Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Mübahisəli dairədə qalmaqal səngimir


Araz Əlizadə (solda) və İqbal Ağazadə
Araz Əlizadə (solda) və İqbal Ağazadə

35 sayı Xətai III seçki dairəsində daha bir məntəqənin nəticələri ləğv edilib. Bu dəfə 21 saylı məntəqədə nəticələr sıfırlanıb.

Bundan əvvəl isə Dairə Seçki Komissiyası 5 məntəqədə - 5,10,11,18 və 26 saylı məntəqələrdə nəticələri ləğv etmişdi.

Yada salaq ki, bu dairədə əsas çəkişmə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə ÜMİD partiyasının sədri İqbal Ağazadə arasında getmişdi.

Mərkəzi Seçki Komissiyası bu dairədən ilkin qalib kimi Araz Əlizadənin adını çəksə də, sonradan bəzi şikayətlərə görə, nəticələr ümumilikdə sıfırlanmışdı.

APA-nın məlumatına görə, iclasda MSK üzvü Ramiz İbrahimov deyib ki, İqbal Ağazadə MSK-ya müraciət edərək 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğvini xahiş edib:

“O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orada hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilməlidir. Çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.

R. İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri də ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib.

Bununla belə 35 saylı dairədə lider namizəd dəyişməyib. Bu dairədə lider namizəd Araz Əlizadədir.

XS
SM
MD
LG