Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

Tovuzun mərkəzi yolları abad olsa da, kəndlərə aparan qolları bərbad gündədir. Sarıtala kənd sakinləri hər yağış yağandan sonra bu yollarda əziyyət çəkdiklərini deyirlər.

«UZUNBOĞAZ ÇƏKMƏSİZ MÜMKÜN DEYİL»

Sarıtalalı Şıxəli Babayev deyir, nə bələdiyyə, nə də icra nümayəndəliyi yola baxır:

«Uzunboğaz çəkmə geyinməsək, mümkün deyil. Özüm sürücüyəm. Bu yollarda sürücülərin vəziyyəti piyadalardan daha acınacaqlıdır. Şəxsən mən qazandığım qəpik-quruşun çox hissəsini maşının təmirinə xərcləyirəm. Yağışdan sonra suyun altında qalan çuxurları görmək olmur. Düşürəm çuxura, çıxa bilmirəm».

Deyir, kənddə heyvandarlıq, əkinçilik demək olar ki, ölüb. Sahə əkirlər, mal alıb saxlayırlar, bir də görürsən, sel gəlib hamısını yuyub apardı. Ona görə də bu kənddə maşın çox ailələrin «çörək ağacı» hesab olunur. Məcbur qalıb borca-xərcə düşüb təmir etdirməli, yenə də bərbad yollarda sürməli olurlar.

Kəndin özündə də yol infrastrukturu baxımsız vəziyyətdədir. Bir sözlə, Tovuzun əksər kəndləri yağışdan sonra eyni aqibəti yaşayır. Yayı tozlu-tozanaqlı, payızı-qışı palçıqlı... Bu kənddə uşaqlar məktəbə qaloşla gedib gəlirlər.

KANALİZASİYA SİSTEMİ DƏ YOXDUR

Kənd sakini Nizami Kərimovun sözlərinə görə, problem təkcə yolların bərbad olmasında deyil, həm də kanalizasiya sisteminin yoxluğudur:

«Kanalizasiyasız mümkün deyil. Hər yağışdan sonra vəziyyətimiz budur. Sular yığılır yollarda, qəzalar artır, üst-başımız palçıqlı… Gərək bu barədə bələdiyyə, icra nümayəndəliyi düşünsün».

Payızda yağışın arası kəsmir, günlərlə yağır. Onda vəziyyət lap ağır olur. Küçələr su içində qalır. Əmələ gələn gölməçələrdəki yağış suları, az qala, dizə qalxır. Sakinlər kənddə, heç olmasa, suçəkən nasosların quraşdırılmasını istəyirlər.

Tovuz rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, kənd yollarının və kəndiçi yolların təmiri ilə bağlı layihə hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Sarıtala da belə kəndlərin siyahısındadır. Layihəni gerçəkləşdirmək üçün isə zamana ehtiyac var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG