Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16

-

Uzun illər Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmış Bayram İsmayılov Cinayət Axtarış İdarəsinin müvəkkili kimi 1991-ci il 20 noyabrda vurulan helikopteri görənlərdən olub. O, müşahidələrini «Təzadlar»a danışıb:

«Hadisə yerində vertolyot yanmış vəziyyətdə idi və onun bəzi hissələri ətrafa səpilmişdi... Qanadlarında isə iriçaplı silahdan atılmış güllə yerləri aydın görünürdü... Vertolyotda olmuş insanlar yanmış halda bir-birinin yanına və üstünə qalaqlanmışdılar. Tofiq İsmayılov və vertolyotu idarə edən vertolyotçu isə təpənin maili hissəsində, vertolyotdan təxminən 6-7 addım aralıda ölmüş vəziyyətdə yerə uzanmışdılar...Onların bədəni üzərində heç bir yanıq izi yox idi, mən bunu dəqiq deyirəm, yəni özüm görmüşəm... Allah rəhmət eləsin, Tofiq İsmayılovun gözləri açıq idi... Mən onun gözlərində dəhşətli bir ölümün sözlə ifadə edilməz izlərini gördüm. Dəqiq yadımdadır, Polyaniçko gedib İsmət Qayıbovun qarşısında təxminən 5 dəqiqə dayanıb ona baxdı... Maraqlıdır ki, o, yalnız İsmət Qayıbovun yanında dayandı, sonra kənara çəkildi».

Bayram İsmayılov daha bir müşahidəsini də bölüşür: «Mən olan fakt və maddi sübutlardan, gördüklərimdən, söhbətlərdən belə başa düşürdüm ki, orda baş nazirin müavini Zülfi Hacıyevin cəsədi yanan meyitlərin arasından yoxdur. Özüm də görmədim... Eyni zamanda Məhəmməd Əsədovun (daxili işlər naziri - red.) meyiti. Həmçinin jurnalist Alı Mustafayevin, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vəli Məmmədovun...».

Bayram İsmayılov deyir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Qüdrət Paşayev baş hissəsi yanmış bir nəfərin üzərində dayanıb ki, bu, Məhəmməd Əsədovdur. «Orda bildirdilər ki, onlar M.Əsədovu yanmış kəmərinə görə belə deyiblər, yəni onu kəmərinə görə tanıyıblar... Ümumiyyətlə, onların ölüm faktı olduqca müəmmalıdır... Hətta meyitlərin bəziləri tanınırdı, bəziləri tanınmırdı. Məsələn, İsmət Qayıbov tanınırdı, amma yanmış vəziyyətdə idi, bilinirdi ki, odur... Adamların dəqiq sayına gəldikdə, mənim dəqiq yadımdadır, orda cəmi 19 meyit var idi» - söyləyir sabiq DİN əməkdaşı.

ABŞ bayrağı.

ABŞ bayrağı.

ABŞ-LA MÜNASİBƏTLƏR DÜZƏLİR

«ABŞ Azərbaycanla münasibətləri düzəldir», - «Yeni Müsavat» belə yazır.

İki gündür ABŞ-ın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə ABŞ-ın «Baxter», «Bloomberg LP», «Capstone Turbine», «Dow», «Honeywell», «Globalise», «Langan», «Miyamoto International», «Osisoft», P&G, «Thomson Reuters», «Turner International», «Wayback’s Burgers», «WSP/Parsons Brinkherhoff» kimi şirkətlərin prezidentləri və ya təmsilçiləri daxildir.

Qəzet yazır ki, son 7 ildə ilk dəfədir ABŞ-dan Azərbaycana belə böyük tərkibdə iş adamlarından ibarət nümayəndə heyəti gəlir və bu da son dövrlər Azərbaycan-ABŞ münasibətlərindəki soyuqluğun aradan qalxmaqda olduğu mənzərəsini yaradır.

Qəzetə danışan «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dövlət başçısı İlham Əliyevin Antalyada keçirilən G-20 sammitindəki çıxışına diqqət çəkir: «İlham Əliyev Barack Obama-ya minnətdarlıq etdi və dedi ki, 1990-cı illərin ortalarında ABŞ-ın Bakıya dəstəyi olmasaydı, Azərbaycan böyük layihələri reallaşdıra bilməzdi. Söhbət 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi»ndən və Bakı-Tbilisi-Ceyhan layihəsindən gedir ki, Amerika da bu layihələrdə bizə çox böyük siyasi dəstək verdi. Azərbaycana Rusiyadan böyük təzyiqlər var idi. Bu təzyiqləri məhz ABŞ neytrallaşdırdı. İlham Əliyev bunu mötəbər tribunadan bir daha xatırlatmaqla Amerikaya təşəkkürünü bildirdi. Həmin sammitdə Rusiya prezidenti də iştirak edirdi. Azərbaycan prezidenti çıxışı zamanı bircə dəfə də olsun bu məsələlərdə Rusiyaya minnətdar olduğunu bildirmədi. Çünki bu məsələlərdə Rusiya bizə dəstək olmayıb, əksinə, mane olmağa çalışırdı. Ona görə də hətta İlham Əliyev də Amerikanın Azərbaycana dəstək verdiyini etiraf etmiş oldu. Bunun ardınca da ABŞ-dan Azərbaycana ciddi bir nümayəndə heyəti gəlib».

Ekspertə görə, anti-İŞİD koalisiyası yaradılacağı halda ABŞ Azərbaycanın orda iştirakını istəyə bilər.

İstilik.

İstilik.

76 MİLYON HAVAYA SOVRULUB

««Azəristiliktəchizat»da 76 milyon havaya sovrulub», - «Bizim Yol» araşdırır.

Qəzet yazır ki, «Azəristiliktəchizat» yaşayış binalarında istilik sistemlərinin əsaslı təmirinə bir ildə - 2010-cu ildə 4 milyon 824 min 128 manat xərcləyib.

İki il sonra isə ASC-nin 20 milyon manatı 74 tenderdə sərf etdiyi bildirilir: «Bu vəsaitin təkcə 17 milyon 312 min 700 manatının yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına getdiyi iddia olunur. Həmin işlər üzrə bütün pullar da yalnız bir şirkətə - «HTM Holdinq» MMC-yə verilib. Şirkət bu işləri 11 tenderdə qazanıb, 361 min 600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332 min 211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib.30 tenderi də layihələndirməni həyata keçirən «İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi» MMC «udub». Əsaslı təmir və yenilənməyə bir ildə 17 min 644 min 911 manat pul xərclənib».

Bir çox rəqəmləri sadalayan qəzet hesab edir ki, «Azəriqaz» qurumdan borcunu tələb etməkdə haqlıdır: ««Azəristiliktəchizat» ASC-nin yetərli qədər pulu var, vəsaitləri səmərəli xərcləsəydilər, cəmiyyətə borcunu ödəmiş olardı, indi vətəndaşlar da soyuqda qalmazdılar... Keçən il də qış boyu biz istilik almadıq, belə çıxır ki, o vaxt da borc söhbətinin «qurbanları» idik. Amma bir ziddiyyət var, rəqəmlər deyir ki, keçən il cəmiyyət qazlaşma üçün 524 min 500 manat pul xərcləyib».

Bəxtiyar Sadıqov.

Bəxtiyar Sadıqov.

BƏXTİYAR SADIQOV YUXARIDAN TƏLİMAT GÖZLƏYİR

«Azadlıq» yazır: «Bəxtiyar Sadıqov yuxarıdan təlimat gözləyir».

Qəzet son zamanlar hakimiyyət daxilində baş verənlərlə, xüsusən də keçmiş nazirlər Eldar Mahmudov və Əli Abbasov ətrafında gedən proseslərlə bağlı rəsmi mətbuatın susmasına diqqət çəkir: «Yəni, rəsmi şəkildə də vəzifəli şəxslərin ən ağır cinayətlər törətdiyi, quldurluqla məşğul olduğu təsdiqlənir. Amma hökumət mətbuatı bütün bu baş verənlərə göz yumur».

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov mətbuata açıqlamasında bu susqunluqlarına belə aydınlıq gətirib: ««Azərbaycan» qəzeti rəsmi dövlət qəzetidir və yalnız dövlət qurumlarından gələn rəsmi informasiyaları yayımlayır. Biz çox azsaylı mətbu orqanlarındanıq ki, yalnız faktlar yoxlanıldıqdan, dəqiqləşdirildikdən sonra və rəsmi qurumlar tərəfindən təsdiq olunduqdan, rəsmi kanalla bizə göndərildikdən sonra onları dərc edirik. Yəni, biz bununla bağlı müsahibələr alıb, rəylər öyrənə və həqiqətə uyğun olan-olmayan fikirləri dərc edə bilmərik».

«Azadlıq» hesab edir ki, Bəxtiyar Sadıqov bu dedikləriylə rəhbərlik etdiyi qəzetdə yalnız Prezident Administrasiyasından gələn sifariş əsasında işlədiyini etiraf edir: «Bəli, «Azərbaycan» qəzeti hələ barəsində məhkəmə hökmü olmayan adamlar haqqında şər-böhtan yazıları dərc edib. Müxalifət liderləri haqqında əsassız ittihamlar tirajlayıb. Dünyanın «vicdan məhbusu» kimi qəbul etdiyi adamlara «ermənipərəst», «vətən xaini» damğası vurub. Amma bütün bunları yazarkən araşdırma aparmaq, yoxlamaq, dəqiqləşdirmək heç kimin yadına düşməyib. Çünki, Bəxtiyar Sadıqovun dediyi kimi yuxarı kanallar bunu tələb edib.

İndi isə hökumət komandasının əsas üzvləri haqqında ağlagəlməz faktlar ortaya çıxıb, ölkənin təhlükəsizlik sisteminin quldur dəstə kimi fəaliyyət göstərdiyi məlum olub, dövlətin milyardları oğurlanıb və «Azərbaycan» qəzeti«zapiska» gözləyir. «Azərbaycan» adını daşıyan bir qəzetin Azərbaycanın taleyi ilə bağlı baş verənləri tirajlamaması biabırçılıqdır. Bunu pərdələmək üçün gətirilən arqumentlər isə dahabiabırçıdır».

Məcburi köçkün uşaqları.

Məcburi köçkün uşaqları.

300 MİN UŞAQ QAÇQIN

«Azərbaycan» qəzeti isə uşaqlardan yazır: «Uşaqlar ailənin və cəmiyyətin sevilənləridir».

«Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olub. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirib. Daha dəhşətlisi isə əsir aparılan, girov götürülən azərbaycanlı uşaqların orqanlarının çıxarılaraq, ömürlük şikəstə çevrilməsi faktlarının mövcudluğudur. Həmçinin aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülüb ömürlük fiziki və mənəvi cəhətdən şikəst edilib», - deyilir məqalədə.

Qəzet daha sonra Dağlıq Qarabağ münaqişəsi zamanı uşaqların hüquqlarının pozulmasından, öldürülməsindən yazır: «1994-cü ildə və 2011-ci il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində oyuncaqlara partlayıcı qurğu quraşdırmaqla 3 azyaşlı uşağın ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olmaq və 2011-ci ilin martında isə səkkiz yaşlını snayper atəşilə qətlə yetirmək göstərir ki, erməni tərəfi körpələri hədəfə almaqda israrlıdır. Acınacaqlısı isə odur ki, nəzərdə tutulan bu qeyri-insani taktika getdikcə intensivləşməkdədir. Mütəxəssislərin fikrincə, hüquqi aspektdən yanaşdıqda uşaqların hədəf seçilməsi beynəlxalq hüquqda hərbi cinayət kimi tövsif edilir. Çünki müharibənin qanunlarına görə, bu kimi vəhşiliklər yolverilməzdir», -yazır qəzet.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG