Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:38

Necə oldu xoruzları sevdim? (uşaqlar üçün hekayə)


Seymur Baycan
Seymur Baycan

- "Qapını açıb bayıra çıxdım. Qapını açmaqla evdə nə aşa bilərdisə, hamısı yerə aşdı. Sınıb çilik-çilik olan şüşə əşyalar, diyirlənən dəmir, plastmas qablar bir-birinə qarışdı."

Seymur Baycan

Necə oldu xoruzları sevdim?

Şəhərin səs-küyündən, maşınların tüstüsündən uzaqlaşmaq, bir az təmiz hava udmaq, təbiətlə ünsiyyətə girmək, həm də xeyli müddətdir heç cürə bitirə bilmədiyim romanımı bitirmək üçün rayona getdim.

Hərənin bir xasiyyəti var. Romanın sonunu yaşadığım yerdə yaza bilmirəm. Gərək, harasa gedib orda yazam.

Rayonda yaxın tanışımın, sadiq bir oxucumun vasitəsilə münasib qiymətə rahat, balaca bir ev kirayələdim. Tanışım onlarda qalmağımı nə qədər israrla xahiş etsə də, razı olmadım.

Əgər onlarda qalsaydım, çoxlu söhbət edəcəkdik. O mənə ədəbiyyatla, ölkədəki vəziyyətlə bağlı çoxlu suallar verəcəkdi. Beləcə, dincəlməyimə və yazmağıma mane olacaqdı.

Onu və onun kimi əyalətdə yaşayan adamları qınamaq olmaz. Əyalətdə darıxır. Söhbət etməyə adam axtarır. Düşünmürlər ki, mən həm də bu suallardan, bu mövzulardan bir müddət aralanmaq üçün şəhərdən baş götürüb rayona qaçmışam.

Kirayələdiyim evin sahibi Rusiyaya pul qazanmağa getmişdi. Evi, açarları ev sahibinin böyük qardaşından götürdüm.Kirayə pulunu da əvvəlcədən verdim.

Ev rayona ən yaxın kəndin düz başında yerləşirdi. Səliqəli həyətdə hər cür ağac vardı. Burda heç kim mənə mane olmayacaqdı. Bu sakitlikdə istədiyim qədər yaza, oxuya, düşünə, xatırlaya, yata bilərdim.

Evə yerləşdiyim ilk gün yatağa tez girdim. Bərk yorulmuşdum. Doyunca yatıb, səhər yuxudan tez qalxıb, bir az piyada gəzib, on-on beş dəqiqə gimnastika edib, yaxşıca yuyunub, səhər yeməyi yeyib yazmağa başlamalı idim. Planımı belə qurmuşdum.

Nə qədər yorğun olsam da, nə qədər bərk yatsam da, gecə küləyin səsinə oyandım. Vay vay vay... Necə bərk külək əsirdi.

İldırım
İldırım

Göy elə bərk guruldayırdı ki, evdəki əşyalar silkələnir, servantdakı qab-qacaq cingildəyirdi.

Dayanmadan şimşək çaxırdı. Ətraf bir anda işıqlanır, sonra təzədən zülmətə qərq olurdu.

Aləm dağılırdı. Yəqin qiyamət günü belə olacaq. Yox, bu, elə deyəsən, qiyamətin gününün özü idi.

Bərk əsən külək iki pəncərəni birdən açdı. Masanın üstündəki vərəqlər evin dörd bir yanına səpələndi. Şkafın üstündəki şüşə qab yerə düşüb çilik-çilik oldu. Bilmirdim, nə edəm. Hansı pəncərəni bağlayam. Mən həyatımda belə bərk külək, belə amansız yağan yağış görməmişdim.

Sonradan kəndin qoca sakinləri də bu sözü təkrarladılar: "Mənim yetmiş yaşım var, hələ belə yağış görməmişdim. Mənim altmış yeddi yaşım var, hələ burda belə külək görməmişdim. Mənim altmış yaşım var, həyatımda belə hava görməmişdim".

Həmin gecə baş verənləri burda uzun-uzadı yazsam da, necə qorxduğumu, necə həyəcanlandığımı, necə təşviş keçirdiyimi heç cür ifadə edə bilməyəcəm.

Pəncərəyə yaxın getməyə qorxurdum. Düşünürdüm ki, bu dəqiqə ildırım məni vuracaq. Uşaqlıqdan ildırımdan qorxuram. Özü də, çox bərk qorxuram.

Üstəlik, tərslikdən, təbii ehtiyacımı ödəməli idim. Tualet isə əksər kənd evlərində olduğu kimi həyətin başında yerləşirdi. Bu qiyamətdə həyətin başında yerləşən tualetə gedə bilməzdim.

Qapını açıb bayıra çıxdım. Qapını açmaqla evdə nə aşa bilərdisə, hamısı yerə aşdı. Sınıb çilik-çilik olan şüşə əşyalar, diyirlənən dəmir, plastmas qablar bir-birinə qarışdı.

Birtəhər evin qarşısından dörd metr aralaşıb ağacın dibində öz təbii ehtiyacımı ödədim. Dayanmadan ildırım çaxırdı. İldırım çaxanda hər şey aydınca görünür, bir saniyə sonra hər yanı qaranlıq bürüyürdü.

Düşünürdüm ki, bax, elə bu dəqiqə, təbii ehtiyacımı ödədiyim bir vaxtda məni ildırım vursa, bu, necə də axmaq və mənasız bir ölüm olar. Nə qədər işimi tez görməyə çalışsam da, bağırsağıma qədər islandım.

Dişim dişimə dəyirdi. Həm qorxudan, həm də soyuqdan. Göy dəhşətlə guruldayır, sonra da bu gurultu göyün üzü ilə get-gedə aşağı enirdi. Elə bil uzun pilləkənlə boş çəlləklər aşağı diyirlənirdi. Küləyin bir istiqaməti yox idi. Hər tərəfə təpilirdi.

Gözəgörünməyən düşməninə hücum edirmiş kimi onun üstünə atılırdı, zəncirini qırmış köpək kimi sanki dişlərini batırır, quduz-quduz didişdirir, ətini qoparmağa çalışırdı. Lakin hər dəfə elə bil ki, ağır bir təpik vurub onu geri qaytarırdılar.

Külək zingildəyir, yenə hürə-hürə ora-bura təpilirdi. Hücum çəkib toz-torpağı göyə qaldırır, yarpaqları, kağız parçaların qabağına qatıb qovur, gözəgörünməz ağzında çeynəyib didir, harasa uzaqlara tullayırdı.

Onun səltənətinə, göylərə baş vurmağa cəsarət eləyən ağacları yerə yıxmağa çalışırdı.

Evə qayıdıb, birtəhər qapını bağladım. Ev alt-üst olmuşdu.

Buyur, bu da sənə istirahət. Guya yazmağa, dincəlməyə, xatırlamağa, doyunca yatmağa, təmiz havada gəzməyə gəlmişdim. Təbiət imkan vermədi.

İşıqlar yanmırdı. Yəqin elektrik dirəkləri aşmışdı. O gecə heç vaxt yadımdan çıxmaz. Bu qaranlıqda quru paltar tapıb əynimi dəyişmək zülm olardı. Ona görə, yaş paltarlarımı soyunub döşəməyə atdım. Lüm-lüt yatağa girib yorğanın altında ayaqlarımı sinəmə yığıb yatmağa çalışdım.

Hara yatırsan? O havada, o səs-küydə heç cürə yatmaq olmazdı. Elə bil, kəndi ağır toplarla mərmi yağışına tutmuşdular. Necə qorxduğumu təsvir etmək çətindir.

Bu nə idi, İlahi? Yaxın tanışımın onlarda qalmaq xahişini rədd etdiyim üçün bərk peşman olmuşdum. Heç olmasa, yanımda bir adam olsaydı, bu qədər qorxmazdım. Yorğanın altında ağlıma min fikir gəlirdi...

Başımı yastığın altına soxub yorğana nə qədər bürünsəm də, göyün səsi heç boğulmurdu. Hərdən başımı çıxarıb pəncərəyə baxırdım. Bir anda aləmi işıqlandıran ildırım təzədən başımı yorğanın altına soxmağa məni məcbur edirdi.

Haçandan-haçana bərk qəzəblənmiş təbiət hirsini-hikkəsini töküb yavaş-yavaş sakitləşməyə başladı. Yağış kəsdi. Göy daha guruldamadı. Ətrafa elə bir sakitlik çökdü ki, o cür səs-küydən, həngamədən sonra indi də bu sakitliyin özü məni qorxutmağa başladı.

Bu, çox qorxunc bir sakitlik idi. Bircə səs, bircə səs belə, gəlmirdi. Öz-özümə düşündüm, bəlkə böyük bir fəlakət baş verib? Görəsən, heç olmasa, sağ qalan adam olub? Yoxsa bəşər nəslini bu dünyada davam etdirmək mənim boynuma düşüb?

Bu necə ağır məsuliyyətdir. Heç olmasa, bir səs gəlsəydi, həyatın davam etdiyinə, dünyanın dağılmadığına əmin olardım. Lap qoy çaqqal ulasın, yaxud bayquş. Ya kimsə kiməsə söyüş söysün. Ya kimsə kiməsə qarğış etsin. İt hürsün. Nə olursa olsun, bir canlının səsi gəlsin, bilim ki, bu dünyada məndən savayı da bir canlı yaşayır. Hər şey məhv olmayıb.

Bir səs eşitmək ümidiylə ətrafı dinlədim. Bütün eşitmək qabiliyyətimi işə salsam da, heç bir səs eşitmədim. Səs yoxdu. Yoxdu səs.

Bəlkə geyinib gedim yaxındakı evlərə bir baş çəkim? İşıqlar yanmır. Quru paltarlarımı, gəl, bu qaranlıqda tap əyninə keçirt. Lap tutaq ki, tapıb geyindim, bu qaranlıqda hara gedəcəm?

Ev kəndin başında yerləşir. Yəqin bütün yollar bərbad günə düşüb. Hər yer bataqlığa çevrilib. Hara getmək olar bu zığda-palçıqda? Necə getmək olar? Bu nə iş idi, düşdüm! Bu, nə qorxunc sakitlikdi! Doğrudanmı, həyat bitdi?

Xoruz
Xoruz

Bu zaman uzaqda, lap uzaqda banlayan bir xoruzun səsini eşitdim. Səs lap zəif eşidilirdi.

Sonra daha bir xoruz bu səsə səs verdi. Sonra daha bir xoruz banladı. Səslər getdikcə yaxınlaşırdı.

Bəlkə xoruz filan yoxdur. Qulağıma səs gəlir. Daha yaxınlıqda bir xoruz banladı. Onun səsini aydın eşitdim. Qulaqlarımı ovuşdurdum. Hətta hər iki qulağıma iki-üç yüngülvarı zərbə vurdum.

Kəndin xoruzları xorla banlayanda o qədər sevindim ki, mübaliğəsiz, şişirtməsiz-filansız sevincdən gözlərim yaşardı.

Deməli, hər şey məhv olmayıb. Həyat davam edir. O qədər sevindim ki, əgər əlimdə imkan olsaydı, gedib o xoruzları bir-bir tapıb qucaqlayar, bağrıma basar, dimdiklərindən öpərdim.

Sonrakı günlər mən bu arzumu həyata keçirə bilərdim. Kəndin küçələrində gəzərkən qarşıma xoruz çıxdıqda mən xoruzu tutmaq, qucaqlamaq, öpmək istəyirdim.

Lakin bunu adamların gözü qabağında necə edəsən? Onlar bunu nəyə görə etdiyimi başa düşəcəkdilərmi? Əlbəttə ki, üzümə deməsələr də, ürəklərində düşünəcəkdilər, yazığın başı xarab olub.

"Adsız itin qayıdışı" kitabından

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG