Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

-

AXCP-nin Naxçıvanda polisə müqavimət ittihamı ilə həbs olunan fəalları Zeynalabdin Bağırzadə və Nazim Mahmudovun ailə üzvləri onların vəziyyəti və saxlanma şəraiti barədə məlumat əldə edə bilmir.

GÖRÜŞƏ, TELEFON DANIŞIĞINA İCAZƏ VERİLMİR

Bu barədə AzadlıqRadiosuna Zeynalabdin Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. O, bildirib ki, Babək rayon prokuroru heç bir əsas gətirmədən ailə üzvlərinin Zeynalabdin Bağırzadə ilə görüşməsinə imkan vermir. Onlar hətta telefonla da danışa bilməyiblər.

Ailə üzvləri qeyri-rəsmi mənbələrdən öyrənib ki, Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunan Zeynalabdin Bağırzadə hazırda Kəngərli rayonunda yerləşən Böyükdüz təcridxanasında saxlanılır.

«Aldığım məlumatlara görə, Zeynal həbs olunandan bəri hər gün mənəvi və fiziki təzyiqlərə məruz qalmaqdadır. Hesab edirik ki, bizi məhz bu səbəbdən onunla görüşməyə qoymurlar. AXCP-nin Şərur şöbəsinin fəal üzvü olan Nazim Mahmudovun da ailə üzvləri ilə görüşünə imkan verilmir. Bu üzdən ehtimal edirik ki, məruz qaldığı təzyiqlərə görə onu da ailəsindən gizlədirlər», - Yaşar Bağırsoy bildirib.

«3 GÜN GÖZLƏMƏYƏ NƏ EHTİYAC VAR?»

Onun dediyinə görə, qardaşı ilə nəinki ailə üzvləri, heç vəkili də görüşə bilmir:

«Həm Zeynala, həm də Nazim bəyə dövlət hesabına vəkil təyin olunmuşdu. Nazim bəyin həmin vəkili onun həbsindən şikayət verib, Zeynal Bağırzadənin vəkili isə yox. Deyilənə görə, şikayət verməsinə əngəl yaradılıb. Bu səbəbdən biz başqa vəkillə müqavilə bağlamışıq. Yeni vəkil noyabrın 23-də prokurora orderi təqdim edib. Amma prokuror bildirib ki, 3 gün müddətində Zeynalla görüşünə imkan yaradılacaq. 3 gün gözləməyə nə ehtiyac var? Bu, müdafiə hüququnun pozuntusudur».

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən AXCP üzvlərinin durumu ilə bağlı sualları cavablandıran olmadı.

HƏR İKİSİ MÜQAVİMƏT GÖSTƏRİB?

Zeynalabdin Bağırzadə noyabrın 17-dəhəbs olunub. Yaxınlarının sözlərinə görə, o, öyrədilmiş şəxs tərəfindən təhqir olunduğu üçün Babək rayon Prokurorluğuna müraciət edib. Amma əvəzində onun özünü saxlayaraq CM-nin 315-ci maddəsi ilə ittiham irəli sürüblər, barəsində ibtidai istintaq dövrü üçün 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nazim Mahmudov isə noyabrın 15-də Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yaxınlarının dediyinə görə, o, üç gün Naxçıvan Daxili İşlər Nazirliyinin zirzəmisində saxlanılıb və işgəncəyə məruz qalıb. Daha sonra Sədərək rayon Polis Şöbəsinə gətirilən Nazim Mahmudov da vəzifəli şəxsə müqavimətdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilib.

AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy hesab edir ki, hər iki cəbhəçinin həbsi siyasi sifarişdir və onların fəallığı ilə əlaqədardır: «Elə ittiham verilən maddə də hər şeyi göstərir».

Günün bütün mövzuları

XS
SM
MD
LG