Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

Həsən Seyidbəyli. Yalvarırlar ki, budda onları ac qoymasın


Həsən Seyidbəyli

Həsən Seyidbəyli

-

Kinorejissor, yazıçı Həsən Seyidbəyli (yeri gəlmişkən, o, Nardaran kəndində doğulub böyümüşdü) 1966-cı ildə Yaponiyada 15 günlük səfərdə olmuşdu. Qayıdandan sonra "On beş gün Yaponiyada" adlı kitab yazmışdı.

Həsən Seyidbəyli

On beş gün Yaponiyada

(kitabdan parça)

Yaponiyada yaşadığımız on beş gün ərzində (qeyd etmək lazımdır ki, bütün bu on beş günün çoxunu biz maşınlarda keçirmişik) saysız-hesabsız maşınlarda gəzdik, ancaq bir dəfə də bir sürücünün başqa sürücünü hədələdiyini, kobud bir söz dediyini eşitmədik.

Məndən Sovet İttifaqının hansı güşəsindən gəldiyimi soruşduqda: - Mən Azərbaycandanam, - deyə cavab verirdim. Təəssüf ki, hətta mədəni yaponların çoxu belə, Azərbaycanın harada olduğunu bilmirdilər.

O vaxt mən daha ümumi bir coğrafi anlayışla öz yerimizə tanışlıq verib "Qafqaz" deyirdim. Bəziləri "Kaukaz" - deyə başlarını tərpədir, bəziləri heç Qafqaz məvhumunu da başa düşmürdülər.

O zaman mən "petrol, neft-Baku", "petrol, neft-Baku" - deyə təkrar edirdim. Bunu hamı başa düşürdü. Bütün bunlar ondan irəli gəlirdi ki, Yaponiya bizdən çox uzaqdır, ancaq əsas səbəb uzaqlıq deyil, mədəni əlaqələrimizin zəifliyidir...

Yaponiyanın adlı-sanlı kino sənətkarları Kenedo Sindo, İsixara, Yaponiya kinodramaturqlar təşkilatının rəhbəri Noda Can ilə görüşdük...

Söhbət get-gedə daha mənalı, daha dərin məsələlər ətrafında gedirdi: Eyzenşteynin yaradıcılığından, Kurasavanın filmlərindən, yazıçıların həyata münasibətlərindən...

Biz deyirdik ki, yazıçı, kinodramaturq, rejissor, ümumiyyətlə, sənətkar - oxucu, tamaşaçı və zaman qarşısında böyük məsuliyyət daşımalıdır. Yaponlar da bizimlə razılaşıb dedilər:

- Bizim xalqın gözəl bir məsəli var: "Pələng öləndən sonra da onun qiymətli dərisi qalır". Pələng kimi olmaq lazımdır...

Kamakura yaşıllığa qərq olmuş yapon şəhərlərinin ən yaşıl güşələrindəndir. Lakin burada da maşın əlindən tərpənmək olmur, hara dönürsənsə, şüşəbənd mağazalar görürsən.

Elə zərif, elə ustalıqla yaranmış suvenirlər var ki, saatlarla onlara tamaşa etmək istəyirsən, ancaq vaxt azdır. Yapon xalqına aid olan hər şeyi görmək, hər şeyi bilmək istəyirik. Ən gözəl güşələri fotoya çəkirik.

Kamakuranın qədim ibadətgahlarına səyahət edirik. Əyinlərində kimono olan qadınlar və kişilər ibadətgaha yaxınlaşıb əllərini bir-birinə çırpırlar, üç-dörd dəfə əl çalırlar ki, ibadətgahın içindəki budda onları eşitsin.

Dua edirlər, xahiş edirlər, səadət, cansağlığı istəyirlər. Yalvarırlar ki, budda onları ac qoymasın. Ancaq bura təkcə ibadətgah deyil, buradan da pul çıxarırlar.

İbadətgahın ətrafını muzey etmişlər. Orada nümayiş etdirilən samuray paltarlarını, qədim yapon cəngavərlərinin qılınclarını, buddaları, cürbəcür tapıntıları seyr etmək üçün gərək pul verib bilet alasan.

Avtomobil sürənlər üçün üstündə buddanın duası yazılmış açar zənciri satılır. Bundan da pul qazanırlar. Hətta cürbəcür bəzək şeylərinin üzərində də dua yazılmışdır. Büdpərəstlər və turistlər onları həvəslə alırlar.

Yaponiya gözəl diyardır, çox şairanədir. O dərəcədə şairanədir ki, onu olduğu kimi təsvir etsən, oxucu inanmaz, deyər ki, yazıçı hissə qapılıbdır. Yaponiya elə bil böyük bir dekorasiyadır, elə bil hər şey burada insan əli ilə yaranmışdır.

Elə bil Yaponiyanın özünü yox, güzgü kimi sularda əksini görürəm və bu əks titrəyir. Buna görə də əlçatmazdır. Halbuki hər şey gözümün qabağında idi.

Mən maşından düşüb əlimi bu otlara, bu daşlara, bu sulara vura bilərdim. Ancaq nədənsə mənə belə gəlidi ki, bütün bunlar çox-çox uzaqdadır...

Mənbələrdən onu da öyrənirəm ki, yaponlarda ürək genişliyi güclü şəxsi ləyaqət hissi ilə birləşir: bu, adamların pula münasibətində özünü daha çox göstərir. Yapon həmişə nəzərə çarpdırmağa çalışır ki, pula biganədir.

Hətta deyingən evdar qadınlar pulun qalığını saymırlar: adət deyil. Əgər beş fəhlə pivə içəndən sonra pulunu biri verirsə, sonradan heç kəs öz payını zorla onun cibinə qoymağa cəhd göstərməyəcək: burada "alman haqq-hesabı" ağlasığmaz şeydir.

Yaponların təsəvvüründə xırdaçılıq, xüsusən xəsislik qüsurların az qala ən böyüyüdür...

Günün bütün mövzuları

XS
SM
MD
LG