Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

- "Dünya kitabxanaları halay qurub yallı gedirlər, Azərbaycan kitabxanalarının bəlkə heç xəbəri də yoxdur."

"O yandan "hər il yeni namizəd" tələbi olmasa, bu yandan tərpəniş olmayacaq, tərcümə qurumu işləməyəcək, nəşriyyat maşını gumbuldamayacaq, xorultu davam edəcək."

Nərmin Kamal

Kitabxanaların ədəbiyyat mükafatı

Dünyada kitabxanaların boynuna biçilmiş şərəfli öhdəliklərindən biri də il ərzində ölkədə çıxan ədəbi əsərləri oxuyaraq, onlardan birini və ya bir neçəsini seçib, IMPAC Dublin Ədəbiyyat Mükafatına namizəd göndərməkdir.

Bu il də dünyanın düz 118 şəhərində kitabxanalar bu işlə məşğul olublar.

Ümumilikdə 160 kitabı seçərək, bu 100 min avroluq nüfuzlu ədəbiyyat mükafatına namizəd irəli sürüblər.

Bu mükafatın mərkəzi Dublin şəhər kitabxanasıdır. Mükafata ingiliscədən başqa dillərdə yazılmış, sonradan ingilis dilinə tərcümə olunmuş, ingiliscəyə qazandırılmış bədii əsərlər təqdim oluna bilər. Yalnız kitabxanalar tərəfindən.

Budur, dünən mükafatın 6 münsifi builki uzun siyahını elan ediblər.

Uzun siyahıya həmin 160 kitabdan 53 dənəsi düşüb. Hansı ölkələrdəndir bu 53 qalib kitab?

44 amerikalı, 25 britaniyalı, 10 kanadalı, 10 avstraliyalı, yeddi irland, altı alman, üç Cənubi Afrika müəllifinin qeyri-ingiliscə yazdıqları kitabların son bir ildə çap olunmuş ingiliscə versiyaları.

Tam uzun siyahıya burada baxmaq olar.

Uzun siyahıdan sonra qısa, qısa siyahıdan sonra isə qalib 9 iyunda elan ediləcək.

Dublin şəhər kitabxanasının işçisi Margaret Hayes deyib:

“Keçmiş təcrübəmizdən bilirik ki, qalib müəllif 2016-cı ildə bütün dünyanın kitabxanalarında oxucuların ən çox oxuduğu kitaba çevrilir, beynəlxalq kitab klubunun oxucularını bir araya gətirir.”

Azərbaycan kitabxanaları

Onlar bu böyük işə heç bir maraq, həvəs göstərmirlər.

M.F.Axundov adına kitabxana

M.F.Axundov adına kitabxana

Axundov adına Milli Kitabxananın səhifəsində beynəlxalq əlaqələri, əməkdaşlıq etdikləri kitabxanaların adları var.

Rusiya, Latviya, Estoniya, Bolqarıstan, Belarus kitabxanaları bu siyahının səksən faizini tutur.

Prezident Kitabxanasının beynəlxalq əlaqələr qurduğu kitabxanalar arasında Rusiya, Belarus, Ukrayna, Latviya, Qazaxıstan, Gürcüstan kitabxanaları siyahının doxsan faizini tutur.

Bizim dəftərimizdə Dublin şəhər kitabxanası yoxdur.

Maraqlıdır ki, Dublin şəhər kitabxanasının əməkdaşlıq etdiyi, namizədlərini soruşduğu çoxlu kitabxanalar arasında Rusiyanın adı var, Estoniyanın adı var...

Dünya kitabxanaları halay qurub yallı gedirlər, Azərbaycan kitabxanalarının bəlkə heç xəbəri də yoxdur.

Üstəlik, bu mükafat özü öz səhifəsində necə deyərlər, yalvarır:

"Biz hər il 400 kitabxana sistemini bu mükafatda iştirak etmək üçün dəvət edirik.

2016-cı il üçün də göndərdiyimiz nominasiya formasını dolduraraq, bizə qaytaran kitabxanalara təşəkkür edirik.

Əgər sizin kitabxananız bu prosesə cəlb olunmaq istəyirsə, lütfən mükafatımızın ofisilə əlaqə saxlayın."

Deyə bilərsiniz ki, bizim kitabxana ingiliscəyə bu il tərcümə olunmuş hansı yazıçılarımızın hansı kitablarını göndərsin namizəd?

Sonra deyə bilərsiz, məlum kabinet yazıçılarını, məmur-yazıçılarımı?

Haqlı sualdır. Amma bu işlər domino kimidir.

O yandan "hər il yeni namizəd" tələbi olmasa, bu yandan tərpəniş olmayacaq, tərcümə qurumu işləməyəcək, nəşriyyat maşını gumbuldamayacaq, xorultu davam edəcək.

Bəs necə, Ədəbiyyatın da öz insan hüquqları təşkilatları var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG