Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Parislilər burda görüşürdü...


Paris, Bataclan qarşısında xatirə meydanı

Paris, Bataclan qarşısında xatirə meydanı

Parislilərin dostları ilə görüşdükləri, dincəldiyi, yeyib-içdikləri yerlər...

Terror hücumları bu yerlərdə olub...

Paris terrordan sonra şəhərə uyğun olmayan səssizlik, ürkəklik içindədir. Keçən ilin yanvarında Charlie Hebdo jurnalına hücumdan sonra şəhər yenə də narahatdır.

BBC yazır ki, terror hadisələri şəhərin ayrı-ayrı yerlərində olsa da parislilərin çoxunun həyatında acı iz qoyub.

Hadisədən sağ çıxa bilənlər deyir ki, saqqallı adamlar yerə sərilmiş adamların ölüb-ölmədiyini yoxlayırmış.

Fransada fövqəladə vəziyyət elan olunub. Bütün əyləncəli tədbirlər təxirə salınıb. Restoranlar, kafelər hadisə yerinə yaxın bəzi metro stansiyaları bağlıdır. Paris küçələri əvvəlkki kimi qələbəlik deyil. Yolları qısa olsa da indi şəhər sakinləri növbəti hücumların olacağından qorxduqları üçün taksidən, avtobusdan istifadə edir.

“Pauvre France”

Adamla qaynaşan kafeləri boş olan Saint Germain des Pres küçəsində bir qrup qadın “Pauvre France” (Yazıq Fransa) deyib kövrəlir: “Paris bunlara layiq deyil”.

Parisin 10-cu bölgəsində Le Carillon adlı bar və Kamboca restoranı olan Le Petit Cambodge üz-üzədir. Ən azı 12 adamın həyatını itirdiyi dar küçələrin arasında bir-birinə baxan bar və restoran məhəllənin dostlarını bir yerə yığırdı. İndi isə şüşələrində güllə deşikləri, ölənlərin xatirəsinə qoyulan gül dəstələri var.

Heline adlı gözüyaşlı qadın barda yaxınını itirib: “Bura girdi və çıxmadı”.

Parislilər narahat-narahat deyir ki, Charlie Hebdo hadisəsində də ölkənin rəmzini, söz azadlığını hədəf seçmişdilər: “Bu nədir axı?”

Başqa bir şəhər sakini deyir: “Sağa-sola atəş açmaq nə deməkdir? Mən artıq bunun nəticələrindən qorxuram. Tamamilə ölkəni hədəf seçiblər. Həm də müsəlmanlara qarşı nifrət hisslərinin artacağından qorxuram”.

Fransızlar düşüncəli insanlardır

Regis Bugeaud adlı şəhər sakini deyir ki, Charlie Hebdo hadisəsində söz azadlığına hücum etdilər. İndi isə bütün ölkəyə hücum oldu: “Heç bir şey əvvəlki kimi olmayacaq”. Ancaq o fikirləşir ki, müsəlmanlara qarşı nifrət hissləri artmayacaq: “Fransızlar düşüncəli insanlardır. Fəlsəfələri, mədəniyyətləri var. Hamını eyni tutmazlar. Ərəblərin, müsəlmanların hamısını terroçu kimi görmürlər”.

Terrora məruz qalmış Café Bonne Bière adlı kafenin də şüşələri dəlmə-deşikdir. Hələ də şüşələrində qurumamış qan izləri var. Kafedə yarımçıq şərab qədəhləri görünür.

Kafenin qarşısında dayanmış Mustapha Ennia deyir ki, o əslən mərakeşlidir: “Fransa bütün dinlərin ölkəsidir. Burda adamlara dininə görə “sən terrorçusan” demirlər. Bir müsəlman kimi qorxuram? Həm hə, həm də yox”.

Café Bonne Bièrenin yanında gülləbaran edilmiş başqa bir yer Casa Nostra kafesidir. Qarşı binada yaşayan Elliot adlı gənc deyir ki, 30 sanyə ərzində təxminən 30 atəş səsi eşidib: “Güllə səsləri kəsilənə qədər bütün ailə üzvlərimiz yerə uzanmışdıq. Səs kəsiləndə pəncərədən baxdım, üç cəsəd gördüm”.

Bataclan konsert zalında isə 87 adam öldürülüb. Konsert zalının ətrafı polisin mühasirəsindədir. Bura yaxın məhəllələrin birində yaşayan mərakeşli Mina Amrani deyir ki, güllə səslərini eşidəndə nə baş verdiyini öyrənmək üçün küçəyə çıxıb. Polislər onun tez-tələsik evinə göndərib. Ondan soruşanda ki, qorxursuz? Cavabı belə oldu: “Əlbəttə, qorxuram. Mən müsəlmanam. Bunu edənlər deyir ki, bunu islama görə edirik. Ancaq islamda öldürmək yox, əmin-amanlıq var”.

Qorxmaq vaxtı deyil

Fransız gənc Marco isə deyir ki, indi qorxmaq zamanı deyil: “Qorxmuruq. İndi bir olmaq vaxtıdır”.

Bataclan konsert zalından sonra ən qanlı hücum La Belle Equipe adlı kafedə olub. Burda 19 adam öldürülüb. Ölənlərin yaxınları kafenin qarşısına güllər düzür.

Sonuncu terror hadisəsi isə Stade de France stadionun yaxınlığında olub. Almaniya-Fransa yoldaşlıq görüşü vaxtı meydana yaxın ərazidə üç partlayış törədilib.

Partlayışlar stadiondan 80 metr uzaqlıqda yerləşən Quick adlı fast food restoranı ilə Decathlon adlı mağazanın arxasında, digəri isə McDonaldsın arxasında olub. Həmin partlayışlarda ölən olmayıb.

Terror hücumlarının olduğu bu yerlərin hamısı parislilərin dincəldiyi, yeyib-içdikləri, dostları ilə görüşdükləri yerlər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG