Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

Məhkəmə Əli Kərimlinin müşavirinə "yox" dedi


Məmməd İbrahim
Məmməd İbrahim

►"Avropa Məhkəməsinə üz tutacağıq"

Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin şikayətinə baxıldı. Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya şikayətini təmin etmədi və Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Qeyd edək ki, şikayətdə Məmməd İbrahimin heç bir rəsmi qərar olmadan 16 saat qanunsuz həbsdə saxlanıldığı bildirilirdi. Məmməd İbrahim sentyabrın 30-da axşam saat 23.30-da şübhəli şəxs qismində saxlanılıb.

Cinayət-Prosessual Məcəllənin tələbinə görə, 48 saatdan artıq şübhəli şəxs qismində saxlanmaya icazə verilmir. Bu müddətdə ya şəxsə qarşı ittiham irəli sürüb, barəsində məhkəmə qərarı ilə müvafiq qətimkan seçilməli, ya da sərbəst buraxılmalıdır.

Məmməd İbrahimə münasibətdə həmin müddət oktyabrın 2-də axşam saat 23.30-da başa çatıb. Amma həmin vaxta qədər nə onun barəsində qətimkan tədbiri seçilib, nə də sərbəst buraxılıb. Yalnız oktyabrın 3-də saat 16.00 radələrində məhkəmə onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Buna da bax: Bakı-Sumqayıt qatarını daşa basırlar...[VİDEO]

Məmməd İbrahimin vəkili Yalçın İmanov məhkəmənin qərarına qədər - təxminən 16 saat ərzində, müdafiə etdiyi şəxsin həbsdə qanunsuz saxlanılması barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin noyabrın 16-da məhkəmə bu şikayət üzrə qərar çıxararaq, iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilmişdi.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Məmməd İbrahimin özü ilə yanaşı, cavabdeh qismində Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi, Məmməd İbrahimin işi üzrə istintaqı aparan Mübariz Süleymanov, Nərimanov Rayon Prokurorluğunun əməkdaşı Orxan Əsgərli də iştirak edirdi.

Məmməd İbrahim və vəkili Yalçın İmanov çıxışlarında şəxsin heç bir rəsmi qərar olmadan 16 saat həbsdə saxlanılmasının kobud qanun pozuntusu olduğunu bildirdilər.

Qısa müşavirədən sonra məhkəmə şikayətin təmin olunmadığını elan etdi.

Buna da bax: İ.Əliyev gərginliyi azaltmaqçün vasitəçi olmağı təklif etdi

Qərar bəlli olandan sonra Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, məhkəmə nəzarəti qaydasında sonuncu instansiya apellyasiyadır:

"Bu qərarı alan kimi, Məmməd İbrahimin Avropa Konvensiyasının 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun pozulmasından Avropa Məhkəməsinə şikayət verəcəyik".

Xatırladaq ki, Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər - Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG