azadlıqdır!

Bu fikri mənə də təlqin eləməyə çalışırdı. Adət elədiyi üzrə iri çay qaşığında mürəbbəni ağzına qoyub, çaydan yekə bir qurtum alıb deyirdi:

“Sənin o müşahidən xoşuma gəldi. Bizim idarənin işçiləri barədə dediyini deyirəm. Dəqiq elədi, səliqəli rəsmi geyimdə idarənin qabağında dayanıb özlərindən razı halda siqaret çəkirlər. Nə barədə danışırlar? Heç nə barədə.

Vacib olan söhbət deyil ki. Vacib olan gəlib-keçənə özlərinin vacib persona olduqlarını göstərməkdi. Amma mən onlardan deyiləm, özün bilirsən.

Nə olsun ki, onlarla işləyirəm, elə bilirsən, elə məhdud mühitdə, özündən müştəbeh adamlarla işləmək asan məsələdi? Qətiyyən. Ancaq cəngəlliyin də öz qayda-qanunları var, ya sən yeməlisən, ya da səni yeyəcəklər...

Demək ki nədi? Daim hücumda olmaq lazımdı. He he he... Daha sənin kimi üç gün işləyib mısmırığını sallamaq yox”.

Ancaq mən çox davam gətirmədim. Disiplin məni xəstələndirdi. Soyuqlayıb yorğan-döşəyə düşdüm. Bakıda baxan yoxuydu, məcbur qalıb xəstə-xəstə rayona, valideynlərimin yanına getdim.

Atamla anam rayon xəsəxanasında həkim işləyirlər, 20 günə dirildib, dalımdan təpik vurub məni təzədən Bakıya yola saldılar. Bakıya gələndə isə məlum oldu ki, işimi itirmişəm.

Gözləmək imkanları yoxuymuş, işləmək istəyən də çox. Halbuki demişdilər, sağal, qayıdıb işləyərsən.

Dilxor halda evə gəldim. İçəri girəndə gördüm, Zaur yekə bir plastik qabdan fincana nəsə qəribə rəngli paraşok tökür. Amerikadan sifariş verib gətirdiyi proteyn imiş. İdman zalına yazılıb, həftədə üç dəfə zalda məşq edir. Adamdakı həvəsə bax...

Bakıya gələn gündən özümə iş tapa bilmirdim. Universiteti təzə bitirən, demək olar ki, iş təcrübəsi olmayan adama yenicə yumurtadan çıxmış parazit kimi baxırd

ılar. Xeyli yerə müraciət eləmişdim, amma səs-səmir çıxmırdı. İndiyə qədər də çıxmayıb. Düzünə qalsa, xəbərin çıxmaması bir tərəfdən mənə sərf edir. İstirahət eləmək istəyirəm. Heç nəyə həvəsim yoxdu...

Suiti

Suiti

Axır vaxtlar Zaur mənə zarafatla suiti deməyə başlayıb.

Deyir: “Nə vaxt görsəm horizantal vəziyyətdəsən. Səhər işə gedirəm, görürəm uzanmısan, axşam gəlirəm, görürəm uzanmısan, gecə yatmağa gəlirəm, görürəm uzanmısan. Bir mən evə girib-çıxanda başını qaldırıb baxırsan, onda da xalis suitinə oxşayırsan... Hahahaha...”

Ona deyirəm ki, bu ad xoşuma gəlir – suiti - yaxşı tapıntıdır.

Zaur tez-tez güzgünün qabağına keçib əzələlərinə baxır. Hərdən mənə musqullarını göstərib soruşur: fərq vaar? Deyirəm, var, gün-gündən şişirsən: “More muscle, less brain”. Ona ingilislərin məsəlini xatırladıram, əsəbləşir...

Amma Zaur görməsə də, divandan durduğum vaxtlar olur. Hər səhər o, işə gedəndən sonra, mətbəxə keçib siqaret yandırıram (Evin içində siqaret çəkməməyi tapşırıb).

Bakı

Bakı

Mən Bakıya ən çox səhərlər tamaşa eləməyi sevirəm. Binaların arasından uzaqdakı Xəzərin parçaları görünür. Hərdən dənizin arxasından soyuq, parlaq qış Günəşi çıxıb şüalarını pəncərədən içəri salır, evin döşəməsi, divarları parıldayan brilliantı xatırladır.

Pəncərəni açıb təmiz havanı ləzzətlə içimə çəkirəm. Yuxarı mərtəbədə yaşamağın üstünlüyü–mənzərəyə daha çox hakimsən. Binaların, evlərin, ağacların, maşınların, adamların üzərində əks olunan günəş işığı mənə mistik enerji bəxş edir.

Üşüyürəm, amma pəncərəni bağlamağa tələsmirəm, üşümək xoşuma gəlir. Donmağa başlayandasa, pəncərəni bağlayıb isti yerimə qayıdıram. Əsrar yoxa çıxır və mən yenidən tavana baxıb xəyal qurmağa başlayıram...

Hərdən qara-qara fikirlər üstümə gəlir: “Ömrü boyu valideynlərin hesabına yaşaya bilməzsən, iş tapmalısan, pul qazanmalısan, apatiyadan qurtulmalısan, bəsdi artıq”. Yaxşı, - deyirəm - sabahdan başlayacam, mütləq başlayacam.

Sabahlar bir-biriniz əvəz edir. Vaxt keçir...

***

Axşam saat 8-də Zaur zəng eləyib evdən çıxmağımı tələb elədi:

- Təcili çıx evdən.

- Noolubki?

- Qızla gəlirəm, sərbəst güləşlə məşğul olacam.

- Hara çıxıram bu soyuqda, görmürsən hava çönüb? İndi iti qovsan çölə çıxmaz.

- Xahiş edirəm çıx. Qız utanır, demişəm evdə heç kim yoxdu. Çıx, bir-iki saatdan gələrsən...

Naəlac evdən bayıra çıxdım. Bu gün səhərdən hava zombiləşmişdi. Soyuq külək adamın açıq qalan sifətinin, əllərinin dərisini didişdirirdi. Tezcənə yaxınlıqdakı Zorge bağındakı kafeyə girib çay sifariş verdim.

İçəridə məndən savayı müştəri yoxuydu, ofisiant da hansısa gic verilişə baxırdı. Darıxdığımdan ulamaq istəyirdim. Bir xeyli keçəndən sonra Zaura zəng elədim, götürmədi. 15-20 saniyə sonra mesajı gəldi, yalvarırdı ki, bir az da gec gəlim.

Bezdim axı. Hesabı ödəyib çölə çıxdım... Və çöldə nə görsəm, yaxşıdı? Qar yağırdı. Külək dayanmış, göydənsə saysız-hesabsız ağappaq xoşbəxtlik dənələri aramla yerə tökülürdü...

Beş-on addım atandan sonra yenə həminki mənzərə gəlib gözlərimin qarşısında dayandı. Fərqi yoxdur, hardayam, nə edirəm, kefim necədir, hər dəfə qar yağanda uşaqlığımdakı o hadisə yadıma düşür. Adi bir şeydi, ancaq unudammıram.

Nədənsə mənə elə gəlir, o saatlar həyatımın ən dinc, ən xoşbəxt anlarıydı. Deyəsən, onda hələ məktəbdə ibtidai sinifdə oxuyurdum. Tətildə kənddə nənəmgildə qalmışdım. Səhər yuxudan duranda, pəncərədən baxıb gördüm ki, hər tərəf qar içindədi.

Paltarımı, əlcəklərimi, çəkmələrimi geyinib həyətə qaçdım. Qar bütün səslərin üstünə hopmuşdu, hər yanda sükut hökmranıydı. Təkcə çəkmələrimin altında xışıldayan qarın səsini eşidirdim.

Amma birdən qonşu həyətdə oynayan uşaqların sevinc dolu qışqırıqlarını da eşitdim. Qaça-qaça ora getdim, bütün uşaqlar qartopu oynayırdılar.

Mən də onlara qoşuldum. O gün atdığım hər qartopu hədəfə dəyirdi. Heç kim qabağımda duruş gətirə bilmirdi, sevincimin həddi-hüdudu yoxuydu, ən güclü mən idim. Qışqırır, bağırır, gülürdük.

Təkcə balaca qonşu oğlan zərbələrimə təslim olmaq istəmirdi, çox tərs uşaq idi, ancaq onu qartopuyla döydükcə daha da sevinirdim. Mənə də zərbələr dəyirdi, soyuq idi, amma sanki gücüm artırdı.

Birazdan o biri uşaqlar yorulub evlərinə getdilər, amma biz hələ də qabaq-qabağa dayanıb mübarizə aparırdıq... Yaddaşımdakı görüntü burda bitir. Ondan sonra nə olduğu yadımda deyil, amma o anlar hələ də məni vəcdə gətirir...

Səməd Vurğun küçəsiylə Bakının mərkəzinə düşəndə, ağlımdan keçdi ki, kaş o vaxtki kimi güclü qar yağardı, bütün binalar, yollar, küçələr, boz şəhər qarın altında qalardı. Hər yan ağappaq olub paklanardı.

Bakıya hər il cəmi üçcə dənə qar dənəsi düşür. Sonra da hər yan palçıq olur. Adam əsəbləşir, bu şəhərdə hər şeyə nifrət edirsən. Burda fəsillərin dəyişdiyini də ancaq soyuqdan və istidən fərqləndirə bilirsən...

Sirkin yanına çatanda var gücüylə üstümə miyoldayan balaca pişik balası qabağıma çıxdı. Bu soyuqda burda nə işi vardı yazığın? Büzüşmüşdü, yəqin ac idi.

Səni kim atıb axı bura, piş-piş? İndi səni hara aparım, ətrafda hər yer ancaq daş-divardı, isinə biləcəyin yer də yoxdu. Kaş evdən çıxanda sənə vermək üçün cibimə bir şey qoyardım. Cinssən sən, nə qəşəngsən belə? Niyə qabağıma çıxdın? Necə edək, indi səni qoyub necə gedim? Heç hara getmə, ölmə, yaxşımı, sonra gəlib səni götürəcəm...

3-4 dəqiqə tərəddüdlə yerimdə dayanıb pişiyə baxdım. Yanından aralananda isə bir neçə addım yanımla irəlilədi. Sonrasa dayanıb arxamca miyoldamağa davam etdi. Hər miyoltusunu eşidəndə, elə bil ürəyimə napnazik bir iynə batırırdılar...

Həyat niyə belədi, görəsən? Mən heç bilmirəm onun dalınca qayıdacam, ya yox. Qayıtmayacam yəqin, mən qayıdanadək ölər o. Nə axmaq adamam, qayıdacam deməklə, deyəsən, pişik balasına təsəlli verməyə çalışırdım. Amma axı xilas edəsi olsam, gərək bütün pişikləri xilas edim, bütün ac-yalavacları doydurum. Mənsə heç özümə baxa bilmirəm, başqalarına necə baxım? Niyə hər şey belə çətindi, niyə yaşamaq gün-gündən çətinləşir? Halbuki mən əvvəllər elə bilirdim, yaşım artdıqca hər şey daha da asanlaşacaq. Bir pişik balasını belə, xilas edə bilmirəm. Çox əclaf dünyadı...

Beynimdə bu düşüncələrlə irəli getdikcə qar şiddətlənirdi. Qəribədi, görəsən, Bakıya nə vaxtsa belə intensiv qar yağmışdımı? Qar hətta yerə oturmağa başlamışdı. Daxilimdə nəsə qəribə bir duyğu baş qaldırırdı.

Bunun nə olduğunu başa düşməyə çalışırdım. Və qəfildən gördüm ki, ətrafda heç kim, heç nə yoxdur, nə bir insan, nə bir maşın. Təkcə şəhərin işıqları, sürətlə lopa-lopa yağan qar və bir də mən varam. İndi qar sanki yalnız mənimçün yağırdı.

Bu nəydi belə?

Qış axşamı

Qış axşamı

Sanki bütün qar dənəciklərini bir-bir görürdüm. Sanki göydən düşən hər bir qar dənəsinin hara düşəcəyini də dəqiq bilirdim.

Təbiətlə çulğalaşmış, onun bir parçasına çevrilmişdim...

Mən məst olmuşcasına şəhərin küçələrində veyl-veyl gəzirdim. Ətraf aləmlə aramda olan ziddiyətlər tamamilə yoxa çıxmışdı.

Mənə batan, narahat edən heç bir anlayış mövcud deyildi. Nə gələcək, nə keçmiş, nə də indi vardı. Nə qayğı, nə narahatlıq, nə də təşviş hiss edirdim.

Elə bil ayaqlarım yerdən üzülmüşdü, şüursuz idim, amma həm də dünyanı heç vaxt belə yaxından, bütün hüceyrələrimlə dərk etməmişdim...

Xəzərin səthinə baxırdım, milyardlarla xoşbəxtlik dənəsi nəhəng dənizin qara köksünə tökülürdü. Dayanmadan, fasiləsizcə.

Bir qar dənəsi kimi mən də dənizə baş vursam necə olar? Yəqin mən də suyun səthinə düşən kimi əriyib yoxa çıxaram. Dənizin suyunun bir damlası olaram... Ya da yox olmayım. Axı mən qar yox, suitiyəm... Mən yox olmaram, suda rahatca üzə bilərəm. Suyun altında dayanıb dünyaya baxaram. Yəqin suyun altında qarın yağması tamamilə başqa mənzərədir...

- Eeeyyyy!.. Eeeeyyyyy!.. Eyy neynirsən?!..

Məni çağırırlar, həə, mənədi.

- Eeeeey, neynirsən?! Dayan!

Arxaya dönüb baxanda uzaqda durub məni səsləyən adamı gördüm. Tərəddüdlə yavaş-yavaş yanıma yaxınlaşırdı. Sonra, iti addımlarla lap yanıma gəldi. Qolumdan möhkəm yapışanda həyəcanlı olduğunu hiss elədim.

- Neynirsən???

- Heç nə. Sən kimsən?

- Sənə deyirəm, neynirsən???

Var gücüylə üstümə qışqırırdı.

- Dənizə baxıram, sən kimsən, nə istəyirsən?

- Neynirsən?!

- Dənizə baxıram.

- Gijdıllaxsan sən???

- Ağzının danışığını bil, nə olub axı, nə istəyirsən?

- Özünü öldürmək istəyirsən?!

- Özümü niyə öldürüm ki. Elə-belə, dayanmışam da burda.

- ...deyəsən, sənin başın qaçıb! Görmürsən, dəmirin o tərəfindəsən!

Elə bil məni ildırım vurdu. Aman Allah, mən neynirəm?! Bulvarda, dənizin içinə uzanan iskələdəydim, özü də dəmir şəbəkənin o biri tərəfində! Təkcə yalın əllərlə dəmirdən yapışmışdım!

Dəniz

Dəniz

Özümü itirdim, ayağım sürüşdü. Havadan asılı qalanda, qolumdan yapışan möhkəm əli hiss elədim. Adam qoymadı dənizə düşüm...

Saniyələr sonra iskələnin üzərində uzanıb dərin nəfəs alırdım...

Adam yenə qışqırırdı...

- Neynirsən, ay insan, başına hava gəlib??!

Başqa sözlər də deyirdi, söyüşlər və s. Amma dediklərini tuta bilmirdim, qulaqlarımda uğultu vardı, təkcə gəlib-gedən nəfəsimin səsini eşidirdim, bir də ürək döyüntülərimi.

Adam məni yerdən durquzaraq, qolumdan tutub harasa aparmağa başladı. Bir an sonra özümə gəldim, ətrafı dərk eləməyə başladım. Betər şaxta varıydı, qar isə seyrəlmişdi, tək-tük yağırdı.

Yanımdakı adam – mühafizəçi geyimini sonra fərq etdim – xəstəxanaya, polisə getməkdən danışırdı. Mən də başa salmağa başladım ki, onun bildiyi kimi deyil, özümü öldürmək fikrim olmayıb.

Adam əl çəkmirdi, amma prospektə çatanda qabaqdakı taksini görüb irəli şığıdım, mühafizəçidən canımı bir təhər qurtardım...Pilləkənlərlə evə qalxanda hiss edirdim ki, hələ də tam özümdə deyiləm. Titrəməm keçməmişdi, üşüyürdüm.

Qapını tələsik açıb içəri girdim. Tezcənə divana tərəf yüyürdüm... Ha baş sındırırdımsa da, bütün bunların necə baş verdiyini anlaya bilmirdim.​Yəni mən başımı bu qədər itirmişəm? Bəlkə də xəstəliyim tam keçməyib, ya da dəli oluram. Bu nəydi belə, mənə noolub?! Dənizə necə gedib çıxmışam? Necə olub ki, neylədiyimi hiss eləməmişəm...

Bir saata yaxın keçəndən sonra artıq yaxşıydım. İsinmişdim. Zaurun otağından zəif xorultu səsi gəlirdi. Mənsə tavana baxırdım. Tavanda iki qara nöqtə var, nə vaxtsa boya qopub düşüb. Növbə-növbə bu nöqtələrə baxırdım. Başıma gələnləri sakit başla götür-qoy eləməyə çalışırdım.

Sonra yorğunluq hiss elədim. Yatmaq istədim. Yorğanı qaldırıb, qoltuğumun altında mışıl-mışıl yatan pişik balasının başına tumar çəkdim. Gözlərini aralayıb tənbəl-tənbəl üzümə baxdı.

Ömrümdə belə qəşəng pişik görməmişəm. Deyəsən, sən cinssən, hə? Adını nə qoyum? Suiti qoysam, necə olar? Zarafat edirəm, suiti mənəm, gərək sənə başqa ad tapaq. Amma Zaur səhər səni görəndə hürəcək, xəbərin olsun...

Günün bütün mövzuları

XS
SM
MD
LG