Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

AB Türkiyə ilə danışıqlara başlaya bilər


Türkiyədən qayıqla Yunanıstana gələn qaçqınlar, Oktyabr, 2015

Türkiyədən qayıqla Yunanıstana gələn qaçqınlar, Oktyabr, 2015

-

Bu il Avropa Birliyi liderləri Türkiyə ilə münasibətləri yenidən qurmağa çalışacaqlar. Prezident Recep Tayyip Erdoğan-la sammit keçiriləcək. Bu barədə «Reuters» agentliyinə AB-nin Genişlənmə üzrə komissarı Johannes Hahn bildirib. Agentlik xatırladır ki, cəmi bir həftə öncə Brüssel Ankarada insan haqlarının durumunu sərt tənqid edib.

Johannes Hahn-ın sözlərinə görə, bu ilin sonunda AB-Türkiyə sammiti nəzərdə tutulur və həmin tədbirdə Avropaya miqrasiya axınını əngəlləmək üzrə razılaşma da imzalana bilər.

«AB-Türkiyə münasibətlərində yeni məqam yaranıb», - deyən Hahn Ankaranın AB-yə üzvlük danışıqlarının da yenidən başlanmasını təklif edəcəyini söyləyib. O, «Reuters»ə noyabrın 18-də müsahibə verib.

«Ən böyük qaçqın böhranıyla üz-üzə qalan Avropa Birliyi bu sammiti ona görə keçirir ki, Türkiyə liderinin AB ilə daha yüksək əlaqələr yaradılması tələbini yerinə yetirsin», - Reuters yazır.

Türkiyənin üzvlük danışıqları 10 ildən artıq davam etsə də, bəhrə verməyib. İndi AB ölkələri anlayırlar ki, Avropayla Yaxın Şərq arasında körpü rolunu oynayan böyük, strateji baxımdan vacib ölkəyə ehtiyacları var. Onlar Erdoğan-ın artan avtoritarizmini görsələr də, miqrant böhranının həllində Türkiyədən vaz keçə bilməzlər. AB Türkiyəyə 2.2 milyon suriyalını ərazisində saxlamaq üçün 3 milyard avro təklif edib.

Hahn deyib ki, sammit Milad bayramından əvvəl baş tuta bilər. Onun sözlərinə görə, Suriyanın şimalında «təhlükəsiz zona» yaradılmasında dair Türkiyənin xahişi daha danışıqlarda müzakirə edilmir.

Bir həftə öncə Avropa Komissiyası illik hesabatında Ankaranı media azadlığına məhdudiyyətləri qaldırmağa, kürd silahlılarla sülh danışıqlarını yenidən başlatmağa çağırıb. Hahn da deyir ki, Türkiyə AB-yə namizəd ölkədirsə, AB standartlarına cavab verməlidir.

Vladimir Putin və Barack Obama.

Vladimir Putin və Barack Obama.

RUSİYANIN «KÖMƏY»İNDƏN QORUNUN

«Ötən cümə günü Parisdəki hücumlardan sonra ABŞ-ı çağırırlar ki, Suriyada sabitlik yaratsın, «İslam Dövləti»ni məhv etsin, eləcə də bu məqsədlərə tez çatmaq üçün Rusiya ilə qüvvələrini birləşdirsin. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Birləşmiş Ştatlarla Rusiyanın əməkdaşlığını vacib adlandırır. Fransa prezidenti François Hollande gələn həftə Moskva və Vaşinqtona yeni, böyük koalisiya yaratmaq məqsədilə gedir».

«The Wall Street Journal Europe»da Jeffrey Gedmin və Gary Schmitt yazır ki, Suriyada qan tökülməsinin qarşısını almaq Amerika üçün prioritet olmalıdır. İD məhv edilməyənədək Avropa paytaxtlarında da sülh olmayacaq. Bunun üçün Amerikanın dostlarının, müttəfiqlərinin köməyi gərəkəcək. Ancaq Rusiya onların sırasında ola bilməz:

«2008-ci ildə Gürcüstanı işğal edəndən bəri Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin 6-bəndlik sülh planını vecinə almayıb. O, bu ilin əvvəlində Ukraynada atəşkəsə dair imzaladığı Minsk sülh planını da pozur. Ona, sadəcə, inanmaq mümkün deyil».

Müəlliflərin fikrincə, Putin-in uzunmüddətli strateji məqsədləri də Amerikanınkı ilə düz gəlməyəcək. O, Suriyada özünün peyk-dövlətini qurmaq, regionda strateji mövqeyini möhkəmləndirmək istəyir. İranla birgə məqsədləri ABŞ-ı regiondan çıxarmaqdır: «O, Avropanı parçalamaq, AB-yə zərbə vurmaq, NATO-nu dağıtmaq niyyətindədir. NATO-nun şərq sərhədlərində qarışıqlıq, qeyri-müəyyənlik yaratmaqla Putin Suriyada dəniz və hava bazaları qurmaq, Aralıq bölgəsində Rusiyanın gücünü bərpa etməyə çalışır».

«Əgər Putin-dən xahiş olunsa ki, savaşa qoşulsun, böyük güzəştlər istəyəcək. Biri elə Ukrayna böhranına görə qoyulmuş sanksiyaların yumşaldılması ola bilər».

Parisdə terror aktları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Parisdə terror aktları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

PARİS HÜCUMLARINDAN SONRA: AÇIQ CƏMİYYƏT VƏ ONUN DÜŞMƏNLƏRİ

«Avropa seçim etməlidir. Noyabrın 13-də Parisdə altı müxtəlif terror hücumlarında 129 nəfərin ölümü Avropa hökumətlərini məcbur edir ki, özünü «İslam Dövləti» adlandıran silahlı qruplaşmaya qarşı mübarizəni nəzərdən keçirsin». Bunu Karneqi Fondundan Judy Dempsey yazır.

«Açıq cəmiyyətlə vətəndaşların müdafiəsi arasındakı balansa risk yaranır. Avropanın bütün hökumətlərinin əsəbləri möhkəm olmalı, populist, avroskeptik, antimüsəlman hərəkatlara yol verməməlidirlər, yoxsa işləri daha da korlaya bilərlər. Elə antiqərb «İslam Dövləti» qruplaşmasının da istədiyi budur».

Müəllif yazır ki, Fransa gücdən istifadəni bilir, İD-ə qarşı ABŞ koalisiyasına da qoşulub. Ancaq, məsələn, Almaniya İD-ə nifrət etsə də, hərbi koalisiyaya qoşulmağa utanır. Bu ölkələr vətəndaşlarının münasibətlərindən ehtiyatlanırlar. Avropanın bir sıra ölkələri əmindirlər ki, bombalama həll yolu deyil. Onlar ABŞ-ın İraqı işğalının, NATO-nun Əfqanıstan və Liviyada missiyalarının nəticələrini görüblər. Ancaq bu dövlətlər etiraf etməlidirlər ki, kənar dayanmaqdan da nəsə çıxmayacaq:

«İraq və Liviyaya müdaxilə nəticə vermədisə, Suriyaya müdaxilə etməmək də faydalı olmadı. Hər iki halda Avropanın bir sıra ölkələrində «İslam Dövləti»nin terror şəbəkələri yarandı. Bu, Avropa üçün bu gün ən böyük təhlükədir: içəridən təhlükə. Almaniya kansleri Angela Merkel hökumətindəki mühafizəkar siyasətçilər Parisdəki terror hücumlarını qaçqın böhranına bağlamağa çalışırlar. Merkel isə möhkəm dayanıb. Polşanın yeni sağçı hökuməti də Paris hücumlarına görə qaçqınları günahlandırmağa çalışır. Varşava qaçqınları qəbul etməməyə bəhanə tapıb, deyəsən».

«Avropa yolayrıcına çatıb: Açıq cəmiyyətindən imtina etməklə daxilindən gələn düşmənə boyunmu əysin, yoxsa qərbliliyini– Avropa cəmiyyətlərinin açıq saxlanması üçün vacib, dözümlülük və azadlıqlara söykənən dəyərlərimi qorusun?».

Müəllif yazır ki, Qərb qalib gələ bilər. Qərb daha öncə də totalitarizmi məğlub edib. Açıq cəmiyyət bir daha qətiyyətini və birliyini ortaya qoymalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG