Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:08

-

"Özü cəmiyyətdən gizləndiyi kimi oxucunu da var gücü ilə kənarlaşdırmağa, itələməyə çalışır."

Günel Eyvazlı

Həşərata çevrilən Kafka

“Ədəbiyyata daxil olmayan nə varsa, məni bezikdirir, usandırır,

məndə ikrah doğurur...”

Frans Kafka

Kafkanın "Çevrilmə" əsərinin qəhrəmanı Gregor Samsanın rəsmi

Kafkanın "Çevrilmə" əsərinin qəhrəmanı Gregor Samsanın rəsmi

Dəfələrlə olub ki, Kafkanın məşhur adını eşidibən yazdığı əsərlərlə yaxından tanış olmağa çalışmışam.

Hər dəfə özümü öncədən hazırlığa gətirərək, “Yox, bu dəfə kitab əlimdən düşməyəcək” söyləmişəm.

Alınmır! Yenə də “Çevrilmə” yarımçıq qalır. Əsərlə bacardığım qədər səbirli davranmaqla Kafkanı məşhur edən səbəbləri araşdırmağa çalışıram.

Budur, həşərata çevrilən Qreqorun uzun-uzadı kürəyi üzərində uzanma təsviri məni xirtdəyə qədər bezdirir. Onun nazik və çoxsaylı ayaqlarının havada hərəkətlərini göz önümdə canlandırıram.

Bir-birinə dolaşan ayaqlar kəmiyyət çoxluğuna baxmayaraq, yerə düşmək üçün çıxış yolu tapa bilmir.

Gah ayaqlar dolaşır, gah həşəratın belindən küt ağrılar qopur, gah da həşərat yerə düşmək fikrindən sadəcə vaz keçir.

Bir yazıçının böyük təsvirlərə, önəmi olmayan hadisələrə vaxt ayırmasını, eyni zamanda oxucunun təsvir etdiyi həşəratın hərəkətlərinə diqqət ayırmasını anlamıram.

Hətta bəzən mənə elə gəlir ki, Kafka bu hərəkəti ilə sadəcə oxucunun səbrini sınağa çəkir. Bəlkə bütün bu müşahidələrini təsvir edərək özü zövq alırdı?

Üç hissəli “Çevrilmə” sonuncu hissəsində pərdəni azacıq aralayır. Mətləbin aydın olduğu zamanda irəli deyil, əksinə, geriyə, əsərin əvvəlinə qayıtmaqda israrlıyam. İndi hadisələri daha dəqiq və sərrast detallarla aydınlaşdırmağa çalışmalıyam.

Kafka müasir modernizmin banisi idi. Yaradıcılıq nümunələri öz pessimistliyi ilə onu ekspressionizm cərəyanına gətirib çıxarırdı.

Üstəgəl, özü də olduqca təzadlı və əhvalını tez-tez dəyişən insan idi. Kafkanın şəxsi həyatı ilə tanış olduqdan sonra “Çevrilmə”yə dahiyanə əsər kimi baxmaqdan öncə elə yazıçının daxili hisslərini bir az obrazlı şəkildə izah etdiyinin şahidinə çevrildim.

Kafkanı təcəssüm edən bütün bilgilərlə tanış olduqda üç ardıcıllığa mütləq rast gəlirsən. O, müəmmalıdır... anlaşılmazdır... özünəməxsusdur.

Əslində Kafkanın əsərlərində estetik nəsnə adlandırdığımız heç nə yoxdur. Estetika anlayışının özü də müəyyən mənada təzadlı anlayışdı. O, diqqət çəkməyən əşyalar üzərinə diqqət cəmləməyi sevir.

Kafka oxucusunu zahiri bəzək ilə özünə cəlb etmir. Əksinə, bacardığı qədər özü cəmiyyətdən gizləndiyi kimi, oxucunu da var gücü ilə kənarlaşdırmağa, itələməyə çalışır.

Onun qələmi daha çox kömürə bənzəyir. Almazla eyni tərkibə malik olan kömür öz dəyərliliyinin kar mühitdə gizləyir. Almazın üstünlüyü işıqla oynaya bilmə qabiliyyətidir. Kömür isə lal təbiətə malikdir.

Qreqorun prototipi elə Kafkadır.

Xoreoqraf və aktyor Barışnikov "Çevrilmə"ni canlandırır

Xoreoqraf və aktyor Barışnikov "Çevrilmə"ni canlandırır

O da eynilə Kafka kimi iş həyatından göründüyü qədər razı deyil. İş rəhbərliyinin daimi təzyiqi onun üzərindədir.

Əslində azad deyil, verilmiş əmrə tabe olmalı və onu zamanında icra etməlidir.

Amma günlərin birində səhər yuxusundan ayılıb özünü başqa şəkildə görür. Demək ki, əslində o, azadlığı məhdudlaşdırılmış insandan şüursuz həşərata, heyvana çevrilmişdir. Çünki düşüncədən məhrumdur.

Onun üçün əsas məsələ ailə qayğıları, müdirin əmrlərini olduğu kimi və cəld yerinə yetirmək, icra etməkdir.

Bu, haradasa robot insan təsiri bağışlayır. Və yaxud sadəcə Kafkanın Qriqoru kimi lazımsız, iyrənc həşərata, heyvana çevrilir.

Ailənin onun məvacibinə ehtiyacı var. Elə Kafkanın özünün də cansıxıcı sığorta şirkətində çalışmasının əsas səbəbi atasının minnətindən qurtulmaq idi.

Həşərata çevrilmiş oğluna uf demədən almalar atan və onun əzilməsindən zərrə qədər də narahat olmayan ata təsviri və təzyiqi əsər boyunca hiss ediləcək dərəcədədir.

Nifrətlə təsvir olunmasa da, almaları həşərat Qriqorun üzərinə atan ata, əzazil təsir bağışlayır. Oxucunun həşərata yazığı gəlir. Onun əzilməsini, məhv olmasını istəmir.

“Görünməz yaşa!”

Epikür

Kafka cəmiyyətdə atılmış, kimsəsiz kimi yaşayırdı. Bu, haradasa psixoloji təklik sindromudur. Belə insanları "heç kimə lazım deyiləm" fikri təqib edir. Bəlkə də onlar lazım olmağı bacarmırlar? Bəlkə onlara belə gəlir?

Axı Kafka gerçəklik və yuxunu ayıra bilməyəcək dərəcədə xəstə idi. Bütün dahilər kimi özünü qurban verməkdə və dahiliyin dəlilik həddinə getməkdə davam edirdi. İsrarlı idi.

Franz Kafka

Franz Kafka

Doğma valideynlər belə, Qreqora yaxınlaşmağa ehtiyat edirlər, həm də iyrənirlər.

Çünki bu iyrənc həşərat toxunduğu, gəzdiyi hər yerdə özündən sonra yapışqanlı maye qoyurdu.

Bacısı onun yediyi kasanı belə, əski parçası ilə əlinə götürürdü. Qreqor isə ətrafdakıları hürkütməmək üçün bir az da görünməz olmağa və üzərinə mələfə ataraq gəzməyə çalışırdı.

Əsərin bu anında nədənsə ailəsində sağlam olarkan lazımlı olan, xəstə olarkən yaxınlarını bezikdirən insanları xatırlayıram.

Bəli, əslində Kafka bu əsər ilə həm də gərəklinin günlərin birində gərəksizə çevrilməsini əcaibcəsinə təsvir edir. Bu gərəksizə çevrilənlər ata da ola bilər, ana da, övlad da.

Xəstələrə bir gün, iki gün, üç, dörd, sonra aylarla qulluq etdikcə canının boğazına gəldiyini müşahidə edirsən. Üstəgəl, övladı xəstə olan bəzi valideynlərin onlardan daha tez yaxa qurtarmasını görürsən. Və yaxud qocalmış valideynindən tezliklə xilas olmaq istəyirsən. Tükürpədici səslənsə də, ölümünü səbrsizliklə gözləyirsən. Bəziləri!

Kafka burada qətiyyən mübaliğəyə varmayıb. O, həyatı təsvir edirdi. Bəli, özünəməxsus şəkildə təsvir edirdi.

Bir rəvayətdə deyildiyi kimi. Günlərin birində bir cavan övlad qocalmış atasını qolları üzərinə alaraq, adət üzrə atılmışlar qayasının yanına gətirir. Çünki bu qoca artıq əmək qabiliyyətli deyildi, özünü idarə etməyi bacarmırdı, bir sözlə, gərəksizə çevrilmişdi.

İndi övladı qəbilə qaydalarına uyğun olaraq atasını bu məkana tapşırıb getməli idi. Bu gərəksizi yırtıcı quşlar, heyvanlar parçalamalıydı.

Rəvayətdə deyilir ki, övladı ilə sağollaşan ata gülümsəyir. Bu təbəssüm insan təfəkkürünün oyanış və düşünmə dövrünə qədəm qoymasından xəbər verirdi.

Təbəssüm biganəliklə qarşılanmır. “Sən bir azdan yırtıcı heyvanlara yem olacaqsan, ata. Nədən gülürsən?” deyə oğlu sual edir. Ata “Bir zamanlar mən də öz valideynlərimi bura gətirdiyimi xatırladım, sadəcə” cavabını verir.

Deyilənə görə, elə həmin gündən gərəksizlər təbiətin ixtiyarına buraxılmadı. Qocanın cavanlığında etdiyindən fərqli olaraq, övladı onu geriyə, qəbiləsinə qaytardı.

İndi isə Qreqorun otağından bütün avadanlıqlar daşınır. Doğrudan da, paltar dolabı, yazı masası, ağır sandıq həşəratın nəyinə lazımdır? Ana baş verən hadisəyə bir qədər başqa cür yanaşır.

“Məgər biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına ümidimizi itirdiyimizi, rəhmsiz surətdə onu tənha buraxdığımızı, əlimizi ondan üzdüyümüzü göstərmirikmi?”

İndi həm də həşərat Qriqor düşünür: “Düzdür, o, bu boş otaqda heç bir maneəsiz hər tərəfə sürünə biləcəkdi, amma bunun müqabilində insani keçmişini tezliklə və büsbütün unutmalı olacaqdı.”

“İnsani keçmiş” anlayışı yaddaşı yenidən vərəqləmək və hadisələrə bir az ayıq başla diqqət kəsilməyi tövsiyyə edir. Qreqor da bəzən valideynlərinə haqq verir, onlara yazığı gəlir, onları başa düşməyə çalışır. Həm də qəflətən başqa fikirlərə qərq olur.

Qreqorun ac olma səhnəsi çox iztirablıdır. Ondan dadlı yeməkləri belə, əsirgəyirlər.

Əsərdə təsvir belə verilib: “...halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşsün, ondan yaxşı yemək istəsin”.

Ona daha çox köhnəlmiş xörəkləri gətirərdilər. Bütün qidalar eyni kasaya qoyulardı.

Zamanla Qreqor təzə xörəkləri heç sevmirdi də, hətta qoxusu da ona dözülməz gəlirdi. Qreqor taleyi ilə artıq razılaşırdı.

Onun qayğısına ata və anasından çox bacısı qalırdı. İyrənsə də, qorxsa da daima onu yeməklə təmin etməyə çalışırdı. Qreqorun durumu ailədən də təsirsiz ötüşməmişdi. Əslində heç kimin iştahı yox idi. Hamı “Çox sağ ol, mən toxam” deyirdi.

Franz Kafkanın üç bacısı

Franz Kafkanın üç bacısı

Sonra kirayənişinlərin gəlişi Qreqorun azadlığını bir az da məhdudlaşdırdı.

Valideynləri belə, öz evlərində qonaq kimiydilər. İndi daha çox kirayənişinləri narahat etməmək üçün asta hərəkət etməliydilər.

Bacısının skripkanı kökləməsi və çalması, həşərat Qriqora onu konservatoriyaya göndərmək arzusunu xatırladır.

O, bu fikri Milad bayramında təntənəli surətdə söyləyəcəkdi. Hadisələr isə istəklərin istiqamətini dəyişmək iqtidarındadır. O səbəbdən də Qreqora bu musiqini qapı arxasından dinləmək qalırdı.

İndi isə bir az da cəsarətlənməyin zamanı idi. Kafka özü də şəxsiyyət olaraq çox cəsarətsiz birisi idi. Daima tərəddüdlər içində qovrulurdu.

İndi Qreqor artıq cəsarətlənmək istəyir. Bacısı ilə göz-gözə gəlməyi arzulayır. Həm də musiqidən bu qədər həyəcanlanırdısa, heyvanıydımı - sualını özünə verir.

Onun istəyi bacısının yanına qədər sürünüb, ətəyindən dartmaq və burada musiqi qədri bilməyənlərin yanında deyil, onun otağında çalmağı xahiş etmək idi. O, bacısını bir daha otağından buraxmamaq qərarına gəlir. Elə o səbəbdən də bütün evdə olanların gözünə görünmək istəyirdi.

Budur, o, sürünərək evin ortasına qədər gəlir. Kirayənişinlərin gözündə Qreqor qorxulu görünmürdü. O, kirayənişinləri musiqidən daha çox əyləndirirdi.

Ata təlaş içindəydi. Onun əsas məqsədi ona gəlir gətirən kirayənişinləri sakitləşdirməkdən ibarət idi. Bacı isə qonşu otağa qaçıb onların çarpayılarını düzəltməklə məşğul idi.

Bütün kirayənişinlər otaqdan və verəcəkləri puldan imtina edirlər. Bundan öncə itaətdə görünən bacı hamının diqqətini özünə cəlb etmək üçün əlini masaya çırpır.

Ata və bacı eyni fikrdədirlər - Biz ondan yaxamızı qurtarmağa çalışmalıyıq.

- Qoy rədd olub, getsin! – bacı çığırdı.

Gözlənilməz sonluqla yekunlaşan novellada öncəki bacı ilə sonda arzusunu israrla söyləyən bacı arasında təzad nəzərə çarpır. Kafka isə acizanə şəkildə qəhrəmanının ölümünə fərman verməklə dünyanın qəddar qanunlarına qarşı fəryad edir.

Hamı Qreqorun qurumuş, yastalmış həşərat cəsədinə heyfislənərək baxır. Doğumu bəlli olmayan qəhrəman, elə bütün doğulan və ölənlər kimi əsərdən qeybə çəkilir. Əslində onun yeri görsənmir də.

Biz Qreqorun ölümündən sonra rahatlığa, asudəliyə çıxmış və yenidən yaşamağa başlayan ailə üzvlərini görürük.

Qreqor isə görünməz duman kimi əsərin daxilindən çəkilib gedir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG