Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

- "Bəsti qapını açdı, qapı qonşusu Sevili salamlamazdan əvvəl aparıcı tamaşaçıları salamladı: - Salam, hörmətli tamaşaçılar!.."

Tural Türksoy

VƏTƏNDAŞ CƏMİYYƏTİ

(hekayə)

Avropalı öz millətin ehya edir, etsin,

Şənü şərəfi-qövmünü ehya edir, etsin,

İnsanlıq adın dəhrdə ibqa edir, etsin,

Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,

Başa yumuruq zolladırız, kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz”.

(Mirzə Ələkbər Sabir)

O gün parlamentə seçkilər keçirilirdi. Səhər tezdən respublikadakı bütün seçki məntəqələri qapılarını seçicilərin üzünə açmışdı.

Səhər saat 11:00 radələrində Bəsti də evlərinin yaxınlığında yerləşən, adına gələn bildirişdə göstərilmiş seçki məntəqəsinə səs vermək üçün getməyə hazırlaşırdı.

Geyinib-keçindi, bəzənib-düzəndi, şəxsiyyət vəsiqəsini götürüb redikülününün cibinə qoydu. Televizoru söndürüb şəbəkədən ayırmaq üçün ona doğru üç addım atmışdı ki, qapının zəngi çalındı − eynilə məktəb zəngi kimi cırıldayırdı.

Bəsti sanki öncə “Yerində dur!”, ardınca isə “Geriyə dön” və “Addımla marş” komandalarına riayət edərək qapıya doğru addımladı.

Qapını açhaaçda televiziya kanallarından birində saatın tamamına olan xəbərləri təqdim edən informasiya proqramı başlandı.

Aparıcı qız xəbərlərin mətnini qətiyyətli səsi ilə sözləri bir-birinə calayaraq elə iti tempdə diktə edirdi ki, istər-istəməz Bəstidə və, bəlkə də neçə-neçə tamaşaçıda belə bir təəssürat yaranırdı: “Yəqin, beş dəqiqədən sonra studiyaya bomba atacaqlar deyə aparıcı belə qaça-qaça danışır”.

Bəsti qapını açdı, qapı qonşusu Sevili salamlamazdan əvvəl aparıcı tamaşaçıları salamladı:

− Salam, hörmətli tamaşaçılar!..

− Ay səni xoş gördüy, qonşu! Nətərsən, az? Gəl içəri də.

− Sağ ol, Bəsdi, yaxşıyam. İçəri gəlmirəm. Gəldim, soruşum ki, nəğayrırsan, seçgiyə-zada gedəcəysən?

Aparıcı iki nəfərin söhbətinə qarışan üçüncü şəxs kimi, necə deyərlər, qıraqdan quş atırdı:

− Əziz seçicilər, hamınızı parlament seçkilərinə qatılmağa və seçkilərdə fəal olmağa çağırırıq. Millət vəkillərinizi özünüz seçin.

− Gedəcəm, az, nöş gedmirəm.

− Bah-bah! Guya belə səs verənsən də, hə? − Sevil qaşlarını təkəbbürlə düyünləyib istehzasını gizlətmədi. Sanki Bəsti fövqəladə istedadından, qabiliyyətindən dəm vururdu, Sevil də paxıllığından tab gətirə bilmirdi.

− Veb-kameralar vasitəsilə əldə etdiyimiz videomateriallara nəzər salsaq, görərik ki, səhər saat 08:00−dan seçicilərin əksəriyyəti seçkilərə qatılmaq üçün seçki məntəqələrinə axışır, − belə demək mümkünsə, seçki məntəqələrində seçicilərin izdihamı yaşanır − çox fəal şəkildə səsvermə prosesində iştirak edir və öz müqəddəratlarını özləri həll etməyə çalışırlar. Bu da onu göstərir ki, Azərbaycanda ziyalı, mədəni, şüurlu vətəndaş cəmiyyəti, əsasən, formalaşıb. Seçkilərə gəlincə, seçki prosesini müşahidə edən xarici nümayəndələr özləri də etiraf edirlər ki, seçkilər çox şəffaf və demokratik şəraitdə keçirilir. − Cənab M.N.−in müsahibəsi təqdim edildi.

− Az, elə bilirsən, seçgilərdən ötrü ürəyim gedir? Prosda, Məmmədgilin − Məmməd Bəstinin əridir − müdiri olara deyib ki, əyər ayilə üzvlərüüz seçgilərə gedməsələr, işdən çıxarılacağsuz. Buna görə gedirəm, yoxsa nə azarım var seçgilərdə.

− Həəə, belə de. Mən də deyirəm, bu nə vaxtdan belə çuşkalaşıb seçgilərə gedən olub, − nəhayət, Sevilin qaşlarının düyünü açıldı, kefi duruldu, məmnunluqla gülümsədi və əmin oldu ki, qapı qonşusu “əziz-xələf” mentalitetimizin qırılmaz barmaqlıqlara sahib qəfəsindən hələ də azadlığa çıxmayıb və, necə deyərlər, özündən Amerika kəşf eləmir.

− Az, Sevil, gedəcəysənsə, mənə qoşul, tək gedmiyim.

− Hə, elə mən də gedməyə hazırraşırdım.

− Soruşmağ ayıb olmasın, bəs sən niyə seçgilərə gedməy isdiyirsən? − Bəstinin naz-qəmzəsi kinayəsinə qarışdı.

− Niyə isdiyəcəm, ona görə ki, deputatdığa namizəd A.B. deyib ki, seçgilərdə mənə səs versəz, mən deputat seçilsəm, sizin binanın liftdərin təmir etdirəcəm. Mən də ona səs verməyçin gedməy isdiyirəm.

− Həəə, lap yaxşı! − indi də Bəsti üz əzələlərini hərəkətə gətirib yüngülcə qımışdı. − Az, öz aramızdı, mən heç namizətdəri yerri-dibli tanımıram deyə kimə gəldi səs verəcəm, təki Məmmədi işdən çıxarmasınnar, − sirr gəlirmiş kimi səs tonunu minimuma endirib yarımpıçıltı ilə dedi.

− Yaxşı, onda vaxd itirmiyəy. Hazırsansa, qapını bağlıyım, çıxağ.

− Yaxşı, − deyib hərə öz qapı-bacasını bağlamağa yönəldi. Elə bu dəmdə aparıcı xəfif təbəssümlə xəbərlərə yekun vurdu:

− Bununla da, proqramımız sona çatdı. Növbəti buraxılışda görüşənədək. Sağ olun, sağlıqla qalın! − xəbərləri qaçaqaçla təqdim etdiyi kimi qaçaqaçla da sağollaşdı. Avtomatik olaraq Bəstinin ağlına gələn sual proqramın başlanğıcında onda yaranan təəssüratın məntiqi davamı və sonluğu idi: “Görəsən, studiyaya bomba atmadılar?”

Bəsti televizoru söndürüb şəbəkədən çıxardı, işığı keçirdi, redikülünü çiyninə aşırdı, dikdaban ayaqqabılarını geyinib qapıdan çıxdı.

İllüstrasiya

İllüstrasiya

Eyni anda Sevil də qapıdan çıxdı, hər iki qonşu arxasını bir-birinə çevirib hərə öz qapısını bağladı və mehriban qonşular dikdabanlarını taqqıldada-taqqıldada, deyib-gülüb qaqqıldaşa-qaqqıldaşa doqquzmərtəbəli binanın düz doqquzuncu mərtəbəsindən ayaqla enməyə başladılar. İndi bu yazıq Sevil liftin təmiri üçün cənab A.B.−yə səs verməsin, neyləsin.

Beləcə, Bəsti ilə Sevil “ziyalı, mədəni, şüurlu vətəndaş cəmiyyəti”nin üzvləri kimi “öz müqəddəratlarını özləri həll etsinlər” deyə “çox şəffaf − hətta dibi görünəcək qədər şəffaf − və demokratik şəraitdə keçirilən” seçkilərdə iştirak etmək üçün “seçicilərin izdihamı yaşanan” məntəqələrdən birinə − bildirişdə göstərilən N saylı seçki məntəqəsinə yollandılar.

Qonşular məntəqəyə çatanda saat 11:30 olardı. Məntəqəyə girib foyedə divara vurulmuş “Seçki günü səsvermə prosesi” başlıqlı səkkiz maddəli yazını ağcaqanad mızıltısı ilə oxumağa başladılar.

İkinci maddənin ilk cümləsi belə idi: “Seçki məntəqəsinə daxil olmaq üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etdiyiniz komissiya üzvü sizin sol əlinizin baş barmağının əvvəl mürəkkəblə işarələnib-işarələnmədiyini ultrabənövşəyi lampa vasitəsi ilə yoxlayacaqdır. Barmağınızda işarə olmasa, siz seçki məntəqəsinə buraxılacaqsınız”.

Elə bu maddəni birinci maddəyə qatıb qaranəfəs oxudular, marafon qaçışını başa vuran idmançılar kimi dərindən nəfəs aldılar, ardınca bezikib: “Əşşi, boş ver getsin”, − deyərək seçki komissiyası üzvlərinin əyləşdiyi və üzərində seçicilərin siyahısı olan masaya yaxınlaşdılar. Komissiya üzvlərindən biri Bəstiyə tanış gəldi:

Aaa... Salam, Eldar məllim! Necəsiz? − deyə ona əl uzatdı.

Eldar müəllim Bəstinin qızı Aybənizin sinif rəhbəri idi.

− Salam, Bəsdi xanım! Çox sağ olun, yaxşıyam. Siz necəsiz? − Eldar müəllim azacıq dikəlib əlini sıxdı, təbəssümündə səxavət göstərib əyləşdi.

− Şükür Allaha, salamatçılığdı. Çox sağ olun! Yeri gəlmişgən, Aybəniz dərsdərin necə oxuyur? Razısızmı onnan?

− Narahat olmuyun, yaxşı oxuyur, − deyə Eldar müəllim hal-əhval xarakterli dialoqa yüngül hövsələsizliklə xitam verib əsas məsələyə keçdi. − Bəsdi xanım, zəhmət olmasa, şəxsiyyət vəsiqənizi təqdim edin, − Bəsti onu o qədər məşğul etdi ki, ikinci birincinin sol baş barmağının mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlamağı belə unutdu.

− Buyurun, Eldar məllim! − Bəsti redikülündən vəsiqəsini çıxarıb ona uzatdı. Eldar müəllim dodaqaltı təşəkkür edib vəsiqədən onun ad, soyad və atasının adını mızıltı ilə: “Əsədova Bəsti Tələt qızı”, − deyə oxudu və sağ şəhadət barmağının köməyi ilə seçicilər siyahısında bu üç xüsusi ismi yuxarıdan-aşağıya doğru axtarmağa başladı.

Bu an Sevil qapı qonşusuna yanaşıb pıçıldadı:

Deyirəm, yaman ziyalı adama oxşuyur.

Bəsti üzünə ciddi mimika verib başını tərpətməklə onun bu təşbehini təsdiq etdi. Sanki belə demək istəyirdi: “Əlbətdə, nə danışırsan! Heç ziyalılığda bunun tayı-bərabəri yoxdu”.

Eldar müəllim siyahıdan Bəstinin şəxsi və genetik koordinatlarını tapdı və vəsiqənin seriya və nömrəsini adının qarşısında yazdı.

Sonra vaxt itirmədən onun sol baş barmağına gözə görünməyən mürəkkəb spreyini fısqırtdı və dərhal deputatlığa namizədlərin ad və soyadlarının sıralandığı bülletenin yuxarı sol küncünü kəsib ona təqdim etdi.

İllüstrasiya

İllüstrasiya

Əlbəttə, Bəsti ilə paralel şəkildə Sevil də digər komissiya üzvünün qənşərində bu mərhələlərdən keçib artıq finala yönəlmişdi − səs vermək üçün kabinələrdən birinə daxil olmuşdu;

çox güman ki, doxsan civarında pilləsini, yalan olmasın, doxsan saniyəyə endiyi binalarının liftlərini təmir edəcəyinə boyun olmuş cənab A.B.−yə səs verəcəkdi.

Bəsti süni minnətdarlıqla bülleteni aldı və doxsan dərəcə sola çevrilib guya boş kabinələrdən birinə yönəlirmiş kimi iki addım atdı, dərhal da həmin trayektoriya üzrə geri qayıtdı, özünü toplayıb yarıutancaq şəkildə qımışaraq:

− Eldar məllim, siz Allah, məni bağışdıyın, mən... sözün doğrusu... namizədlərin heç birini tanımıram... Eee... xahiş edirəm, məsləhət bildiyiniz namizədin adını nişanlayın, aparıb qutuya atım, − dedi, bülleteni Eldar müəllimə uzatdı, o da yanbayan oturduğu komissiya üzvünə tərəf çevrilib, “Day neyniyəy! Şagirdimin valideynidi, xətrin qırmıyağ” mənasında gülümsədi, qələmi ilə bülletendə namizədlərdən birinin adının qarşısındakı boş kvadrata “x” işarəsi qoydu − yəqin ki, bu namizəd də ona nəsə vəd veribmiş − və onu qəhrəmanımıza uzatdı, − Buyurun, Bəsdi xanım, zəhmət olmasa, seçki kabinəsinə daxil olun və bülleteni qatlayıb seçki qutusuna salın.

− Çox sağ olun, Eldar məllim, təşəkgür edirəm! − Bəsdi bu dəfə minnətdarrığında səmimi oldu və bülleteni alıb Eldar müəllimin “sarsağ qızı sarsağ” məzmunlu baxışlarının müşayiəti altında qətiyyətli addımlarla kabinəyə yönəldi, on saniyə çəkmədi ki, qonşu kabinədən çıxan Sevil ilə birlikdə kabinələrin pərdələrini çəkib komissiya üzvlərinin masasına yaxınlaşdılar, − Çox sağ olun! Təşəkgürrər! − ucadan ikisəsli xorla dedilər.

Xorun “forte” tempi komissiya üzvlərini, ələlxüsus da, Eldar müəllimi diksindirdi, amma tezliklə özlərini ələ alıb bu təkrarolunmaz təşəkkürü cavabsız qoymadılar; lakin bu cavab xorla yox, solo şəkildə verildi.

Qonşular masadan yenicə aralanmışdılar ki, geri qayıtdılar. Təngə gəlmiş Eldar müəllim, hər halda ürəyində qəzəbləndi: “Ay səni belə-belə olasan! Gör əl çəkir!”

− Bağışdıyın, Eldar məllim, bayağdan burdayığ, ikimizdən başqa heç kəs yoxdu, deyəsən, hə? − bu dəfə Sevil soruşdu.

− Ümumiyətlə, seçicilər passivdilər. Həm bu, həm də digər məntəqələrdə seyrəyliy müşahidə edilir.

− Aha. Çox sağ olun!

− Dəyməz, xanım!

Beləliklə, qonşular qol-qola girib dikdabanları ilə döşəməni yeknəsəq taqqıltılarla döyəcləyə-döyəcləyə məntəqədən çıxaraq gəldikləri kimi də deyib-gülüb qaqqıldaşa-qaqqıldaşa evlərinə qayıtdılar.

Qarşıda böyük bir müsibət − doqquzmərtəbəli binanın pillələrini təntiyə-təntiyə, söyə-söyə, deyinə-deyinə çıxmaq var idi.

Görəsən, seçkilərin nəticəsi necə olacaq, cənab A.B. millət vəkili seçiləcək və liftləri təmir etdirəcəkmi? Bu arada, Məmmədin işdən qovulmayacağı dəqiq idi.

02.11.2015

Günün bütün mövzuları

XS
SM
MD
LG