Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

-

"Prustu, Kafkanı oxuyan qız beynində yalnız maşın, “şmotka” olan oğlanla necə təmasda olsun, nə danışsın, nəyi müzakirə etsin?"

"Qonşular başınıza su axıdıb sizi günahkar edəcəklər, məhlədə maşın saxlamağa yer tapmayacaqsız, qohumlar sizi fərasətsiz adlandıracaqlar, intelligentliyiniz ucbatından bazarda sizi çəkidə aldadacaqlar..."

Bilal Həsənov

Yandırın kitabları

Kitabları yandırmaqdan daha pis cinayətlər var.

Məsələn, onları oxumamaq.

(Rey Bredberi)

Sosial şəbəkələrdə tez-tez kitab oxumağın vacibliyi haqqında uzun-uzadı monoloqlar, məqalələr görürəm. Müəlliflər odlu-alovlu cümlələrlə gəncləri mütaliəyə çağırırlar. Onlarda kitaba həvəs oyatmağa çalışırlar.

Blogerlər kitabları reklam edirlər, millətin cahillikdən çıxmaq yolunu oxumaqda görürlər.

"Bir qalanın sirri" filmindən

"Bir qalanın sirri" filmindən

Yadıma “Bir qalanın sirri” filmində Elşənlə olan epizod düşür. Kitablar Elşənə "Bizi oxumasan daşların, quşların, otların dilini bilməyəcəksən” deyib rişxənd edirlər.

Usta Elşən isə həmin kitabları oxumağa məhkum idi.

Əks halda, sevgilisini, alim-həkim Eldostunu və camaatı xain, zalım, əzazil hökmüdarın əlindən qurtara bilməzdi.

Sovet məktəblilərinin qış-yay tətili dövrü üçün hazırlanmış bu filmdə şahlara, krallara, burjua sinfinə qarşı mübarizədən savayı, həm də bir növ kitab oxumağın vacibliyi qabardılır. Beləliklə, millionlarla insan kitaba aludə olur.

İndi isə bu sözlərimi diqqətlə oxuyun. Üzümü tutub bütün valideynlərə, gənclərə, tələbələrə deyirəm. Əsla oxumayın!

Məbadə əlinizə kitab götürəsiz. Evdə nə kitab var, yığın karobkalara tullayın, ya da yaxşı olar ki, ümumiyyətlə, bir yerə toplayıb tonqal qalayasız.

Ya da saxlayın qarajda, bayramlarda kabab bişirəndə, bağda samavar qaynadanda istifadə edərsiz.

Qardaşlar, bacılar, əzizlərim oxumayın, rica edirəm sizdən, diz çöküb yalvarıram, uzaq durun bu xəstəlikdən, bu bəladan, qaçın qurtarın canıvızı, özünüzü bədbaxt etməyin.

Bu ölkədə oxuyan, savad, bilik qazanan, yaxşı mutaliəsi, erudisiyası olan özünü məhkumluğa duçar edir. Yaşamaq, dolanmaq uğrunda mübarizədə uduzmuş, itirmiş olur.

Əvvəla, kitab evdə yer tutur. Bəs xrustal bakalları, servizləri, farfordan yemək dəstlərini hara yerləşdirəcəksiz?

İkincisi, pulunuza qənaət etmiş olarsız. Xərcləyin çayxanalara, restoranlara, “Topaz”–da “stavka” verin, onsuz da siz xain saray əhli ilə, sehrbaz vəzirlərlə, əzazil kral və şahlarla mübarizə aparası deyilsiz ki, hələ bir oxumağa vaxt da sərf edəsiz.

Mark Twain

Mark Twain

Gənc valideyinlərə məsləhətim. Qətiyyən məktəbə qədərki uşaqlarınıza axşamlar nağıl oxumayın.

Əsasən də Dikkensin, Mark Tvenin, Cek Londonun, Jül Vernin, Daniel Defonun, Astrid Lindqrenin, Kir Buluçevun, Şarl Perro və Andersonun kitablarını. Yaxşı olar ki, ümumiyyətlə, bu müəlliflərin kitablarını evə gətirməyəsiniz.

Balalarıvızun başını planşetlərlə, cizgi filmləri ilə qatın. Onlara bu kitabları oxusaz, ağıllı, dərrakəli, tərbiyəli, mədəni böyüyəcəklər. Bəsirət gözləri açılacaq. Bu xüsusiyyətlər isə yuxarıda qeyd etdiyim kimi, gələcəkdə bu şəhərdə yaşamağa, həyat sürməyə maneələr yaradacaq.

Mədəni olduqda başqa uşaqlar, bağça və məktəb müəllimələri onları qapazaltı edəcəklər. Övladlarınız özlərinə qapanacaqlar. Tənhalıq hiss edəcəklər.

Yan-yörəsindəki digər aqressiv, tərbiyəsiz, sırtıq uşaqları anlamayacaqlar. Onların arasından ağ qarğa kimi seçiləcəklər.

Yetkinlik dövründə övladlarınızdan Stefan Sveyqi, Şekspiri, Yesenini, Çexovu, Ekzüperini, Kuprini, Dümanı, Balzakı, Sartrı, Nabokovu, Varqas Yosanı, Umberto Ekonun əsərlərini gizlətməyinizi təkid edirəm.

Əks halda, sevgidə yanılacaqlar, dostluqda yanacaqlar. Oğlan, qız, sevgili, dost axtarışında çaşıb qalacaqlar. Saf və bakirə eşqin, sidqi məhəbbətin, səmavi duyğuların yalnız kitab vərəqlərində olduğunu anlayacaqlar.

Azərbaycan cəmiyyəti üzlərinə lopa-lopa “sevgi boş şeydir” sözlərin tüpürəcək. İnsani ünsiyyətin pula, cehizə, nişan üzüyünə, qızın varlı qohumlarına, oğlanın “novostroyka”-da təmirsiz evinə dəyişdirilməsi prosesi bütün çılpaqlığı ilə peyda olacaq.

Toy

Toy

Sınmış arzular, ağ atlı şahzədə axtarışı, gecələr eyvanın altında serenada eşitmək ümidi puç olacaq.

Qəm, qüssə, təəsüf nəyə lazımdır. Səni anlayan birisini tapmaq çətin olacaq.

Tanışlıq alınmayacaq. Prustu, Kafkanı oxuyan qız beynində yalnız maşın, “şmotka” olan oğlanla necə təmasda olsun, nə danışsın, nəyi müzakirə etsin?

Beləcə vaxt keçdikcə, mütailə artdıqca zövq formalaşacaq, hər oğlanı bəyənməyəcək, evdə qalıb qarıyacaq. Olacaq qohum-qonşunun mövzü, qeybət obyekti.

Bu, elə öğlanlara da aiddir. Bilikli, oxumuş, intellektual qız axtarışı ilə gəlib 30-35 yaşa çatacaqsız, xala-bibi arxanızca min bir vedrə qoşacaq. Əsəbləşib sonda mama məsləhət gördüyünü alıb, bir-iki ildən sonra boşayıb özünüzü bədbaxt eləməyin. Atın bu kitab-filan oxumağın daşın. Həyat sizə daha asan görünəcək.

Sonuncu məsləhətim studentlərədir. Çünki tələbəlik dövründən sonra bu gic xəstəliyə tutulmaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Əsasən özünüzü 25-30 yaşacan oxumaq bəlasından qoruya bilsəniz, daha sizə zaval yoxdur.

Deməli, bilin və agah olun. İlk növbədə Markes, Soljenitsın, Corc Oruel, Struqatski qardaşları, Dovlatov, Rey Bredberi, Limonov, Sorokin, Makiavelli, Çörçelin esseləri, Aytmatov, Milan Kundera... - bu müəllifləri uf demədən yandırın. Alov qüllələri düzəldin bu kitablardan.

Taun xəstəliyindən qorunmağın yolu alov olduğu kimi, bu müəllifləri də odlayarkən yanacağa qənaət etməyin. Əks halda, nəyin baş verəcəyini sizə söyləyim.

Onsuz da bu ölkədə adamsız, qohumsuz, tapışsız, tanışsız iş tapıb karyera qura bilməyəcəksiz. Oxuduqlarınız yalnız hüzürlərdə, çayxanada boşboğazlıq etməyinizə yarayacaq.

Stendhal

Stendhal

Əvəzində öz dünyavız, öz aləmiviz olacaq. Ətrafdakı bəzi insanların danışıqları, hərəkətləri sizi qıcıqlandıracaq. Daha çox tənhalığa can atacaqsız.

Depressiv, melanxolik, mezontrop olacaqsınız. Bu, hətta antropofobiyaya da çevrilə bilər.

Vicdan, ləyaqət, şərəf, punktuallıq anlayışlarını özünüzdə kəşf edəcəksiz. Bu xəstəliyin törədə bildiyi ən ağır fəsadlardır. Metastazın sonuncu həddi azadlıq anlamını dərk etməkdir.

Bu andan bəri həqiqət, haqq-ədalət axtarışında olacaqsınız. Doğrusunu dediyinizə görə, haqqınızı tələb edərkən sizə “demoqoq” damğası vurub ələ salacaqlar.

Baş əymək, bel bükmək, itaətkar qul, kölə olmaq sizin üçün qəbuledilməz olacaq. Buna görə iş tapmaq, sosial-məişət problemlərinizi həll etmək çətinləşəcək.

Ömründə bir kitab oxumayıb, fikrini sözlə düzgün ifadə etməyi bacarmayan, onun-bunun hesabına taxta çıxan, minbir hoqqa ilə, kiməsə torba tikməklə vəzifə sahibi olan birisi hər fürsətdə sizi alçaldacaq, aşağılayacaq.

Bu insanlarla siz əsla işləyə bilməyəcəksiniz. Yola verməyi bacarmayacaqsınız. Peşə tapmaq sizin üçün mümkünsüz olacaq.

İnanmıram ki, Dostoyevskini, Hüqonu oxuyan polis əlində dəyənək sıravi vətəndaşı döysün. Sizcə, Bukovskini, Nitşeni, Bulqakovu mütailə edən şəxs başqasının cibinə nəşə atıb, evindən “molotov kokteyli” tapa bilər?

Ədəbli olub hamı ilə nəzakətlə, səbirli, aşağı səslə danışarkən sizi qorxaq, mülayim bilib üzüvüzə çığıracaqlar, səs ucaldacaqlar, əl-qolnan danışacaqlar.

Kitab oxumaq sizi korlayacaq, beyninizi pozacaq. Yaltaqlıq, ikiüzlülük, satqınlıq, sırtıqlıq etməyi bacarmayacaqsız. Bu isə cəmiyyətimidə yaşamaq uğrunda mübarizdə ən vacib silahlardandı.

Sivil, müasir olmağınız insanları sizdən uzaqlaşdıracaq.

Sizin qəlbinizdə mərhəmət, insaf hissi peyda olacaq. Bu, faciədir. Siz başqasının uşağının çörəyin əlindən ala bilməyəcəksiz. Rəisin, komandirin, müdirin, şefin söyüşləri boğazınızdan keçməyəcək.

Qonşular başınıza su axıdıb sizi günahkar edəcəklər, məhlədə maşın saxlamağa yer tapmayacaqsız, qohumlar sizi fərasətsiz adlandıracaqlar, intelligentliyiniz ucbatından bazarda sizi çəkidə aldadacaqlar.

Ədəbli olub hamı ilə nəzakətlə, səbirli, aşağı səslə danışarkən sizi qorxaq, mülayim bilib üzüvüzə çığıracaqlar, səs ucaldacaqlar, əl-qolnan danışacaqlar.

Kitabların gözəgörünməz, mistik qüvvəsi var ki, adəm övaldının ruhunu paklaşdırır, yenidən proqramlaşdırır. Oxumağın ən dəyərli bəhrəsi insanlıqdır. Bu ölkədə isə insanlığı qoruyub yaşamaq müşküldür.

O səbəbdən yandırın kitabları, yandırın, yandırın, yandırın...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG