Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

-

Adı Mətbuat Şurasının «qara siyahı»sında olan iki qəzetin rəhbər şəxslərinin məhkəməsi başa çatdı. Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Korrupsiya və bəşəriyyət» qəzetinin təsisçisi Şahin Orucov və «Qanun və kriminal» qəzetinin baş redaktorunun birinci müavini Cəlil Səmədov barədə hökm elan olunub. Azad Məcidovun sədrliyi ilə hakimlər kollegiyasının verdiyi hökmə əsasən, onların hər biri 5 il azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan qəzetçilər ibtidai istintaq və məhkəmə gedən dövrdə həbsdə deyildi. Həmin müddət üçün onlar barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Ona görə də hökm elan olunan kimi adları çəkilən şəxslərin hər ikisi məhkəmə zalında həbs olundu.

İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhərindəki «Metallurq» adlı kafeyə gedərək, orada müəyyən videogörüntülər lentə alıblar, daha sonra kafe sahibindən «əxlaqsızlıq yuvası saxlama» şantajı ilə pul tələb ediblər. Cinayət işinin materiallarına əsasən, onlar sözügedən videogörüntülərin yayılmaması müqabilində 5 min manat istəyiblər.

Lakin Şahin Orucov və Cəlil Səmədov məhkəməyə sərbəst ifadələrində özlərini təqsirli bilməyiblər.

«BİZƏ YAXŞI QONAQLIQ VERDİLƏR»

Şahin Orucov bildirib ki, «Korrupsiya və bəşəriyyət» qəzeti qanuna uyğun şəkildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Altı əməkdaşı olan qəzetin redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir. Hadisəyə gəlincə, Şahin Orucov ittihamda göstərilənlərə bənzər hadisənin baş verdiyini təsdiqləsə də, özünün həmin olayda günahsız olduğunu deyib:

«Cəlil və Təbriz (istintaq materiallarında adı müstəqil jurnalist kimi qeyd olunub-red.) bizim redaksiyaya gəldilər. Cəlil «Qanun və kriminal» qəzetində işləyirdi. Onlar mənə Sumqayıt şəhəri ərazisində bir kafedə əxlaqsız yuvasının olduğunu bildirdilər və oradan video göstərdilər. Dedim ki, araşdırıb yazarıq. Elə həmin gün Cəlil, mən və bir də redaksiyada çalışan iki qız əməkdaşımızla ora getdik. Kafenin sahibi Həsənqulu Quliyevlə görüşdük. Mübahisə düşdü, işçilərim müsahibə alırdılar. Həsənqulunun qardaşı Vasif bizimlə ağır danışdı. Oradan uzaqlaşdıq. Səhəri gün Cəlillə kafedə çay içirdik. Bu zaman Vəzir adlı şəxs mənə zəng etdi. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi tanıtdı. O bildirdi ki, həmin obyekt yiyələri peşman olublar, barışmaq istəyirlər. Mən isə bu barədə Cəlil və Təbrizə bildirdim. Axşam bir qadın zəng etdi. Adının Zöhrə olduğunu, «Hakimiyyət və gələcək» qəzetində redaktor kimi çalışdığını bildirdi. Səhəri gün bizim redaksiyaya gəldi. Zöhrə xanım Həsənqulunun tanışı olduğunu və qarşı tərəfin barışmaq istəyini dedi. Mən yenidən Təbriz və Cəlilə bu barədə məlumat verdim. Təbriz barışmaq üçün 5 min manat pul istədi. Dedi ki, «5 min versinlər, mən həmin kadrları silim». Mən həmin obyekt yiyəsinə zəng etdim. Həsənqulu bizim hamımızı qonaqlığa dəvət etdi və bildirdi ki, qoyun kəsib bizi gözləyir. Mən, Şahin, Təbriz, Zöhrə xanım və əməkdaşımız Rəmziyyə Gözəlova kafeyə yollandıq. Bizə yaxşı qonaqlıq verdilər. Mən Həsənquluya dedim ki, Təbrizgil barışıq üçün 5 min manat istəyirlər. O, bu məbləğin həddindən artıq çox olduğunu bildirdi. Mən çölə çıxıb, Cəlil və Təbrizə bu haqda məlumat verdim. Həm də, çörək kəsdiyimizi və güzəştə getmələrini xahiş etdim. Təbriz 3 min manata qədər düşdü. Həsənqulu da razılaşdı. Maşına mindik. Zöhrə xanımla «Sumqayıt» yazılan yerdə görüşdük. 1000 manat pul verdi. Mən də 20 manatını Zöhrəyə verdim ki, taksi pulu edərsən. Qalan 980 manatı Təbriz götürdü. Səhəri gün Həsənqulu obyektdə çəkilən görüntüləri istədi. Mən Təbrizdən flaşkartı götürüb kafeyə getdim. Oturmuşduq, çay içirdik. Bu zaman Həsənqulu 1000 manat da stolun üstünə qoydu. Hələ götürməmişdim. Bu zaman polis əməkdaşları bizi saxladı. Mənim heç bir günahım yoxdur, mən pul götürməmişəm. Məqsədim onları barışdırmaq olub».

«20 QƏPİK DƏ GÖTÜRMƏMİŞƏM»

Cəlil Səmədov da ifadəsində günahsız olduğunu bildirib:

«Mən Rusiya vətəndaşıyam, sənəd məsələsinə görə hər üç aydan bir sərhədi keçməli oluram. Qəzetin baş redaktoru baldızım idi. Onu tək qoymamaq üçün yanında olurdum. Bir gün Təbriz Dəmirov gəldi ki, Sumqayıtdakı bir kafedə əxlaqsızlıq yuvası var. Ora getdik. Kafedə çay içməyə başladıq. Bir qadın gəldi. Onunla intim münasibətin qiyməti 25 manat olduğunu və əlavə 25 manat otağın qiyməti olduğunu bildirdi. 50 manat verdim. Bir müddət sonra qıza jurnalist olduğumuzu bildirdik. Qız anındaca 50 manatı qaytardı və rəhbərliyi çağırdı. Rəhbərlik gəldi, normal söhbət etdik. Çıxdıq, Şahin müəllimin yanına gəldik. O, zaman bizim baş redaktorun anası rəhmətə getmişdi. Şahin müəllim məsələni araşdıracağını bildirdi. Onunla bir neçə dəfə həmin kafeyə getdik. Bir dəfə də Vasif Quliyev bizi söyüb, oradan qovdu. Sonradan Şahinlə əlaqə saxlayıb, barışmaq istədiklərini bildirilər. Yeyib-içməyə getdik. Pul söhbətinin üstündən xətt çəkdim. Dedim ki, çörək kəsdiyimiz adamdır. Kafedən çıxanda Zöhrə xanım pul verdi. Dedi, qalanını verəcəklər. Mən o puldan 20 qəpik də götürməmişəm. Pulun hamısını Təbriz götürüb».

«DEDİ, BARIŞMAĞA 5 MİN İSTƏYİRLƏR»

Kafenin sahibi, ifadələrdə adı çəkilən Həsənqulu Quliyevin qardaşı Vasif Quliyev məhkəməyə ifadəsində təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib. Bununla belə, həmin şəxslərin gəlib pul aldıqlarını təsdiqləyib:

«Kafeni icarəyə götürmüşəm, dövlətə də vergini ödəyirəm. Bir gün işçi qız gəldi ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsindən gəliblər. Mən düşdüm aşağı, gördüm ki, Təbriz və Cəlil adlı şəxslərdir. Orada bildim ki, jurnalistlərdir. Onlar əllərində videoçəkilişlər olduğunu və bunu qəzetdə yayacaqlarını bildirdilər. Sonra biz Zöhrə xanım vasitəsilə Şahinlə tanış olduq. Şahin söhbətlərdə vasitəçilik edirdi. Biz barışmaq istəyirdik. Bir gün mənə dedi ki, barışmaq üçün 5 min manat pul istəyirlər. Pis təsir etdi. «Yuxarı»da dostlar var, onlara dedim ki, məsələ bu cürdür. Oradan dedilər ki, «sən pulu ver, işin yoxdur». 1000 manat verdim, ikinci dəfə verəndə gəlib tutdular. Məndən pulu Təbriz istəyirdi, Şahin də vasitəçilik edirdi. Cəlil də onlarla gəlib-gedirdi».

Bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsində maraqlı məqamlar olub. Məsələn, «Korrupsiya və bəşəriyyət» qəzetinin əməkdaşı Rəmziyyə Gözəlova dindirilərkən hakimlər ondan Azərbaycan dilində neçə nitq hissəsinin olduğunu soruşub, amma xanım cavab verə bilməyib.

Onu da əlavə edək ki, hadisədə adı hallanan Təbriz Dəmirovun barəsində axtarış qərarı çıxarılıb. İş materiallarında onun ölkəni tərk etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG