Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:21

Rusiya viza oyunu oynayır?


Gürcüstan-Rusiya sərhədində nəzarət-buraxılış məntəqəsi.

Gürcüstan-Rusiya sərhədində nəzarət-buraxılış məntəqəsi.

-

Noyabrın 19-da Praqada Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abashidze ilə Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin-in növbəti görüşü baş tutub. Onların müzakirə etdiyi başlıca məsələlərdən biri Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi olub. Hərçənd hələlik ortalıqda razılaşma yoxdur.

Baş nazirin Rusiyayla münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Abashidze Praqaya yollanmazdan öncə bəyan etmişdi ki, Moskvanın viza rejimini sadələşdirməyə hazır olmasıyla bağlı müəyyən eyhamlar, işarələr var. O, Rusiyanın nəyi nəzərdə tutduğunu gözdən keçirəcəyinə söz vermişdi.

KARASIN: «BU, ASAN MƏSƏLƏ DEYİL, ANCAQ...»

Məsələ müzakirə edilsə də, Praqadan anlaşmayla bağlı soraq gəlmədi. Ən azı gürcü jurnalistləri rus diplomatının dilindən bu mövzuda konkret nəsə eşitmədilər. O, Gürcüstanın Birinci kanalının kamerasına bunları söyləyib: «Biz Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi üzərində işləyirik. Belə deyək, bu gün Avropada və Yaxın Şərqdə baş verənləri nəzərə alanda, bu, sadə məsələ deyil. Ancaq düşünürəm ki, bu məsələnin perspektivi var. Son iki ildə Rusiya və Gürcüstanın ictimai təşkilatları, tələbələr və alimlər arasında təmaslar artıb. Bu, çox yaxşıdır, insanların ən müxtəlif məsələləri, o cümlədən bizim bəlli səbəblərdən üstündən keçdiyimiz ən mürəkkəb məsələləri belə müzakirə etmək imkanı yaranıb».

Grigory Karasin və Zurab Abashidze Praqa danışıqlarından sonra.

Grigory Karasin və Zurab Abashidze Praqa danışıqlarından sonra.

GÜRCÜSTAN İSRAR ETMƏYƏCƏK

Zurab Abashidze isə Gürcüstanın bu məsələnin həllində israr etməyəcəyinə də işarə vurub. O, hazırda Tbilisidə Avropa Birliyinə üzv ölkələrə viza rejiminin ləğvi üzərində iş getdiyini də bildirib.

Gürcü politoloqu Vazha Beridze Rusiyanın viza məsələsi ilə bağlı mövqeyini «aydın olmayan və qeyri-adekvat» adlandırır.

O istisna etmir ki, viza rejiminin sadələşdirilməsi dövlətlərarası münasibətlərdə bəzi məsələlərin nizamlanmasına da yol aça bilər.

«Gürcüstanın milli maraqlarından çıxış edəndə, bizim qərbyönümlü kursumuz dəyişməz, davamlı və intensiv qalmalıdır. Elə etməliyik ki, Rusiya ilə münasibətlərin normallaşması bizim başlıca inteqrasiya prosesimizə mane olmasın. Düşünürəm ki, prinsipcə, bu mümkündür. Ondan da artığı, hesab edirəm ki, Rusiya ilə münasibətlərin düzəlməsi bütünlükdə avroatlantik inteqrasiya prosesində müsbət şəkildə əksini tapmalıdır. Ancaq qeyd etmək lazımdır ki, Gürcüstanda Rusiya ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı birmənalı rəy yoxdur. Misal üçün, bəzi siyasi qüvvələr, xüsusən də qərbyönümlü «Vahid Milli Hərəkat», təəccüblü də olsa, bu məsələdə Moskva ilə eyni mövqeni sərgiləyir və indiki mərhələdə viza rejiminin sadələşdirilməsi yönündə konkret addımlar atılmasının əleyhinə çıxırlar», - politoloq deyir.

Gürcüstan bayrağı.

Gürcüstan bayrağı.

«ETİBARSIZ QONŞUYLA YAXINLAŞMAĞA EHTİYAC YOXDUR»

Gürcüstanda heç də hamı əmin deyil ki, iki ölkə arasında viza sisteminin ləğvi və ya onun alınma prosedurunun sadələşdirilməsi ölkənin xeyrinə olacaq. Gürcü politoloq Irakli Tskitishvili hesab edir ki, Rusiya etibarsız və qeyri-sabit qonşudur və onunla çox yaxınlaşmağa ehtiyac yoxdur. Bundan başqa, o, Moskvanın viza sistemini ləğv edəcəyinə inanmır.

«Viza rejimi Rusiyanın sırf siyasi məqsədlə ortaya atdığı mövzudur. Moskva, sadəcə, bizim cəmiyyətimizin Rusiya ilə münasibət qurmağa hazırlığımızı və bu münasibətlərin keyfiyyətini yoxlayır. Düşünmürəm ki, viza tam ləğv olunacaq. Rusiyanın maksimum edəcəyi Gürcüstanın bir və ya iki kateqoriyadan olan vətəndaşları üçün viza rejimini sadələşdirmək olacaq. Ona görə də bu proses gürcü tərəfi üçün elə bir önəm kəsb edə bilməz. Bu, Gürcüstan tərəfin təklifi deyil, düşünmürəm ki, məhz Tbilisi Moskvadan viza rejiminin ləğvini xahiş edir. Mən daha çox əminəm ki, bu, Rusiya ilə nəsə siyasi bir oyundur», - deyir Tskitishvili.

Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksei Pushkov bu haqda danışarkən deyib ki, onda viza sisteminin ləğvi və ya sərhədi keçmək prosedurunun sadələşdirilməsi ilə bağlı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG