Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

-

virtualaz.org saytı yazır ki, «odlu kreditlər»in son illər ərzində nə qədər can aldığının statistikası tutulmur. Ancaq fakt odur ki, bu faciələr get-gedə adiləşir.

Azərbaycan vətəndaşlarının 38 faizinin banklara borcu var. Bu isə 3.7 milyon insan deməkdir:

«Əgər Azərbaycanın bir qütbünün simvolu özünə od vuran Malik Hüseynovdursa, digər qütbü «Şeyxin qudası» kimi tanınan deputat Qalib Salahzadədir. Bu iki qütblər günbəgün bir-birindən uzaqlaşır, aralarında isə keçilməz boşluq qalır.

Hüseynov özünü yandıran gün Salahzadə 6 milyon dollarlıq (o yan, bu yan ola bilər) iqamətgahını hansı pulla tikdirdiyinə aydınlıq gətirərək deyib: «Kişinin evi olar. Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq».

Sovet dövründə babanın bu astronomik məbləği necə qazandığı və saxladığı nə qədər absurddursa, bundan da absurdu təbii ki, bir yox, bir neçə malikanəsi olan deputatın sözlərini qızıla və pula çevirəndə alınır. 6 milyon dollarlıq villa üçün 100-150 kiloqram qızıl satmaq lazımdır. Heç Əli İnsanovun və MTN generallarının evlərindən bu qədər qızıl çıxmayıb...».

Əli Kərimli

Əli Kərimli

ƏLALTILARINIZ VASİTƏSİLƏ TÜRKİYƏNİ AŞAĞILAMAYIN

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin Türkiyə və Rusiya arasındakı gərginliyə Azərbaycan hakimiyyətinin münasibəti ilə bağlı fikirlərini dərc edib:

«Nə oldu, daha «bir millət, iki dövlət» deyilik? Yoxsa, bu sözlər sizlər üçün yalnız xoş günlərdə deyilən sağlıqdır? Yığışdırın bu «5-ci kolon»unuzu. Əlaltılarınız vasitəsilə Türkiyəni aşağılamayın. Türkiyə ilə qardaşlığımızı duyurmağa cəsarətiniz çatmır, başa düşdük, heç olmasa namərdcəsinə ayaqlarının altını qazıb, əl-ayağa dolaşmayın! Nuru Paşanı, Bakıda Türk Şəhidliyində uyuyan 1130 türk şəhidini unutdunuzmu? Biz unutmadıq».

Bakıda hərbi parad

Bakıda hərbi parad

ERMƏNİSTANLA MÜHARİBƏ BAŞLAYACAĞI TƏQDİRDƏ...

«Azərbaycan» qəzeti 2016-cı il üzrə müdafiə xərclərinin 59.3 milyon manat artırılmasından yazır:

«2016-cı ildə bu istiqamət üzrə 1 milyard 837.8 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3.3 faiz çoxdur. Ümumilikdə isə Azərbaycanın hərbi xərcləri 3 milyard manata yaxındır. Hazırda Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Ölkəmizdə gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, Azərbaycan qələbəni qısa müddətdə əldə edəcək. İndi isə hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirir, ordunun maddi-texniki bazasının modernləşdirilməsi fonunda ölkənin müdafiə sistemi daha təkmil hala gəlir».

İstilik

İstilik

PUL DAVASI PAYTAXTI SOYUQDA QOYDU

«Bizim Yol» qəzeti yazır ki, qış qapını kəsdirib, havalar soyuyub, Bakıda isə sakinlər, məktəblər, uşaq bağçaları soyuqda qalıb:

«Məktəblilər sinif otağında gödəkcə və papaqda oturmaq məcburiyyətindədirlər. Çünki hələ də istilik verilməyib.

Problemlə bağlı 286 saylı məktəbdə oxuyan şagirdlərin valideynləri «Bizim Yol»a müraciət ediblər. Valideynlərə məktəbdən deyilib ki, payız fəsli başlayandan tam şəkildə istilik verilişinə hazırlanıb və 1 noyabrda keçirilən parlament seçkiləri günü seçki məntəqəsi yerləşən məktəbə istilik verilib. Bundan sonra isə istiliyin noyabrın 15-dən veriləcəyi deyilsə də, hələ də vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı məktəbin direktoru Samir Mehdizadə bildirdi ki, problem təkcə 286 saylı məktəblə bağlı deyil və Bakının əksər məktəblərində durum eynidir. Problemin səbəbinə gəldikdə, «Azəristiliktəchizat» ASC-nin «Azəriqaz»a borcu olduğu üçün yanacaq təminatı dayandırılıb».

Şərhləri göstər

XS
SM
MD
LG