Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:26

Kauzlarich azərbaycanlı qaçqınlardan yazdı- «The Washington Post»da


Richard Kauzlarich.
Richard Kauzlarich.

-

Yaxın Şərqdə zorakılıq İD-nin məhvi ilə bitən deyil; Özbəkistanda tədricən sabitsizlik yaranır – 24 noyabr Qərb mediasının icmalı.

«Amerikalılar mərhəmət hissini itirib?». ABŞ-ın «The Washington Post» qəzeti ölkənin Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich-in redaktora məktubunu dərc edib.

«Biz kimik? Oriyentasiya, mərhəmət hissini itirmişik? Suriyalı qaçqınlara «itlər» deyirlər (oxşar bəyanatlarla bəzi respublikaçı namizədlər çıxış ediblər-red.). Bosniya və Herseqovina, eləcə də Azərbaycanda keçmiş səfir kimi qaçqınların (bəli, müsəlmanların) və məcburi köçkünlərin əzablarının birbaşa şahidi olmuşam. Birləşmiş Ştatlar dinindən asılı olmayaraq, evlərinə dönə bilməyənlər üçün müharibə və zorakılıqdan qoruyan bir sığınacağa çevrilib. İndiyə kimi», - keçmiş səfir yazır.

«Amerikalıların qorxusunu gücləndirən siyasətçilərimizin yerinə utanıram. Onlar (amerikalılar-red.) qaçqınların bəzən iki il çəkən sınaq müddətini dərk etmirlər – ancaq bu müddəti keçəndən sonra sosial xidmət təşkilatı onları qəbul edir və Birləşmiş Ştatlarda yerləşdirir».

«Amerikalıların qorxu ritorikasını, bundan siyasi qazanc götürənləri rədd etməsinin məqamı çatıb. Suriya müharibəsi və dünyada digər münaqişələrdən əziyyət çəkənlərə qəlbimizi açmağın məqamıdır. Azad ölkədə sığınacaq istəməyə layiq olanları din testindən keçirməkdənsə, onları qarşılayın».

Richard D. Kauzlarich 1994-1997-ci illərdə Birləşmiş Ştatların Azərbaycanda səfiri işləyib.

Kürdlərin hərbləşdirilmiş peşmərqə dəstələri.
Kürdlərin hərbləşdirilmiş peşmərqə dəstələri.

YAXIN ŞƏRQDƏ ZORAKILIQ İD-NİN MƏHVİ İLƏ BİTƏN DEYİL

«Hətta «İslam Dövləti» (İD) silahlı qruplaşmasına qarşı olan qüvvələr birləşib onu məhv etsə belə, Yaxın Şərqi çalxalayan xaos, zorakılıq bitən deyil». Bunu «The Associated Press» agentliyi təhlilində yazır:

«Niyə? Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının süqutu ilə Avropa dövlətlərinin qurduğu milli strukturlar və sərhədlər dağılmaq üzrədir, yaxud artıq parçalanıb. Meydana çıxan qüvvələr isə bir-birinə düşmən kəsilən dini və etnik qrupları bağlayan yapışqanı əritmək üzrədir. Suriya və İraqın şimalındakı sünni, şiə və ələvilərdən ibarət müsəlmanlar, eləcə də xristianlar və böyük etnik kürd əhalisi qədim təriqət narazılıqları, ədalətsizlik hissləri ilə alışıb-yanır. Bu sosial minalar isə ABŞ-in İraq müharibəsi və Suriyadakı münaqişə ilə partladı».

«Birləşmiş Ştatların İraqda törətdikləri və Suriyadakı vətəndaş müharibəsinin vurduğu ziyan güman ki, bərpa olunmayandır», - bunu Amerika Xarici Siyasət Şurasının əməkdaşı Wayne Merry deyir.

Belə ki, İraqda Saddam Hussein devriləndən sonra əsasən şiələrin idarə etdiyi hökumət quruldu. Nəticədə sünnilərin hüquqları və ehtiyacları gözardı edildi. Radikal sünnilər isə İraqda «əl-Qaidə» bayrağı altına toplanmağa başladılar.

2011-ci ildə ABŞ qüvvələri çıxandan sonra «əl-Qaidə» İraqın sünni regionlarında yenidən qruplaşdı və «İslam Dövləti» silahlı qruplaşmasına çevrildi.

Suriyada isə durum daha qəlizdir. Əksər təhlilçilər Rusiyanın Suriyaya müdaxiləsinə onun Assad rejimini xilas etmək cəhdi kimi baxırlar.

«Suriyada İD-nin yüksəlişi İraqdakı kimidir. Bunun da kökündə sünni narazılığı durur. Ancaq Suriyada İraqdan fərqli olaraq, xəmir çox su aparacaq. Assad ələvi müsəlmandır. Özü və atası Suriyadakı sünni çoxluğunu qəddarlıqla idarə edib. Elə Saddam də İraqdakı şiə çoxluğuna qarşı belə qəddarlıq, qətllər həyata keçirmişdi».

Əndicanda Islam Karimov-un portreti.
Əndicanda Islam Karimov-un portreti.

ÖZBƏKİSTANDA TƏDRİCƏN SABİTSİZLİK YARANIR

«Siyasi, iqtisadi və təhlükəsizlik problemləri 2016-cı ili Özbəkistanın postsovet tarixində ən çətin dönəmə çevirə bilər. İqtisadi yavaşıma və prezident Islam Karimov-un aydın varis planının olmaması fonunda şübhəli islamçı yaraqlılara qarşı davamlı hücumlar gələn aylarda ölkədə sabitliyin pozulmasına gətirə bilər». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

«Rusiya və Birləşmiş Ştatlar Orta Asiyada nüfuz uğrunda mübarizə apardıqca, Özbəkistan regional təhlükəsizlik dinamikasının formalaşmasında vacib rol oynayacaq... Özbəkistan, Orta Asiyadakı bir çox ölkələr kimi, çətin anlaşılan ölkədir. Hakimiyyət Karimov-un əlində cəmləşib, hökumət medianı idarə edir. Bu səbəbdən prezidentin varis planı, iqtisadiyyat, ölkəyə təhlükəsizlik hədələrinin sərtliyi özbək elitasından başqa heç kəsə aydın deyil. Son aylar görünən odur ki, bütün bu faktorlar sabitsizliyə töhfə vermiş olacaq».

Təhlildə vurğulanır ki, Özbəkistan müxalifəti radikal islamçı qruplardan fərqi olaraq daha mürəkkəb və çoxsifətlidir. Müxtəlif aktyorlar etirazları koordinasiya, hətta hökumətə qarşı hücumlar təşkil edə bilər. Narazı müxalifət qrupları ölkədəki böyük saylı işsizlər ordusundan yararlana bilər.

«Stratfor» yazır ki, hökumətin təhlükəsizlik tədbirləri də sual doğurur, belə ki, islamçı qrupların ölkədə hücumlar təşkil etməsinə dəlil azdır. Hökumət bu amildən istifadə edir. Ancaq Əfqanıstanla sərhəddə yaraqlıların güclənməsi həqiqətdir. «İslam Dövləti», «Taliban» və digər yaraqlıların artması Rusiya və Birləşmiş Ştatların da diqqətini çəkib:

«Ayrı-ayrı qruplara təzyiqlərin artması Özbəkistanda sosial itaətsizliyi alovlandıra bilər. Özbəkistanın Orta Asiyasının ürəyində tutduğu strateji mövqeyini və Rusiya ilə Birləşmiş Ştatların ona elçi düşmək cəhdlərini nəzərə alsaq, qarşıdakı illərdə sabitsizliyin atması ölkənin sərhədlərini aşaraq ciddi təsirini göstərə bilər».

XS
SM
MD
LG