Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

"Dünya ölkələrinin çoxunda səhiyyə xərclərinin 5-20 faizi şəkər xəstəliyi ilə mübarizəyə xərclənir. Bununla belə, diabet hər 6 saniyədə bir can alır. Bu göstərici HİV, vərəm və malyariya – bu 3 xəstəliyin həmin zaman kəsiyində öldürdüyü insanların cəmindən çoxdur."

Beynəlxalq Diabet Federasiyasının (BDF) hesabatında belə deyilir.

Şəkər xəstələrinin 90 faizi diabetin iki tipindən əziyyət çəkir. Bunlar həddindən artıq köklük və oturaq həyat tərzi ilə bağlıdır. Xəstəliyin bu növü sürətlə artır, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə. Hazırda şəkər xəstələri ən çox Çində qeydə alınıb.

BDF-nin icraçı direktoru Petra Wilsonun sözlərinə görə, diabet təkcə pasiyentləri yox, həm də ölkələrin iqtisadiyyatını risk altına alır. O, noyabrın 15-16-da Türkiyədə toplaşan Böyük 20-lərin liderlərinə çağırış edib. Onları 2008-ci il maliyyə böhranına qarşı hərəkət etdikləri kimi, həddindən artıq köklüyə qarşı mübarizədə də əməkdaşlıəa çağırıb. Ancaq Wilson Böyük 20-likdən səsinə səs veriləcəyi ilə bağlı hələlik bir işartı görmədiyini deyir.

Hər 10 adamdan biri

2040-cı ilədək planetdə hər 10 yetkin adamdan biri diabet xəstəsi olacaq. Bununla da, 2015-ci ildə 415 milyon olan şəkər xəstələrinin sayı 2040-cı ildə 642 milyona çatacaq. Diabetə çəkilən xərclər də, 673 milyarddan 802 milyard dollara qalxacaq.

Bəzi ölkələr, o cümlədən Meksika, Çili və Fransa çıxış yolu kimi şəkərə vergi tətbiq etməyi sınaqdan keçirib. Ancaq qida sənayesinin və onların lobbiləşdirdiyi bəzi siyasi dairələrin müqaviməti ilə üzləşirlər. Məsələn, şəkərə verginin tətbiq olunduğu Meksikada bu yaxınlarda bəzi deputatlar həmin verginin iki dəfə azaldılması təşəbbüsü ilə çıxış ediblər. Britaniyada şəkərli içki və yeməklərə rüsum tətbiqi üçün aparılan geniş kampaniyaya baxmayaraq baş nazir David Cameron buna qarşı olduğunu bildirib.

Wilson isə inanır ki, siyasətçilər tütündən dərs çıxararaq, insanların səhhətinin qayğısına qalmalıdırlar: “Məlumdur ki, tütünə verginin tətbiqi və tütünün insan sağlamlığına zərəri barədə bildirişin məcburiliyi yaxşı effekt verib. İndi biz şəkərə də eyni cür yanaşmalıyıq”.

Ancaq Wilson onu da etiraf edir ki, tütündən fərqli olaraq, şəkərlə bağlı bu iş daha çətin olacaq. Ən azı ona görə ki, insan tütünsüz yaşaya bilər, amma şəkərsiz yox. Amma hər halda əlavə edilmiş şəkərsiz yaşamaq olar

Günün bütün mövzuları

XS
SM
MD
LG