Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

►“Tofiqgil qurbanlıq oldular”

“İndi də müxalif mövqedəyəm."

Bir zamanların alovlu müxalifətçisi, 87 saylı Ağsu-İsmayıllı dairəsindən deputat seçilmiş Tahir Kərimli AzadlıqRadiosuna müsahibəsində deyir ki, 25 il əvvəl olduğu kimi, yenə də haqsızlığa qarşı susmayacaq.

– Tahir bəy, bu illər ərzində siyasətdən kənarlaşmışdınız. Nə əcəb yenidən qayıtdınız?

– 1993-cü ildə təmsil olunduğum hakimiyyət çökəndən sonra ən radikal formada mübarizə aparırdım. Hətta 1995-2005-ci illərdə başqaları parlamentdə təmsil olunanda onlara qarşı radikal mübarizə apardım. Sonra kənara çəkildim. İndi məqsədimiz fəaliyyətimizi gücləndirmək, parlament partiyasına çevrilmək, şəbəkələnmək, təşkilatlanmaqdır.

– Sizi çoxları 90-cı illərdə parlamentdə emosional çıxışlarınızla xatırlayır. İndiki parlamentdə necə olacaqsız?

- Bu, sosial şəbəkələrdə də çox müzakirə edilir. Onda tək mən deyildim. Yüz minlərlə insan dövlət yaratmaq, müstəqil olmaq, demokratik Azərbaycan qurmaq fikri ilə alışıb-yanırdı. O zaman doğrudan da xalqımdan başqa heç kim qarşısında məsuliyyət daşımırdım. Xalqın, dövlətin yolunda canımı fəda etmək arzusundaydım. Ona görə də hədsiz radikal, romantik baxışlarım var idi. İndi yaşa dolmuşam. Cəmiyyət də, həyat da xeyli dəyişib. Özüm də ağsaqqalaşmışam. Artıq mən başa düşmüşəm ki, hardasa təkcə əqidə ilə, arzularla dövlət qurmaq olmur. Real vəziyyəti də, cəmiyyətin əhval-ruhiyyəsini də nəzərə almaq lazım gəlir. Bir qədər ahıl vaxtımda yəqin ki, yaşıma uyğun, daha təmkinli hərəkət edəcəyəm.

Buna da bax: Xədicəyə daha bir nüfuzlu mükafat!

Bir evi dağıdıb yenidən tikmək qabiliyyəti yoxdursa, Suriya, İraq vəziyyətinə düşməyək, ona da müxalifətəm.

– Bundan sonra siz necə fəaliyyət göstərəcəksiniz – müxalifətə, yoxsa iqtidara yaxın partiya kimi?

- Öz hakimiyyətimiz dövründə belə məni daxildə müxalifət adlandırıblar. Əslində müxalifət deyildim. O vaxt məhkəmə-hüquq islahatlarının aparılması üçün mübarizə aparırdım. Çox təəssüf ki, onda da çoxları bunun mahiyyətini başa düşmürdü. Demək olar ki, mən hər zaman müxalif mövqedə durmuşam. İndi də müxalif mövqedəyəm. Bu gün korrupsiyaya, rüşvətxorluğa, əyriliyə, sosial ədalətsizliyə qarşı müxalifətəm. Hazırda hakimiyyətə alternativ yoxdur. Ona görə də hazırkı sabitliyin pozulmasına qarşı da müxalifətəm. Bir evi dağıdıb yerində başqasını tikmək qabiliyyəti yoxdursa, Suriya, İraq vəziyyətinə düşməyək, ona da müxalifətəm. Haqlıyla dostam, haqsıza qarşıyam.

– 2013-cü ilin İsmayıllı hadisələriylə bağlı fikirləriniz necədir?

- O zaman doğrudan xalqın heysiyyatına toxunulmuşdu. Məmur övladları qudurğan həyat tərzləriylə başqalarının həyatına mane olurdular. Ona görə də xalqın həyəcanı başadüşülən idi. Bu hadisələrdən həm xarici, həm də daxili qüvvələr faydalanmaq istədi. İndi rayonda sakitlikdir. İcra başçısı da ziyalı adamdır.

Buna da bax: Arif Yunusun ilk müsahibəsi - VİDEO

– İsmayıllı hadisələrinə görə hələ də həbsdə olanlar var. Onların azadlığa çıxması üçün çalışacaqsızmı?

- Əlbəttə, çalışacağam. Bununla bağlı qanunvericilik bazasını bir qədər də təkmilləşdirmək lazımdır. Onların hüquqi yollarla azad olunması üçün çalışacağam. Bəlkə də bəzilərinin təqsiri olubsa da, bu illəri həbsdə keçirmələri ilə kifayətlənmək mümkündür. Ağsu-İsmayıllı seçki dairəsindən seçilmişəm. Vətəndaşlarımız üçün əlimdən nə gəlirsə, etməyə hazıram. Müraciətlər edəcəyəm, yeri gəlsə, onların azad olunması üçün zamin də durmağa hazıram.

O adamların azad olunmasını istəyiriksə, dövlətlə siyasi təzyiqlə yox, hüquqi dildə danışmalıyıq.

– Həmin hadisələrdə təkcə İsmayıllı sakinləri yox, Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov da həbs olundu.

- O hadisələri müxalifət törətməmişdi. Amma müxalifət həmin hadisələrdən yararlanmaq istədi. Tofiqgil hardasa qurbanlıq oldular. Onların da azad olunması vacibdir. Onların azadlığı üçün də bacardığımı edəcəyəm. İndi mənim deputat işini daha dərindən öryənmək imkanım olacaq. Hüquqi yollarla bu insanların azadlığa çıxmasına çalışacağam.

– Həbslər demişkən, indi vaxtilə sizinlə bir yerdə olmuş adamlar həbsdədir, ictimai fəallar, hüquq müdafiəçiləri ...

- Şübhəsiz, onların həbsdə olmaları ürəyimi ağrıdır. Uzun illər mübarizə yoldaşı olmuşuq. Onların azadlığa çıxması üçün qanunvericiliklə əfv, amnistiya imkanları və başqa yollar var. O adamların azad olunmasını istəyiriksə, dövlətlə siyasi təzyiqlə yox, hüquqi dildə danışmalıyıq. Arzulayıram ki, Allah qapılarını açsın.

Buna da bax: Azərbaycan erməni qadını qaytardı

– Sizin iqtidara yaxın olduğunuz üçün deputat seçildiyinizi deyənlər də var. Yəqin siz də belə fikirlərə rast gəlirsiz.

- Sosial şəbəkələrdə bu fikirləri oxuyuram. Elədirsə, ancaq əleyhdarlarımdan ibarət qrup yaradılsın, jurnalistlər, müşahidəçilər o qrupda olsun. Əgər seçki dairəmdə 20 faiz mənim seçilməyimi inkar eləsə, istefa verməyə hazıram. Məni seçənlər doğma camaatımdır. Rahatlığımı, vəzifəmi xalq hərəkatına qurban verdim. Onlar yaxşı bilirlər ki, atalar övladlarını evləndirə bilməyəndə, bunu öz ağrım bilmişəm. Başqaları bəlkə də gəliblər ki, imkan, pul, şərait qazansınlar. Mən isə öz rahatlığımı qurban vermişdim. İynənin ucu boyda da saxtakarlığa ehtiyacım olmayıb. Ölkəmdə sabitliyi qoruyub saxlamaq arzumdan başqa qalan məsələlərdə həmişə müxalif mövqeyimi ifadə edəcəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG