Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:23

İmişlidə torpaq üstündə «vətəndaş müharibəsi»


Otlaq sahəsi
Otlaq sahəsi

-

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində vaxtilə bələdiyyə mülkiyyətində olmuş 5 hektarlıq torpaq sahəsi üstündə 2007-ci ildə yaranmış mübahisə hələdə öz həlini tapmayıb. Bununla bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qalaq-qalaq məktublar gedib, mətbuatda yazılar dərc olunub. Üstəlik, məhkəmə çəkişmələri sürüb. İndi tərəflərdən biri təhdid olunduğunu deyir.

«ATAM BU HAQSIZLIĞIN QURBANI OLUB»

Azadlıq Radiosuna danışan Bəhrəmtəpə qəsəbəsinin sakini Əbülfət Hüseynov bildirir ki, bu mübahisə ailələrinin faciəsinə səbəb olub:

«2004-cü ildə mərhum atam bələdiyyə mülkiyyətində olan 5 hektar torpaq sahəsini 5 il müddətinə icarəyə götürmüşdü. Həmin yer aqrar islahat aparılarkən əhalinin ümumi istifadəsində otlaq sahəsi kimi saxlanılmaqla bələdiyyəyə verilmişdi. Amma müqavilə müddəti bitmədən ortaya qəsəbədə yaşamayan, tanımadığımız bir şəxs çıxıb dedi ki, bu yeri almışam. Atam birbaşa müraciətlə və yazılı surətdə çox yerə şikayət etdi. Əsəb gərginliyindən infarkt keçirdi. Bələdiyyə məhkəməyə verib, mənə cərimə kəsdirib. İndi də ailəmizi ölümlə təhdid edirlər».

OTLAQ, KARXANA, YOXSA BALIQ GÖLÜ?

Əbülfət Hüseynov iddia edir ki, mübahisəli sahə ilə bağlı xeyli qanunsuzluq edilib:

«Əvvəla, torpaq sahəsi əhalinin ümumi istifadəsində saxlanıldığından Bəhrəmtəpə bələdiyyəsi onu alqı-satqı yolu ilə başqa şəxsin mülkiyyətinə keçirə bilməzdi. İkincisi, torpaq 2009-cu ildə satılsa da, bu, köhnə - yerin bizim icarədə olduğu vaxta uyğun tarixə sənədləşdirilib. Torpaq sahəsi dövlət reyestrindən kənd təsərrüfatı təyinatlı olmaqla keçirilib. Amma məhkəmə qərarında onun sənaye (qum-çınqıl məhsullarının istehsalı) məqsədilə satıldığı göstərilib. İndi də məlum olur ki, burada balıqçılıq təsərrüfatı yaradılır. Halbuki Nazirlər Kabinetinin qərarı olmadan torpağın təyinatı dəyişdirilə bilməz».

Əbülfət Hüseynov
Əbülfət Hüseynov

MƏTBU ÇIXIŞLARA GÖRƏ CƏRİMƏ…

Ötən il İmişli rayon Məhkəməsi Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimovun «şərəf və ləyaqəti alçaldan məlumatların təkzib edilməsi və dəymiş mənəvi zərərin ödənilməsi» tələbi ilə irəli sürülən işə baxıb. Bələdiyyə və onun sədri barədə çap və elektron mətbuatda ittihamedici çıxışlarına görə, Əbülfət Hüseynov 1000 manat cərimələnib.

Lakin bu qərardan sonra da vətəndaş nə şikayətini dayandırıb, nə də otlaq sahəsini əlindən buraxıb. O, mübahisənin uzanmağının səbəbini indiyədək etdiyi şikayətlərin obyektiv araşdırılmamasında görür:

«Dəfələrlə yerli icra hakimiyyəti başçısının qəbulunda bələdiyyə sədri «torpaq onun istifadəsindədir» cavabı verib. Saxta sənədlər tərtib edilib deyə, uzun müddət bu yerə yaxın gələn olmayıb. Qonşuluqdakı 15 hektarlıq torpağın sahibi də ərazini qazıq-quzuq edərək çıxıb gedib».

DİN-Ə VƏ MTN-Ə MÜRACİƏT OLUNUB

Son günlər ərazinin dörd bir tərəfinin kanalla əhatələnməyi tərəfləri üz-üzə qoyub. Torpaq sahəsi üstə yaranmış mübahisənin xoşagəlməz nəticələr verəcəyindən ehtiyatlanan Əbülfətin anası Bəyim Hüseynova polis, milli təhlükəsizlik orqanlarına müraciət edərək, ailələrinin təhlükəsizliyinin təmin olunmasını xahiş edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Əbülfət Hüseynovun təyinatından kənar məqsədlə torpaqdan istifadə edilməsi və təbiətə zərər vurulması barədə şikayətini araşdırmağa başlayıb.

Otlaq sahəsi
Otlaq sahəsi

SƏDR BƏLƏDİYYƏNİN BU İŞLƏRƏ QARIŞMADIĞINI DEYİR

Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov isə Hüseynovlar ailəsinin iddialarını əsassız hesab edir:

«Əslində, Əbülfət özü qanunsuzluq edərək neçə illərdir özgə əmlakından istifadə edir. Damağında şirə qalıb deyə, hər vasitə ilə torpağı əlində saxlamaq istəyir. O, biri adam bu yeri 8 il əvvəl alıb, indi də iş görmək istəyir. Onun əməlində qanunsuzluq varsa, buna aidiyyəti qurumlar qiymət verməlidir. Bələdiyyənin bu məsələlərə qarışacağı yoxdur».

«BİZİM HEÇ KƏSLƏ İŞİMİZ YOX»

Mülkiyyətin sənədli sahibi- Tahir Həşimov da torpağın təyinatından kənar məqsədlə istifadə edilməsi barədə iddiaları rədd edir:
«Kanalda balıq yetişdirmək, otlaq sahəsində isə meyvə ağacları əkmək istəyirəm. Hər ikisi elə kənd təsərrüfatına aiddir də. Qardaş, bizim heç kəslə işimiz yox, başımızı aşağı salıb, bir tikə çörəyimizi qazanmaq istəyirik».

XS
SM
MD
LG