Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

-

Rusiya Krımı hələ 18-ci əsrdə ələ keçirmişdi; Putin Qərblə əlavə cəbhələr açmaq istəməz; Moskva və Ankaraya eskalasiya gərək deyil – 27 noyabr Qərb mediasının icmalı.

«Putin-lə Erdoğan özlərini məğrur imperiyaların varisləri sayırlar. Ancaq qırıcılar və ağır danışıqlar imperiyanın çöküşünü ört-basdır edə bilmir». Bunu «Foreign Policy»də Julia Ioffe yazır.

Müəllif tarixən türklər və rusların apardığı savaşları, Rusiyanın Krımı əslində 2014-cü ildə deyil, hələ 1783-cü ildə Osmanlı imperiyasından aldığını yazır: «Krımı itirməklə Osmanlı imperiyası ilk dəfə olaraq müsəlman subyekti xristian hakimiyyətinin idarəçiliyinə vermiş oldu». Və bu ruslarla türklərin sonuncu dəfə kəllə-kəlləyə gəlməsi deyildi. Növbəti iki əsrdə də Rusiya imperiyası yavaş-yavaş Osmanlı torpaqlarına girişdi.

Müəllif yazır ki, Türkiyə və Rusiyanın ürəyi və ruhu nəhəng, multietnik imperiya ilə döyünür, ancaq bu gün hər ikisi xeyli kiçilmiş regional qüvvələrdir və daha böyük nüfuz uğrunda savaşırlar. Digər tərəfdən, Rusiya tarixən türklərə Avropanın ekspansiyasına qarşı yaxşı bufer kimi baxıb. «Türk hakimiyyətinə Avropada mövcud olmağa ona görə icazə vermişik ki, bu, bizə Türkiyənin dağıntıları üzərində qurula biləcək istənilən dövlətdən çox sərf edir», - bunu hələ 1830-cu ildə Rusiya imperiyasının xarici işlər naziri Karl Nesselrode yazırdı.

«Bütün bu tarixi ona görə yada salıram ki, Türkiyə hava məkanında Rusiya təyyarəsinin vurulması ilə bağlı münaqişə nə təyyarə, nə hava məkanı, nə İŞİD, nə də NATO davasıdır.

Bu, iki –Rusiya və Osmanlı imperiyalarının savaşıdır. Rəsmən on illər öncə çöksələr də, bu gün də parçalanmaqda davam edirlər. Və bu, iki kişinin, Vladimir Putin və Recep Tayyip Erdoğan-ın məsələsidir. Özlərini hələ də çoxdan itmiş imperiyaların varisi sayırlar. Onlar bu imperiyaları rəiyyətin beynində canlandırıblar, böyük keçmiş də tez-tez gözləri önündə bərq vurur. Təəccüblü deyil ki, Suriyada oyunçular artdıqca və münaqişə qızışdıqca, ilk qığılcım da bu iki kişi arasında alovlanır».

V.Putin hərbi təlimləri izləyir.

V.Putin hərbi təlimləri izləyir.

«ANCAQ ƏZƏLƏ NÜMAYİŞİ OLACAQ»

«Foreign Policy»də Dimitar Bechev isə Rusiya ilə Türkiyənin bu yaxınlaradək normal münasibətdə olduqlarını, Suriya məsələsində fərqli mövqe sərgiləsələr də, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etdiklərini yazır. Hətta iki liderin üslubu da oxşardır: Avropa sərhədlərində iki qəzəbli, ucadan danışan, məğrur və hesablaşılan liderlər. Ancaq noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bu liderlərin də mübarizəsi qızışdı, hər iki tərəf ritorikanı artırdı:

«Böhran nəzarətdən çıxacaqmı? Rahat nəfəs alın. 1917-ci il Brest-Litovsk sazişindən bəri sülh içində yaşayan Moskva və Ankaraya dinc durmaq sərfəlidir. Əzələ nümayişi olacaq, lakin hərbi qarşıdurma tərəflərin heç birinə sərf etmir».

Amma müəllifin fikrincə, Suriya məsələsində Rusiya-Türkiyə ziddiyyətinin bitdiyini demək çətindir. Rusiyanın müdaxiləsi Erdoğan və müttəfiqləri üçün bir şok oldu. Rusiyanın Latakiya yaxınlığında hava bazasını gücləndirməsi, 4 min əlavə əsgər yerləşdirməsi Türkiyənin qeyri-uçuş zonası yaratmaq planlarına ciddi zərbə vurdu. Bu səbəbdən Erdoğan-ın diş qıcamasının, Putin-ə dərs keçməsinin yeri var.

Müəllif Putin-lə Erdoğan-ı birləşdirən biznes maraqlarından, eləcə də iqtisadi və təhlükəsizlik hədəflərindən bəhs edir. «Türkiyə və Rusiya bu gün dost kimi görünməyə bilər, ancaq iki dövlət bir-birini çox gözəl anlayır. Təyyarə insidentinin nəticəsi də Erdoğan və Putin-dən asılıdır… Putin Qərblə əlavə cəbhələr açmaq istəməz. Erdoğan isə 1 noyabr seçkisindəki zəfərindən sonra hamıya xatırlatdı ki, Türkiyə ilə hesablaşmaq lazımdır», - müəllif yazır.

Türkiyə, NATO və Rusiya.

Türkiyə, NATO və Rusiya.

ESKALASİYA GƏRƏK DEYİL

«Eskalasiyaya getməkdənsə, Rusiya prezidenti və hərbi liderləri hərəkətlərini ölçüb-biçməli, çox təhlükəli durumdan necə çəkinməyi götür-qoy etməlidirlər». «The Financial Times»da Ivo Daalder yazır ki, Rusiya daxil heç kəsə gərginliyi artırmaq sərfəli deyil. Bu, Moskva və digərlərini fəlakətə aparar. Əksinə, indi hamı bu cür insidentlərin bir daha təkrarlanmamasına çalışmalıdır. Buna görə məsuliyyətin bir hissəsi Moskvanın üzərinə düşür. Rusiya Avropa ətrafında NATO ilə son 18 ayda oynadığı oyunu bitirməlidir: «Bu hərbi manevrlərin heç biri təlim məqsədi güdmür; məqsəd camaatı qorxutmaqdır. Ancaq bu riskli davranış odla oynamaq deməkdir və dayandırılmalıdır».

«NATO-nun da məsuliyyət payı var. Moskva ilə təsadüfi hərbi qarşıdurmadan çəkinmək çox vacibdir. Alyans bu məqsədlə dərhal NATO-Rusiya Şurasının iclasını keçirməli, hərbi insidentlər riskini azaltmaq naminə detallı prosedurlar hazırlamalıdır…».

Müəllif yazır ki, Rusiya təyyarəsinin vurulmasını tərəflər xəbərdarlıq kimi qəbul etməlidirlər. Gələcəkdə bu cür insidentlərin qarşısı alınmasa, daha pis hallar baş verə bilər, eskalasiya idarəolunmaz bir hala gələr.

Günün bütün mövzuları

XS
SM
MD
LG