Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

- "Məmur bərk utandı; sonra özünün eybəcər bədənini, qurşağından aşağıya sallanan piy qatlarını xatırlayıb xəcalət çəkməyə başladı. O, ölülərin bədənini qadınların yuduğunu bilirdi."

LEONİD ANDREYEV

(1871-1919)

ƏBƏDİ DİNCLİK

Yaşamağı ürəkdən sevən adlı-sanlı bir ağa,–böyük rütbəli qoca məmur ölürdü. Ölmək ona yaman ağır gəlirdi: o, Allaha inanmırdı, nə üçün öldüyünü anlaya bilmirdi, elə bütün bunlara görə də, qorxudan ağlını itirmişdi. Onun necə əzab çəkdiyinə baxmaq çox qorxunc idi.

Ölüm ayağında olan bu böyük məmur çox zəngin və maraqlı bir ömür sürmüşdü, onun ürəyi və düşüncəsi, dinclik nə olduğunu bilmədən, istədikləri bütün həzzlərə çatmışdılar.

İndi isə ürəyi də, düşüncəsi də, yorulmuşdu və yaşamaqdan bezən bədəni yavaş-yavaş soyumaqda idi. Doymuş gözləri gözəlliyə baxa bilməyəcək dərəcədə yorulmuşdu; qulaqları heç nə eşitmirdi, keyimiş ürəyi isə hər hansı bir sevinci duymaq qabiliyyətini itirmişdi.

Bu böyük məmur keçmişlərdə ölümlə bağlı düşüncələrə dalıb əylənməyi sevərdi: heç olmasa biraz dincələrəm,–əl öpməklərdən, təzim eləməklərdən, məruzə dinləməklərdən canım qurtarar–deyə, ləzzətlə düşünərdi. Hə, o ölümdən uzaq olanda belə düşünərdi... indi isə, ölüm yatağına düşəndən sonra, ölmək ona dözülməz dərəcədə əzablı və bütün varlığını sarsıdacaq qədər qorxunc görünürdü.

O, biraz da yaşamaq istəyərək düşünürdü: lap azacıq, heç olmasa gələn bazar ertəsinə kimi, ya da barı çərşənbə, ya da cümə axşamına kimi yaşamaq nə yaxşı olardı.

Baxmayaraq, həftədə vur-tut yeddi gün vardır, bunlar: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, şənbə və bazardır, ancaq necə qəribə də olsa, o həftənin hansı günündə can verdiyini bilmədən ölürdü.

Bax, elə həftənin hansı günü olduğu bilinməyən həmən o gündə şeytan ölən məmurun yanına gəlmişdi, bu, çoxsaylı sıravi şeytanlardan biri idi.

O, evə ruhani qiyafəsində girmişdi, əlində tüstülənən buxurdan, bir də yanan şam tutmuşdu, hamı onu ruhani kimi görsə də, yalnız ölən məmur şeytanı olduğu kimi görməkdə idi.

Dantenin "İlahi komediya" əsəri əsasında çəkilmiş "Inferno" filmindən

Dantenin "İlahi komediya" əsəri əsasında çəkilmiş "Inferno" filmindən

Məmur şeytanın buraya gəlişinin boş yerə olmadığını o dəqiqə anladı və buna sevindi:

şeytan varsa, onda biryolluq ölüb yoxluğa gömülmək də yoxdur, deməli, ölümsüzlük deyilən bir şey də vardır.

Yox, lap birdən ölümsüzlük olmasa da, hər halda öz ruhunu əlverişli qiymətə satıb ömrünü biraz da olsa uzada bilməyə imkan vardır. Bunun belə olduğu bəlli idi və şeytanı görəndə diksinməyi də, ən çox buna görə idi.

Ancaq şeytanın üzündən yorğunluq və narazılıq yağırdı, o uzun müddət susub qaldı, ayaq üstə dayanıb durdu, yanlış bir ünvana gəlibmiş kimi, üzünü turşudub ikrah duyulan baxışları ilə yan-yörəni süzməyə başladı.

Şeytanın bu görünüşü məmuru üşəndirdi və o tələsik, şeytana oturmaq üçün yer göstərdi; ancaq oturandan sonra da, şeytanın üz-gözündən zəhrimar yağırdı və o susub üzünü qırışdırır, yanyörəsinə çimçəşirmiş kimi baxırdı.

“Demək, onlar belə olurmuş,–deyə, məmur indiyədək gördüyü yadellilərin hamısından daha çox qəribə görünən şeytana baxıb düşündü. –Nə yaman iyrənc üzü var bunun, İlahi! Mənə elə gəlir, onu heç yaşadığı yerlərdə də gözəl saymırlar”.

Belə düşünsə də, ancaq, yarınmaq duyulan bir səslə dilləndi:

–Mən sizi başqa cür təsəvvür eləyirdim.

–Nə?–şeytan ikrahla üzünü qırışdırıb soruşdu.

–Belə olduğunuzu düşünmürdüm.

–Bunun əhəmiyyəti yoxdur.

İlk görüşdə hamı onunla belə danışmağa başladığından, bu sözləri dönə-dönə eşitmək artıq şeytanı büsbütün bezdirmişdi.

Məmur isə düşünürdü: “Görəsən, onu çaya, yaxud çaxıra qonaq eləyimmi?–ancaq bunun ağzının quruluşuna baxıram, deyəsən, o heç nə içə bilməz”.

–Bax belə, demək, siz də öldünüz...–deyə, şeytan darıxdırıcı və üzgün bir səslə sözə başladı.

–Siz nə danışırsınız!–şeytanın sözündən qanı qaralmış və qorxuya düşmüş məmur dilləndi.–Mən hələ ölməmişəm.

–Siz belə sözləri bu işdən başı çıxmayan başqa birisinə deyərsiniz,–şeytan laqeydcəsinə mırıldanıb sözünə davam elədi: –Bax, siz öldünüz... indi biz nə eləyək? Bu çox ciddi bir məsələdir və gərək bu işi yoluna qoyaq.

–Yəni, mən doğrudanmı ölmüşəm?–böyük rütbəli məmur qorxu içində soruşdu.–Biz axı... danışırıq.

–Siz, haranısa təftiş eləməyə gedəndə vaqona birbaşa minmirsiniz ha! Öncə stansiyada oturub qatarın gəlişini gözləyirsiniz, elə deyilmi?

–Demək, mən indi stansiyadayam.

–Elədir. Sizcə, başqa harada olmalıydınız?

–Anlayıram, anlayıram. Demək, bu artıq mən deyiləm. Elə isə mənim özüm hanı, daha doğrusu, mənim bədənim indi haradadır?

Şeytan başını qeyri-müəyyən bir tərzdə buladı:

–Buradan bir azca aralıda. İndi sizin bədəninizi isti su ilə yuyurlar.

Məmur bərk utandı; sonra özünün eybəcər bədənini, qurşağından aşağıya sallanan piy qatlarını xatırlayıb xəcalət çəkməyə başladı. O, ölülərin bədənini qadınların yuduğunu bilirdi.

–Çox axmaq bir adətdir bu,–məmur acıqla dilləndi.

–Necə olsa da, bu, siz insanların adətidir, burada mənlik bir iş yoxdur,–şeytan dilləndi.–İndi isə, sizdən məsələnizin həllinə keçməyi xahiş eləyirəm, vaxtımız çox azdır. Özü də siz çox tez iylənib xarab olursunuz.

–Bunu hansı anlamda deyirsiniz?–məmuru soyuq tər basdı.–Yəni, birbaşa anlamdamı?

–Elədir. Sizcə, bu daha hansı anlamda ola bilərdi?–şeytan acı bir istehza ilə onu ələ salmağa başladı.–Bağışlayın, ancaq sözün düzü, sizin yersiz suallarınız məni bezdirir. İndi isə, buyurun, danışdıqlarımı diqqətlə dinləyin, mən dediyimi bir də təkrar eləməyəcəyəm.

Beləliklə də, şeytan çox darıxdırıcı ifadələrlə və bezikdirici bir səslə danışmağa başlayıb–görünür, hər dəfə ölənlər üçün bu sözləri dönə-dönə təkararlaması artıq onun canını boğazına yığmışdı,–aşağıdakıları anlatdı.

Qoca, çox böyük rütbəli və artıq ölmüş məmurun qarşısında iki yol vardı: ya biryolluq ölümü seçməli idi, ya da istəsə, xüsusi, biraz qəribə, hətta, şübhəli görünən yaşamağı seçə bilərdi. Birdən o, birinci yolu, yəni ölümü seçsəydi, onda əbədi yoxluğa, susqunluğa və boşluğa gömüləcəkdi...

“İlahi, bu birinci yolu seçmək çox qorxunc olardı, mən elə həmişə ondan da qorxurdum” –deyə məmur düşündü.

–Əbədi və heç vaxt pozulmayan bir dinclik...–deyə, şeytan indiyədək heç yerdə görmədiyi bəzəkli tavana maraqla baxıb, sözünə davam elədi.–Birinci yolu seçsəniz, siz, izsiz-soraqsız yox olacaqsınız, sizin varlığınız həmişəlik bitəcək, bir də heç vaxt danışa, düşünə, arzulaya, sevinci və ağrını duya bilməyəcəksiniz, bir də heç vaxt “mən” sözünü deyə bilməyəcəksiniz,–büsbütün yox olacaq, sönəcək, bitəcəksiniz, başa düşürsünüzmü, siz, bununla da heçliyə gömüləcəksiniz, heç nə olacaqsınız...

–Yox, yox, istəmirəm!–məmur qışqırdı.

–Yaxşı düşünün, bununla siz əbədi dincliyə qovuşacaqsınız,–deyə, şeytan öyüdverici bir tərzdə dedi.–Bilirsinizmi, bu heç də pis deyil. Bundan yaxşı bir dincliyi nə qədər düşünsəniz də tapa bilməzsiniz.

–Yox, mən dinclik istəmirəm,–məmur qətiyyət duyulan bir səslə dedi, ancaq ölmüş ürəyində özünə yer eləmiş yorğunluq ölü bir yalvarışla, ara vermədən deyirdi: “Mənə dinclik verin, dinclik, dinclik...”

Şeytan qıllı çiyinlərini çəkib, moda dükanında güclü alver olan günün sonunda satıcının danışdığı sayaq, üzgün bir səslə dilləndi:

–Başqa bir yandan, mən sizə əbədi həyat da təklif eləyə bilərəm.

–Əbədi?

–Elədir. Ancaq cəhənnəmdə. Düzdür, bu sizin istədiyiniz həyat olmayacaq, ancaq yenə də həyatdır da. Sizin orada bir sıra əyləncələriniz də olacaq, maraqlı tanışlar tapacaqsınız, danışmağa kimlərsə olacaq, ən başlıcası, öz “məninizi” əbədi olaraq saxlaya biləcəksiniz. Siz əbədi yaşayacaqsınız.

–Həm də əbədi olaraq əzab çəkəcəyəm, eləmi?–insan qorxa-qorxa soruşdu.

–Siz, əzab nəyə deyirsiniz?–şeytan çimçəşircəsinə üzünü bürüşdürüb soruşdu.–Bu, ancaq öyrəşənə kimi qorxunc olur. Onu da sizə deyim, düzdür, bizdə də şikayətçilər olur, ancaq onların şikayəti də elə öyrəşdikləri şeylərlə bağlı olur.

–Sizdə, orada, çoxmu adam var?

Şeytan gözlərini qıyıb qımışdı:

–Adama nə gəlib. Hə, axı öyrəşməkdən danışırdım. Bununla bağlı, bu yaxınlarda bizdə böyük şuluqluqlar oldu: adamlar yeni növlü əzablar tələb eləyirdilər. Ancaq onları haradan tapasan? Bunlar isə qışqırırlar: bu, şablon, adi əzablardan bezmişik, bizə yenisini verin...

–Bu, çox böyük bir anlamazlıqdır, məncə!–məmur dedi.

–Elədir, ancaq gəl indi bunu onlara başa sal. Bizim xoşbəxtliyimizdən...

Söz bu yerə çatanda şeytan indi adını çəkəcəyi şəxsə sayğısını bildirmək üçün ayağa qalxıb üzünə çox alçaldıcı bir görkəm verdi; məmur da, hər ehtimala qarşı üzünü onun kimi yaltaq bir şəklə saldı.

–Bizim ustadımız bu günahkarlara belə bir təklif elədi: buyurun, öz-özünüzə əzab verin. Bizim verdiyimiz əzabları bəyənmirsinizsə, onda buyurun, özünüz-özünüzü incidin!

–Necə deyərlər, özünüidarə.–məmur kinayə ilə dilləndi.

Şeytan yerində oturaraq güldü:

–Hə, indi onlar da neçə vaxtdır, baş sındırıb düşünürlər. Yaxşı, qayıdaq sizin məsələnizə, nə deyirsiniz? Gərək bu işi tezliklə yoluna qoyaq.

Məmur fikrə getdi, o indi, iyrənc üzünə baxmayaraq, şeytana öz doğma qardaşı kimi ürək qızdırırdı və üzünü ona tutub soruşdu:

–Siz, hansı yolu məsləhət bilərdiniz?

Şeytan qaşqabağını tökdü:

–Yox, gəlin belə eləməyin. Burada mənlik heç nə yoxdur.

–Yox, mən cəhənnəmə düşmək istəmirəm!

–İstəmirsiniz, çox yaxşı. Onda bu kağıza qol çəkin.

Şeytan məmurun qarşısına bir kağız qoydu, bu vacib bir sənəddən çox, burun dəsmalına bənzəyən olduqca kirli, əzik-üzük bir kağız idi.

–Bax, buradan qol çəkin,–o caynağı ilə kağızın bir yerini göstərdi, sonra, məmurun çaşdığını görüb dedi: –Yox, yox, cəhənnəmə getmək istəsəniz oraya qol çəkin. Ölümü istəyirsənizsə, bax onda bura qol çəkməlisiniz.

Məmur qələmi biraz əlində saxladı, sonra köks ötürərək onu qırağa qoydu.

–Sizə asan gəlir,–o, tənə ilə dedi.–Mənim nə çəkdiyimi düşünmürsünüz. Zəhmət olmasa deyin görək, sizdə işgəncəni başlıca olaraq nə ilə verirlər? Odlamı?

–Odla da olur,–şeytan soyuqqanlıqla cavab verdi.–Hə, ancaq bizdə bayram günləri də olur.

–Nə danışırsınız!–məmur sevinclə dilləndi.

-Elədir. Bazar günlərində və müəyyən olunmuş bir sıra başqa günlərdə istirahət də verilir; şənbə günləri,–şeytan bu yerə çatanda uzun-uzadı əsnədi,–məşğələlər saat ondan onikiyə kimi olur.

–Nə yaxşı. Bəs, Milad bayramı necə?..

–Miladla Pasxada üç gün istirahət verilir, hə, bir də yayda bir ay tətil olur.

–Bəh, bəh!–məmur bərk sevindi.–Buna hətta, humanistlik də demək olar. Bu, mənim üçün gözlənilməz oldu! Yaxşı, birdən... xəstə olmağın haqqında ərizə yazsan necə, bununla nəyəsə ümid eləmək olarmı?

Şeytan uzun-uzadı, qınayıcı bir baxışla məmuru süzüb dedi:

–Belə axmaq fikirləri başınızdan çıxarıb atın.

İllüstrasiya. Krım qaçqınları Lvovda "Cəhənnəm" adlı kafe açıblar

İllüstrasiya. Krım qaçqınları Lvovda "Cəhənnəm" adlı kafe açıblar

Məmur utandı; elə şeytan da yüngülcə utanmış kimi görünürdü.

Sonra şeytan köks ötürüb göz qapaqlarını yumdu.

Ona baxanda adama elə gəlirdi, o ya bugün yuxudan yarımçıq durub, ya da bu, ölən məmurla yoxluq və ölümsüzlüklə bağlı elədiyi söhbət onu artıq bezdirib.

Şeytanın sağ qıçını örtən sıx qəzilin üstündə bir parça qurumuş palçıq gözə dəyirdi.

“Bu palçıq haradan onun qıçına yapışıb görəsən?–deyə, məmur düşündü.–Təmizləməyə də ərinir”.

–Belə. Demək, yoxluq,–insan dalğınlıqla dilləndi.

–Yoxluq,–şeytan gözlərini açmadan, onun sözlərini əks-səda kimi təkrarladı.

–Ya da, əbədi həyat.

Ölmüş məmur çox uzun çəkən bir düşüncəyə daldı. Artıq, onun ölü duasını oxuyub qurtarmışdılar, ancaq o hələ də düşünürdü.

Ölünü basdırmaq üçün toplaşanlardan soruşan olsaydı: onun yasdığın üzərində uyuyan qeyri-adi dərəcədə zəhmli və ciddi üzünə baxanlardan heç biri, indi bu anlarda onun soyuyub buza dönmüş kəlləsində hansı əcaib yuxuların dolaşdığını deyə bilməzdi.

Bu, kimin ağlına gələ bilərdi? Onun başı üstündəki şeytanı da görən yox idi. Sonuncu buxurdan da tüstülənib söndü, yanyörəyə sönmüş mum şamların qoxusu, bir də nəliyi bəlli olmayan başqa bir iy yayılmışdı.

–Əbədi həyat,–şeytan gözlərini açmadan, dalğınlıq içində təkrar elədi.–İndi gəl buna əbədi həyatın nə demək olduğunu anlat görüm; deyir, sən, pis anladırsan–bu axmağa bunu necə anladasan, dediyin sözlər onun küt beyninə batacaqmı?

–Siz, bunu mənim üçünmü deyirsiniz?–məmur ümid duyulan bir səslə soruşdu.

–Ümumiyyətlə deyirəm. Mən balaca adamam, gördüyüm iş də kiçik sayılır, ancaq işə başlayanda elə böyük problemlər çıxır...

Şeytan dilxorçuluqla başını yellədi. Məmur da onun halına yanırmış kimi başını yırğalayıb dedi:

–Mən deyəsən sizin qanınınızı yaman qaraltdım, birdən mən indi özüm...

–Sizdən çox xahiş eləyirəm, mənim şəxsi həyatıma qarışmayın,–şeytan özündən çıxdı,–mən başa düşə bilmirəm, burada şeytan kimdir: mənəm, yoxsa siz? Sizə sula verirlər, siz də konkret cavab verin: ölüm, yoxsa həyat?

Məmur yenə dərin düşüncələrə daldı. Bu məsələni necə həll eləməyi heç cür kəsdirə bilmirdi. Beyni hər ötən saniyədə getdikcə daha da çox korlandığındanmı, yoxsa anadangəlmə kütbeyinliyindənmi, o getdikcə daha çox əbədi həyatı seçməyə yönəlirdi.

“Əzab çəkmək nə deməkdir?–deyə, o düşünürdü.–Yoxsa, onun indiyədək yaşadığı həyat əzab deyildi? Buna baxmayaraq, yaşamaq necə də gözəl idi.

Əzab çəkmək qorxunc deyil, qorxunc olan ürəyin onlara qarşı dözümsüzlüyüdür. Ürək bu əzablara dözmür və dinclik, dinclik, yenə də dinclik... istəyir”

...Məmur qarşısına qoyulan suallara cavab axtramaqda ikən artıq onun cənazəsini qəbirastanlığa aparmağa başlamışdılar. Onun ölü duasını rəis işlədiyi departementin yaxınlığında oxumuşdular.

Yağış yağırdı, hamı çətir tutmuşdu, çətirlərdən süzülən yağış suyu səkiyə tökülüb axırdı. İslanmış səki parıldayırdı və xəfif külək onun üstündəki gölməçələri ləpələndirirdi.

“Axı ürək heç sevinclərə də dözümlü deyil,–bu dəfə məmur yoxluğu seçməyə yönələrək düşündü.–o sevinclərdən də yorulur və dinclik, dinclik, yenə də dinclik istəyir. Görəsən, təkcə mənimmi ürəyim belə tabsızdır, yoxsa bu elə hamının alnına yazılıb?

Ancaq sözün düzü, mən yaman yorulmuşam, ah nə yaman yorulmuşam” Birdən o, bu yaxınlarda baş verən bir olayı xatırladı.

Bu, hələ xəstələnməmişdən qabaq olmuşdu. Evinə çoxlu qonaqlar yığışmışdı və o hamıyla çox böyük hörmətlə, gülərüz, dostyana davranırdı.

Şən keçən məclisdə çox gülmüşdülər, ən çox da o, gözləri yaşaranadək gülmüşdü.

Qonaqlığın şirin yerində o, özünün necə də xoşbəxt olduğunu düşünməyə macal tapmamış, birdən hansısa bir qüvvə onu yalqızlığa sürükləməyə başlamışdı.

Ancaq o, yalqızlığa qapılmaq üçün nə kabinetinə, nə də yataq otağına çəkilmişdi, adlı-sanlı məmur o anda, nədənsə, adamların təbii ehtiyaclarını ödədikləri yerə girərək, böyüklərin cəza verəcəyindən qaçan bir uşaq sayağı, orada gizlənmişdi.

Bax onda, o yalqızlıq içində bir neçə dəqiqə vaxt keçirmişdi və demək olar, yorğunluqdan nəfəs almağa belə heyi olmadan bədənini və ruhunu bir anlığına ölümün ixtiyarına vermişdi, bu anlarda onun bu susqunluğu yalnız tabutda olan adamların durumuna bənzəmişdi.

–Siz, gərək tələsəsiniz,–qaşqabağını tökmüş şeytan dilləndi.–Tezliklə hər şey sona yetəcək.

Şeytanın dediyi bu: “sona yetmək” deyimi heç yerinə düşmədi. Artıq ölümə təslim olmaq istəyən məmur bu sözü eşitcək, onda yaşamaq həvəsi yenidən baş qaldırdı və yaşamağa olan yanğısı köksündən qopan inlitili bir çığırtı ilə üzə çıxdı.

Aydınlaşmaq üzrə olan düşüncələri yenidən dolaşığa düşdü və məmur bu çətin məsələnin həllini taleyin ümidinə buraxmağı kəsdirdi.

–Bu kağıza gözüyumulu qol çəkmək olarmı?–məmur qorxa-qorxa şeytandan soruşdu.

Şeytan gözlərini qıyıb ona baxdı, başını yırğalayıb dedi:

–Əhəmiyyəti yoxdur.

Görünür, bayaqdan uzanan bu sorğu-suallar onu bərk bezdirmişdi–o, biraz düşündü, köksünü ötürdü və yenidən, əhəmiyyətli bir sənəddən çox burun dəsmalına oxşayan əzik-üzük kağızı məmurun qarşısına qoydu.

Məmur qələmi əlinə götürüb mürəkkəbə batırdı, sonra onu bir neçə dəfə silkib artıq mürəkkəbi qələmdana boşaltdı, gözlərini yumdu, barmağı ilə qol çəkəcəyi yeri tapdı və... qol çəkib qurtaran anda dözə bilməyib gözünün birini açaraq hansı maddəyə qol çəkdiyinə baxdı. Elə o andaca qışqırıb qələmi qırağa tulladı:

–Ah, mən nə etdim!–məmurun köksündən iniltili bir hıçqırıq qopdu.

Şeytan, sanasan, əks-səda kimi onun dediyini yamsıladı:

–Ah!

Onun ardınca divarlar və tavan da, ah çəkib inildədilər və yeriyərək, məmurun üstünə gəlməyə başladılar. Şeytan gülməkdən uğunaraq çıxıb getdi. O uzaqlaşdıqca, qəhqəhəsi boşluğa yayılaraq qorxunc bir uğultuya çevrilirdi.

...Bu vaxt artıq məmurun tabutunu qəbirə qoyub üstünü torpaqlayırdılar. İslaq torpaq yapışqanlanıb kəsəkləşdiyindən, tabutun üstünə töküldükcə gurultulu bir səs qoparırdı, üstünə tökülən torpağın yaratdığı tappıltını eşitdikcə, adama elə gəlirdi, tabut bomboşdur, onun içində heç kim, hətta mərhumun cənazəsi belə yoxdur.

Rus dilindən Araz Gündüz çevirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG