Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:06

A bala, yazma, amanın bir günüdü


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Dur get öz evində yandır, biznən işin olmasın! – Nənəm bu dəfə baltanı lap kökündən vurdu. Balabacı arvad qurcuxdu, əsnədi, könülsüz-könülsüz yerindən qalxdı və qalxa-qalxa dedi:

- Gecə də yaman uzundu e. Qutarmır ki..."

Azad Qaradərəli

İKİ DƏFN

(hekayə)

Qışda Balabacı arvad bizə gələrdi hər axşam. Hər axşam olmasa da, iki axşamdan bir.

Gələn kimi də sobanın ən isti tərəfində oturar, başlayardı oğlundan danışmağa.

- ...deyir, nənə, çayxanada oturmuşduq, ədvalı-lumulu çaydan içirdiy, bir də gördüy Kamran Bağırov girdi içəri...

- Birinci katib Kamran Bağırov ha!? – bunu anam təəccüblə soruşur.

- Az hə dana, Azərbaycanın yəəsi olan Bağırıov...

- Bakıda çayxana çöldə olur, - bunu mən gülməkdən özümü güclə saxlayaraq deyirəm yanpörtü. Səhər dərsim var 11-lərə, gərək bir az hazırlaşam axı. Kənd yeri olanda nə olar? Yazıqdırlar, bəlkə qəbula-zada gedəni oldu. Amma hanı? Balabacının oğlu Ələsgərin Bakı macəraları imkan versə...

- Nə tər yanı? Fərağat otur ha... Heş Bakidə qar-qiyamat olmur? O sızağın qabağında çöldə çaymı işməy olar? – Arvad çəp-çəp mənə baxıb davam edir:

- Deyir, nənə, dədəm yatan torpaq haqqı, kişi bir-bir əl verib hamımıznan görüşdü, sohra da qayıtdı kin, maa nə sözüuz var? Bizim gədə bına qayıdıb nə desə yaxşıdı? Yoldaş Bağırov, bizim kəttə işıx istolbaları avariyni palajeniyadadı, böyün-səhər məftillər tökülüb uşax-böyüyü, mal-davarı çezdisə, mına kim cavab verəcəy?! Hıy???

Anamı gülmək tutub. Əlini ağzına basıb, özünü saxlayır birtəhər. Amma nənəm allahın balasıdır axı, hikkəynən qayıdır ki, az Balabacı, sohrası nolur e, sohrası...

- Nolacax kin... Odeee... haaaa... Qara-qara istolbaları gətirib töküplər kəndin ortasına...

Məni gülmək tutub. Daha özümü saxlaya bilmirəm. Yazıq anam da haya eləyir. Bu yaşlı arvadın sözünün üstünə söz demək istəmir. Amma haracan saxalayacaqsan ki?! O da qımışır, əlini ağzına bərk-bərk tutsa da, gülməyini gizlədə bilmir...

Gəl ki nənəm, təslim olana oxşamır heç. Balabacı arvadla həmyaşıd deyillər, amma aralarında 7-8 yaş fərq olar, bəlkə ondandır. Qayıdır ki:

- Az ey, Balabacı, sən bizi nə yerinə qoymusan?! Bilmirəm, bəlkə gədən belə basıb-bağlıyıb, sən də inanmısan, ya da özünnən toxuyursan... O istolbaları gətirdən oğul heç səsin də çıxartmıır. Mən nənəsi ölsün!

Daha dözə bilmirik. Nənə, ana, oğul bir-birimizə qoşulub gülüşürük...

Azad Qaradərəli
Azad Qaradərəli

...Demək, məsələ belə olmuşdu. Tək bizim yox, yeddipara kəndlərin hamısının elektrik dirəkləri sınıq-salxaq idi.

O qədər sınıq-salxaq ki, qəsdən durub itələsən, yıxılardı.

Yəni çürümüşdü, əyilmişdi, qalın aliminium məftillər də elə sallanırdı ki, az qala adamın əli dəyərdi. Camaat orda-burda danışır, azaylanır, höküməti söyür, qarğayırdı, amma əlləri bir yerə çatmırdı. Mən də götürüb qəzetlərə yazmaq istəyəndə nənəmin, anamın sözləri kəsirdi qabağımı:

“A bala, yazma, amanın bir günüdü. Tutallar səni. Tək uşaxsan, kimin-kimsənən yox. İndi hökümət-zad sayan yoxdu...”

Anamın və nənəmin xahişini yerə sala bilmirdim. Məni min əziyyətlə saxlamış, oxutmuş bu iki qadına bütün həyatımı borcluydum. Onları məyus edə bilməzdim... Amma bir gün elə bir hadisə oldu ki...

...Qonşu kənddə İman adlı bir az ağıldan qıvraq oğlan mal otararırmış. Yüksək gərginlikli elektrik naqili qırılıb düşür yerə, bir keçi üstündən keçəndə cərəyan onu vurur, sonra da başlayır yandırmağa.

İman keçinin quyruğundan yapışır ki, bəlkə xilas edə, cərəyan onu da vurur, meyidini də qatır keçinin leşinə yandırır...

Yasda anasının ah-naləsini eşidəndə dözmədim, götürüb bir felyeton yazdım, göndərdim o vaxtkı “Sovet kəndi” qəzetinə.

Felyeton çıxan axşamı atam (mən uşaq olanda o, anamdan ayrılmışdı) adam göndərib məni çağırdı və danladı ki, nə eləmisən yenə, rayon dəyib bir-birinə.

Sonra əmim gəldi, məni qırağa çəkib öyüd-nəsihət verməyə başladı: camaatın dərdi saamı qalıb? Niyə özünü rəhbərliyin gözünnən salırsan? Bir bizi də fikirləş...

Daha sonra başqa bir vəzifəli qohumumuz anama giley eləmişdi ki, oğlunu başa sal, otursun oturduğu yerdə, yetim oğlandır, bəlkə partiyaya keçirdik, irəli çəkdik və həkaza...

Təbii ki, bunlar eynimə deyildi. Amma ən böyük cəzanı anamla nənəm verdi: məsələdən agah olandan sonra məni danışdırmadılar.

Gör neçə vaxt keçib, hələ də küsülü kimiyik. Nə qədər izah eləsəm də ki, o arvadın naləsi hələ də qulaqlarımdadır, özümü saxlaya bilmədim-filan, eşitmək istəmədilər.

Hətta hər axşam işıqlarımız sönürdü, onu da misal çəkdim ki, baxın, hansı zəmanədir, biz lampa işığında oturmuşuq... kimə deyirsən? Mənə arxalarını çevirdilər. Yeməyimi verirdilər, (hələ subay idim) paltarımı yuyurdular, amma danışdırmırdılar. İndi bude, Balabacı arvad gəlib deyir ki, Ələsgər çayxanada Bağırovla əl tutuşub...

(Hə, orasını da deyim ki, yazı qəzetdə çıxandan bir həftə sonra kəndimizə və qonşu kəndlərə maşın-maşın elektrik dirəyi daşımağa başladılar.

Bu dirəklər mazutda o qədər çimizdirilmişdilər ki, 20-30 il də keçsə çürüməzdi. Bir qədər sonra həmin çürümüş dirəkləri dəyişməyə başladılar.

Mərkəzi Füzuli rayonunda yerləşən işıq idarəsindən nümayəndələr gəldilər işlədiyim məktəbə və məndən xahiş etdilər ki, felyetonun müəllifi kimi razılıq məktubu verim, onlar işlərinə tiksinlər.

Mən onların istədiyi məktubu yazıb verdim və kəndlərimizin işıqları demək olar ki, daha sönmədi.)

Dəli gülmək tutur məni və gülə-gülə deyirəm:

- Ay Balabacı xala, bu mahnı oxuyurlar e, “Balabacı, bacı, dərdim əlacı...” yəqin onu saa qoşublar?

Arvad başladı nə başladı:

- Ə, bəs bilmirsən, onu rəhmətlik Əmrah maa qoşmuşdu dayna cavannıxda... Mirvarı arvadın yadına gələr, Əmrah bağ aşağı, bağ yuxarı oxuyardı:

Balabacı, bacı, Balabacı, bacı,

Yarım gəlmiyipdi dərdim əlacı...

Nənəm – Mirvarı onun adıdır - nə təhər təpindi arvada, yazıq xırp kəsdi səsini:

- Kəs aaz, kəs! Səfeyin qızı səfey! Sən bizi axmax yerinə qoymusan? Balabacı mahnısı dünən çıxıb, amma sənin ərıın sümüyləri də çürüyüb! İyirmi yeddi-iyirmi səkkiz ildi ərin öldüyü... Balabacını heş bir il dəyil oxuyullar...

- Balabacı xala, səni allah, ha istiyirəm soruşam, utanıram e... Oğlun Ələsgər o irəli gəlmişdi haa, toyda bir cür oynuyurdu e... Bir əli yambızında, biri qulağının dibində... O nə təhər oynamaxdı, bizdərdə həylə oynamıllar axı?

- Hııııııı, - arvad bir cür səs çıxardı, - allah ətiı töhməsin! Az, Bakıdan gətirip dayna! Bakililər heylə oynuyullar deyir... Nənəsi ölmüş, həylə diqqətcildi e... Nə təzə bir şey görsə, əvdirir, yığışdırır, gətirir ki, qoy bizdə də olsun... Ode, otha, o Qaröyüz kəndi tərəfdəki çayın üstündən körpü salmağı da o camahatın başına saldı. Özüm qulağımnan eşitdim, deyirdi ki, Bakililər dənizin üstünnən körpü salıplar. Siz niyə bir çaıyın üstünnən salmırsıız?..

Nənəm daha dözə bilmirdi. Anam özünü birtəhər tutsa da, nənəm qırmızı adam idi, yalan-palanla işi yoxdu. Bir də gördüm yükdən döşəyi dartışdırır. Yəni ki, ay Balabacı, dur get yatırıq. Amma Balabacı hələ ayağının o birini indi sobanın altılna uzadırdı, yəni gedib eləyən deyiləm.

- Balabacı, odunumuz yoxdu, yeri salırıx girəy içinə ki, puça day odun qoymuyay...

- Bıy, bıy, aaz maa niyə deməmisıız, o illəri Ələsgər nənəsi ölmüş gələndə iki maşın odun doğreyib durujbeynən, bir qucax gətireydim, yandıraydıız dayna...

- Dur get öz evində yandır, biznən işin olmasın! – Nənəm bu dəfə baltanı lap kökündən vurdu.

Balabacı arvad qurcuxdu, əsnədi, könülsüz-könülsüz yerindən qalxdı və qalxa-qalxa dedi:

- Gecə də yaman uzundu e. Qutarmır ki...

- Yaxşı, bu arvad niyə yayda bizə gəlmir, ancaq qışda gəlir? Bunu başa düşə bilımirəm... – arvad gedəndən sonra ortaya soruşdum.

Nənəm yanpörtü danışsa da mənimlə barışmaq istədiyi səsinin tonundan hiss olunurdu:

- Adın da curnalis qoyub, hıı! Bilmirsən niyə qışda gəlir? Əvində puç yanmır, soyuqdan nə təhər otusun əvində? Bizə qızışmağa gəlir dayna... Görmürsən, yatmasax, səhərəcən oturasıdı...

***

Partiya bileti
Partiya bileti

İki il keçmişdi. Məni kəndimizdəki məktəbə direktor qoymuşdular. Hələ üstəlik söz də vermişdilər ki, partiyaya da keçirəcəklər.

Atam sevincək dedi: “Bu sənə avansdır, özünü yaxşı aparsan, vəzifəni böyüdəcəklər, partiyaya da keçirəcəklər.”

Nənəm də anda verdi ki, ta qələmi qatda qoy döş cibıa, hətərən-pətərən yazma, bizə yazığın gəlsin...

Özümə söz verdim ki, bu adamları naümid qoymayacam. Axı daha nə yazmaq? Mən ki jurnalist deyiləm?! Yazıçı-zad heç deyiləm. Adi kənd müəllimiyəm, dərsimi keçəcəm, vəssalam... Amma olmadı...

Olacaqlı kimi, hər söz-sav gəlib məndən keçirdi, elə bil dəyirmanın dəhnəsiydim...

Bir gün anam dedi ki, Balabacı arvad xəstədi, baxanı, dava-dərman alanı da yoxdur. Bu yekəlikdə kəndin bircə kaministi var, o da baxımsız qalıb. Tək oğlu Bakidədi, kimi-kimsənəsi yoxdu...

(Əri öləndən sonra Balabacı tək oğlunu saxlamaq üçün qol-biləyini çırmayıb kolxozda işləməyə başlayıb. Nə iş buyurublar yarıdıb – gər ağac kimi boylu-buxunlu, pəzəvəng qadındı – biçin biçib, dərz daşıyıb, arx çıxardıb, pambıq yığıb, üzüm alağı edib, xüləsey ki, olub kolxozun dirəyi. Əvvəl arvadı kənd sovetinə deputat seçiblər, sonra partiyaya keçiriblər... İndi yaşı yetmişi haqlayanda qalıb tək-tənha...)

Məktəbə o vaxtlar daş kömür verirdilər. Yarım maşın aparıb qapısına tökdürdüm – evinin soyuq olduğunu bilirdim. Özündən soruşdum ki, nəyə ehtiyacın var?

Dedi, a bala, o hökümətə mən bilirsən nə təhər köməy eləmişəm? Qardaşın qardaşa eləmədiyin eləmişəm. İşin ağırın görmüşəm, yükün ağırın çəhmişəm, başımnan yer qazmışam, gözümnən od götürmüşəm...

1990. İnsanlar partiya biletlərini cırırlar
1990. İnsanlar partiya biletlərini cırırlar

Yalannan partiyiyıya keçitdilər, qırmızı bilet verdilər... Neynirəm onu mən? Pensiyəm bı aydan o aya yetmir... Dərmanı mən nəynən alım? Götü qələmıı yaz dayna bını. Yaz ki, əlin qurusun ay belə hökümət, qəministin qalıb ac-susuz, dərmansız...

Sonra birdən nə fikirləşdisə, qayıtdı ki, ədə, bala, niyə korruq çəkib kömür göndərmisən, Ələsgərin nənəsi ölsün, ode, otxana, oxantana odun-kömür yığıb ki, odunxanaya... - Boş odunxananı göstərib göz yaşlarını məndən gizlətmək üçün üzünü yana tutdu. Məni də qəhər boğdu. Bu qadın ac qalar, amma özünü həmişə tox tutardı, kimsəyə endirməzdi. Bax ha, indi...

...”Sovet kəndi”ndə “Birinci kommunist” adlı yazım çıxandan sonra rayon çalxalandı. (“Sovet kəndi” Mərkəzi Komitənin qəzeti idi.) Məktəbimə yoxlama yoxlama dalıncan gəlməyə başladı. Hətta kimsə yazmışdı ki, Balabacı arvada kömür satmışam. Gedib onu da dindirmişdilər. Arvad da qovmuşdu onları qapıdan.

Hamının qulağı səsdə idi ki, məni bu dəfə yəqin ki, elə-belə buraxmayacaqlar. Amma gözlənilənlərin əksinə, məni çağırıb partiyaya keçirdilər. (Səbəbini sonralar bildim. Katib deyibmiş ki, onu keçirdin partiyaya, səsini kəssin.)

Sonra ölkədə təlatümlü hadisələr başladı. Yenidənqurma, Qarabağ hadisələri və 20 Yanvar.

Sonuncu bir çox ziyalılar kimi mənim də taleyimə ağır iz qoydu. Partbiletimi atıb partiyadan çıxdım.

Rayonumuz ermənilərlə sərhəddə olduğundan özünümüdafiə dəstələrinin yaradılmasına başladıq. Elə gün olurdu ki, heç gecə də evə gələ bilmirdim.

Bir dəfə lap axşam toranı maşınla kəndə qayıdırdım. Gördüm bir arvad dalında odun şələsi ikiqat olub asta-asta yolla gedir.

Maşını saxlatdırdım və gördüm ki, Balabacı arvaddır. Odun şələsini dalından alıb maşının banına atdıq. Özünü də yanıma – kabinəyə mindirdim. Yerini rahatlayan kimi məni tərs-tərs süzüb dedi:

- Ədə, o nə işdi tutmusan? Biletiı niyə atmısan? Arpa-buğda bı nırxda, görərsən, genə hərrənib-fırranıb gələcəysiız partiyanın üstünə... Leninin qırmızı bilitin atallarmı heç? Hayıf-hayıf! Mən saa nə deyim axı?.. Nənəsi ölmüş Ələsgər də atıbmış bilitin... ama...

***

- Balabacı arvad səni görmək istiyib...

- Nə?

- Hə vallah. O günnəri yasda gördüm gəlnin, dedi arvadın gözləri tutulub, amma ağlı başındadı, oturur-durur, deyir o müyəllimə deyən olsa ki, Balabacının burnuna düşmüsən, gələr vallah!

- Neynir məni görəsən? – Təəccüblə çiynimi çəkdim və arvadın yaşını təxmini hesabladım. Anamdan qocaydı, nənəmdən cavan. Anam da, nənəm də ölüblər... Rayonumuz işğal olunanda nənəmin 75 yaşı vardı. Balabacının da olardı 65. İyirmi ildir Bakıda köçkünük, demək 85 rahat var...

Yazarsan ki, Balabacının bilitidi... Heç o partiyaya arxa çevirmədi. Amma onu indiyəcən yada salan da olmadı... İrayonu da getdi...

...- Bı mənim biletimdi, qəminist biletim... Səni qınıyırdım, yadındamı? Niyə çıxmışdın partiyadan deyirdim... Ələsgər maa yalan deyib, heç o ömür-billah qəminist dəyilmış... Bını aparıb paketə qoyarsan, yollarsan Leninin mazveleyinə... Yazarsan ki, Balabacının bilitidi... Heç o partiyaya arxa çevirmədi. Amma onu indiyəcən yada salan da olmadı... İrayonu da getdi... Onu da yaz ki, mən o bilitin mənnən sohra yerdə-yurdda qalmasın istəmirəm... Əl-əyaq altda qalıb-eliyər... Günahdı...

Sonra gözlərini gəzdirib gəlinini axtardı:

- A bala, soyuxdu, ocağa odun qoy, məllimə çay-çörəy ver... Ələsgərrrr!

Ələsgər əlini istilik sisteminə uzadıb hırıldadı:

- Azzz, nənə, odun nədi, peç nədi?! İndi kombi var e, komdi!

Amma ev həqiqətən istiydi. Bir stəkan çay içib Balabacı arvadla sağollaşdım, biletini də götürüb çıxdım.

Ələsgər məni ötürmək üçün ardımca gəldi və qapıda dedi:

- Məllim, siz allah fikir vermiyin, nənəm uje o yannıxdı...

***

İki gün sonra Balabacı arvad öldü. Dəfnə özümü çatdırsam da, Yanardağdakı qaçqın qəbiristanına yetişəndə artıq onu dəfn edib qayıdırdılar.

Mən maşından düşüb fatihə verdim. Sonra cibimdən onun partbiletini çıxartdım, qəbirin ayaq tərəfində əlimlə balaca yer qazıb basdırdım və geri dönən dəfn qafiləsinə qoşuldum.

25 noyabr 2015

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG