Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

- "O, əlini yelləyib ilyarımlıq dostlarının üzlərini yaddaşından siqaret tüstüsü kimi dağıtdı."

"Bir gecə şəhərdə möhkəm atışma düşüb. Səhəri məlum olub ki, Səməd şəhərə - Güləbatının yanına gəlibmiş, çekistlər duyuq düşüblər..."

Ziya F.M.

Düzüm

(hekayə)

- Niyə inanmırsan?! Hətta İncildə də var ki, Musanın arvadı Sarra qocalıb qarımasına baxmayaraq, Allah ona övlad göndərir.

- 88 yaşlı qoca qarının uşaq doğmağı... uşağın da qoca kişi olması... Sən bu dəfə ağ elədin. Bir də ki, İncil xaşpərəstlərin kitabıdır. Özləri bilərlər nə uydururlar.

- Allah birdir!- böyük qara gözlərini düz bəbəklərimə sancdı.

Yadplanetlilər və dini mövzu bir-birinə heç cür uyğun gəlmirdi.

- Qardaşım, sənin də qəribə işlərin var. Sənin çox sözünə inanmışam, çoxuna da yox, amma bu dəfə başını bişirməyə başqa adam tap.

Dostum başını ağaşı salladı. Əlindəki siqaretdən barmağına dolana-dolana qalxan tüstüyə baxdı, tez də başını dala atdı. Gözləri tüstüdən yaşarmışdı.

Onun baxışlarından həmişə özümü itirəntəhər oluram. Gecələr yatmadığından gözlərinin altı həmişə qapqara olur. Əsəbləri daim tarım çəkili olduğundan heç əməlli-başlı yuxuya da gedə bilmir.

İllüstrasiya

İllüstrasiya

Birdən elə olur ki, yuxusunu üç gün itirir. Sonra rastlaşanda məlum olur ki, günlərin, ayların, hətta illərin belə, sayını itirib.

Nə vaxtsa onun böyük alim olacağını söyləyənlər vardı. Hətta bu sözlər hardasa özünü doğrultmuşdu da.

8 il Moskvada təhsil alandan sonra geri qayıdanda onun bəlkə də bilmədiyi sahə yox idi. Ya təhsil aldığı yerdə ona hərtərəfli bilik vermişdilər, ya da özü hər şeyi oxumuşdu.

Sementin markalarından asılı olaraq, qumla qatılmaq ölçüsündən tutmuş planetlərin hərəkətinə qədər istənilən mövzuda saatlarla danışa bilərdi.

O, indi yata bilmir, amma sağlam vaxtlarında özü gecələr yatmayıb sərasər kitab oxuyurmuş. Bəlkə də ağlı çox oxumaqdan çaşmışdı, onu bilmirəm.

Amma bilirəm ki, 88-ci ildə çox ağır vəziyyətdə xəstəxanaya düşmüşdü. Hələ də dərmanlardan və beynini yoran ağlasığmaz fikirlərdən canını qurtara bilmirdi, nə bilmək olar, bəlkə də özü qurtarmaq istəmirdi...

Bunu özünə deyəndə ya elə söz dediyini yadına sala bilmirdi, ya da deyirdi ki, Qiyaməti başqa günə keçiriblər.

İki-üç ay bundan qabaq hətta dünyanın sonunun hansı gün olacağından xəbər verirdi.

Dediyi tarixdən xeyli keçməsinə baxmayaraq, dünya öz oxu ətrafında yenə də fırlanırdı.

Bunu özünə deyəndə ya elə söz dediyini yadına sala bilmirdi, ya da deyirdi ki, Qiyaməti başqa günə keçiriblər. Əlqərəz, sözünün üstünə heç vaxt odun yığmaq mümkün deyildi.

Gözünü mənə zilləyəndə bildim ki, yeni bir əhvalat danışacaq. Amma bu dəfə baxışından məni nəyəsə inandırmaq istəyi yağmırdı, elə bil mənim ona şübhə edəcəyimi ağlına belə gətirmirdi.

- Sən bilirsən ki, 88-ci ildə mən xəstəxanaya düşmüşdüm. Əslində məni ORA aparası idilər, - mən qeyri-ixtiyari əlimi yellədim ki, artıq bunu bilirəm, o heç təhrini də dəyişmədi, - amma günah məndə idi, şərtlərinə əməl etməmişdim...

Düz bir il yarım xəstəxanada qaldım. Biz səninlə heç vaxt bu barədə danışmamışıq, bilirəm, sən də çalışırsan ki, bu mövzuya toxunmayasan...

Səbr elə...Sən yeganə adamsan ki, məni başa düşməyə çalışırsan. Başqaları məni o saat dolamağa başlayırlar, mən də əsəbiləşb onlara qəsdən axmaq-axmaq şeylər danışıram. Amma sənə heç vaxt yalan danışmamışam. Sən elə bilmə ki, dəlixanadakıların hamısı dəlidir. Onların coxu sadəcə olaraq, həyata uyğunlaşa bilməyən adamlardır.

İstedadlılar da çox idi, biri vardı, Leninin əsərlərini əzbərdən bilirdi...şair vardı orda, mən hələ heç yerdə elə şeirlər eşitməmişdim. Düzdür, şeirlərinin çoxunu başa düşmək olmurdu, amma o, şeir oxuyanda haldan-hala düşürdüm. Muğamı dərindən bilən, rəssam, riyaziyyatçı...

O, əlini yelləyib ilyarımlıq dostlarının üzlərini yaddaşından siqaret tüstüsü kimi dağıtdı. Hər halda mənə elə gəldi.

- Yox, yox, mən onlar haqqında danışmayacam. Mənim haqqında danışacağım adam qoca bir kişi idi, əslində ona qoca uşaq da demək olardı. Təxminən 70-75 yaş vermək olardı. Uzun, upuzun saqqalı vardı. Mənimlə bir gündə gətirmişdilər onu.

Sağalandan sonra onun haqqında hər şeyi öyrəndim. Birinci gün onu qucaqda gətiriblərmiş. Qocanın ağzında bir dişi də yox imiş, dərisi də ki, ağappaq...ağappaq da yox e...o balaca uşaqların rəngi olur e...qırmızımı deyim, çəhrayımı deyim...axırı ki, uşaq rəngində. Özü də nə yeriyə, nə də danışa bilirmiş, ancaq olsun qığldayır, uşaq kimi ağlayır və hər tibb bacısı görəndə əlini onun döşlərinə sarı uzadırmış.

Onun arxasınca heç kim gəlmirdi. Yeriməyi də, danışmağı da ona mən öyrətmişəm. Keçmişi haqqında... Ümumiyyətlə, keçmiş haqqında heç bir təsəvvürü yox idi. Bir sözlə, yadına balaca, südəmər uşaq sal və onu təsəvvür elə...

Məni maraq götürdü...

- 1988-ci il - mən xəstəxanaya düşdüyüm il yadındadı? Hə? Ən çox yadında nə qalıb? Elə hamı da sənin kimi Ermənistandakı zəlzələni, Qarabağ hadisələrini, mitinqləri, bizimkilərin Ermənistandan qovulmalarını xatırlayır. Mən elə zəlzələ günü xəstələnmişdim.

Həmin gün bir hadisə də olmuşdu. Zəlzələnin yanında o daha kiçik hadisə olduğundan heç kimin yadında qalmayıb. Bir az keçsin! Həmin ilin daha böyük hadisələri də yaddan çıxacaq!

İllüstrasiya

İllüstrasiya

Qazax-Bakı yolunda avtobusun partlaması yadındadı? O da yadındadımı ki, bunda erməniləri günahlandırıdılar? Hamı o hadisəni çox dumanlı xatırlayır...

1911-ci, 22-ci və ya 33, 55, 77-ci illərdən nə xatırlayırsan? Heç nə?!

Heç kim qoşarəqəmli illər haqqında heç nə, demək olar ki, heç nə xatırlamır, əslində...1911-ci ildə Almatada 10 bal gücündə zəlzələ olub, həmin il də Çində imperiyaya son qoyulub.

Yenə həmin ildə Vanqa anadan olub. 1955-ci ildə “Novorossiysk” linkoru naməlum səbəblərdən partlayıb, 609 dənizçi ölüb. 1966-cı ildə Daşkənd zəlzələsi şəhərin mərkəzini tamamilə dağıdıb.

1977-ci ildə İspaniyada dünyanın ən iri avia qəza baş verib, 583 nəfər ölüb. Hələ mən 33-cü ildə Hitlerin hakimiyyətə gəlməsini, 22-ci ildə SSRİ-nin rəsmi yaranmasını demirəm...

O, yenə dayandı və gözlərini bir nöqtəyə zillədi.

- Nədən danşırdım? Hə... Bizim rayondan orada bircə nəfər var idi. Bilirsən kim? Qonşumuz Güləbatın arvad yadındadı?...

- Bir dəqiqə bağışla. Deyəsən, çay qaynadı. - O biri otağa keçdim. - Pəncərəni açıram. Allah evini tiksin, bu siqareti bir-birinin dalına az cala da!

Gülabatın xala yaxşı yadımdadı. Şəhərin uşaqları arasında ən məşhur adamlardan biri idi.

Bir arvad da vardı, Fışqırıq Səlmi deyirdik. Kim fit çalırdısa nəsli-nəcabəti qalmırdı, yeddi arxa dönəninədək söyüb hamısını bir-birinə qatırdı. Uşaqların heç biri də onun böyründən fit çalmamış keçməzdi.

Düzdü, payını da alardı, amma onu hirsləndirib cırnatmaq ləzzətindən də vaz keçməzdi. Güləbatın arvadın da uşaqların dilində əzbər olan bir eybi var idi, qarnı çox yekə idi. Uşaqlar ona Xaşalqarın deyirdilər. Mahnı da qoşmuşdular:

Xanım-xatın Güləbatın

Xaşalqarın Güləbatın...

Güləbatınla dostumgil qonşu yox, elə birevliydilər. Ev rayonda ilk daş evlərdən idi, özü də ikimərtəbəli. Birinci mərtəbəsi yarımzirzəmi idi, pəncərəsinin yarısını səki örtürdü.

Güləbatın arvad səhər tezdən paltar maşınının çarxını ayaqları ilə işə salıb bir də axşam dayandırırdı. Şəhərin qəşəng xanımları paltarlarını ancaq ona tikdirirdilər.

Olduqları yer bir vaxtlar bəy evi imiş. Şura hökuməti onu müsadirə edib adını da “komoxoz evi” qoymuşdu. Balaca zirzəmi otaqların birində dostumgil, o birində isə Güləbatın arvad qalırdı...

- Çay nə oldu?

- Gətirirəm. Qonşum yadına düşdü?

- Onun bu söhbətə nə dəxli var? Demək istəyirsən ki...

- Hə! Demək istəyirəm!- Yenə gözləri parıldadı. Susmaqdan başqa çarəm yoxdur, onunla ayrı cür də mümkün deyil, inanmasam da gərək axıra qədər dinləyəm.

- Onun bədən quruluşu sənin yaxşı yadındadı. Kök deyildi, amma qarnı çox qəribə şəkildə böyük idi. Sən onun haqqında hamı biləni bilirsən, amma bilmirsən ki, o, bəy qızı olub, bizim olduğumuz ev isə onun atasının evidir. Evin böyründəki məscidi də, hamamı da onun atası tikdirib.

Güləbatın əsilli-nəsilli Səməd adlı bir oğlanla sevişirmiş. 1919-cu ildə türklər Azərbaycana gələndə Səməd də hamı ilə bərabər onları qarşılamağa çıxıbmış.

Atı sürüb, ordunun qabağında şahə qaldırıb, tüfəngdən atəş açıb onları salamlayıb və zabitləri mülklərinə dəvət edib, türklərə böyük ziyafət təşkil edib, bir sözlə onlara böyük hörmət göstərib.

Türklər gedib bolşeviklər gələndən sonra Səmədin də, Güləbatının da ata-anasını “qolçomaq” adı ilə sürüblər.

Güləbatını qonşular gizlədib, Səməd isə qaçaqçılığa başlayıb. Bir gecə şəhərdə möhkəm atışma düşüb. Səhəri məlum olub ki, Səməd şəhərə - Güləbatının yanına gəlibmiş, çekistlər duyuq düşüblər...

Sonra, kimi deyib Səmədi vurublar, kimi deyib Türkiyəyə qaçıb.

3 aydan sonra Güləbatının qarnı formasını dəyişməyə başlayıb. 9 aydan sonra qarnı hamilə arvadların qarnı kimi şişib. Hamı gözləyirmiş ki, Güləbatın bu gün-sabah doğacaq.

Güləbatın doğmayıb, bədəni də dəyişməyib. İnqilab komitəsi onu nə sürə, nə də evdən çıxara bilib, aşağı-zirzəmiyəcə köçürüb, orada da unudub. Bir sözlə, başından eləyib.

Mən gözümü açandan Güləbatın arvad Səmədi gözləyirdi, bəlkə elə gözlədiyinə görə də ölə bilmirdi, avtobus partlamasa yəqin ki, ölməzdi də...

Dostumun səsinin tonu bir az dəyişdi, daha boğuq çıxmağa başladı.

- Mən xəstələnəndən bir gün qabaq “Odlar yurdu” qəzetində bir elan çıxmışdı. Türkiyədən Səməd adlı, əslən bizim rayondan, 1922-ci ildə Türkiyəyə mühacirət etmiş bir şəxs Güləbatın adlı qadını axtarırdı...

Mən nə bilim ki, həmin qəzeti evə gətirməklə Güləbatın arvadı ölümə, özümü isə dəlixanaya göndərirəm.

Səsinin tonu bir az da dəyişdi, daha doğrusu, ucaldı.

- Mən həmin gün getməliydim...Məni həmin gün aparmalı idilər. Mən o günü altı il idi ki, gözləyirdim. Sən təsəvvür eləyirsən bir şeyi 6 il gözləmək nə deməkdir?! Mən həmin gün evdən çıxmamalıydım! ALTI İL! Düz altı il gününnən, saatınnan hesablaya-hesablaya gəlirdim!!!

- Sakit ol, yaxşı da, nə olub?! Ayıbdı, qonşular deyər görən niyə bağırışırlar.

- Bağışla... Güləbatın arvad isə 66 il gözləmişdi. Onu yola salmaq mənim boynuma düşmüşdü, çünki mən işləmirdim, boş idim. Özün bilirsən bizdə cavanlara necə iş verirlər.

Hələ cavanlar bir yana qalsın, bir yerə birdən beş qoca göz dikir, hərəsinin də öz adamı, qohumu, pulu, keçmiş vəzifəsi...hansısa bir abırlı işə girmək üçün gərək uzun müddət yaltaqlığı, əyriliyi, əclaflığı öyrənəsən, yalan danışasan, kimisə haqsız söyəsən və səndən qabaqkının alçaldığı bütün pillələri enəndən sonra gərək bir pillə də aşağı enəsən ki, onun könlü, “vicdanı” rahatlıq tapsın...rahatlıq tapsın ki, sən də onun kimi oldun, hələ bir az da ondan aşağı endin...hə, bağışla, biz bu mövzuya toxunmuşuq...

Nədən danışırdım? Hə...Sən təsəvvür eləyirsən 88 yaşlı arvadı avtobusa mindirmək nə deməkdir?!

Yaxşı-yaxşı, sakit danışıram.

O heç vaxt utandığındanmı, ya qocaldığındanmı , bilmirəm, evdən eşiyə çıxmazdı, bazarlığını da mən eləyirdim.İndi birdən-birə onu Bakıya yola salmaq, özü də tək-tənha... Əslinə qalsa mən onunla getməliydim. Elə gərək gedəydim də...Bəlkə də belə olmazdı...Yaxşı-yaxşı, sakit danışıram.

Dostumun adı elə Sakit idi, amma özü heç adına uyğun gəlmirdi.

- Sürücü ilə danışdım, avtobusun nömrəsini yazdım, hələ sürücünün ev telefonunu da götürdüm ki, sonra zəng edim, öyrənim görüm necə çatdılar. Sən fikir verərdin yəqin, mən onda heç kimlə əl verib görüşmürdüm.

Mən başımı yellədim, yəni yox.

- 6 il mən bütün təsirlərdən uzaq olmağa, fiziki ünsiyyətə girməməyə çalışırdım. Bu altı ildə anamın üzündən bir dəfə də olsun öpməmişdim.

Mən indi başa düşürəm ki, mənə göndərilən enerjinin bir hissəsini Güləbatın arvada ötürmüşəm, həmin enerji təyin olunduğu yerdən aralandıqca onun təsir mərkəzi də iki yerə ayrılırmış.

İstəyirsən mən sənə xəritədə həmin yeri göstərim. Bax bura bizim rayonun ərazisi, bu-qəzanın olduğu yer, bax bura da Ermənistandakı zəlzələnin mərkəzi. Xətkeşi ver...Görürsən, hər iki yer mərkəzdən eyni məsafədə yerləşir...

Dostumun xəstəliyi haqqında həkimin dedikləri yadıma düşdü. Həkim deyirdi ki, onun beyni silkələnib, bir də ayaq əzələləri elektrik cərəyanı vurmuş adamların bədəni kimi qıc olub.

- Amma nəyə görə bir tərəfdə zəlzələ olub, o biri tərəfdə isə şüa düşüb, bunu başa düşmək mənim imkan xaricimdədir. Şüa demiş... Avtobusa bomba-zad qoyub eləməyiblər. Avtobus şüadan əriyib. Partlayışa səbəb isə çəndəki yanacaq olub...

Xəstəxanadan çıxanda mən cibimdən sürücünün ev telefonu yazılmış vərəqi tapdım. Zəng elədim. Sürücü sağ qalıbmış, amma həmin qəzada gözləri kor olub. İndi məşhur ekstrasensdi, adını demirəm, çoxları onu tanıyır...

Mən axır vaxtlar üzdə olan və özünü ekstrasens adlandıranları yadıma salmağa çalışdım. Bir-iki fırıldaqçıdan başqa, heç kim ağlıma gəlmədi. Soruşmağa cürət etmədim, onsuz da deməyəcəkdi. İndi, bu dəqiqə o, öz aləmində də deyil, başqa birisinin əhvalatının içində idi.

- Sürücünün dediyinə görə, həmin gün avtobusa nəsə olubmuş. On ilin avtobusu təzə alınmış maşınlar kimi işləyirmiş. Deyir, heç vaxt avtomobil deyilən bu mərətlərin heç hansını belə ləzzətlə sürməmişdim. Maşın elə bil getmirdi, havada süzürdü. Bunu elə bil başqa maşınlar da hiss eləyirdilər, hamısı yol verirdi, mən də əldən qoymuşdum...

Qəzanın harada olduğunu ha fikirləşirəm yadıma sala bilmirəm... Birdən yol elə bil qurtardı, tunnel kimi bir yerə girdik. Səs kəsildi. Mən maşını sözün əsil mənasında itirdim.

Sükan əlimdəydi, amma zil qaranlıq olduğundan sükan mərəti hara fırlamaq lazım olduğunu andıra bilmirdim. Haradansa bir səs eşidilməyə başladı. Səs o qədər də hündürdən deyildi, amma adamın beynini deşirdi. Əllərimi buraxıb qulaqlarımı tutdum. Başımı ağrıdan arxaya atdım.

Birdən bir anın içərisində gözümün qabağında güclü bir işıq şüası yandı. Onun sönüb-sönmədiyi haqda heç nə deyə bilmərəm, mənim yadımda bircə əriyən şüşələr qalıb. Ondan sonra mənim üçün hər şey söndü...

Dostum elə bil qəzaya sürücünü əvəzinə düşmüşdü, gözlərinin parıltısı da öləzimişdi.

- Sən təsəvvür eləyə bilməzsən ki, onun üzü, əlləri nə gündə idi...

Mən isə deyəsən, onun söhbətindən birinci dəfə idi ki, özümü narahat hiss eləyirdim.

- Mən ondan qoca kişi haqqında soruşdum. Qoca arvaddan başqa yaşlı adam yadına sala bilmədi.

- Sən deyirsən ki, yəni o qoca...

- Yox, mən sənə heç nəyi sübut eləməyə çalışmıram, ancaq olanı danışıram. Güləbatın arvadın ölüm aktında həkim bilirsən nə yazıb? Onun ölümünün səbəbi heç də avtobus qəzası yox, yaşına uyuşmayan fizioloji bir hadisənin baş verməsidir.

Güləbatın arvad doğum üstündə ölüb. Mən diaqnozun bütün təfərrüatını sənə söyləyə bilmərəm, ancaq onu deyə bilərəm ki, qarının müayinəsi bu fərziyyəni tam təsdiqləyib.

Bir də...qəzadan bədənində bircə yanıq da yaranmayıb. Onu məsciddə yuyanda anam da orada olub, Gülabatın arvadın qarnı yox imiş! Dərisi torba kimi sallanırmış..

Mənim yadıma qəbristanlıqdakı tənha məzar düşdü. Arvadlar ona “pir” deyidilər, ətrafında o qədər şam yandırmışdılar ki, başdaşı qapqara qaralmışdı. Hamilə olmayan qadınlar nəyə görəsə inanırdılar ki, o tənha məzara tapınanların mütləq uşağı olur.

- Bəs qoca kişinin axırı necə oldu? - Biz artıq şəhərin işığı Allahın ümidinə qalmış küçələri ilə addımlayırdıq.

- Qocanı bu yaxınlarda gördüm. İndi o qoca yox, yaşlı kişidi. Gümrahlaşıb, elə bil xeyli cavanlaşıb. Mənə təzə çıxmış süd dişlərini göstərdi.

Bilirsən, niyə avtobusun partlamasında erməniləri günahlandırırdılar? Sən demə, qocanın sünnəti olmayıbmış, sonradan həkimin arayışına baxanda məlum olub ki, qocanın heç göbəyi də düşməyibmiş... Onun cavanlığını sən yəqin ki, görəcəksən. Mən isə...

Dostum başını arxaya tərəf əyib ulduzların adlarını bir-bir saymağa başladı.

- Bilirsən, 1988-ci ildə planetlərin düzümü idi. Mən xəstələnən gün, avtobus qəzaya düşən gün onlar bir-birinin ardınca düzülmüşdülər. Bir də ehh, nə vaxt düzüləcəklər... Mən gedim, gecdi, gecən xeyrə qalsın.

- Xeyrə qənşər...-Dayanıb siqaret közərtisinin gözdən itməsinədək Sakitin arxasınca baxdım və ömrümdə ilk dəfə ulduzlara qorxu qarışıq maraqla tamaşa etməyə başladım...

Bir də nə vaxt düzüləcəklər? Onu niyə aparmalıymışlar? 99-cu ildə nə ola bilər? Sonra da iki sıfırlı il gəlir. Onda nə baş verəcək ?

Beynimdə cavabsız suallar dolaşmağa başladı. Deyəsən, inanmışdım. Nə bilmək olar. Bəlkə də həqiqəti danışırdı...

Sabah dostumdan soruşmaq lazımdır...

Amma mənə elə gəlirdi ki, sabah gec ola bilər...

Gərək indi soruşa idim.

90-cı illərin əvvəli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG