Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:25

Facebook mübahisəsi 7 il yarım həbslə bitdi


Facebook, like-knife
Facebook, like-knife

-

«Paylaşdığım şəklin altından ədəbsiz rəylər yazmışdı. Neçə dəfə tələb etdim ki, yazdıqlarını silsin. Başa düşmədi»

Noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı Rövşən Şahmarova hökm oxunub. Məhkəmə Nizami rayonundakı 238 saylı orta məktəbin şagirdi Rövşən Şahmarovu 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə iclasına hakim Tamella Nəsrullayeva sədrlik edib.

18 BIÇAQ ZƏRBƏSİ

Məktəbliyə qarşı ittihamnamədə deyilir ki, o, facebook sosial şəbəkədə öz sinif yoldaşı Elvin Muradovla mübahisə edib. Tərəflər görüş yeri təyin ediblər. Mübahisə qanla çözülüb. Rövşən Şahmarov Elvin Muradova 18 bıçaq zərbəsi vurub.

Rövşən Şahmarov ifadəsində göstərib ki, 2 ilə yaxındır facebook sosial şəbəkəsindən aktiv istifadə edir. Hazırda müttəhimlər kürsüsündə oturmasına səbəb isə sinif yoldaşının «şit» zarafatları olub:

«Facebook-da sinif yoldaşım olan qızla şəklimi paylaşdım. Elvin şəklin altına rəy yazdı. Ondan xahiş etdim ki, belə şit zarafatlar etməsin. Dava da bunun üstündə düşdü, sonra WhatsApp-da bu barədə söhbət etdik. Məsələni həll etməkçün görüşmək qərarına gəldik. Görüşəndən sonra mübahisə böyüdü, mən də onu bıçaqladım. Amma Elvin bıçaqlanandan sonra da üstümə cumurdu, mən də məcbur olub 18 bıçaq vurdum».

VAXTINDA TİBBİ MÜDAXİLƏ OLMASAYDI…

Elvin Muradov 3 saylı Şəhər Klinik Xəstəxanasına götürülüb, əməliyyat olunub. Vaxtında edilən tibbi müdaxilə məktəblinin həyatda qalmasına səbəb olub.

O da sinif yoldaşının ifadəsinə uyğun ifadə verib. Hadisənin sosial şəbəkədə aralarında baş vermiş anlaşılmazlıqla izah edib. Səhhətinin yaxşı olduğunu və sinif yoldaşından şikayətçi olmadığını deyib.

DİNDİRİLƏN ŞAHİDLƏR DƏ MƏKTƏBLİLƏR OLUB

Məhkəmə tərəflərin sinif yoldaşlarını da dindirib. Elçin Bayramov hadisə barədə bildiklərini hakimlərə belə təsvir edib:

«Elvinlə sınaq imtahanına gedəcəkdik. Ona zəng etdim, dedi ki, Rövşənlə dalaşıb və bıçaqlanıb. Tez özümü onun olduğu yerə çatdırdım. Gördüm ki, qan içərisində yerdə uzanıb. Dedi, Rövşən onu facebookda sinif yoldaşımızın şəklinin altına rəy yazdığına görə bıçaqlayıb. Kimsə təcili yardım çağırmışdı. Onu xəstəxanaya apardılar».

Məhkəmə məktəblini 7 il yarım müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmünə görə, Rövşən Şahmarov cəzasını Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində çəkəcək.

XS
SM
MD
LG