Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

-

Üç günlük istirahətdən sonra Azərbaycanda dolların və avronun məzənnəsində dəyişiklik baş verib. Dollar bahalanıb, avro ucuzlaşıb. Mərkəzi Bankın məlumatına görə, noyabrın 10-da 1 dollar 1.0501, avro isə 1.1281 manatdır.

Azərbaycanda ötən həftənin son iş günü 1 dollar 1.0498 manat, avro isə 1.1424 manat idi.

İqtisadçı Samir Əliyev AzadlıqRadiosuna bunun səbəbini şərh edir:

– Azərbaycanda dolların məzənnəsini bazar tənzimləmir, bu valyutanın qalxıb-qalxmamasını Mərkəzi Bank müəyyən edir. Tənzimlənən olsaydı, manat da Rusiyada rubl kimi kəskin bahalaşar və ya kəskin ucuzlaşardı. İndiki situasiyada manata münasibətdə fiksə olunmuş məzənnə siyasəti həyata keçirilir. Yəni Mərkəzi Bank manatın dollara münasibətini, onun artıb-azalacağını özü müəyyənləşdirir. Son bahalaşmada dünyada gedən proseslərin də təsirini duymaq olar. Fikir verirsinizsə, son günlər dollar bahalaşır, avro ucuzlaşır. Azərbaycanda da dolların bahalaşmasını, avronun ucuzlaşmasını müşahidə edirik. Amma başlıca səbəb bu deyil. Başlıca səbəb, dediyim kimi, Mərkəzi Bankın nə qərar verməsidir.

– O zaman növbəti günlərdə dollarla bağlı hansısa proqnoz vermək mümkündürmü?

– Mən deyə bilmərəm ki, növbəti günlərdə dollar kəskin bahalaşacaq, yoxsa ucuzlaşacaq. Bu, Mərkəzi Bankın səlahiyyətində olan məsələdir. Mərkəzi Bank özü artıq qərar qəbul edir. Dedikləri kimi, üzən məzənnəyə keçəcəklərsə - hərçənd mən buna inanmıram- manat kəskin şəkildə ucuzlaşa bilər. Bunun adını devalvasiya da qoya bilərik. Bu gün diqqət yetirsəniz, dolların manata nisbətdə rəsmi məzənnəsinin dəyişməsi elə də böyük deyil, hər 100 dollara bəlkə 1, bəlkə də 2-3 qəpik ola bilər. Görünür, həssas dövr olduğundan biz bunu artma və ya azalma kimi qəbul edirik. Ancaq belə götürəndə, ciddi dəyişiklik baş vermir. Qısacası, bu gün dolların məzənnəsindəki dəyişikliyi ciddi qəbul etmirəm. Artma o olardı ki, manatın dəyəri birdən-birə 2-3 faiz dəyişsin. Hələlik, bu, yoxdur. Hələlik Mərkəzi Bank öz ehtiyatları hesabına dolların məzənnəsini tənzimləyir. Sabah necə olacaq, bu, artıq hökumətin qərarından asılı olacaq.

– Bəs dünyada dollar niyə bahalanır?

– Amerika iqtisadiyyatında artımla, yeni iş yerlərinin açılması ilə bağlı məlumatlar gələndə bir müddət dollar bahalaşır. Səbəbin biri budur. İkinci səbəbə gəlincə, ötən həftə ABŞ-ın Mərkəzi Bank funksiyasını yerinə yetirən FET – Federal Ehtiyat Sisteminin yığıncağı oldu. Onlar ayda bir dəfə yığışırlar və uçot dərəcəsini qaldırıb-qaldırmamaqla bağlı müzakirələr aparırlar. 2015-ci ilin əvvəlindən dolların məzənnəsinin artması haqda fikirlər səslənir. Budəfəki yığıncaqda dekabrda uçot dərəcəsinin qaldırıla biləcəyinə işarə edildi. Mənə elə gəlir ki, bu açıqlama dolların bahalanmasına gətirib çıxardı. Dolların bahalaşması isə avronun, qızılın, neftin ucuzlaşmasına təsir göstərir. Əsas səbəblər budur.

Həmçinin bunu da izlə. Aktual:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG