Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51

-

Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edib. Proses qapalı keçirilib, şahid ifadələri dinlənilib.

«Zerkalo» qəzetinin keçmiş əməkdaşı Azər Rəşidoğlu AzadlıqRadiosuna deyib ki, məhkəmə qapalı keçirildiyindən və iltizam verdiyindən məhkəmədəki ifadəsi haqqında danışa bilməz: «Ancaq ilk gündən bu fikrimin üstündə qalıram ki, Rauf Mirqədirovun vətənə xəyanət etməsinə, adı hallanan cinayət işində hər hansı təqsirinin olmasına inanmıram. Əminəm ki, Rauf Mirqədirov tezliklə sıralarımızda olacaq, azadlığa çıxacaq. Çünki istintaqın gedişi bunu deməyə əsas verir».

Azər Rəşidoğlu Rauf Mirqədirovu gümrah və nikbin gördüyünü söyləyib.

«Turan» agentliyinin əməkdaşı Fərid Qəhrəmanov da məhkəmədəki ifadəsi haqqında danışmayacağı ilə bağlı iltizam verib. O da Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunması ilə razılaşmır: «Verdiyim ifadələrdən asılı olmayaraq demək istəyirəm ki, Rauf Mirqədirovun dövlətə xəyanət etməsinə inanmıram. O, Azərbaycanın peşəkar və vətənpərvər jurnalistlərindəndir. Onun ölkənin aktual həyatı ilə bağlı maraqlı, analitik yazıları olub. Rauf həmişə öz yazılarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinin əsassız olduğunu bildirib» .

Növbəti məhkəmə prosesi dekabrın 2-də olacaq.

R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG