Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

-

"Bütün bu iradları birbaşa tərcüməçiyə deyil, öz gözəlliyini itirməyə başlamış Azərbaycan dilinin hədsiz dərəcədə türkləşdirilməsinə etiraz kimi qəbul etmənizi xahiş edirəm."

Ziya F.M.

Tərcümənin tərcüməsi

Mənim ən başlıca məqsədim hər şeydən öncə aydın danışmaq olmuşdur.

Bertran Rassel

Ziya F.M.

Ziya F.M.

Bu sözləri görəndə Bertran Rasselə hörmətim birə beş artdı.

Çünki uzun illərdir Azərbaycanda “ağıllı” yazılar yazmaq istəyənlər mümkün qədər anlaşılmaz sözlərdən istifadə edirlər ki, onları mümkün qədər az adam başa düşsün.

Başa düşməyib desin ki, bu adam gör nə qədər məndən ağıllıdır ki, mən onun dediklərinin, yazdıqlarının heç on faizini də başa düşmürəm.

Etika. Biz elektriklə bağlı olayların təbiət qanunları üzrə baş verdiyini bilsək də, ancaq hamılıqla ildırımötürən quraşdırmağı da gərəkli sayırıq.

(Qara hərflərlə yazılanlar tərcümədən iqtibaslardır.)

İldırımötürənin niyə cərəyanla bağlı quraşdırılmasını başa düşə bilmirəm. İldırımötürəni ildırıma görə quraşdırırlar. Cərəyana görə olan isə rusların “заземление” dedikləri, amma bizim dildə qarşılığı olmayan “torpağa birləşdirmə” və ya “torpaqlanmış” kimi axmaq bir tərcüməsi olan, elektrik naqillərindən birinin artıq cərəyanı torpağa ötürməsi üçün fikirləşib tapılan bir kəşfdir.

Ola bilsin mən səhv edirəm, bəlkə elə ildırımötürənin burada işlənməsi boş-boşuna deyildir, amma...

Biz cərəyanla bağlı hadisələrin təbiət qanunlarına tabe olduğunu bilsək də, ildırımötürən quraşdırmağı unutmuruq .

Belədə bu, gözəl bir aforizm də sayıla bilər. Bir az dili sadələşdirəndə fikir gözəlləşir. Filosofun ən çox can atdığı şeylərdən biri yəqin ki, onun fikrinin düzgün başa düşülməsidir.

Onsuz da onların dedikləri o qədər də asan qavranılan, dərhal başa düşülən olmur. Çünki ideyaları dilə gətirmək üçün abstrakt ifadələrdən, sözlərdən, məfhumlardan istifadə etməli olurlar.

Bertran Rasselin isə həyatda, fəlsəfədə, elmdə ən böyük istəyi elə burada özünün də yazdığı kimi çətin anlaşılan fəlsəfi məfhumları sadə dildə ifadə etmək olub. Həmyerliləri, dövrünün insanları yəqin bütün bunlara görə ona çox minnətdar olublar.

“...davranışlarını ən az qorxu ilə yürütməyə çalışırlar.”

Yəni ki, nə etməkdən qorxmasınlar? Davranışlarını yürütmək nə deməkdir ? Davranışlarını yürütməyə çalışmaq nədir? Yürütmək sözü Azərbaycan dilində səhv etmirəmsə bir söz birləşməsində var; fikir yürütmək.

Başqa heç bir sözlə bir yerdə və ya ayrı-ayrılıqda işlənməsi yadıma düşmür. Davranışı yürütmürlər! Fikri yürüdürlər. Ola bilsin neologizm kimidir, amma onların nə etməyə çalışdıqları qaranlıq qaldı.

Fikirdə hərəkət yoxdur, fikir yürütmədə də həmçinin. Amma davranış hərəkət, fəaliyyət tələb edir. Dediyini yeritmək, fikrini yürütmək, davranışını isə...

Bilmirəm. Davranışa görə orta məktəbdə danlanmaq olar, valideynləri məktəb direktorunun qabağında əsir-yesir etmək olar. Mən də əsir-yesir qalmışam, “davranışın” əlində. Davranışla davranmaq qaydalarının bilmədiyimə görə.

“ aşılanan üzüyolalıq”

Aşılanmaq sözünü lüğətlər Azərbaycan dilindən rus dilinə “прививаться” kimi, amma geri tərcümədə “calamaq”, “calaq etmək”, “peyvənd etmək” və ən sonra “aşılanmaq” kimi tərcümə edirlər. Belə çıxır ki, bu ifadə rus dilində “прививаемое соглашательство" kimi olub, yoxsa mən səhv edirəm?

“çoxlu güclü iqtidarlar”

«Много сильных правительств» ? «Очень сильные правители»? Hakimiyyətdə olan bir çox güclər? Güclü hakimiyyətlər? Nəyəsə qadir (iqtidar sözünün kökü) olan çoxlu miqdarda hakimiyyət nümayəndələri? Rus dilində bu ifadə necə səslənir, çox maraqlıdı.

“sıx-sıx yanlışlar”

Yəqin, belədir; “tez-tez təkrar olunan səhvlər”. Düz başa düşdüm, yoxsa başqa mənadadır bu ifadə ?

“Onların ən başlıca yanlışlarından biri bəlli yaxşılıqların ortalıqda olan hansısa yamanlıqların olmasına görə yarandığını bilməmələridir”...

Çalışım Azərbaycan dilindən Azərbaycan dilinə tərcümə edim. Onların ən əsas səhvlərindən biri mövcud olan yaxşılıqların kökündə ...yox... Yəni yaxşılıq ancaq pislik olduğuna görə yaranır. Düzmü büşü düşdüm?

Çətindir yaman. Rassel bunumu istəyirdi? İstəyirdimi ki, onu azərbaycanlılar başa düşməsinlər? Bu yamanlığı niyə bizə rəva gördün Bertran bəy?

“ona görə də hansısa yaxşılığın yerinə qoymaq istədiyimiz başqa bir yaxşılığın yararlarını dəyərləndirəndə gərək bu yeni yaxşılığın ona uyğun yamanlıqlarla birlikdə götürüləndə, onacan olan yaxşılıqla yanaşı olan yamanlıqları üstələyə bilməsi başlıca ölçü olsun.”...

Bütün yaxşılıqlara and olsun, heç nə başa düşmədim.

Bir yaxşılığı başqa bir yaxşılıqla əvəz edən zaman fikir vermək lazımdır ki, təzə yaxşılığın gətirəcəyi pislik əvvəlki yaxşılığın vaxtında olan pislikdən daha pis olmasın.

Düzmü başa düşdüm? Çox çətin idi. On dəqiqəyə yaxın fikirləşdim. Sözləri, ifadələri bir-birndən ayırdım, aralarındakı əlaqəni tutmağa çalışdım, hansının hansına bağlılığını və ya inkarını dərk etməyə çalışdım.

Hətta bütün bunlardan sonra da yazılanı düzgün anladığıma arxayın deyiləm. Mən çox istərdim bu cümlənin rus dilindəki qarşılığını oxuyum.

“Yer yumrusu”...

Bəlkə Yer kürəsi?

“əmtəə istehsalının insanın mənəvi özgürlüyə çatması üçün gərək olduğunu anlamamaq, əksinə, insana əmtəə istehsalı üçün vasitə kimi baxmaqla, onlar da iqtisadi yarışa girişdikləri kommunistlərin uymuş olduğu yanlışa qapılırlar.”

Əmtəə istehsalının insanların mənəvi azadlığına xidmət etməsini anlamamaqla, əksinə , İnsana əmtəə istehsalı üçün bir vasitə kimi baxmaqla onlar da elə iqtisadi yarışa girdikləri kommunistlərin etdiyi səhvləri təkrarlayırlar.

“Əksinə"nin heç yeri deyildi. Çıxardanda fikir başa düşülür.

Hərdən lazımsız, gərəksiz sözlərdən imtina eləməyi bacarmaq lazımdır.

Hərdən də özünün də başa düşmədiyin fikirləri bir dildən başqa dilə çevirməyi...

Tərcüməçi məni bağışlayar yəqin ki. Ya da bağışlamaz. Hər iki halda mən onun zəhmətini danmaq istəmirəm.

Amma özümə də yazığım gəlir. Ağıllı söhbətləri sadə dildə oxumaq istəyirəm. Olsun lap mürəkkəb sözlərlə. Amma Azərbaycan dilində olsun.

Qəliz, çətin, mürəkkəb sözləri lüğətlərdən tapmaq olar. Sağ olsun Elmlər Akademiyamız, yüz neçə minlik izahlı lüğət nəşr edib, oxuyub feyziyab oluruq, neçə-neçə yeni sözlər tanıyırıq, qalır bircə onları harada istifadə etməyi öyrənmək.

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir

Nə vaxtsa Sabir belə bir ifadə işlətmişdi: “Osmanlıcadan tərcümə türkə - nə deməkdir?”

Bilmirmiş, xəbəri yox imiş ki, bu mümkün olan bir şeydir, sadəcə “osmanlıca”nın da “türkcə”nin də yerinə “azərbaycanca” yazmaq lazım imiş.

OxuZalında Bertran Rasselin "Ağıl, Materiya və Əxlaq sözlüyü" kitabının tərcüməsi dərc olunandan sonra yazılıb.

Bütün bu iradları birbaşa tərcüməçiyə deyil, öz gözəlliyini itirməyə başlamış Azərbaycan dilinin hədsiz dərəcədə türkləşdirilməsinə etiraz kimi qəbul etmənizi xahiş edirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG