Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

Polis ingilisə bayraq satdığımı düşünüb məni təpikləyəndən sonra


Bilal Həsənov

Bilal Həsənov

- "Gör indi ingilislər bizə baxıb nə fikirləşiblər."

"Polis ingilis fanatından aldığı əskinası cibinə saldı. Sonra yanındakı çavuşun başından qışlıq papağını həmin ingilisin başına qoydu."

Bilal Həsənov

Bayraq haqqında inşa

Orta məktəbdə inşa yazmağı bacarmırdım. Azərbaycan dili və ədəbiyyat müəlliməm doğma xalam olduğu üçün həmişə mənə köçürməyə inşa tapırdı.

Bu, adətən sinif otağının girəcəyində, sol tərəfdə iri şkafın axırıncı rəfində üstünü toz basmış dəftərlərdən bir olurdu.

Mən də dərsdən sonra xalam başqa şagirdlərin yazılarını yoxlayınca, aramla özgənin inşasını köçürürdüm.

Bir sözlə, leqal plagitala məşğul idim.

Düzünü desəm, indi yadıma salanda bərk utanıram. Sanki oğurluq etdiyim yerdə məni yaxalayıblar.

Amma utancımın səbəbi özgə inşanı köçürtməyim deyil, yazmağa cəhd etməməyimdir. Çünki çalışsaydım, hamıdan yaxşı alındırardım. Bir də ki, inşanı yazan sinif yoldaşlarım əziyyət çəkmişdi, tər tökmüşdü. Bəlkə də evlərində işdən yorğun qayıdan atası, əsəbi anası onlara yardım etmişdi həmin inşanı yazmağa.

Bu sirri neçə illərdi ki, qəlbimdə sıxıb saxlamışdım. Artıq etiraf etdiymə görə sevinirəm. Ağır bir daş düşdü ürəyimdən. Sanki ruhən boşaldım.

Elə o vaxtdan ürəyimdə xal qalıb. Demək olar ki, psixoloji travma almışam. Bu üzdən sərbəst inşa yazmaq arzusu neçə illərdi məni daxildən param-parça edirdi. İndi ki, əlimə fürsət düşüb ədaləti bərqərar etmək istəyirəm.

Sonda inşasını köçürtdüyüm şagirdlərdən, həmin inşaların yazılmasında köməyini əsirgəmiyən insanlardan üzr istəyirəm.

Əzizlərim, inşaları mənə həlal eləyin!

“9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir”.

(Yazı aramsız yağan yağışın şırıltısı və melanxolik-nostalji hissinin təsirindən yaranıb).

Bəzən gecələr Bayraq Meydanında gəzişməyi xoşlayıram. Arada başımı qaldırıb projektorların nişan aldığı, küləkdən dalğalanan bayrağı seyr edərkən yadıma bir hadisə düşür.

2004-ci il oktyabrın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan və İngiltərə yığmaları qarşılaşırdı.

Qonaqların tərkibində Bakıya o zamanlar çox tanınmış və ünlü futbolçular səfər etmişdi. Oyun öncəsi güclü ajiotaj var idi. Stadionda isə anşlaq gözlənirdi.

Həmin il xarici şirkətə təzəcə işə düzəlmişdim. Futbola iş yoldaşlarımla birlikdə getmişdik. Aramızda ekspatlar da var idi. Bir də ki, şirkət ingilislərin olduğundan oyuna biletlər bizə müftə başa gəlmişdi.

Əyləşdiyimiz yerlər İngiltərədən şəhərimizə səfər etmiş fanatların sektorunun yanında idi. İngilis fanatlarla azərbaycanlı azərkeşlər arasındakı sərhəddə isə iki sədd var idi.

Birinci maneə dəmir barmaqlıqlar və turniketlər idi. İkincisi isə polislərdən, hərbçilərdən ibarət kordon.

Oyunun birinci hissəsinin sonunda bizimlə gələn ingilis məni özüylə həmvətənləri olan sektora tərəf dartdı. Məqsədi yerliləri ilə görüşmək, şəkil çəkdirmək, ünsiyyət qurmaq idi. Məndən kordondakı polisə onun istəyini tərcümə etməyimi xahiş etmişdi.

Biz polisə yaxınlaşdıq. Əsəbi, ciddi, zəhmli polis əvvəlcə “yox” dedi. Sonra mən təkid etdim, bunun sadəcə qonaqpərvərlik jesti olduğunu bildirdim. Yanımdakı xaricinin adından xahiş elədim. Nəhayət, polis kobud tərzdə “çox yubanmayın” söylədi və bizi içəri buraxsınlar deyə, yanındakı soldata işarə verdi.

İngilis fanatlarının tribunası dediyim kimi, dəmir darvaza, setka ilə mühasirəyə alınmışdı. İngilislər mahnı oxuyur, şəkil çəkdirir, qucaqlaşıb öpüşürdülər.

Bizi isti, gülərüz qarşıladılar. Mən eni-uzunu 2 metr olan Azərbaycan bayrağına bürünmüşdüm. İngilis azarkeşləri bizim bayraqla xeyli şəkil çəkdirdilər. Oyunu, oyunçuları müzakirə etdik, havadan, stadionun ot örtüyündən gileyləndik, Bakı haqqında danışdıq.

Artıq öz yerimizə qayıtmaq vaxtı idi. Oyunçular ikinci hissəni başlamaq üçün meydana çıxırdılar.

Bu an bir ingilis fanatı mənə yaxınlaşdı. Əynində İngiltərə yığmasının futbolkası, boğazında “Mançester Yunayted”-in şərfi. Salamlaşıb, israrla büründüyüm üç rəngli bayrağımızı ona hədiyyə etməyi xahiş etdi. Dedi ki, üç gün ərzində vaxt eləyib Bakıdan bir hədiyyə ala bilməyib.

Oyundan çıxıb birbaşa hava limanına gedəcək deyə, Londona əliboş, suvenirsiz qayıtmağına təəsüflənirdi. Mənlə gələn xarici, kütlənin içərisində itmişdi. Millinin qapısı önündə təhlükəli anlar yaşandığından, ingilis fanatları mahnı oxuyur, qışqırır, səs-küy salırdılar.

Açığı mən indinin özündə də xaricə səfər edərkən, ölkəmlə, yaşadığım şəhərlə bağlı əşyalar, süvenirlər alıb aparıram. Bir neçə kərə bayraq da aparmışam.

Müxtəlif şəhərlərin “pub”-larında, hotellərində, klublarında bayrağımızı hədiyyə kimi sancmışam. Elə Bakıda mənimlə işləyən xarici yoldaşlarıma da az alıb verməmişəm.

Onlar da sonradan Braziliyada otelində, Aberdində restoranda, Amerikada qonaq otağında asdığı Azərbaycan Bayrağının şəklini çəkib sosial şəbəkələrdə paylaşıblar.

Bunda heç bir qəbahət görmürəm. Əksinə, sanıram dövləti reklam etməyin gözəl üsullarından biridir.

Onda da bayrağı hədiyyə edə bilərdim, sadəcə həmin bayraq mənə çox qiymətli idi. O bayrağa bürünüb saatlarla stadionda külək, yağış, qar və çovğuna rəğmən azarkeşlik etdiyim üçün verməyə əlim gəlmədi.

İngilis mənim duruxduğumu görüb, yəqin fikrimi düz anlamayaraq, kapitalist düşüncəsini işə salıb, cibindən bir ovuc əzik-üzük pul çıxartdı. Düzü heç əskinaslara belə, baxmadım. Bir az utandım. Absurd bir situasiya alınmışdı.

Çox düşünmədən sadəcə gülümsəyib “no, no, sorry” deyərək uzaqlaşmaq istəyərkən arxadan güclü təpik, sifətimə iki ardıcıl bərk sillə aldım. Qulaqlarım cingildədiyindən birinci eşitdiyim sözlər “ ...bayrağını satan oğraş...” oldu.

İlk saniyə nə baş verdiyini anlamadım. Bircə onu sezdim ki, bayaqdan qarşımda duran ingilis fanatı, cəld dönərək kütlənin içərisində itdi.

Məni vuran isə bizi bayaq ingilis fanatlarının içərisinə buraxmaq istəməyən polis və iki soldat idi. Polisin rütbəsini indi yadıma sala bilməsəm də, onda siması hafizəmdə yaxşı qalmışdı. Söz deməyə macal tapa bilmirdim. Söyüşlərin, təhqirlərin ardı-arası kəsilmirdi.

Hərə məni bir tərəfə dartaraq, kütlənin içərisindən çıxarmaq istəyirdi. Bu anda polis sağ əli ilə boynumdan yapışmışdı. Var gücü ilə bayrağı əlimdən almağa çalışırdı. Mən isə əksinə, tam toparlanıb bütün vücudumla bayraqdan yapışmışdım.

İndi düşünürəm, yəqin kənardan bu çox komik görünürdü. Polis və sıravi vətəndaş səssiz boğuşurlar, dövlət bayrağın dartışdırırlar. Gör indi ingilislər bizə baxıb nə fikirləşiblər. Hələ bu azmış kimi, soldat da məni kötəkləyirmiş.

Nə isə, sonda bayraq cırıldı. Məndə bir-iki şillə yedikdən sonra güclə canımı o polisin əlindən qurtarıb öz sektoruma qayıtdım.

Qanım qaralmış, kefim pozulmuş, oyun yaddan çıxmışdı. Hirsimdən, baş verən haqsızlıqdan, ən əsası isə bayraq cırıldığından ağlamaq istəyirdim. Əsəbdən əllərim əsirdi.

İllüstrasiya

İllüstrasiya

Məni təsirləndirən, ruhumu incidən bekara yediyim kötəklər deyildi. Baş vermiş hadisənin absurdluğu, patriotik hisslərimin tapdalanması məni şoka salmışdı.

Məni bir anda bürüyən nifrət bədənimi titrədirdi. Gözlərim elə hey o polisi axtarırdı.

Oyun başa çatdı. Yığmamız Maykl Ouenin vurduğu qol üzündən oyunu uduzdu.

Tamaşaçılar stadiondan çölə axışırdı. Bilmirəm havanın soyuq olmasındanmı, keçirtdiyim stresdənmi, sidik ifraz etmək istəyirdim.

Çölə çıxıb stadionun həndəvərində gizlin bir yer axtarırdım. Hava artıq qaranlıq olsa da stadionun projektorları ətrafı işıqlandırırdı. Cırıq bayrağı gödəkçəmin cibinə gizlədib, stadion divarının dibiylə üzü indiki ADA Universitetinə tərəf tələsik addımladım.

Qonaq azarkeşlərin sektoruna giriş orada olduğundan kefikök fanatlar mənim yanımdan keçib polislərin müşayəti ilə onlar üçün ayrılmış avtobusa minirdilər.

Birdən həmən polisi görüb diksindim. Elə yerimdəcə dondum. O məni görmürdü, başı qarışıq idi. Yanında bir çavuş və bir ingilis fanatı var idi.

Polis ingilis fanatından aldığı əskinası cibinə saldı. Sonra yanındakı çavuşun başından qışlıq papağını həmin ingilisin başına qoydu. Məni döyən polis gülərək fanatın çiyninə toxundu və hər üçü dağılışdı.

Mənimsə yırtıq bayrağım hələ də məndədi. Düzü, o hadisədən sonra dərziyə verib düzəltdirsəm də, yığmanın oyunlarına bir xeylam getmədim.

Bayraq dirəyi

Bayraq dirəyi

Əlbəttə, möhtəşəm bayraq meydanı, dünyada ən uca flaqştok, Ginnesin rekordlar kitabı, bütün bunlara xərclənən 10 miliyon manat vəsait qürurlanmağa səbəbdir. Təəsüfləndirən bu müqəddəs dövlətçilik rəmzinə, azadlıq məfkurəsinə bürünüb urapatriotluq edənlərdir.

Patriotizim, millət, vətən sevgisi əsla bayrağın böyüklüyündən, flaqştokun uzunluğundan asılı deyil.

Bayram günü bulvarda çalıb-oxuyanlardan, gəzişən insanlardan soruşsan ki, bir-iki kəlmə bayrağın yaranmasından, bayraq rənglərinin mənasından danış, susub üzüvə baxacaqlar. Bayraq günü kimsə eyvanından bayraq asdımı? Maşınına bayraq sancdımı?

Bayraq günü ölkədə siravi bir gün kimi, yalnız kalendarda qırmızı oldu. Sizi inandırım, əhalinin yarıdan çoxu nə gün olduğunu heç anlamadı. Hardan bilsin. İş bayrağın ətrafında çalıb-oynamaqda deyil ki.

Onsuz da bu məmləkətdə hər şey kəllə-mayallaqdı. Artıq əlində bayraq tutanların odlu-alovlu monoloqlarına qulaq asasan yoxdur.

Bayraqdar Elman Türkoğlu yadınızdadır? Onu nə qədər döydülər, söydülər, “içəriyədə” basdılar. Həmin insana qarşı bu cür rəftarın səbəbin mən hələ də anlaya bilmirəm. Bircə onu bilirdim ki, kişi bayraqdardır, bayrağımızı ucaldır. İndi gəl baş aç da. Hansı düzdür? Kim haqlıdır?

Bayraqdar olub döyülmək, bayraqsız qalıb söyülmək, ya bayrağa bürünüb elnən sürünmək.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG