Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

-

"Təhrikçi də bu acı mənzərəni sonadək seyr edə bilməyib kökünədək yandı.​"

Əziz Rzazadə

Bir qutu kibrit

(hekayə)

Əziz Rzazadə

Əziz Rzazadə

Masada bir qutu kibrit vardı.

İçində qırx kibrit dənəsi.

Birinin başında kükürd yoxudu nədənsə.

“Hmm... bu kimdi belə, qardaşlar?” – deyə kibritlərdən biri qəfildən aralarındakı “keçəli” gördü.

“Bura bax, dost, sən kimsən?” – soruşdu digəri, başında kükürd olmayanla yanaşı, çiyin-çiyinə duran çöplərdən biri.

“Necə yəni kim? Sizin kimi sıradan bir kibrit dənəsi...” – azca utancaqlıqla, həm də günahkar səslə hədəf dilləndi.

“Sıradan bir? Bizi sıradan bir hesab edirsən, yaramaz-yanmaz? Üstəlik, özünü də kibrit? Sənin kimilər nə haqla bunu deyə bilir, hə?! Gör burda sənin tək “başıpapaqsız” biri var?!”

Qutuda etirazlar, təpkilər tədricən artırdı. Sağdan-soldan, aşağıdan-yuxarıdan kükürd başlığı olmayan çöpü dümsükləyənlərin, gözümçıxdıya salanların sayı artırdı.

“Əlil!”

“Anadangəlmə qüsurlu!”

“Əngəlli!”

“Baxın, bu nəinki kükürdsüz, üstəlik nəmdir!”

Qovğa böyüyürdü.

“Sənin kimisinə aramızda yer yoxdur! – etirazçı otuz doqquz çöpdən biri, nəhayət, hökm çıxardı. – Sağlam cəmiyyətin sağlam üzvləri olmalıdı!”

“Düzdü, düzdü, – deyə otuz səkkiz çöp narazı ona dəstək verdi. – O, aramızdan çıxmalıdı! Onun kimilərə bu qutuda yer yoxdu!”

“Dostlar, dözümlü olun, xahiş edirəm, yalvarıram”, – deyə başı kükürdsüz çöp dil tökdü.

“İtil!”

Qutunun içində həngamə başladı.

“Yalvarıram, yalvarıram, mənimlə işiniz olmasın! Bir qığılcımlıq canımız var, noolar bir-birimizə dözümlü yanaşaq. Əvvəl-axır mən də istifadəsiz qalmayacam, hansınızınsa oduna yanacam...”

Bədnam kükürdü heç eşidən olmadı.

Otuz doqquz çöp güc vurub qutunu açdı.

“Aha, demək çıxmaq istəmirsən, hə? İndi sənə göstərərəm! Uşaqlar, onu yuxarı qaldırın, yuxarı!” – deyə davanın təhrikçisi əmr elədi.

Çöplər toplumun qısnadığı, çıxdaş etdiyi kükürdsüz üzvlərini ilk sıraya qaldırdı.

Wolfgang Stiller'in əsəri

Wolfgang Stiller'in əsəri

“İndi al payını!” – deyə təhrikçi bir göz qırpımında qutunun kənarına sürtülüb əvvəlcə özünü, sonra “keçəl”i odladı.

Havada burulan boz-mavi tüstünün, sarı-qırmızı alovun əhatəsində özünü xilas etməyə çalışan çöp son macalda var-gücünü toplayıb özünü qutu yoldaşlarının arasına soxdu.

Dalbadal çırtıltı eşidildi və otuz səkkiz kükürdlü çöp bir andaca alovlandı, az sonra onlardan yalnız qara bir topa və bir neçə kül sapları qaldı.

Təhrikçi də bu acı mənzərəni sonadək seyr edə bilməyib kökünədək yandı.

...İnsan toplumu da bir qutu kibrit kimidir. Aralarındakı fərqliliyə dözüm göstərə bilməyənlər bəzən bir insanın, bir ailənin, ya da bütöv bir xalqın həyatını külə döndərirlər.

Hər şey bir qığılcımla başlayır həmişə.

Bir çırtıltıyla.

Bir kibritin yanmasıyla.

Günün bütün mövzuları

XS
SM
MD
LG