Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Məllim, keyfini pozma, Nəsiminin barmağını da kəsiblər


Azad Qaradərəli

Azad Qaradərəli

- "Nuru, sən mənə, xalq qəhrəmanına əl qaldırdın, eləmi?! Köynəyimi cırdın, yaxşı elədin, bəs Lenin Ulduzunu niyə qopartdın?!"

Azad Qaradərəli

BARMAQ

(hekayə)

Yandırıcı istinin törətdiyi boğanaq azmış kimi, birdəncə göy üzünü dumanamı, buludamı, ya acı tüstüyəmi bənzəyən nəsnələr bürüdü. Hava bir az da boğucu oldu.

Alnından üzünə yayılan yapışqan kimi tər gözlərinə dolurdu. Nəfəs almaq o qədər çətinləşdi ki, az qaldı it kimi dilini çıxarıb ləhləsin. Amma yan-yörəsində fırlanan adamların kölgələrini görüb özünü yığışdırdı, birtəhər özünü toxtatdı.

Yuxusuzluqdanmı, ya boğanaqdanmı yumulan gözlərini açıb "kölgələrə" bir də nəzər saldı. Adamlar elə bil doğrudan da kölgə idilər. Hamısının rəngi, duruşu, yerişi, hətta baxışları da eyni idi. Bu kölgə-adamların göz deyilən bədən üzvləri elə solğun, elə mənasızdı ki, elə bil şüşədən idi.

Tum kisəsi sürüyən kim, alt paltarları əlində tutub müştəri haraylayan kim, ovcundakı dəst-dəst pulları göstərə-göstərə "çek-vauçer", "dollar-rus pulu" deyən kim…

Ən qəribəsi o idi ki, bu "kölgələrin" səsi də bir-birinə çox oxşayırdı… Bir sözlə, boz-bulanıq insan sürüsü, insan kölgəsi…

"Çek-vauçer" qışqıranın biri gəlib dayandı onun qənşərində:

- Nədi, yuxu aparır səni deyəsən? Arada bir dilini də çıxarmışdın çölə.

Dinmədi. Bu "kölgənin" çox həyasız "kölgə" olduğunu yaxşı bilirdi.

Əlindəki qalaq-qalaq pulun bir manatını da bir kəsə, daha doğrusu, bir "kölgəyə" qıymazdı. Di gəl ki, kişinin satdığı tumun nə qədərini gün ərzində o çırtlayırdı, lap dədə malı kimi!

Bir-iki dəfə ağzını doldurmuşdu ki, desin: «A bala, bu axı ehsan deyil!» Müştəri gözü ilə də qulağına baxmışdı – Məşədi İbad kimi gərək bu sözdən sonra qulaqlarından yapışıb çəkəydi və yenə qışqıraydı: "Gör əlində nə qədər pul var?! Bircə "şirvan" versən, filan qədər tum eyləyər. Ver, tök qarnına". Ağzından qaytarmışdı. İçində "Haram xoşun olsun" demişdi.

- Müəllim, bir şeyir-şüyür de, qulaq asaq, canımızdan bu boğanağın acısını bəlkə sənin şeyir-şüyürün çıxara…

Əvvəllər hərdən bir-iki beyt qəzəldən-zaddan deyərdi, bu adam-kölgələri əyləndirərdi. Sonra baxıb gördü ki, bunlar onu dolayırlar. Heyfi gəldi şeirə. "Kölgə" hara, şeir hara!?

-Ablava! Ablava!

"Kölgə"nin biri bərkdən qışqırdı. Tum, qoz ləpəsi, şalvar-köynək, alt paltarı və sair şey-şüy satanlar bir-birilərini itələyə-itələyə qaçıb ora-bura dağılışdılar.

O, yerdən tərpənməyə macal tapmadı. Üz-gözünə, baş-qulağına dəyən zərbələrdən müvazinətini itirdi və tum dolu qabın üstünə sərildi. Tum asvaltın üstünə səpələndi. Kimsə qışqırdı:

- Ə, məllimi çırpdılar!

Əli dəyənəkli polisin biri onu döyəni itələdi, qolundan tutub ayağa qaldırdı, oturduğu kərpicin üstünə qoydu, çıxıb getdi. "Müəllim" deyilən kişi bir dağılan tuma baxdı, bir də onu rezin dəyənəklə vuran polisə baxdı və qəribə də olsa silkələnib ayıldı.

Azad Qaradərəli

Azad Qaradərəli

Elə bil başa düşmək istəyirdi ki, onun baş-qulağına dəyən zərbələri nə ilə vururdular? "Niyə vurdular"dan çox, məhz «nəylə vururdular» onu maraqlandırırdı.

Əl deyildi. Zoğal dəyənəyi də deyildi. Nə isə bərk acıdırdı, yandırırdı.

Əlini üzünə-gözünə aparıb sürtələdi ki, görsün qanayıb, ya yox. Qan izi yoxuydu. Bəs onda niyə belə acıdırdı, ağrıdırdı?

Bir az əvvəlki mənzərə bircə andaca bərpa olundu. "Ablava" deyilən şey ötüb keçmişdi deyəsən. Bayaqkı çek satan "kölgə" yenə gəlib dayanmışdı kişinin qənşərində. Tumunu süpürüb qabına tökür, hərdən də ağzına atıb çırtlayırdı.

- Məni nəylə vurdular?

- Barmaqlarıyla! - belə deyib şaqqanaq çəkdi. –Dubinkayla vurdular… Bilirsən, məllim, təpikdən, yumruqdan rezin yaxşıdı. Düzdü, yeri yandırır, amma qanatmır. Bir az qançir eləyir, amma qanatmır… Axı heç bizim qanımız da yoxdur…

Qan… Bizim qanımız yoxdu… Düzdü də, kölgənin nə qanı olacaq?

Kişi ağrıyan-sızlayan yerlərini tumarlaya-tumarlaya bu isti boğanaqlı yaydan hansısa başqa bir isti, tozlu-dumanlı yaya dönürdü. Huşu onu çəkib hansısa ilğımlanan günlərə aparırdı…

…Sinfə girib qovluğunu qoydu qırmızı parçalı stolun üstünə. Girişsiz-filansız birbaş keçdi dərsə. Nədən ki, vaxt az idi. Direktor demişdi ki, dərsi qırx beş dəqiqədən on dəqiqəyə endirin. Yeni dərsi əlüstü izah eləyin, gedəcəyik pambıq yığımına köməyə… Ona görə də dərsi tez-tez danışırdı ki, sonra o biri sinfə girsin.

Qəfil göy gurultusundan sinif otağı titrədi. Hamı narahat halda bir-birinin üzünə baxdı. Elə bil zəlzələ baş vermişdi. Uşaqları başa düşmək olardı: yağış yağsa, pambığı batıra bilər axı!

Müəllim bir az da sürətlə danışırdı ki, qapı şaqqıltı ilə açıldı, briqadir «geroy» Mirzə hay-küylə girdi içəri. Yox, girmədi, təpildi.

Uşaqlar əsgər kimi dik qalxdılar ayağa. Döşündəki Sosialist Əməyi Qəhrəmanı ulduzundan düşən parıltı Nuru müəllimin gözünü qamaşdırdı. Briqadirdən çəkinsə də, özünü o yerə qoymadı. Dərsini davam eləmək istədi. Briqadir şəhadət barmağını silkələdi:

- Ə, dayan görüm! Gurultunu eşitmədin?! Yaxşı məllimsən, amma siyasi korluğun olmaya… Ay uşaq, durun qaçın evinizə! Kitab-dəftəri atın bir küncə, bir dürmək götürüb yeyə-yeyə gəlin tarlaya. Tez olun, yubanmayın!

"Əsgərlər" "komandirin" əmrini bir göz qırpımında yerinə yetirdilər. Sinif otağında bir «geroy» qaldı, bir də Nuru müəllim.

O, döşünü qabağa verib ulduzunu bir az da gözə soxurmuş kimi bu dəfə astadan dedi:

- Nuru, gözünü aç, ətrafına əməlli bax! Bu dərənin yiyəsi mənəm… Mənim sözümü çevirənin…

Barmağını yenə silkələyib sinifdən çıxdı…

…Uşaqlar "urrey" deyib tarlaya axışırdılar. Nuru məllim də boğanağın içiylə boğula-boğula kəndin arasından keçib pambıqlığa üz qoymuşdu. Başını qaldırıb göyə baxdı və yağışın ötüb keçdiyini anladı. Hardasa uzaqlarda göy gurultusu eşidilirdi.

Qəfil eşitdiyi səs onun içini dəlib keçdi. Bu, səsdən çox ayıya, qabana atılan tək gülləni andırırdı. Patrona qoyulan iri, yumru qurğuşun güllə ayını, qabanı necə yaralayırdısa, həmin səs də onu beləcə yaraladı.

Dayanıb "tək güllənin" haradan "atıldığını" öyrənməyə çalışdı. Qışqıran qadın idi. İndi səs daha aydın eşidilirdi:

- Uyyyyy! Qoymayın, ay başınıza dönüm! Öldürəcək! Qoymayın! Uyyyyy!

Səsə doğru qaçdı. İki tin burulub üçüncüdə dayandı. Gördüyü mənzərədən dəhşətə gəldi: bayaq onu sinif otağında hədələyən "geroy" Mirzə əlindəki balaca dəyənəklə özündən az qala iki dəfə uzun olan dəmirçi Həsənqulunu vəhşicəsinə döyürdü.

Yox, dəhşətli o deyildi ki, Mirzə Həsənqulunu döyürdü, dəhşətli o idi ki, kənddə ən balacaboy adam ən uzun adamı döyürdü! Və Həsənqulu da özündən iki dəfə gödək olan adamın qarşısında mal kimi dayanıb əlləri ilə üzünü tutmuşdu. Nəinki müqavimət göstərmirdi, qaçıb canını qurtarmırdı, heç qımıldanmırdı, ufuldamırdı, cınqırını çıxarmırdı, əlləriylə üz-gözünü qoruyurdu, vəssalam. Arvadı da çığıra-çığıra o tərəfinə, bu tərəfinə fırlanır, üzünü didir, saçını yolurdu…

Yox, bu hələ dəhşətin hamısı deyildi. Ən dəhşətlisi o idi ki, Həsənqulunun özü boyda oğlanları, qardaşı, qonşuları da bir-birinə qısılıb bu mənzərəyə tamaşa edirdilər. Hələ bir kişi də eləməyib tənbəllik, Həsənqulunun arvadı Zərəfşanı sakitləşdirmək istəyirdi…

Həsənqulunun başından axan qan şorlayıb saqqalına, oradan da sinəsinə axırdı. Qan "geroy"un da əl-ayağına, üz-gözünə sıçrayırdı.

Elə bil gödək briqadir qan görəndə daha da qızışdı. Zərbələri bir az da bərkdən vurmağa başladı. Boyu çatmadığından dabanlarını qaldırır, Həsənqulunun kəmərindən sallanır, gödək dəyənəyini dalbadal endirirdi.

Əlindəki qovluğunu hara tulladığını özü də bilmədi. Ayrı vaxt olsaydı, o qovluğu heç kimə verməzdi. Nədən ki, həmən qovluğun içində Baş Katibin məruzəsi və Nuru müəllimin həmin məruzəni şərh edən çıxışı vardı.

O, həmin məruzəni və öz şərhini bu axşam kolxozçular klubundakı siyasi dərsdə oxumalıydı. İndi həmin qovluğu bir tərəfə atdı və bir-birinə qısılmış adamlara, daha doğrusu, adam-kölgələrə nifrətlə baxıb, irəli yeridi.

Briqadiri tutub özünə tərəf çəkdi, istədi ki, onu Həsənquludan ayırsın. "Geroy" əvvəl-əvvəl heç nə başa düşmədi, dartınıb Nuru müəllimin qucağından çıxmaq istədi. Amma Nuru müəllimin güclü qollarının arasından çıxmağın çətin olduğunu görüb, başladı pis-pis söyüş söyməyə…

Ana, bacı, nəhayət, Nuru müəllimin arvadının adını tutdu və bundan sonra Nuru müəllim onu itələyib yıxdı yerə.

Mirzə gombul bədənini birtəhər yerdən üzdü, sonra əl atıb köynəyini cırdı, Qızıl Ulduzunu pencəyinin yaxasından qopartdı və qışqırdı:

- Nuru, sən mənə, xalq qəhrəmanına əl qaldırdın, eləmi?! Köynəyimi cırdın, yaxşı elədin, bəs Lenin Ulduzunu niyə qopartdın?! Neynək, yaxşı elədin! Əgər səni dünya işığına həsrət qoymasam, bu ulduz mənə haram olsun! Əgər səni poxyedimə salmasam, onda arvadımı o urus zastavasındakı saldatların qabağına qoyacam! Sən sən ol, mən də mən!

Gödək barmağını silkələyib çıxıb getdi. Üç gün sonra raykomun büro iclasında siyasi kompaniyanı – pambıq yığımını pozduğuna, Qızıl Ulduzlu qəhrəmanı döydüyünə görə Nuru müəllimi partiyadan xaric elədilər və iclas zalındaca prokurorun sanksiyası ilə tutub türməyə saldılar…

Yox, bu da dəhşətin hamısı deyil. Əsl mərəkə məhkəmədə oldu. Şahid qismində dindirilən Həsənqulu dedi ki, müəllim düz eləmədi, o boyda kişiyə əl qaldırdı. Gərək onu döysəydi də dinməyəydi. Elimizin ağsaqqalına, Lenin ulduzunu döşündə gəzdirənə bizim nə həddimiz var ki, çəm-xəm eləyək?

Zərəfşan arvad isə lap fısqırıq elədi! Nuru müəllim ifadə verib əhvalatın məğzini danışanda o, qışqıra-qışqıra dedi:

-Yoldaş məhkəmə! Bir yalanın qırmızılığına bax e! Sən allah, heç bu gödəklikdə kişinin bu uzunluqda kişiyə gücümü çatar?! Mirzə qəhrəmandı, ağsaqqaldı, el atasıdı! Ərimə təhər-töhmət eləyirdi ki, niyə aylən pambığa çıxmayıb? O da hazırlaşırdı ki, desin, bəs filan səbəbə görə çıxmamışıq, lap elə günü bu gün çıxarıq pambığa… Bu mərdimazar hardansa çıxdı, əlindəki kağız-kuğuzu tulladı, içindən yoldaş Berejnyovın şəkilləri, delosu-filanı töküldü nə üzüm billah ayaqlar altına… Sonra da cumdu Mirzə kişinin üstünə… Başladı kişini vurub-yıxmağa! Üst-başını cırdı, dilim-ağzım qurusun, o Leylinin qızıl midalını qoparıb saldı yerə…

Zərəfşan arvad ün çəkib ağladı. Nuru müəllim başa düşə bilmədi ki, Zərifşan arvad ulduza görə ağlayır, yoxsa danışdığı qıpqırmızı yalana görə.

Belə… Prokuror Nuru müəllim üçün üç il iş istədi. Amma ki, Mirzə son anda "kişilik" elədi. Dedi ki, müəllimdi, qələt eləyib, bir də eləməz. Bir çətən külfəti var, mən zamin dururam ki, daha belə xətalara yol verməz. Xahiş edirəm ki, buraxın gedib dərsini desin…

Nuru müəllimə son sözü verdilər. O, üzünü Zərəfşana tutdu.

- Ay Zərəfşan, axı mənim ürəyimə bir tək güllə dəyib, bəs o necə olsun?

Zalda oturanlar maddım-maddım bir-birinin üzünə baxdılar. Hakim əsəbiliklə dedi:

- Müttəhim, sizə son söz verilir, nə sayıqlayırsınız?!

Nuru müəllim heç nə eşitmirmiş kimi bu dəfə də üzünü Mirzəyə tutdu:

- Ayıbdı, nəyimiz olmasa da arımız-namusumuz var! İndi bir müəllimin tutulmağına görə xalq qəhrəmanının arvadını zastavaya aparaq?

Zaldakılar da, hakim də heç nə başa düşə bilmədilər. Təkcə Zərəfşan arvad pıqqıldayıb güldü. Onun da gülüşünü Həsənqulunun acıqlı baxışları yarımçıq kəsdi. Mirzənin rəngi qaçdısa da, özünü o yerə qoymayıb dedi:

- Möhtərəm hakim! Yazığın ağlı çaşıb, deyəsən… Məncə, məhkəməni bitmiş hesab eləmək olar…

Yol boyu fikrində bircə şey vardı: gözləri deşən barmaqlar!.. Yuxarıdan aşağı hamının işini qarışdıran barmaqlar…

Baş katibin barmağı, birinci katibin barmağı, hakimin barmağı, ulduzlu briqadirin barmağı və bir də bu barmaqlara rəvac verən, onların işini təbliğ edən müəllimin barmağı!..

Hələ biədəb də olsa, eldə işlənən «barmaq eləmək» məsələsi… Özümüzünkülərin barmaq eləməsi cəhənnəmə, hələ Mirzənin deməsinə görə, onun arvadına zastavdakı rus soldatları barmaq eləməliydilər.

Yox! Heç olmasa bu axırıncı olmamalıdır! Bəs?...

Başını qaldırdıqda evinin qabağındakı təzə tikdiyi odunluqda dayandığını gördü. Gözünə ilk sataşan da bir neçə ay öncə Həsənqulu kişinin dəmirçixanada ovxarladığı balta oldu. Baltanı sol əlinə aldı, sağ əlinin şəhadət barmağını kötüyün üstünə qoydu və…

Qan sıçrayıb Nuru müəllimin üz-gözünü bürüdü. Bir də baxıb gördü ki, kötüyün dibinə düşmüş barmaq açılıb-yumulur…

…- Müəllim, ayıb olmasın, sənin o şəhadət barmağın niyə qırğı caynağına oxşayır? Anadangəlmədi, ya sonradan olub?

Çek-vauçer satan gəvəzənin sözləri kişini o boğanaqlı yaydan indiki boğanaqlı yaya qaytardı.

- Namus üstə olub, - dedi və özü də dediyinə məəttəl qaldı.

Çek satan oğlan şaqqa çəkib güldü. Elə gülə-gülə də dedi:

- Məllim, keyfini pozma, Nəsiminin barmağını da kəsiblər. Özü də namus üstə… Kişinin barmağını da kəsərlər, hələ…

Pis söz dedi. Nuru müəllim qaçqınlığa, tum satmağa öyrənsə də, nalayiq sözə öyrəşə bilmirdi. Ona görə də gədəni tərs-tərs süzdü. Və birdən onun kəsik barmağının bərk sancması ürəyinə vurdu.

İndi anladı ki, bayaq polislər onu rezin dəyənəklə döyəndə kəsik barmağının qırğı caynağına oxşayan dırnağını qopardıblar. Amma nədənsə, qopuq dırnaqdan qan sızmırdı.

Bakı, avqust 1998

Günün bütün mövzuları

XS
SM
MD
LG