Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:47

-

Noyabrın 26-da Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun kasasiya şikayəti üzrə məhkəmə iclası keçirildi. Hakim İnqilab Nəsirovun sədrlik etdiyi proses çox qısa oldu.

Hakim bildirdi ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məhkəmə bildirişlərinin, o cümlədən kasasiya şikayətinin surətinin çatıb-çatmadığı barədə poçt qəbzi yoxdur. Bu səbəbdən də hakim məhkəmə prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan etdi.

Məhkəmə iclasında Əli İnsanov özü iştirak etməyib.

Əli İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun barəsində 2007-ci ilin aprelində çıxardığı hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, pis rəftara məruz qalmama hüququ) maddələrinin pozulduğunu təsdiqləmiş və buna görə sabiq nazirə kompensasiya verilməsini müəyyənləşdirmişdi.

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işi üzrə hökmün qüvvədə saxlanılması barədə apellyasiya və kasasiya məhkəmələrinin vaxtilə çıxardıqları qərarları ləğv etdi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi bir daha hökmdən şikayətə baxdı. 2014-cü ilin yanvarında çıxarılan qərara əsasən, yenə də hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Hazırda Ali Məhkəmədə həmin qərardan verilmiş kasasiya şikayətinə baxılır.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG