Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:15

Evdə mən deyinirəm, çöldə itlər hürüşür


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- Orxan Bahadırsoy

Yeni şeirlər

Gör nə deyirəm...

Gör nə deyirəm sənə
Eşidirsən, yoxsa yox?
Vallah, avqust yaxşıdı,
Vallah, pisdi bu soyuq.

Sənsiz niyə yazılıb
Başı batsın bu ömrün…
Mən ölüm, düz deyirəm,
Darıxıram səninçün.

Gəl, biraz deyib-gülək,
Biraz da yeyib-içək.
Darıxıb ölənlərin
Qəbri üçün gül seçək.

Nərgiz – yox, yaz gülüdür,
Yasəmən – o da olmaz…
Qızılgül – xoşbəxtlikdir,
Zanbaq - əlvandı biraz.

Lalə - yaman bənzəyir
Darıxan adamlara
Çölü qıpqırmızıdı
İçi isə qapqara.

Qulaq as, nə deyirəm,
Bax, gör necə fikirdi?
Tezcə gəlməyin üçün
Gözüm yol çəkir indi.

Bilirsən, narahatdı
Bizim yollar, yoxuşlar.
Vallah, nəzir demişəm,
Gəlsən, kəsər yağışlar…

Darıxma

Bu otaqda sevişmişdik son dəfə,
Soyunmadın, tər-su idi köynəyin.
Otağımın divarından asılıb,
O köynəklə sevişimmi, neyləyim?

Yenə məni qara basır deyəsən,
Mən qorxuram saat on bir tamamdan.
Yenə sənin kölgən düşür otağa,
Yenə suyun səsi gəlir hamamdan.

Elə bil ki, kimsə gəzir bu evdə,
Pərdə əsir, hər şey tamam qarışır.
Bəsdir daha məni belə qarğıdın,
Yavaş-yavaş tutur məni qarğışın.

Tənhalığa dözümün yox, bilirəm,
Gəlib hər gün otağımda gəzirsən.
Daha gəlmə, biraz gözlə, mən gəlim,
Təkliyimin sükutunu pozursan!

Gedişimdən kirpiyinə yük düşüb,
Qayıdaram, sevinərsən, darıxma!
Məndə qalan tər qoxulu köynəyi,
Sevişəndə geyinərsən, darıxma!

Bu payız ölməliyəm

Düz yolda yıxılıram,
kor olmuşam elə bil.
Bir az gücsüzləşmişəm,
yorulmuşam elə bil.

Evdə mən deyinirəm,
çöldə itlər hürüşür.
Döşəmədə paltarın
ayağıma ilişir.

Çardaqda toz bağlayıb
bir cüt ayaqqabın da.
Bir pişik də səninçün
miyoldayır qapımda.

Yediyin şirniyyatın
quruyub son tikəsi.
Fincandadır hələ də
son çayının ləkəsi.

Getmisən, sənsizliyə
bürümüsən evimi.
Bu səndən qalanları
tullayımmı, sevimmi?

Gücüm çatmır bunlara
sənin qədər ağırdır.
Bu köhnə xatirələr
məni hər gün ağrıdır.

Hələ usanmamışam,
Mən də bir cür dəliyəm.
Biraz da dözüm gərək,
bu payız ölməliyəm.

Kim nə bilir nə çəkirəm

Aşkar-aşkar dəm çəkirəm,
gizli-gizli qəm çəkirəm.
Üstümə göz yaşı yağır,
yavaş-yavaş nəm çəkirəm.
Kim nə bilir nə haldayam,
kim nə bilir nə çəkirəm!?

Unutduğum adamların
ahı gəlib tutdu məni.
İş o yerə çatdı ki, bax,
Tanrı da unutdu məni.
Bu həyatın qumarında
bir tənhalıq uddu məni.

Baxma rəngim-ruhum solub,
ölməmişəm, diriyəm mən.
Belə nifrət etmə mənə,
zavallının biriyəm mən.
Bir əlimdən tutan gərək,
ayaq açıb yeriyəm mən.

Burda şaxta-borandayam,
orda isti yayım qalıb.
Burda soyuq su içirəm,
orda isti çayım qalıb.
Günahkarsan bu dünyada,
səndə ümid payım qalıb.

Sən orda keyf-damaqdasan,
bu zəhəri mən çəkirəm!
Heç olmasa bir sən anla,
gör ki, nə sitəm çəkirəm!
Kaş biləydin nə haldayam,
kaş biləydin nə çəkirəm!?

Tezbazar sevim səni

Elə istəyirəm ki,
təzə sevdaya düşəm.
Hər gün eyni adamı
unutmaqdan bezmişəm.

Sən də ki, gecikirsən,
üzür məni köhnəlik.
Gəl, bu köhə adamı
unudum birdəfəlik.

Gəl, ay təzə sevgilim,
gəl, azacıq sev məni.
Mən də onu unudum,
tezbazar sevim səni.

Qorxma, yalan deyirlər,
tez alışan tez sönmür.
Tezbazar sevilməsək,
bitib gedər bu ömür.

Əlin üzmür ki, məndən
bu köhnələn sevgilim.
Gözlərimin içində
gözə gələn sevgilim.

Gəl, sil onu gözümdən,
gəl, al onu əlimdən.
Sözbəsöz çıxar onu
dodağımdan, dilimdən.

Sən gecikmə bu qədər,
gəl, azacıq sev məni.
Mən də unudum onu,
tezbazar sevim səni.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG