Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:46

- "İstəmirəm məni bu halda görə. Onun yadında belə qalmaq istəmirəm."

Azər Musaoğlu

Bənövşəyi adam

(hekayə)

Əlimdə sidik dolu şüşə tualetdən çıxanda özümə nifrət elədim. Yarıdan çox dolmuş 0,5 litrlik "Coca Cola" şüşəsinin ağzını möhkəm bağlayıb qara sellofan paketə bükdüm. Bundan balaca qab tapa bilmədim.

Dayanacaqda əlimdə sidik dolu şüşə avtobus gözləyəndə elə bilirdim hamı mənə baxır. Utandığımdan başımı qaldırıb insanlara baxa bilmirdim.

Elə bilirdim gözlərimdən əlimdəkinin sidik dolu şüşə olduğunu hamı biləcək. Ürəyimdə düşdüyüm bu vəziyyəti söyüb özümə acıyırdım.

Yaxşı ki, dünən xəstəxanaya tək getməmişdim. Yoxsa utandığımdan lap huşumu itirərdim. Dostumun ucu pambıqlı qulaq təmizləyən çöpü göstərib nəcis analizi üçün ondan necə istifadə edəcəyimi mənə dodaqlarından boylanan təbəssümlə təkrar etməsi məni lap yazıq duruma saldı.

Tualetdə qulaqtəmizləyəni özümə soxanda təhqir olunmuş hiss elədim. Dünən əlimdə qulaq təmizləyən xəstəxananın tualetindən çıxanda da başımı qaldırıb insanların üzünə baxmağa qorxurdum.

Dostumsa altdan-altdan irişirdi, sirrimi bilirdi deyə özündən razı idi. Bütün analizləri götürüb, sidik analizi üçün sabah şüşə qabda sidiyimi gətirməli olduğumu deyib, bizi buraxdılar.

Avtobusa minən kimi özümü arxa oturacağa verdim. Tanış-filan olmadığı üçün sevindim. Üç dayanacaqdan sonra avtobusa sevdiyim qız mindi. Kənardan baxan olsaydı, rəngimin necə ağardığını görərdi.

Sevdiyim qız məni görüb sevindi, gəlib yanımda oturub görüşdü. Məni belə görməyini heç istəmirdim. Ürəyimdə taleyimi nə ki var, söydüm.

Sevdiyim qızın sözlərini eşitmirdim, fikrim vəziyyətdən çıxış yolu axtarmaqda idi.
- Azər! Sənə nə olub? Rəngin niyə ağdı? Halın necədi?
- Nə?
- Fikrin hardadı? Nəsə birtəhərsən...
- Bir az xəstələnmişəm.
- Nə olub?
- Heç... Soyuq alıb.

İllüstrasiya. Labaratriya

İllüstrasiya. Labaratriya

Xəstəliyimin “qerpes” olduğunu ona demək istəmirdim. Lənət şeytana! Sən niyə bu avtobusa mindin axı.

Özgə vaxt olsa yalvarıram ki, gəl görüşək, gəlməyə vaxtın az, bəhanən çox olur. İndi soruşacaq ki, hara gedirsən. Gəl hardasa oturaq deyəcək. Lazım idi mənə bu.

- Hara gedirsən? (Dedim axı)
- Mən səndən soruşacaqdım...
- Yazmışdım axı sənə. Bu gün diplomumu götürürəm.

İlahi, bu nə cəzadı?! Diplom. Hə, yazmışdın. Mənim indi diplom yadıma düşür? Batdım... Deyəcək bərabər gedək. Desəm xəstəxanaya gedirəm, mənimlə gələcək. Off... Nə edim indi?

- Hara gedirsən? Gedək mənimlə. Sənin işin varsa mən gözləyərəm.
- Y-ox, mənim heç bir işim yoxdu. Sadəcə... - dilimi udmuşdum sanki, danışa bilmirdim, fikrimə heç nə gəlmirdi ki, uydurub deyəm.

O isə çox sevinir, sidik dolu şüşəni sıxdığım əllərimdən tutur, başını çiynimə qoyurdu. Off... Kaş başqa vaxt olaydı. Axı indi heç bunun yeri deyildi. Bəlkə el arasında deyildiyi kimi, “gecə yanığı” olmuşam deyim. Onda da suallarla zəhləmi tökəcək, deyəcək göstər baxım.

Görəsən bilsə ki, “qerpes”ə yoluxmuşam toxunar mənə? Axı internetdə oxuduğuma görə keçicidir bu zibil. Görəsən, sidik qoxumur ki? Bu nə idi mən düşdüm, İlahi?..

- Azər.
- Hə.
- Mən səni çox sevirəm.
- Mən də... - Mən də səni çox sevirəm, amma indi yox, indi sevə bilmərəm. Belimi görsən qaçarsan yanımdan. Elə bil bir qazan qaynar su tökmüsən, tuluq-tuluqdu. Üç gecədi yatmıram ağrıdan. Üç gecədi sevə bilmirəm. Bağışla, amma üç gecədi unutmuşdum səni. Bəlkə hər şeyi deyəm ona... Yox! İstəmirəm məni bu halda görə. Onun yadında belə qalmaq istəmirəm.
- Azər.
- Hə...
- Nə olub axı sənə? Dəyişmisən yaman. Olmaya, mən bilmədiyim nəsə var. Dünən də heç yazıb eləmədin. Üç gündü yaman soyumusan. Nə baş verir? Mənimlə gəlmək istəmirsənsə gəlmə. Sevinmirsən məni gördüyünə?
- Yox. Nə danışırsan. Mən axı özüm yalvarıram gəl görüşək deyə. Bağışla, sadəcə soyuqdəymə məni haldan salıb. Dünən də ona görə cavab yaza bilmədim.
- Caaan. Sənə niyə dəyib soyuq mən dura-dura. Canım, əyər halın yoxdursa mən tək gedərəm. Onsuz da sənə rast gəlməsəm tək gedəcəkdim. Sürpriz edəcəkdim sənə.
- Yox, nə danışırsan. Gedək bərabər.
- Bəs sənin işin? Səni yolundan elədim.
- Yox. Qayıdanda mən ora dəyərəm. Avtobusdakıların nəzərindən gizlin üzümdən öpdü.

Bütün yolu o danışıb mən dinləmişəm. Dinləmişəm deyəndə zorla gülümsəyərək, “hə”, “hı”, deyə fikrim əlimdəki şüşədə qısa cavablar vermişəm.

Universitetin qarşısında bayırda gözləyəcəm, deyib içəri daxil olmadım. Əlimdəki sidik dolu şüşəni zibil qabına atmaq istəyirdim. Amma bu gün mütləq aparmalı idim xəstəxanaya. Bu gün analizlərin cavabını mütləq bilməli idim.

Yoxsa belimin ağrısı məni lap haldan salıb. Düşündüm ki, sidiyi elə xəstəxanada da verə bilərəm. Axı mənə dedilər ac qarına işəyib aparmalıyam. Yox. Tullasam, gərək sabah aparam. Sabaha qədərsə məndə hal qalmaz.

Universitetin həyətindəki zibil qabına yaxınlaşmışdım sevdiyim qız dostları ilə məni səslədi. Lənət şeytana! Bunlar da hardan çıxdı. Yaxınlaşıb dostları ilə məni tanış etdi.

- Azər, tanış ol, Samir, Günel, Röya, Xəyal.
- Çox şad oldum. Qiyabi olaraq hamınızı tanıyıram.
Heç şad zad olmadım. Siz də hardan peyda oldunuz. Axı siz planda yox idiniz. Üzü sızanaqlı tələbələrin gic-gic söhbətlərinə qulaq asmağa halım yoxdu. Tanış olduq lap yaxşı, indi durun... gedin dərslərinizi oxuyun. Bircə deməyə ki, gedəyin bir yerdə oturağın. Bircə bunu deməyə. Nolar, gözəlim, bircə bunu demə.
- Burda niyə dururuq. Bəlkə bir yerdə oturaq. Bir də bir-birimizi nə zaman görəcəyik.
Tfuuu, sənin sortunu... Elə bil mənim acığıma edir. Hələ bu gədələrə bax. Niyə çıxıb evlərinə sikdir olmurlar. Qoyam əlimdəki şüşə ilə sifətlərinə. Deyəcəm, mən gedəsiyəm, elə biləcəklər pula görə qaçıram aradan. Poxa düşdüm.
- Azər, sən yaxşı yer tanıyırsan? Neçə il bu şəhərdə qalmısan.
İlahi, bu nə axmaq vəziyyətdi məni salmısan. Bu halda bunların götüylə oynamağa vaxtımmı var. Bu şəhərdə qalan günümə daş yağaydı.
- Siz hara istəyirsiz ora da gedək. Amma bir az tez, uşaqlar, mən başqa yerə də tələsirəm.

Dörd dayanacaq yol getdikdən sonra zövqsüz bir kafeyə girdik. Ax, kaş başqa vaxt olaydı, aparaydım bu ata şotuna yaşayan gədələri mən bilən kafelərə ağızları açıq qalaydı. Nə isə...

Elə bura yaxşıdı. Ucuz olar yəqin ki. Onsuz cibimdə pul da yoxdu. Dünən təkcə analizlərə 100 lari getdi. Onu da dostumdan borc aldım. Yaxşı ki, dünən o yanımda idi.

İş işdən keçmişdi. Menyunu açıb nə yeyib, nə içəcəklərini soruşdum. Hamısı eyni poxu dedi. İndi gəl sən bir xeyli də tənbəl gürcüləri gözlə ki, dediklərini vaxtında gətirəcəklər.

Süfrə hazır olana qədər tələbələrin gic-gic zarafatlarına qulaq asmalı oldum. Daha xəstəxanaya gecikməyimi vecimə almırdım. Onsuz da olan olmuşdu.

Sevdiyim qızın o biri qızlardan gözəl olması haqqında fikirləşərək xəstəxananı yadımdan çıxarmışdım, ta ki, Xəyal stolun üstunə qoyduğum qara selofana bükülmüş sidik dolu şüşəni göstərib nə olduğunu soruşana kimi.

Bax, sənə çox lazımdı bu nədi. Qabağında p.xunu yesənə. Başqa sözün, söhbətin, başqa marağın yoxdur sənin. Ağzının üstünə nə çəkərdim bu şüşə ilə.

Xəyalın sualına hamı susub cavab gözləyirdi. Səhərdən sevdiyim qızın da diqqətini cəlb eləmiş qara paketin içindkinin nə olduğunu bilmək üçün gözlərini bərəldib cavab gözləməsi məni lap hövsələdən çıxardı.

- Tut arağı.
Sevdiyim qızın gözləri daha da bərəldi.
- Sən axı içki içmirsən.
- Həkimindi.
- Həkim kimdi?
- Yəni... başqasınındı, həkim ona tut arağı məsləhət görüb. Atam tut arağı çəkir. Xahiş elədi bunu ona aparım.
- Buna görə evdən çıxmısan?
- Yox. Başqa işim var. Yolum düşmüşkən bunu da ona verim dedim.
- Başqasının olmasa, süzərdin vurardıq, Azər qardaş.
- Məmnuniyyətlə süzərdim.

Bu nədi, bir şüşə yenə işəyib süzərdim. Ax, Azər, ax... Açasan bu şüşəni, tökəsən stəkanlarına ki, alın için, köpəyuşağı. Hələ bir sağlıq da deyin.

İki saatdan çox tələbələrin mənasız, şit söhbətləri ilə qulaqlarımı zorlayandan sonra 50 lari hesab ödəyib sağollaşdım. Sevdiyim qız da mənimlə qayıtdı.

Əlimdəki şüşənin araq olduğuna inanmışdı deyə, özümü rahat hiss edirdim. Hətta əlimdən alıb çantasına qoyanda da vecimə almadım. İndi avtobusda bütün yolu əllərindən rahat tuta bilərdim.

Xəstəxanaya yaxın yerdə sevdiyim qızla sağollaşıb avtobusdan düşdüm. Özümü rahat hiss edirdim. Universitetdən imtahan verib qayıdırdım elə bil.

Sevdiyim qızı, universiteti bitirdiyini, evlənəcəyimizi fikirləşə-fikirləşə xəstəxananın qapısı ağzına çatmışdım ki, sidiyim yadıma düşdü. Şüşə sevdiyim qızın çantasında qalmışdı. Məhv oldum.

İndi gəl sən hər şeyi başa sal. Özümü nə ki var, söydüm. Hirsimdən yaxındakı ağaca necə yumruq ilişdirdimsə əlim qanadı. Ağaca yazığım gəldi. Oturub ağlamaq üçün əla bəhanə idi. Amma ağlamağa vaxtım yox idi.

Ağrı və qan məni özümə gətirdi, sakitləşdim. Əlimi yaylığımla sarıyıb girdim xəstəxanaya.

Həkimə yolda yıxıldığımı, analiz üçün götürdüyüm sidik dolu şüşənin sındığını dedim. Mənə kiçik şüşə qab verib tualetə yolladı. Belə bilsəydim, o şüşəni tullayardım zibilqabına. Buna görə ürəyimdə həkimin nəslinə ilk dəfə ordaca ağlıma gələn söyüşlər ünvanladım.

15 dəqiqədən sonra analizlərin cavablarını aldım. Həkim ambulator şəraitdə on gün müalicə üçün iki səhifə dərman yazdı. Sonra xüsusi otaqda belimi yaşıl su ilə yuyub, pambıqla tuluqların üstünə bənövşəyi maye çəkdilər.

Bütün bədənim bənövşəyi rəng oldu. Güzgünün önünə keçəndə özümü tanımadım. Bənövşəyi adam mənə baxıb gülümsəyirdi. Mayenin qurumasını gözləyib köynəyimi geyindim.

Evə yorğun, ümidsiz qayıtdım. Hər şeyi unutmaq üçün avtobusda yol boyu işıq dirəklərini saydım.

Evə çatmışdım ki, telefonuma mesaj gəldi: "Azər, arağın çantamda qalıb, evə qayıdanda yaz parka gətirim. Bugünkü günə görə çox sağ ol. Səni sevirəm". Rahatlaşdım.

22.09.2015

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG