Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

-

"Bu pulu nə xərcləmək mümkün idi, nə də dərdli, gözüyaşlı qadına geri qaytarmaq."

Günel Mövlud

İllər keçdikcə

...Beşinci sinifdə oxuyanda, kəndimizdən ilk şəhid verdi milli ordumuz. Həlak olan oğlan çox gənc idi, 19 yaşlı İskəndər. Kəndin ən zarafatcıl, şən, istiqanlı gənclərindən idi.

Olur belələri. Hamıyla dil tapırlar, hamı xətirlərini çox istəyir. Uşaqla uşaqdırlar, böyüklə böyük. Xeyir-şərdə hər işə yarayırlar, toyu, yası urvatlı eləməkdə ustadırlar. İşyarıdan, adamyarıdan.

Həmin zarafatcıl, şən, diribaş oğlan qəfil həlak oldu ön cəbhədə. Bir səhər onun ölüm xəbəri ilə açıldı və hamı sarsıldı. Xətrini istəməyən adam yox idi onun.

Kənddə elə bil, hamının oğlu həlak olmuşdu. Hamı yas içində idi. Biz uşaqlar da...

Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı

Bizim də öz səbəbimiz vardı. İskəndər biz uşaqlarla da oynayır, maraqlı şeylər danışırdı həmişə.

Bir-iki dəfə cəbhədən evə buraxmışdılar, əlində heç nə olmadığından bizə patron bağışlamışdı o mehriban oğlan.

O vaxtdan meylim vardı nəsə yazmağa. Gecələrin birində oturub, bir şeir yazdım İskəndər barədə. 11 yaşlı uşaq nə yaza bilərdisə, o dərəcədə yaxşı bir şeir alınmışdı.

Şeir İskəndərin həyatı, qəhrəmanlıqları, qəfil ölümünü təsvir edirdi. Təbii ki, çoxu mənim uşaq fantaziyamın məhsuluydu.

Səhəri gün ədəbiyyat müəllimimə göstərdim şeiri. Götürüb, məktəbdə dəhlizin divarına vurdu şeiri. Gələn-gedən oxudu. Məni xeyli təriflədilər.

Bir-iki gün sonra İskəndərin anası Mina xala bizə gəldi. Qoltuğunda bağlama, gözlərində yaş. Dedi ki, eşitmişəm, oğlum barədə şeir yazmısan. Oxu, qulaq asım. Oxudum. Qulaq asdı, ağladı.

Sonra şeiri mənə bir daha oxutdu. Yenə qulaq asdı və ağladı. Sonra durub gedəndə əlindəki bağlamanı oturduğu döşəkcənin altına qoydu. Qapıdan çıxanda, gözünün ucu ilə bağlamaya işarə elədi:

- Uşaq əziyyət çəkib. Onun payıdı...

O gedəndən sonra anam bağlamanı açdı. Arasında o vaxt aranın təzə açıldığı İrandan gətirilən bir cüt zərli corab, bir dənə də sarı yüzlük vardı...

Anam çox pis olmuşdu. Bu pulu nə xərcləmək mümkün idi, nə də dərdli, gözüyaşlı qadına geri qaytarmaq. O yüzlük uzun müddət evdə eləcə qaldı və sonra aqibəti necə oldu, yadımda deyil.

O pul, mənim ilk qonorarım idi.

Mina xalanın gətirdiyi yüz manatın naqolaylığını, mənə verdiyi narahatlığı, günah hissini sonra dəfələrlə yaşadım. Hər dəfə baş vermiş bir bədbəxtlikdən, ölümdən, faciədən, yanğından, həbsdən, daha nələrdən yazanda yaşayıram o hissi.

Yəqin ki, bu hissi əvvəl-əvvəl bütün jurnalistlər yaşayırlar. Bu, tikdiyi evdə yaşayan xoşbəxt ailələri görən mühəndisin, sağaltdığı xəstənin gülüşünü görən həkimin, bişirdiyi yeməyi yeyən adamın üzündəki məmnunluğu görən aşpazın hissi deyil.

Bu, müharibədə, düşərgələrdə, həbsxanalarda qan, ölüm, faciə, bədbəxtlik axtaran adamların hissidi. Qan nə qədər çox, faciə nə qədər dəhşətli, qətl nə qədər qəddar, qatil nə qədər amansızdısa, sən o qədər məmnunsan işindən.

İllər keçdikcə gördüklərin nə qədər dəhşətli olsa da, səni bürümüş maraq mərhəmətdən üstün olur. Sən özün də hiss eləmədən xəbər, hadisə, faciə iynəsinə oturursan.

İnsandan tədricən hey axtaran, soruşan, təqdim edən, ötürən mexanizmə çevrilirsən. Faciədən qazanmaq, faciə sayəsində yaşamaq səndə daha günah hissi oyatmır.

Sinikləşirsən, hisslərin korşalır, uzaq bir dağ kəndində hansısa qədim ənənənin qurbanı olan, özünü asan 13 yaşlı gəlin barədə eşidəndə: “Nə əla xəbərdi, nə maraqlı yazı çıxar!” deyəcək qədər sinik olursan...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG