Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

- "İtin tükündən yağ damırdı. Kəndin içində elə yeriyirdi, elə bil kəndin bələdiyyə sədri idi."

"Niyə başqa kəndlərin adını quqeld’ yazan kimi gəlsin, Sallabaşın adı it dəftərində olmasın? Axı bu dünyada torpaq satmaqdan başqa məsələlər də var."

Bəxtiyar Hidayət

VİKEROY MEYDANI

Hörməti zülüm kimi ərşə dayanan Sədrəddin müəllimi deyəsən, xırda məsələlər maraqlandırmırdı.

Adam internet aləmindən, “qoqled’n- moqled’n” dəm vurur, kəndin adının it dəftərində olmadığına vaysınırdı. Yoxsa nə vardı xırda məsələlərin həllinə - kişinin oğlu internetdə yazdığı ərizələr daşdan da keçirdi, dəmirdən də.

Guya bu boyda kəndin əsas problemi “quqle” imiş. Day kəndin əsas başbiləni Sədrəddin müəllim belə deyirdisə, demək “quqle” deyilən ciddi şey imiş.

Adam internetdən nəsə blirdi və bu da ağsaqqallar üçün möcüzə kimi bir şey idi. Bir-iki ağsaqqala internetdə Coğaz çayının Sallabaşın aşağı ucunda necə ilan kimi qıvrıldığını, öz evlərini, hətta cöyüz ağaclarını göstərmişdi Sədrəddin müəllim.

Deyəsən elə o vaxtdan da o ağsaqqalar dillərini dinc saxlamağa başlamışdılar. Guya hökumət onları sputnikdən izləyirmiş.

Hələ bu arada müxalifət liderlərinin birinin televiziyada erotik videosundan görüntülərin sərgilənməyi bəzi ağsaqqalalrı əməlli-başı qorxutmuşdu və onlar az qala tualetə də zülümlə gedirdilər.

Sputnik

Sputnik

Guya hökumət oturub “sputnikdən” bunları izləyirmiş.

Bu arada ölkənin fəzaya peyk göndərməsi ilə ağsaqqalalrın qorxusu birə-beş artmışdı.

Bəzi ağsaqqal-qarasaqqalllar Sədrəddin müəllim barədə çox yüksək fikirdə idilər. Nədən ki, kəndin yollarına beş-on maşın xır tökdürmüşdü. Hansı ki, bunu bələdiyyə də, icra nümayəndəsi də ya bacarmamışdılar, ya da başdansovudu eləmişdilər.

Buna görə də hətta – Sədrəddini Leninlə müqayisə edənlər də vardı kənddə - gərək bu kənd səni öləndə Lenin kimi saxlaya. Sən o qədər dəyərli adamsan el üçün, oba üçün.

Beş-on adamın da internetlə ora- bura ərizəsini yazmış, bir-iki adamın da işini düzəltmişdi. Daha müəllimdən kəndin böyükləri də çəkinirdi. Qalan camaat da üstünə axışır, müəllim də özünü kefinin saz vaxtlarında peyğəmbər kimi, kefinin düdük vaxtında isə, ən azından mirzə kimi hiss edirdi.

Sədrəddin müəllim bu məsələni çox qaldırmışdı kəndin bələdiyyəsi və icra nümayəndəsi qarşısında. Niyə başqa kəndlərin adını quqeld’ yazan kimi gəlsin, Sallabaşın adı it dəftərində olmasın? Axı bu dünyada torpaq satmaqdan başqa məsələlər də var.

Axırda məlum olmuşdu ki, bunu elə Sədrəddinin özü də edə bilər. Bir Feysbuk hesabı açar, vəssalam. Di gəl kəndin cavanlarının çoxu Feysbukda başqa adla profil açmışdılar. Dəstək az olacaqdı.

Həm də bu qırışmallar Sədrəddin müəllimin dostluğuna düşən deyildilər - lüt qız şəkilləri ilə səhifələri dolu idi. Sədrəddin elə vay - şüvən salardı, dədələri telefonlarını əllərindən alardı.

Bütün bunlar öz yerində - Sədrəddinin bir qənimi vardı - öz halal-hümmət dayoğlusu Rəşid müəllim. Elə ki, Rəşid müəllim kəndə gəlirdi - Sədrəddinin bir dəfə qalxan hörmətini min dəfə endirirdi aşağı.

Bəs Rəşid müəllim nə istəyirdi adamdan? İş onda idi ki, Rəşid müəllimin dərslərini indi Sədrəddin müəllim deyirdi. Özü də tarix dərsini harda görünüb gəlib biologiya müəllimi desin? Hələ biologiyanı da qiyabi oxuyasan. O diplomun da saxta ola - adi karton diplom.

*

Qazaxda bir məktəb

Qazaxda bir məktəb

Hər ölkənin bir mərkəzi olduğu kimi hər kəndin də bir mərkəzi olur.

Bu tərəflərdə bütün kəndlərdə bu tip kənd mərkəzlərinin adı eyni idi - Ortalıq.

Amma Sallabaşda belə deyildi - kəndin mərkəzi “Geroy Meydanı” kimi də tanınırdı.

Kimsə bilmirdi bu adı bu ortalığa kim verib.

Amma onu bilirdilər ki, bu ad bu meydana haqqına verilmişdi. Çünki burda o qədər “geroyluqdan" danışan olmuşdu ki... Di gəl get-gedə bu tip söhbətlər yadırğanmışdı. Nədəni də çox sadə - 41-45-in müharibə veteranları qırılıb qurtarmışdı kənddə.

Həm də o nəsil qalib əsgərlər idi, nə qədər yalan danışsalar da, arxalarında o boyda qələbə dururdu. Sonrakı nəsil isə məğlub nəsil idi və nə qədər həqiqətdən, olmuş hadisədən danışsalar da arxasında dağ kimi durub yarpaq kimi əsən bir məğlubiyyət vardı.

Həm də göz önündə o qədər saxta şəhid, saxta veteran, saxta qəhrəman vardı ki... Hətta eşşəkdən yıxılıb qolu qırılan adam vardı ki, ikinci qrup Qarabağ əlili olmuşdu həmin boz eşşəyin səbəbinə.

Gəlin o köhnə kişilərin, köhnə veteranların söhbətlərindən bəzilərinə qulaq yoldaşı olaq.

Guya yoldaş Stalin öz beşaçılanının qundağını Qırrıbığların Həmidinə düzəltdiribmış. Guya Həmid kişi nemesin yıxılmasında əsas səbəbkar idi.

Kişi müharibədə həm “bayevik” olub, həm də “pilotnik”. Guya Həmid kişi olmasa, Şura hökuməti silahsız qalacaqmış. Guya həmid kişi olmasa, sovetin kazarmalarının krişası vurulmayacaqmış. Həmid kişi guya 10 il müharibədə olubmuş. Müharibənin beş il olduğunu deyəndə:

- Bunun gecəsi-gündüzü də var a bala. Orda bir gün üç gün sayılırdı - pensiyaya da elə çıxdıq. Indi hələ mən yaxşı ki 15 il demirəm. Sinəmi qoymuşam, sinəmi. Yoldaş Stalin özü taxıb bu medalları.

Əlbəttə, belə deyəndən sonra medallarını da silkələyirdi.

Camoy kişi lap gül vururdu:

- Yoldaş Stalin özü gəlmişdi dalımca. Dedim nədi, atam-anam. Dedi, ay Camoy qağa, nemesin qabağını alammırıq, gör nağayrırsan, əlac sana qalıb.

Dedim qorxma, gör indi bu qara lələşin nemeslərin başına nə oyun açacaq. Xüləs, beş-on maşın götürdüm, xeyli də saldat. Dəhrə-yaba da öz yerində.

Gəldim Qara yala. Qaratikanı qırdırıb yüklədim maşınlara. Bir maşın da paya qırdırdım. Aparıb sərhədə çəkdik. Nemes bəri adlayammadı. Tikan ətlərini didik-didik elədi. Elə onu görürdün kaskaları qaratikanın arasından görünür. Takk, bir güllə, nemes minilin ölüsünə döndü.

Əlbəttə, veteranlar belə söhbəti bir-birinin yanında eləmirdilər. Bunların yalanalrı yalnız müharibə mövzusunda olardı.

Başqa mövzuda yalan danışmaq hörmətsizlik sayılardı - yalnız Fışt Abdulla istisna idi. Onun müharibədən sonrakı yalanlarına da öyrəşmişdi camaat.

Lap Baron Münhauzen kimi ovçuluq məharətlərindən danışırdı. Bir dəfə Cinni qayada gedib bir qız görüb - saçlarından asılı. Cinlə döyüşüb qızı da xilas edib.

Qardaşı oğlu Məhət də heyrətlə soruşub:

- Əmi, Xalidə bibim həmin qızdımı?

- Cəhənnəm ol, avaranın biri avara. Rus idi, apardım samalyotnan yola saldım.

Bədəncə çox sısqa, çəlimsiz olduğuna görə Məmmədəli kişiyə Ölü Məmmədəli deyirdilər. Ölü Məmmədəlinin bu söz qulağına çatanda cin atına minirdi - mən Ölü Məmmədəli deyiləm, Diri Məmmədəliyəm. Ölü olsam Finlandiyadan Berlinə qədər gedib çıxmazdıb. Ölü sizinkilərdi ki, hamısı müharibədə qırıldı qaldı.

Abaron Navadalı da özünü çox öyürdü:

- Yoldaş Stalin “abaronu” mənə tapşırmasa, indi bu kənddə nemeslər meydan sulayırdı. Snayper idim, qoymadım bir nemes bəri adlasın. Yoldaş Stalin özü seçmişdi məni.

Abaron ayamasını da elə öz dilində bitən “abarona” görə qoymuşdular Navadalı kişiyə.

Rəşid müəllim bu söhbətlləri xatırladıqca deyirdi:

- Geroy meydanında olmuş belə söhbətlər indi efirlərdədir. Ölkənin hərbi gücündən, iqtisadi gücündən danışanlar da təxminən o rəhmətliklər kimi öz hünərlərindən dəm vurur.

...Hə, o qocalar çox deyirdilər, siz bilməzsiniz müharibə nədi.

Sanki onların ağızları fal olmuşdu. İndi Sallabaş camaatı yaxşı bilirdi müharibə nədir. Bir növ sərhəd kənd sayılırdılar.

Amma başqa sərhəd kəndlərin statusunu ala bilmirdilər - nə vardı Yuxarıbaş kəndinə. İşıq, qaz pulsuz. O biri sərhəd kəndlər də elə.

Nədi-nədi Slalbaş camaatı müharibə vaxtı kəndi qoyub qaçmamışdı. O biri kəndlər gedib bir-iki il qaçqın olmuşdular. Gələndə də limitli-güzəştli gəlmişdilər. Salalbaşlılar da qalmışdı yana-yana, peşmanlıq çəkə-çəkə.

Elə bu “geroy meydanı”nın sonrakı söhbətlərinin mövzusu belə məsələlər idi. Və axır vaxtlar da ən çox bu meydanda dartışılan məsələ kredit məsələsi idi.

...Həmin gün də beş-on adam yığılmışdı meydana. Söhbət əvvəlcə kredit barədə idi. Krediti olmayan yox idi. Eləsi vardı özgəsinin əvəzinə kredit ödəyirdi. Əksər adamların ya pensiya kartları, ya da maaş kartları banklarda girov idi.

Amma axı başqa bir problem də vardı - problemin adı Qara it. İmdadın neft buruğundan gətirdiyi iri, ortası nazik, sinəsi enli, boyu hündür, beli uzun, qabaq pəncələri yana doğru əyri, quyruğu çəmbər, qulağı şeşə Pantera adlı qara it.

İmdad iti bir zülümnən avtobus dəyişə-dəyişə kəndə gətirib çıxartmışdı. Sonra da ikicə gün keçməmiş qapısından qovmuşdu. Demə, Pantera qapıda saxlanası mərət deyilmiş. Xain it imiş - İmdadgilin 3 aylıq cücələrindən bir neçəsini həzmi-rabedən keçiribmiş.

İt də hoalat olmuşdu kəndin canına. Cücə demirdi, qaz demirdi, quzu demirdi, tələf edirdi.

Hətta axır vaxtlar o qədər yoğnumuşdu ki, qoyun sürüsünə də hücum edirdi. Kənddə də kimsənin silahı yox ki, kəlləsinə bir güllə vura.

Çörəyin arasına nəsə qoyub öldürməyə də kimsənin əli gəlmirdi - kənd demək olar ki, boşalmışdı və hər evdən uzaq-uzaq ellərdə, çöllərdə kimsə vardı. Hamı balam çöllərdədi, itin ahı tutar deyib əlini saxlayırdı.

Bir-iki hərbçi söz vermişdi iti güllələməyə. Amma deyəsən, komandir iti bəyənmişdi - tutub posta aparmaq istəyirdi əsgərlər. it də ki tutdurmurdu. Heç əsgərlər itə yaxın gedə bilmirdilər.

Sanki kəndin havası düşmüşdü qara Panteraya. Günü-gündən bordaq dana kimi irəli gəlirdi. Tükündən yağ damırdı. Kəndin içində elə yeriyirdi, elə bil kəndin bələdiyyə sədri idi.

Harda kürsək vardı, orda baş olmalıydı. Genlərini də beləcə ötürürdü Sallabaşın küçüklərinə. Hətta aşağı kəndlərin də it kürsəklərinə nəzarət edirdi. Bir növ yersiz gəldi - yerli qaç olmuşdu.

İndi də beş- on qoca-qoltaq oturub Geroy meydanında Sədrəddin müəllimin yolunu gözləyirdi- görək təzə nə xəbər var. Kreditləri hökumət bağışlayacaqmı?

Özgəhan vaxtı bu Sədrəddinə “Qurbağa müəllimi” də deyirdilər. Amma indi ədəb-ərkanla salam verib daha sonra söhbəti kreditin üstünə gətirəcəkdilər.

Rəşid 2003-cü il seçkilərindən sonra həbs olunmuşdu. Müəllim yoldaşları da yığılıb kollegiyanın qərarı ilə onu müəllim hüququndan məhrum etmişdilər.

Sədrəddinə “Qurbağa müəllimi” deyilməsinin də öz maraqlı tarixçəsi var. Bu söz Rəşid müəllimin ağzından çıxmışdı.

Baxmayaraq ki dayoğlu- mamoğludurlar, axır vaxtlar lap düşmən kimi olmuşdular, bir-birinin sözünü sinirmirdilər.

Rəşid 2003-cü il seçkilərindən sonra həbs olunmuşdu. Müəllim yoldaşları da yığılıb kollegiyanın qərarı ilə onu müəllim hüququndan məhrum etmişdilər.

O kolleqa iclasında Sədrəddin xüsusi canfəşanlıq etmişdi. Hətta Rəşid müəllimin əleyhinə bir çıxış da yapıb öz aləmində müxalifəti və Rəşid müəllimi darmadağın etmişdi. 92-93-ün fəsadlarından təxminən yarım saat dəm vurmuşdu.

Sonra da fürsəti föftə verməyən Sədrəddin biologiya müəllimi ola- ola tarix dərsi deməyə başlamışdı. Direktora bir qədər hörmət eləmiş, adını da yazdırmışdı ixtisasdəyişməyə.

Allah vurmuşdu biologiyanı - cəmi 10-12 saat. O da məktəbdə iki müəllim arasında bölünür. Tarix də itinətök. Indi də Rəşid gedib Gürcüstanda bənnalıq edirdi.

Ayə, nə samovar, samovar salmısan? Odey, sənin tərifli nazirinin oğlu rekordlar kitabına düşmək üçün dollarla samovar qaynatdırıb. Adı da olub dünyanın ən bahalı çayı. 400 min dollar yandırıb.

Dediyinə görə, ermənilər də gəlib orda işləyirmişlər və çox normal da münasibətləri varmış.

Hətta Rəşid deyirdi orda elə ermənilər var ki, Sədrəddindən min dəfə mərddilər.

Bu sözləri qulağı alan Sədrəddin onu ermənipərəstlikdə suçlamış, bir tarix müəllimi kimi zibil olduğunu isbatlamağa çalışmış, ermənilərin bizim ana- bacılarımızın belində samovar qaynatdığını dəfələrlə yoğun səslə vurğulamışdı.

- Ayə, nə samovar, samovar salmısan? Odey, sənin tərifli nazirinin oğlu rekordlar kitabına düşmək üçün dollarla samovar qaynatdırıb. Adı da olub dünyanın ən bahalı çayı. 400 min dollar yandırıb. Indi de görüm hansı daha təhükəli düşməndi bunların?

- Sən düzələn deyilsən, ermənipərəstin biri ermənipərəst!

- Mən erməni xalqını təhqir etmək istəsəydim, sənə erməni Sədrəddin deyərdim.

Bu söz Sədrəddinə sonradan çatmışdı.

Sədrəddin müəllim əlini yelləyib çibinlənə-çibinlənə getmiş və aralanan kimi də daş dəymiş ayı kimi donquldanmışdı.

Sədrəddin öz aləmində Sallabaş haqda araşdırmalara başlamışdı. Demək, bu kəndin 5 min il yaşı var. Nadir şah də buralardandı - axı onun tayfasının adı Əfşardı.

Demək, kəndin ayağındakı Soysar dərəsi əslində Əfşar dərəsidi. Cavanşirin atası Varaz Qriqor da bu kənddə torpaq sahibi olub - baxın Taraz yerə. Ora Varazın uçastkası olub vaxtilə.

Uzun illəri axtarılan Xal-xal şəhəri də elə Sallabaşda imiş. Sübut da Çınqıl yalının döşündəki Xal-xal yeri. Sallabaş isə qədim türk tayfası olan Salur türklərinin adından götürülüb. Keçi dağı da monqollardan qalıb - Keçili tayfasından.

Hətta bir dəfə az qala əlli yerə teleqramma vurmuşdu- guya mamont kəlləsi tapıb.

Axırda məlum olmuşdu ki, kəllə kolxozun Addıxay adlı öküzünə aid imiş. Çanavarlı dərədə hələ 70 il əvvəl o oküzü canavarlar parçalayıbmış. Sonra da sür-sümüyün üstünü toz- torpaq alıb.

O öküz də il on iki ay istirahətdə imiş. Buna görə də adını “Addıxay” qoyublarmış. İldə bir-iki dəfə kərən dartmağa apararmışlar.

Kolxoz sədri nəsə o öküzə tərəf yan basırmış. Elə indi də hazıryeyənlərə Rəşid müəllim “addıxay” deyirdi və az qala bütün məmurları “addıxay öküz” adlandırırdı.

O öküz bir növ indinin qara iti kimi imiş. Qoruq-qaytaq tanımazmış. Bağ- bostan deməzmiş. Axırda xalqın karına canavarlar gəlib. Elə o dövrdə də kənd silahsız imiş. Kimsə canavara güllə atdımı birdən “sən qaçaqlarla əlbirsən” deyib gedər- gəlməzə göndərərmişlər.

Sədrəddin kəndin tarixinə aid yalnız bu öküz kəlləsini tapmışdı ki, onu da mamont kəlləsi bilirdi. Aparıb kəndin tarixini mamontlar dövrünə çıxartmasa yaxşı idi. Buna görə də Rəşid müəllim yenə ilişirdi ona:

- Sən bir get yoxlatdır, bəlkə familiyan Mahmudov deyil, Mamontovdur.

- Ay “tarix müəllimi”, familiya yox, soyad, soyad. Milli olmaq lazımdı, milli.

- Bəsdi əə, bəsdi. Abırın həyan olsun. Bütün şərəfsizliklərə, eşşəkliklərə millilik donu geyindirirsiniz. Ayə, o Taraz yerin Varazla nə əlaqəsi? Qafiyəmi cüttəyirsən? Taraz yəni düz, yer, əkinə uyğun yer mənasındadı. Safsar dərəsində də safsar çox olur- daha əfşarların bura nə dəxli ay “tarix müəllimi”? Xal- xal yerində də vaxtilə rəhmətlik Danaçı Məhərrəm xal- xal qayırıb savxozun danalarını doldururmuş. Keçi dağı da dağ keçilərindən götürüb adını, monqolalrdan yox. Sallabaşın beş min il ayşı varmış. A bədbəxt adam, get gör ən qədim qəbirlərin nə qədər yaşı var? Sənin baban Tat oğlu Məşədi bu kənddə gəlmə olub - sən də 5 min ildən danışırsan. Salur türkləri də nə bilim ee, sənin tarixinə quzu kəsim.

- Sən tarixdən bir şey qansan, oturub işləyərdin?

- Ayə, mən tarixçi olanda sən qurbağa müəllimi idin? Hindistanda filin ölüsü dirisindən bahadı. Filin dirisini eşşək əvəzi işlədirlər, ölüsünün sümüyü qızıldan bahadı. Quzu kəsərəm sənin motivasiyana. Ha, ha, ha.

Bu motivasiya məsələsi nə idi, onu da qısaca izah edək. Demək kurrikulum üsulu ilə dərs keçən Sədrəddin müəllim Ağqoyunlu imperiyası haqda dərsdə motivasiya yaratmaq istəyir.

Məktəbə də yoxlama gəlibmiş. Sədrəddin müəllim boyca uzun bir uşağı çıxarır yazı taxtasının qarşısına.

Ağqoyunlu sultanı Uzun Həsən (1423 – 1478)

Ağqoyunlu sultanı Uzun Həsən (1423 – 1478)

Sonra da qızlardan birini yazı taxtasının qabağına çıxarıb başqa bir sinifə uşaq göndərir - get VII b-dən Maliki bura çağır. Malik də qısaboy, gödərək bir uşaq.

- Həə, bax bu (uzunboyu göstərir) Uzun Həsəndi, bu da(Maliki göstərir) onun nəvəsi Gödək Əhməddi. Bu da,Sara xatundu. Uzun Həsənin anası. İndi deyin görək bu Malik onun nəyidi?

Hətta yoxlamaya gələnlər də çaş-baş qalırlar. Gah gülür, gah da fikirləşirlər. Doğrudan ayə, görəsən o gödərək gədə o qızın nəyi düşür onda. Sonra da qız küsüb gedir evlərinə.

“Uzun Həsən”in də dili dinc durmur, Malikə- sənin dədən mənim oğlumdu, nənən mənim arvadımdı- bu kimi laflar edib bir qədər də nənə söhbəti edir. Əməllicə dava düşür. Kənd dəyir bir- birinə.

Rəşid müəllimə də yer eləyən o idi- kəndin getdikcə lətifə qəhrəmanına çevrilən bir adamı ən ciddi adam kimi qəbul edilirdi.

Öz aləmində ən ciddi işlər ona həvalə edilirdi. Elə seçki məntəqəsinin sədri də o idi. Amma zatən o qədər də saxtakarlıq etmirdi- yarıdan çoxu boşalmış kəndin seçki qutusunu doldurmaq elə də çətin deyildi.

Düzdü, Rəşid müəllim bu barədə də onu dolayırdı:

- Düz deyirlər, gərək sənin meyidini Lenin kimi saxlaya bu kənd. A kişi gör elin qədrini necə bilirsən? Razı olmursan ki, kimsə əziyyət çəkib məntəqəyə gəlsin. Hamısının əvəzinə sən verirsən. Hətta uzaq Rusiyadakıların da əvəzinə sən verirsən. Sən olmasan boş qalardı qutular.

Indi Sədrəddin müəllimin gəlişini gözləyən ağsaqqal-qarasaqqal kredit barədə söhbət edə-edə bir gözləri ilə də Sədrəddinin gəlişini muşqullayırdılar.

Sədrəddin bu “Geroy meydanı”na yığışanları işsiz- gücsüz tüfeylilər adlandırırdı, amma elə onlara baxıb da öz üstünlüklərini görürdü. İşi var, hörməti var, krediti də yox.

Kimsəyə zamin də durmur, götürüb kredit də vermir. Başqa müəllimlər belə edəndə kənd bunu o müəllimin pis adam olmağına yozur, amma Sədrəddini bunu edəndə deyirlər o nəsə bilir, savadlı adamdı, axşama kimi kompüterin arxasındadı.

Guya prezident 2-3 min dəyərində olan kreditləri bağışlayacaqmış. Yuxarıbaşlı Güloğlu Alının nəvəsi işləri korlayıb. Olimpiya oyunlarında erməniyə uduzub. Yoxsa qızılların sayı 10-a çatacaqdə və prezident də bu münasibətlə kreditləri bağışlayacaqdı.

Hətta Baroyların Alısı o erməninin də yüz faiz b tərəflərdən olduğunu israr eləyirdi:

- Başqa yerin ermənisinin gücü yetməzdi Yuxarıbaşlıya. Yəqin o erməni də Coğaz suyu içib, Coğazın gözündən su içib yəqin. Görmədinizmi, nətəəri təsəxos hərlənirdi?

Buna inanan da oldu, inanmayan da.

Uzaqdan Sədrəddin müəlimin gəldiyini görüb hazır dayandılar. Amma “Qurbağa müəlimi” çatınca qarşı tərəfdən də Vəlioğlu Boz Məhəmməd özünü yetirdi mərəkənin ortasına.

Yeridikcə əlindəki çəliyi yerə elə vururdu ,sanki sarımsaq döyürdü. Salamsız- kalamsız da çəliklə orda üstündə oturmaq üçün qoyulmuş bir daşa döycələməyə başladı:

- Ax qara it, ax qara it! Səni bu kəndə gətirənin dədə-babasına it dəysin. Ax qara it, qara it! Qazın biri də getdi. Bir aydı palıd yedizdirirdim.

Daşı elə döyürdü, guya qara itin başını əzirdi.

İtin sahibi İmdadın əmoğlusu – ağzını təmiz aç, ölüdə- diridə işin olmasın dedi.

- Ayə, yandığımdan deyirəm, yandığımdan. Bu boyda kənddə bir kişi yoxdu o itin kəlləsinə bir güllə vura.İmdada söyməyib bə kimə söyüm? Haayh? Xarabada əlli Qarabağ veteranı var, yığılıb bir iti öldürə bilmirlər.

- Ay Məhəmməd dayı, o neftdi, qara qızıldı, ondan nə xeyir gördük ki, qara itdən də nə xeyir görək. Imdad o iti neft buruğundan gətirib. Hələ o buruqların xatasını çox çəkəcəyik. Hələ bu harasıdı. Bir azdan adamı da basıb yeyəcəklər. Ölüyə- diriyə söymə, amma düppə- düz deyirsən. Qara it çox mərdiməzar heyvandı.

- Ay onu bu kəndə gətirənin atabaatasına lənət.

- Eee, ağsaqqal bildik cavab qaytarmadıq, sən də üstünə qoyursan haa! Atana də lənət, anana da, qoca derder. Oğlun öylü, qızın göylü. Neynirsən o əsənlikləri?

Boz Məhəmməd çəliyi İmdadın əmoğlusuna tərəf hərləyən zaman Sədrəddin özünü işə tələsirmiş kimi göstərib uzaqdan bir salam verib addımlarını daha da yeyinlətdi. Ortalıqda işsiz- gücsüz adamların boş- mənasız mübahisəsinə qulaq yoldaşı olmaq onun ziyalı imicinə ləkə vura bilərdi.

Davanı zor-bəla sakitləşdirən ağsaqqalalr Vəloğlu Boz Məhəmmədin üstünə düşdülər:

- Qoymadın görək dünyada nə var, nə yox.

- Əşşi, o nə qanır dünyanın işlərini. Seçki qutusu deyil e dünya, sirr qutusudu, sirr qutusu. Onunku seçki qutusuna barmaq eləməkdi. Kəndin təzə başbiləni çıxıb- Qurbağa müəlimi. Bəsdirin görək. Sizin krediti Sədrəddin qaytaran deyil.

*

Sədrəddin müəllim Feysbuqda kənd haqda nəsə yazmışdı.

Yerli Region Tv- dən gəlib bu məlumatlar əsasında çəkiliş də aparmışdılar. Sədrəddin müəllim də xeyli danışmışdı - hörməti kəlləçarxa qalxmışdı.

Amma deyirdilər o tv-nin rəhbəri seçki dairəsinin rəhbərinin qardaşı imiş. Beləcə də tanış olublar və gəlib çəkiblər. Sallabaş tarixə düşmüşdü. Amma problem o idi ki, yutubda baxış sayı az göstərirdi. Verilişə baxanların sayı 2-3 aya 100-ü o yana keçmədi. Sədrəddin müəllim - Moskva birdən birə ha tikilməyib deyib özünə təsəlli verdi.

*

Bu ortalıq həm də Vikeroy meydanı adlanır. Cavanlar qoyub bu adı - yığılıb siqaret çəkirlər. Yəni əsas da şər qarışanda, əl-ayaq yığılanda yığılır bura cavanlar. O sarıdan da meydanın adı olur Vikeroy meydanı.

Bunların da söhbəti futboldan, qız tutmaqdan... Bunlar da Sədrəddin müəllimin internet biliyinə heyrandılar. Amma onlar bildiyinin çoxunu Sədrəddin bilmir.

...Cavanların söhbəti indi tamam başqa mətləb barədə idi - Şamxalın Daşdəmir adlı heyratı xoruzundan.

Xoruz döyüşündə birinci yerə çıxmışdı Daşdəmir. 1000 manatlıq mərci udmuşdu Şamxal. O pula da bir Ayfon almışdı. Heyratı xoruz belə xeyir vermişdi Şamxala.

Şamxal xoruza elə qulluq edrdi heç dədəsinə elə qulluq etməzdi. Qida rasionunda nələr yox idi - bal və qoz ləpəsini qarışdırıb verirdi Daşdəmirə.

Gah kişmiş verirdi, gah da dolmalıq ət. Xoruz qızışıb partlamaq dərəcəsinə gələndə yanına bir-iki fərə tullayırdı, xoruzu bir qədər soyudurdu.

Az qala hinduşka boyda idi Daşdəmir. Boğazı durna boğazı, belinin eni bir qarışdan artıq, ayaqları uzun, gözləri şahin gözü kimi, quyruğu qırqovul quyruğu kimi.

İndi də Şamxalın yolunu gözləyirdilər - hammısı da telefonda Daşdəmirin hünərinə tamaşa edirdi.

Amma Şamxal başqa halda gəldi - sanki əzizi ölmüşdü. Məlum oldu ki, Pantera setkanın altını qazıb keçib Şamxalın quşxanasına. Daşdəmiri də yeyib, yanına atılan heyratı fərəni də.

Və qərar verildi, nə yolnan olur olsun Pantera ölməli idi.

*

... Arada bələdiyyə seçkiləri keçirilmişdi. Bu zaman qutuya bülleten basan Sədrəddin müəllimi Rəşid müəllimin oğlu pəncərədən çəkmişdi. Amma çəkiliş yarımçıq idi.

Duyuq düşən Sədrəddin müəllim üç dəfə topa-topa büllütenləri qutuya doldurandan sonra pəncərəni Azərbaycan bayrağı ilə örtmüşdü. Bu alayarımçıq çəkilişi yükləmişdilər Yutuba.

Bir xeyli də baxış vardı - Sallabaşda seçki saxtakarlığı. Sədrəddin əvvəl cin atına minmişdi. Amma icra başçısı çağırıb təşəkkür etmiş, özünü sıxmaq lazım deyil demişdi.

Hakimiyyətə sədaqətinin bariz nümunəsi göz önündə idi. Buna görə də mükafatlanmalıydı, irəli çəkilməliydi. Rayon Təhsil şöbəsinə müdir müavini təyin edildi- qəpiksiz quruşsuz.

Özü də o boyda yolu marşrutda gələsid eyildi ki- bir 08 markalı maşın da hədiyyə etdi ona başçı. Sədrəddin cin atından düşüb 08-ə minmişdi.

Düzdü, o 08-in pulu rayon zəhmətkeşlərinin maaşlarından tutuldu, amma Sədrəddin müəllim üçün bunun heç bir əhəmiyyəti yox idi.

Sədrəddin müəllimnin sayəsində Sasllabaşın adı dübarə tarixə düşmüşdü.

Və vaxt gəldi ki, Sallabaş aləmi-məhşur oldu. Az qala bütün dünya Sallabaşdan danışmağa başladı. Qara itə görəydi bu da. Qara iti Şamxalın dəstəsi tələyə salmışdı. Hərə bir paya götürüb döyürdü - özü də düz Vikeroy meydanında.

İtin zingiltiləri adamın bağrını parçalayırdı. Amma bu cavanların vecinə deyildi - hərə bir yandan döşəyib iti öldürdülər. Bütün bunlar yutubda vardı.

Sallabaşın cavanları özləri üçün çəkmişdilər bunu. Amma telefondan telefona yayıla-yayıla gedib internet aləminə də çıxmışdı o hal-qəziyyə. Və qısa zamanda 100 min baxış olmuşdu videoya.

Sosial şəbəkələrdə vay-şivən qurulmuşdu. Panteranın nə qədər tərəfdarı, təəssübkeşi, Vahid demiş, qohum-əqrəbası çıxmışdı. Eyni zamanda Daşdəmirin də bir xeyli tərəfdarı bir cəbhədə sıx birləşmişdi. Elə bil xoruzu öldürməyin cəzası ölümdü, vəssalam.

Sosial şəbəkələrdə boş-bekar klaviyatura qəhrəmanlarının 3-4 gün mövzusu Daşdəmir – Pantera məsələsi oldu. Məsələ küçə davalarına qədər böyüdü. Feysbukda qruplar yaradıldı: Pantera qrupu, Daşdəmir qrupu.

Bu arada müxalifətin iki əsas qanadı da öz aralarında Feysbukda bir-birini qırırdı. O deyirdi mənim feysbuk qrupum güclüdü, bu deyirdi yox, mənimki güclüdü.

Facebook bıçaq kimi

Facebook bıçaq kimi

Bunlar da saxta profillər yaradıb öz üzvlərinin saylarını artırırdılar.

Daha ölkədə saxta qəhrəmanlar, saxta veteranlar, saxta şəhidlər gündəmdə deyildi. İndi saxta profillərin zamanı idi.

Amma iki-üç günün içində Panteraçılar da, Daşdəmirçilər də gəlib müxalifətin Yeniera və Manera qruplarını üstələdilər.

Hətta məsələyə Daxili İşlər Nazirliyi səviyyəsində reaksiya verilmişdi: Axtarırıq, bu vəhşilikdi, heyvana qarşı şiddətdi.

Qısa zamanda da videoya düşən 5 nəfər polisə aparıldı. Hərəsindən 1000 manat alındı.

Sallabaş beləcə, qara itin sayəsində məhşur oldu.

Amma məsələ bununla da bitmədi. Kəndin “uçaskovusu” kapitan Qarayev başladı qapı-qapı izahat almağa.

“Sizin də toyuğunuzu qara it yemişdi, bəlkə Şamxalın dəstəsini ( guya əlbir olub itin həyatına qəsd etmək məqsədi ilə quldur dəstəsi yaratmışdılar) siz təhrik etmisiniz o rəhmətlik itə qarşı vəhşicəsinə davranmağa?”

Qarayevin əl çəkməyəcəyini bilən camaat da aparıb maşının baqajına qəlbündən keçəni qoyurdu. Kimi bir beçə, kimi iki toyuq, kimi də ördək, qaz. Deyirdilər, elə bilərik Qarayev yox, qara it aparıb.

Qarayev İmdadın özündən izahat ala bilməmişdi. İmdad indi də dənizdə neft axtarırdı. Borc sahiblərinin əlindən elə dənizdə də qalırdı - quruya çıxmırdı. Qara itin ölümünə də dənizdə baxmışdı. Gözündə bir damcı yaş gilələnmişdi.

Rəşid müəllim də hal-qəziyyədən Gürcüstanda xəbərdar olmuşdu. Ehh- demişdi, Sədrəddinin şagirdləri belə də olmalıydı. Bir də demişdi – kəndi bir Sədrəddin məhşur elədi, bir də qara it.

Sonra da dodaqaltı mızıldanmışdı - insana qarşı şiddətə hə, heyvana qarşı şiddətə yox. Belə də siyasət olar?

Vəlioğlu Boz Məhəmməd isə, internet o dünyaya da ayaq açmasa qara itin ölümünü bilməyəcəkdi.

Sədrəddin müəllim isə o videonun kəndin adına ləkə olduğunu bildirirdi - qoqledə “it” yazanda da Sallabaş gəlir.

O videonu sildirmək lazımdı. Hətta bu barədə Rabitə və İnformasiya nazirliyinə bir şikayət məktubu yazmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG