Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

O dillərin söz ehtiyatı hər min ildə 25 faizə kimi yenilənir (Polemika)


Araz Gündüz

Araz Gündüz

-

"Azərbaycanda və Türkiyədə yaşayan türklər bir kökdən olsalar da, indi ayrı-ayrı millətlərdir."

Araz Gündüz

BÖLÜNMƏZ, DAŞINMAZ BİR DİLDİR VARIM...

Dəyərli Ziya bəyin özünü tanıtmaq üçün bir-iki söz deməsi, məndə də belə bir istək yaratdığından, oxucuların dözümünü sınağa çəkmək kimi görünsə də, burada bir-iki söz yazmadan keçə bilmirəm.

Öncə, yazımın başlığına çıxardığım deyimin haradan gəldiyini anladım, bu, mənim uzaq 1985-ci ildə, şeir adı ilə qaraladığım yazımdan götürülüb, bu qaralamadan üç bölümünü burada yazmağı uyğun sayıram.

Mənim də bəxtimə bu ömür düşüb,

Onu sonunacan yaşamalıyam;

Bir insan ömrünün dağ yükünü mən

Arzu mənzilinə daşımalıyam.

Bu arzu sözündə nə hikmət varsa,

O Araz sözünü yadıma salır;

Taleyim bölünüb yurd bölünəndə,

Bəxtimin yarısı o tayda qalır.

Bölünməz, daşınmaz bir dildir varım,

Alınmaz qalamdır yağı önündə;

Mən lal yaşamağı üstün tutardım,

Desələr danışma ana dilində...

Türk dillərinin yayılma arealı

Türk dillərinin yayılma arealı

1980-ci ildə BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirəndə diplom işi olaraq “İqtisadi proseslərin riyazi modelləşdirilməsi” adında bir mövzu götürmüşdüm.

(Buradaca, o vaxt elədiyim bir “dönüklüyü” də sizə çatdırım: diplom işimi bütünlüklə o çağlar riyazi modelləşdirmə üzrə ən görkəmli mütəxəssis sayılan akademik Aqanbekyanın kitabları üzrə yazmışdım.)

Mənə diplom rəhbərim olacaq, Kibernetika İnstitutunda işləyən bir alimin telefonunu verdilər və ona zəng eləyib görüş istədim. Razılaşdığımız vaxtda görüşdük, mənimlə azacıq tanışlıqdan sonra haralı olduğumu soruşdu, dedim, Cəlilabaddanam, birdən üzünü qırışdırıb soruşdu: talışsan?

Dedim: yox, türkəm. Bu sözü eşidəndə, sözün birbaşa anlamında adamın gözü kəlləsinə çıxdı: necə yəni türk? Türkiyədən gəlmisən bura? Mənim sonradan ona nə dediyimi burada geniş yazıb baş ağrısı vermək istəmirəm...

Ziya F.M.

Ziya F.M.

İndi baxıb görürəm, mən milli kimliyimizi və danışdığımız dili türk adlandıranda Ziya bəy bunu öz anladığı kimi yozur.

Mən elə buradaca demək istəyirəm: mən dilimiz türkcədir deyəndə bunun Türkiyədə danışılan türkcə olduğunu demək istəmirəm, habelə, özümüzü də Türkiyə türkləri ilə eyniləşdirmirəm.

Azərbaycanda çoxlu xalqlar yaşayır və onlardan ən çoxsaylı olanı Azərbaycan türkləridir.

Bakı, İstiqlaliyyət küçəsində ADR abidəsi

Bakı, İstiqlaliyyət küçəsində ADR abidəsi

Hələ indiki Türkiyə Osmanlı dövləti adlananda bizim qurucu babalarımız 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurucusu olan xalqının türk, onun dilinin isə türk dili olduğunu dövlət səviyyəsində olan sənədlərə yazmışdılar və bu, tarixi gerçəkliyin təsdiqi idi.

Bugün sayı onlarla ölçülən ərəbdilli ölkələr vardır və onların hamısı özünün milli kimliyini ərəb kimi tanımaqdadır. Yeri gəlmişkən deyim, mən milli kimliyi fizioloji bir gerçəklik kimi tanımağı da doğru saymıram.

Azərbaycanda və Türkiyədə yaşayan türklər bir kökdən olsalar da, indi ayrı-ayrı millətlərdir.

“Bir millət, iki dövlət” şüarını da mən olduqca bayağı və düşük bir söz sayıram.

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə

Beləliklə də, biz milli kimlikcə türkük və danışdığımız dil də türk dilidir, bunun Türkiyə türkcəsinə qarışmasını istəmirsinizsə, Mirzə Cəlilin işlətdiyi: “Azərbaycan-türk dili” deyimindən yararlanmaq olar

(Mirzə Cəlilin “Azərbaycan” felyetonuna baxa bilərsiniz).

Yeri gəlmişkən, Mirzə Cəlilin yazdığı “Anamın kitabı” pyesi, məncə, ölümsüz bir əsərdir və bugünümüz üçün də öz dəyərini itirməmişdir.

Qaldı “azərbaycanlı” və “azərbaycan dili” anlayışlarının milli kimliyimizlə dilimizi bildirməsinə alışmağımıza, bununla bağlı sözümü birinci yazımda dediyimdən burada onları yenidən səsləndirməyə gərək duymuram.

Yuxarıda dediklərimdən bəlli olduğu kimi, mən dilçi deyiləm və dilçiliklə bağlı biliklərimlə öyünə də bilmərəm. Ancaq gəncliyimdə dilçiliklə bağlı bir-iki kitab oxumağım da olub və yanılmıramsa, 35 il bundan qabaq göz gəzdirdiyim bir kitabda belə bir söz oxumuşdum:

inkişaf eləyən dillərin söz ehtiyatı hər min ildə 25 faizə kimi yenilənir. İndi nə deyirsiniz? Bizim ana dilimiz yenilənməsinmi?

Dil nə üçün yenilənir, bu, aydın deyilmi?

Elmin, fəlsəfənin, ədəbiyyatın, lap elə həyatın özünün inkişafı dilin yeniləşməsinə gətirmirmi, habelə, başqa dillərlə aldım-verdimdə (mübadiləyə belə deyirəm) olması dili yeniləşib öz imkanlarını genişləndirməyə aparmırmı, bundan başqa da, dilimizin dövət dili səviyyəsinə qalxması, bu dildə ədəbiyyatın, təhsilin yaranıb genişlənməsi dilin bölgə ağızları üzrə zənginləşməsinə gətirib çıxarmalı deyildimi?

Ya da, yersiz olaraq dilimizə soxulmuş yad sözlər danışığımızdan arınmalı deyilmi?

Yad dillərin dilimizdən sıxışdırıb çıxardığı, yaxud da işlənmə çevrəsini daraltdığı doğma sözlərin, yavaşgəlliklə olsa belə, dilimizə qayıtmasının nəyi pisdir?

Bir sözlə, sizə yaşayan, diri bir dil gərəkdir, yoxsa ölmüş bir dilin abidəsini daha yaxşı sayırsınız? Biraz kəskin səslənsə də, bir el deyimini dilə gətirməyə bilmirəm, eşitmiş olarsınız: “Atamı öldürmüşəm ki, goruna and içə bilim”.

Qaldı Ziya bəyin öz yazısında bugünkü toplumumuzla bağlı apardığı incələmələrə, burada onun çoxlu bəyəndiyim və bölüşdüyüm aydın düşüncələri vardır.

Elədir, bugün dilimizin durumu çox ağırdır, ona yetərincə qayğı göstərilmir, dillə bağlı qurumlar görməli olduqları işə formal yanaşırlar, toplumda özünü göstərən düşkünlüklər, siyasi hakimiyyətin suçu ucbatından insanlarımız arasında yayılan mənəvi-əxlaqi aşınmalar da dilə təsirsiz ötüşmür.

Dil düşüncəni bildirmək üçün bir aracdırsa, onda o, bu dildə danışan insanların düşüncə səviyyəsi ilə ölçüləcəkdir.

Ulu Füzuli demişkən: “Hər kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.

Böyüklərin sözünün qabağında söz deməmək öyrəncəm üzrə, burada dayanıram.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG