Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 15:04

Şərif Ağayarın yeni romanından bir parçanı OXU


- Şərif Ağayarın "Qanun" nəşriyyatında yeni nəşr olunmuş “Gülüstan” romanından bir parçanı müəllifin icazəsi ilə təqdim edirik.

Əmrulla müəllim

Qəqqo Qurban

Əmrulla müəllim Yeni qəsəbədə, Adəmin qonşuluğundakı 7 nömrəli evdə yaşayırdı. Yaşlanmışdı artıq. 50 il İşıqlı kənd orta məktəbində işləmiş, Adəmin müəllimlərinə, hətta müəllimlərinin müəllimlərinə dərs demişdi.

Bir müddət Hacı Süleyman torpaqlarındakı obalarda açılan “Papka məktəblər”dən maaş almış, daha sonra qəsəbəyə köçüb işini davam etdirmişdi.

Bu yaxınlarda yaşı keçdiyi üçün zorla təqaüdə çıxardılar. Qatı kommunist idi. Partiya biletini hələ də atmamışdı. Ancaq arada imkan tapıb hakim partiyaya da üzv yazılmışdı.

Qəsəbə rəhbərliyinin bütün iclaslarında, tədbirlərində yaxından iştirak edirdi. Televiziya çəkilişlərində, iqtidar qəzetlərinin rüşvətxor müxbirləri ilə görüşlərdə onu qabağa verirdilər.

Şərif Ağayar
Şərif Ağayar

Qəşəng kostyum geyinir, qalstuk taxır, seyrək saçlarını arxaya darayıb sinəsini qabağa verirdi. Yaşlansa da parlaq nitqini itirməmişdi.

İçindəki rəhbər sevgisi isə təkcə ailəsi üçün deyil, bütün qəsəbə üçün tükənməz sərvət sayıla bilərdi.

Onun gözləri vəzifəli şəxsin eyiblərinə kor idi. Özündən deyən dərviş könlünü dünya malına belə qapada bilməzdi. İntəhası, son vaxtlar xərifləyirdi bir az.

Çıxışlarında iki-üç dəfə karıxıb “Hörmətli zirvə toplantıları!” kimi absurd cümlələr işlətmiş, hakim partiyaya Kommunist Partiyası deyərək zalı güldürmüşdü.

Buna görə Başçının müşaviri Xudayarov ona xüsusi təqaüd kəsdirib, mədəni şəkildə evinə yola salmış, “Day vaxtın keçib, nə danışdığını bilmirsən, get, bir az dincəl” – demək istəmişdi. Əslində bu, Kralın Müşavir Xudayarov vasitəsiylə həyata keçirdiyi gəncləşdirmə siyasətinin tərkib hissəsi idi.

Müəllim hər şeyi başa düşsə də, yaman alınmışdı istefa məsələsindən. Artıq tədbirlərə, çəkilişlərə çağırmırdılar onu. Ay vəfasız dünya!

Bəzən qaşlarını qaldırıb ah çəkirdi. Di gəl, yenə də dağarlığından qalmır, həmənki kimi şux geyinirdi. İllah toyda və yasda. Necə deyərlər, istəməyənlərə yandıq verirdi.

Müsahibə azarını xeyir-şər məclislərindəki təntənəli çıxışları ilə öldürürdü. Toydan söz deməmiş getməz, çıxışına video gəlməmiş başlamazdı.

Əmrulla müəllimin toy repertuarı ayrı idi, yas repertuarı ayrı. Toyda – mikrofonda millət vəkili, yasda – “uzkiy kruq”da müxalifət qəzetinin müxbiri kimi danışırdı. Nə sirr idisə onun keçmişlə bağlı xatirələr danışmasına heç kim mane olmurdu.

Yəqin bilirdilər ki, qulaq asan yoxdur. Əmrulla müəllim camaat arasında hərlənsə də onu başlı-bütünlü unutmuşdular. Nə dediyi, nə danışdığı heç kimin vecinə deyildi.

Bircə müəllimlər günü Kralın adından təbrik məktubu və bir dəstə sarı nərgiz göndərirdilər ona. Nərgizləri canfəşanlıqla solmağa qoymur, suya salır, qoxlayır, üstündə əsir, məktubları sığallayıb köhnə diplomatında çinləyirdi.

Daha dərindən qulaq asanda hiss edirdin ki, onun qafasında sovet hökuməti hələ də dağılmayıb. Çünki fikirlərinin istinad nöqtəsinin bu günə dəxli yox idi.

Təkcə partiya biletini deyil, bütün sovetdənqalma sənədlərini, orden və medallarını, onların kağız-kuğuzunu, tərifnamələrini, təşəkkürnamələrini, istiqraz vərəqlərini, poçt markalarını, kiftansiyaları, əmanət kassasındakı pulun çekini, yazdığı ərizələrin surətini və gələn cavabları, məqalələri və müsahibələri çap olunan, haqqında yazı gedən bütün qəzet və jurnalları, məktəbdə, kolxozda imzaladığı aktları, İşıqlıda qoyub gəldiyi köhnə “Moskviç”in sənədlərini, açarını, ovaxtkı sürücülük vəsiqəsini və s. göz bəbəyi kimi qoruyub saxlayırdı.

Bəzən cibindən balaca bir “zapiska” çıxarıb fəxrlə deyirdi: “1969-cu ildən bu kağız cibimdədir!” Maraqlansan, bilməzdi ki, nə kağızdır. Sadəcə saxlamışdı – vəssalam. Ürəyinin dərinliklərində əmin idi ki, bu sənədlər çox lazımlıdır və nə vaxtsa qiymətli eksponat kimi hökumət tərəfindən aktla təhvil götürüləcək.

Qəsəbədə bircə Adəm dinləyirdi müəllimin uzun söhbətlərini. O, kitab cümlələri ilə danışsa da maraqsız deyildi. Bircə eybi vardı: nə soruşursan-soruş, öz bildiyini danışırdı.

Ona görə Əmrulla müəllimdən nəsə öyrənmək mümkün deyildi. O, yasda daha səmimi idi. Çünki, Mir Cəfər Bağırovdan üzübəri min dəfə təriflədiyi rəhbərlərdən deyil, atasından danışırdı. Qəqqo Qurbandan.

“Qəqqo” kürd dilində “dədə” deməkdir. Bəzən ahəng qanununa uyğun olaraq “Qəq” kimi tələffüz olunurdu və bu vaxt lap şirin çıxırdı. Əsasən xitab kimi işlənəndə belə deyirdilər.

Qurban kişi İşıqlı kəndinin kürdlər yaşayan məhəlləsindən idi. Əslində, 18-ci əsrin axırlarına doğru İrandan Kiçik Qafqaz dağlarının cənub yamaclarına pənah gətirən bu insanların kürdülüyündən əsər qalmamışdı.

Sürətlə assimilyasiya olunaraq dillərini və adət-ənənələrini itirmişdilər. Kürd dili yaşlı adamların yadında kortəbii şəkildə qalmışdı.

Qəqqo Qurban köhnə nəslin nümayəndəsi olduğundan öz qohum-əqrəbası ilə həmişə kürd dilində danışırdı. Ona hamı, uşaqlarının dili ilə “Qəqqo” və ya “Qəq” deyirdi.

Əmrulla müəllimin, ağzının cırımlarında yığılan sarı köpükləri ovcunun içiylə silə-silə danışdığı uzun-uzun və təkrar-təkrar əhvalatlardan Adəmin yadında qalan buydu ki, Qurban uşaqlıqdan yetim qalıb, Ağa adlı sonsuz bir kişinin yanında on iki il nökərçilik edib.

Ağanın Abadxeyir dərəsinin şərq yamaclarında yaylağı varmış. Qurban onun qoyunlarını otarırmış. Nə qədər varlı-karlı olsa da ailə sarıdan bəxti gətirməyib, 9 oğlu dünyaya gəlib, heç biri həyatda qalmayıb, uşaq ikən rəhmətə gediblər.

Qurbanın ağıllı, doğru-dürüst olduğunu görən Ağa qızlarından birini ona verib yurdunda qalmasını təvəqqe edir.

Günlərin birində Qurban kişi Ağadan beş-altı günlük icazə alıb kəndlərinə gəlir, işini tez bitirdiyindən iki günə yaylağa dönür.

Asta-asta obaya girəndə nə görsə yaxşıdır? Ağa bir neçə iri sərnicin içində qızıl sərib, günə verir. Qurbanı cərəyan vurur elə bil. Ağa da pərt olur, nə deyəcəyini bilmir. Uzun müddət bir-birinə tamaşa edirlər.

Qurban evə girir, əlində bir qırıq çörək, bir çimdik duz çölə çıxır və deyir: “Ağa, mən yetim idim, heç nəyim yox idi, sən mənə iş verdin, oğul kimi qəbul elədin, bu duza-bu çörəyə and olsun, nə sənin sirrini bir kimsəyə açaram, nə də sənə bir yamanlıq edərəm. Elə düşün ki, mən bu sərnicləri görməmişəm!” Və atını minib obadan aralanır.

“Qəq, Ağa can verəndə o qızılların yerini niyə soruşmadın?” –nəvələrindən biri ağzını dinc qoymayaraq sual verir.

Qurban kişi istehzayla gülür: “Allahdan aşkar, bəndədən nə gizli, bir ara soruşmaq ürəyimdən keçdi. Sonra fikirləşdim ki, hey gidi dünya, doqquz oğuldan nakam gedən bir kişinin qızılları mənim nəyimə gərəkdi? O qızıllar Ağaya nə verdi ki, mənə nə verə?”

Ağanın qəflətən dili batır, yazı-pozusu olmadığından heç kimə heç nə çatdıra bilmir, əl-qol hərəkətləri ilə qızına nə qədər izah edirsə, bilmirlər nə deyir. Bəlkə də, çörək, su istəyirmiş, qohumları qızılın yeri kimi anlayırmışlar.

Bəli, Qəqqo Qurban on iki illik nökərçiliyin dalınca Ağanın qızı ilə evlənir və kəndin ən varlı adamı olur. Sovet hökuməti qurulanda onun 2 minə yaxın qoyunu, yüzlərlə mal-qarası, ilxısı varmış.

Kollektivləşmə illərində var-dövlətinin başına bəla olacağını anlayır və “uf” demədən 500-ə yaxın qoyunu Kür çayına töküb axıdır. Qalanlarını mal-qarası və at ilxısı ilə birlikdə əlindən alıb kolxoza götürürlər.

İşıqlı kənd kolxozu Qəqqo Qurbanın var-dövlətinin hesabına qurulur, özünün taleyi isə sual altına düşür. Hər gün birini tutub ya güllələyir, ya Sibirə sürgün edirdilər.

Qurban kişi belə ağır günlərin birində, həyətlərindəki uca çinarın altında dizlərini yerə atıb üzünü qibləyə tutur.

Deyir, İlahi, çıxıb bu ağacdan özümü atacam, əgər Sibirə sürgün olunub dilini-dinini bilmədiyim kafirlərin arasında kimsəsiz öləcəmsə, elə burda canımı al, qohum-əqrəba toplaşıb Quranlı-Yasinli basdırsınlar məni, yox əgər mənə toxunmayacaqlarsa, sağ-salamat yerə düşüm. Və dediyi kimi də edir.

Elə bil hansısa görünməz əl Qəqqo Qurbanı rahatca yerə qoyur. Kişi bütün varlığı ilə inanır ki, onu Abadxeyir dağlarından ayırmayacaqlar. Beləliklə, Allaha ibadət etməyə, namaz qılıb, oruc tutmağa başlayır.

Qəqqo Qurbana bütün var-dövlətindən bir inək qalır, bir də Toplan adlı bir it. Günlərin bir günü it yoxa çıxır. Kişi nə qədər axtarırsa tapa bilmir. Pələngə bənzəyən bu çoban iti elə bil göyə çəkilibmiş.

Birdən Qurban kişinin dalağı sancır, tez qohumlardan aldığı ata minib keçmiş yaylağına qalxır. Payız olduğu üçün yaylaq yiyəsizmiş. Görür ki, Toplan yurd yerində, başını vaxtı ilə bağlandığı daşın üstünə qoyaraq ölüb. Qəqqo Qurban Toplana elə ağlayırmış, elə bil igid bir adam ölüb.

Müəllim Qəqqo Qurban və Toplan əhvalatını da bəlkə otuz dəfə danışmışdı Adəmə. Hər dəfə də cibindən ütülü dəsmalını çıxarıb gözlərinin yaşını silirdi.

Ardınca, İşıqlıda təzə müəllim işləyən vaxt qonşusuyla savaşmasından, onu “Hüquq” kitabıyla vurmasından, kişinin şikayət etməsindən, Qəqqo Qurbanın oğlunu qurtarmasından söz salır, gözləri miskin bir fərəhlə parıldayırdı. Bax onda qonşusuna dəhşətli dərəcədə yazığı gəlirdi Adəmin.

“Yalan deyirəmsə, olmayan evin başıma uçsun”, – gözlərini qırpa-qırpa elə bil kiməsə inad sübut etmək istəyirdi – “Abadxeyir dağlarında mənim atamdan halal, qoçaq, ağıllı adam olmayıb.

Camaatın vurhavurnan ev tikdiyini görəndə, deyirdi, az bu daşa-taxtaya pul xərcləyin, yeyin, için, gəzin, adama yeyib-içib gəzmək qalacaq. Bilirsən də, iki mindən artıq qoyunu olub... Sovet hökuməti qurulanda...”

Və təbii ki, təzədən dəfə-daraq...

Adəm çətinliklə də olsa hərdən onu maraqlı, orijinal istiqamətə, xam mövzulara yönəldə bilirdi. Bəzən isə təkrar söhbətlərdə yeni çalarlar üzə çıxırdı.

“Qəqqo dediyi kimi oldu. 50 il müəllim işləyib hara nə qoydum? Ömür boyu qarışqa kimi daşıyıb yığdığım səltənətin hamısı qaldı. Bircə bunu gətirdm” – iki əliylə azca irəli çıxan qarnından bərk-bərk yapışıb yırğalayır və ağlı qüsurlu xəstələr kimi sirli təbəssümlə gülümsəyirdi.

“Niyə olmayan evim deyirsiz? Bə bu ev kimindi?” – Adəm çənəsi ilə 7 nömrəli evi göstərirdi.

“Ay-hay!” – istehzayla deyirdi, - “Sən elə bilirsən qaldığın ev şəxsi mülkiyyətindi? Bu evin ətrafında başqa tikili tikməyə, qanunda nəzərdə tutulmuş şəkildə verilən həyətyanı sahəni satmağa, başqa məqsədlərlə istifadə etməyə, eyni zamanda evin özünü satmağa qəti ixtiyarın yoxdu (Hansısa təlimatdan əzbərlədiyi hiss olunurdu). Heç bu raşotkanı dəyişib daşdan zabor çəkdirə bilməzsən!” - əlini dəmir barmaqlıqlardan düzəldilmiş hasara uzadırdı.

“Necə yəni? 37-lərdə nə qədər ev satıblar, əlavə nə qədər tikili tikiblər, ağac əkiblər, bağ salıblar, dəmir darvaza qoydurublar”.

“Ola bilməz!” – təəccüblə baxır, gözünü döyür, bədənini dikəldərək boynunu uzadırdı.

Adəm heyrətlənirdi: 50 ilin müəllimi necə bu qədər sadəlövh ola bilər?

“Devlətlə devlətçilik eləmək olmaz! Hər şeyin bir həddi var. İndi adamlar kasıbdı deyə devlət özü dinmir, vaxtı çatanda hamının qulağını buracaq. Devlət tələsmir, gec edir, güc edir.” – deyirdi özünü duruluğa çıxarmaqdan ötəri.

Adəm fikir vermirdi onun dövlət qorxusuyla yoğrulmuş moizələrinə. Çünki dəfələrlə yas yerlərindəki qızğın mübahisələrdə yavaş səslə bu sözü vird elədiyini öz qulaqları ilə eşitmişdi: “İndi devlət var?”

“O vaxt qonşumu bilirsən nəynən vurdum?” – qəfil dalğaya İşıqlı xatirələri düşürdü – “Hüquq” kitabıyla!” – necə qəşş eləyirdisə, öskürək tutur, protezi ağzından çıxır, əliylə geri itələyir, Adəm utandığından üzünü çevirirdi.

Tamsına-tamsına qoyma dişlərini yerinə otuzdurub şövqlə davam edirdi: “Yer üstə mübahisələri vardı, hökumət də, camaat da dədəmin sözünü deyirdi.

Qəqqo düz adam idi, o dəcəlxata! Mən də təzə müəllim işləyirdim, partiyaya keçmək söhbətim vardı, Qəqqonun acığına məni dolaşdırmaq, şərləmək istəyirdi. Hər dəfə qabağımı kəsir, söyür, təhqir edirdi. Mən elə bil eşitmirdim.

Onu saymadıqca daha da qızışırdı. Bir gün yaxamdan tutub anamı söydü!” – dayanıb təəccüblə dodaqlarını elə büzür, qaşlarını elə yuxarı qaldırdı ki, elə bil indicə söymüşdülər onu – “Əlimdəki kitabla sinəsinə bir dürtmə vurub kənara itələdim və yoluma davam elədim.

Bir də baxam ki, “Hüquq” kitabıymış...” – şaqqanaq çəkirdi – “O da qaçdı şikayətə. “Sudekspert”ə rüşvət verib daxili zədə aldığına dair ağır sənəd düzəltdirdi, işim məhkəməyə düşdü” – ah çəkir, yerində qurcuxub qaşlarını yenə yuxarı qaldırırdı – “Allah rəhmət eləsin, Qəqqo dedi, heç nəyi boynuna alma, denən onu heç tanımıram. Məəttəl qaldım. Adam qonşusunu necə tanımaz? Yalan danışa bilmədim.

Boynuma aldım ki, qonşunun sinəsinə “Hüquq” kitabı ilə dürtmə vurmuşam. İşim ağırlaşdı. Müəllim hara, adam vurmaq hara? Özü də sovet hüququ yazılmış kitabla...” – şəhadət barmağını yuxarı qaldırıb situasiyanı daha da dramatikləşdirməyə çalışırdı – “Evdə o vaxtın puluyla beş yüz manat vardı.

Ovaxtkı beş yüz, indinin beş minindən bərəkətliydi. Qəqqo götürüb məhkəmə hakiminin evinə getdi. Dedim, kişini tutacaqlar.

Sovet hakiminə - cinayətlə mübarizə aparan bir şəxsə rüşvət vermək olardı? Amma Qəqqo vermişdi. Qonşunu məhkəmə zalındanca qandallayıb çığırda-çığırda apardılar.

Dedilər, guya, o məni vurub! Heç tanımadığım, görmədiyim beş-altı adam nahaqdan necə üzünə dirəndisə, dözə bilmədim, qalxıb söz istədim, yaxşı ki, vermədilər.

Yoxsa necə olmuşdusa, danışıb işləri yenə korlayacaqdım.” – gülürdü xısın-xısın – “Qəqqonun məqsədi qonşumuzu tutdurmaq deyildi, onu qorxudurdu ki, məndən əl çəksin.

Elə də oldu. İçəridə necə qulaqburması verdilərsə, ipək kələfinə döndü. Səhərlər mənə salam verəndə ikiqat əyilirdi. Sən kimsən ki, sovet müəlliminə əl qaldırırsan?! Əclaf köpəyoğlu!” – bəli, söyüş söyməyi də vardı Əmrulla müəllimin.

“Haqq-ədalət yoxdu, oğul, onu axtarma, yalan danışmağı öyrən, yoxsa, başını dolandıra bilməzsən.” – bu mühakimə şəxsi söhbətlərinin yekunu, həyat və yaşamaq haqqında dəyişməz qənaəti idi.

“Axı kitablar yazır ki, yalan danışmaq olmaz”. – Adəm topa güllə qoyurdu.

“Ağzında kitab deyirsən. Kitab bizdə oxumaq yox, adam vurmaq üçündü!” – gülürdü həvəslə – “Yadında saxla, münasibətin iki növü var” – şəhadət və orta barmaqlarını havada yellədirdi – “Bir qabıq,” – şəhadət barmağını qatlayırdı, - “İki çəyirdək” – orta barmağını qatlayırdı və Adəm fikir vermişdi, heç vaxt bu ardıcıllığı pozmurdu.

Qabıq həmişə birinci gəlirdi və şəhadət barmağıyla işarələnirdi – “Qabıq münasibət adi münasibətdir. Salam, sağ ol. Uzağı gülümsə, hal-əhval tut, keç.

Sən zəhlən gedən adama da salam verirsən, hal-əhval tutursan, üzünə gülümsəyirsən, ancaq ürəyindən keçir ki, bu hardan çıxdı qabağıma!

Bax o salam-sağol və təbəssüm qabıq, içindən keçən çəyirdək münasibətdir. Yəni qabıq – yalan, çəyirdək – həqiqətdir. Çəyirdək qabıqla örtülməsə, yaşamaq mümkün olmaz. Çəyirdəksiz də yaşamaq olmaz. Çəyirdək olmalıdır, amma deyilməməli, görünməməlidir. Həqiqətin görünməsi həmişə problem yaradır.”

Bu sözlər Adəmin yeddi qatından keçirdi və təkrar-təkrar anlayırdı ki, hamıyla daha çox çəyirdək münasibətdədir. Qorxurdu. Bunu səmimiyyət və dürüstlük yox, sadəlövhlük və axmaqlıq sayırdı.

Bəzən isə düşünürdü ki, keçmişdən başqa heç nəyi olmayan bu qoca kommunist onu mütiliyə, boyun əyməyə səsləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG