Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

Qaçqınlar soyuqda qalmasın


Qaçqınlar Serbiyada.
Qaçqınlar Serbiyada.

-

«The New York Times» baş məqaləsində yazır ki, havanın soyuqlaşması da Avropada təhlükəsizlik axtaranların qarşısını kəsə bilmədi. Ötən ay 218 mindən çox insan təhlükəli Aralıq dənizi marşrutundan keçib. Bu, ötən ildə gələnlərin cəmi qədərdir. Bu yolda 3 min 400-dən çox insan həlak olub, ya itkin düşüb.

Əsasən Suriya və İraq müharibələrindən qaçan 2 milyon yarımdan çox insan İordaniya, Livan və Türkiyəyə gedib. Orada çətin şəraitdə yaşayırlar. Elə Avropaya üz tutanlar da aclıq, xəstəlik riski ilə üz-üzədirlər. Ölkələrində artan ksenofobiyadan çəkinən Avropa liderləri isə yardım əlini xəsisliklə uzadır.

«Bircə Almaniya Avropa Birliyinin 28 üzvü içində sığınacaq axtaranları qarşılayır. Bu il 800 min qaçqını qəbul edəcəyini deyir. İndi Avropa və digər hökumətlər daha çox iş görməlidirlər. İordaniya, Suriya və Türkiyədə işləyən BMT agentliklərinə yardım etməlidirlər. Günə 5 min qaçqının gələcəyi gözlənən Yunanıstana isə fövqəladə yardım lazımdır. Avropa Birliyi dərhal Yunanıstan və İtaliyadakı qaçqınları onları qəbul etməyə söz vermiş ölkələrə yerləşdirməlidir. Bütün Avropa əhalisi isə sığınacaq, geyim, ərzaq yardımı göstərməlidir. Bu insanlar Avropanın 2-ci Dünya müharibəsindən bəri ən böyük qaçqın axınını həll edə bilməməsi ucbatından qışın ümidinə qalıblar».

Cənubi Osetiyanın işğalına qarşı etiraz.
Cənubi Osetiyanın işğalına qarşı etiraz.

GÜRCÜSTANDA PARÇALA VƏ HÖKM SÜR

«Heç vaxt siyasi baxımdan sabit olmayan Gürcüstan yenə çaxnaşır. Dövlət çevrilişi iddiaları, media məhdudiyyətləri, partiyalararası acı savaş – bütün bunlar Rusiyanın davamlı təhdidinin kölgəsində baş verir». Bunu «Foreign Affairs» dərgisində Michael Cecire yazır. Müəllifin fikrincə, adi məntiqlə hakim «Gürcü Arzusu» koalisiyasını bu siyasi böhranı yaratdığına görə günahlandırmaq olar. Belə ki, koalisiyanın məqsədi müxalifətin Vahid Milli Hərəkatını (VMH) dağıtmaqdır. Baş nazir Irakli Garibashvili bu yaxınlarda bəyan edib ki, bu hərəkatın siyasətdə qalmaq hüququ yoxdur. Hökumət VMH-yönlü «Rustavi 2» televiziyasını dağıtmağa çalışır. Eyni zamanda Gürcüstan siyasəti və cəmiyyətində rusiyapərəst elementlər də güclənir. Keçmiş spiker Nino Burjanadze də onların içindədir.

Gürcüstan NATO üzvlüyünün, demək olar, hər bir mərhələsinə uyğun gəlib, hətta onu üstələyib. Ancaq hələ də Rusiyanın reaksiyası səbəbindən Avropanın hasarlarından bu tayda qalıb. Moskva da fürsəti fövtə verməyərək iki əsas partiyanın rəqabəti bahasına yerli müttəfiqlərini gücləndirməyə çalışır. Aparıcı partiyalar isə tələyə düşməkdədir.

«Rusiyanın Gürcüstandakı siyasi böhranda rolunu gözardı etmək olmaz. Moskva Cənubi Osetiya kartını oynadır, VMH barədə kompromat yayır, siyasi baxımdan mühasirədə olan hakim koalisiyanı təhrik edir. Qərbpərəst partiyalar bir-birini gözdən saldıqca, Moskva müttəfiqlərinin yüksələcəyinə ümid edir. Bu müttəfiqlər mühafizəkar sosial dəyərlər, siyasi sabitlik, separatçı regionların bəziləri ilə yenidən birləşmək imkanı vəd edirlər. Gürcülərin çoxu üçün bu, çox cəlbedici təklifdir».

Müəllifin fikrincə, Qərb bu məqamda Gürcüstanda partiyaların siyasətinə sürüklənməkdən çəkinməli, Moskvanın rolunu tam dərk etməlidir.

Dopinq.
Dopinq.

İDMAN STANDARTLARINI 21-Cİ ƏSRƏ NECƏ DAŞIMALI

«The Financial Times» qəzetində Kolorado Universitetinin professoru Roger Pielke son dopinq qalmaqalından yazır. Ümumdünya Antidopinq Agentliyi rusiyalı atletlərin dopinq qəbul etməsi və bunun rüşvət müqabilində ört-basdır olunmasını üzə çıxarıb. Hazırda atletlərdən medalların alınması müzakirə olunur.

Müəllif yazır ki, böhranın həlli üçün bir neçə addım atılmalıdır. Əvvəla, antidopinq səyləri atletlər səviyyəsindən çıxarılmalı, mexanizmlər hazırlanmalı, idman qurumları məsuliyyət daşımalıdır. İkincisi, dopinq problemi müzakirəyə çıxarılmalıdır. Kofein kimi qanuni maddələrdən başqaları, sadəcə, gözardı edilə bilər. Stimulyantların siyahısı sadələşdirilməlidir. 2004-cü ildə siyahıda 40 stimulyant varıydısa, indi onların sayı 66-dır.

«Bu il beynəlxalq idmanda böhran ili kimi yadda qala bilər. Ancaq idman standartlarının və onların pozulmasına görə sanksiyaların 21-ci əsrə daşındığı il kimi də xatırlana bilər», - müəllif yazır.

XS
SM
MD
LG