Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Nizami Cəfərov: «Təxliyə edildi» sözünə ehtiyac yoxdur


Nizami Cəfərov

Nizami Cəfərov

-

«Ana dilinin qorunması yalnız mədəni deyil, həm də siyasi, ideoloji məsələdir».

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan dilinin qorunması ilə bağlı söylədiklərini şərh edərkən deyib.

Dilçi alimin fikrincə, dilə alınma sözlər gəlməlidir: «Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də alınma sözlər çoxdur. Amma alınma sözlər dilə gələrkən birinci növbədə həmin sözlərin qarşılığının tapılmasına çalışmaq lazımdır».

N.Cəfərov qeyd edib ki, bəzi sözlər ana dilində olduğu halda, onu başqa dildə işlətmək olmaz: «Məsələn, bizim dilimizdə «gözlük», «eynək», «çeşmək» sözü var, amma hamı ona «oçki» deyir. Buna nə ehtiyac var?! Yaxud «remont», «uje» kimi sözlər dilimizi korlayır. Televiziyalarımızda belə sözlər işlədilir. Məişət mövzularına həsr edilən verilişlərdə ehtiyac olmadığı halda, daha çox xarici kəlmələrdən istifadə edilir».

«ALINMA SÖZLƏR DİLİMİZƏ ÇOX GƏTİRİLİR»

Bu sözlərin işlədilməsinə qarşı mübarizə aparılmasını vacib sayan N.Cəfərov hesab edir ki, bəzən «köçürülmək» sözünün əvəzinə «təxliyə edildi» işlədilir: «Buna ehtiyac yoxdur. Bu, gəlmə və özünü doğrultmayan sözdür. Yaxud son vaxtlar şərq və qərb dillərindən alınma sözlər dilimizə çox gətirilir».

N.Cəfərovun fikrincə, Azərbaycan dilinin saflığının qorunması ilk növbədə KİV-lərdən asılıdır: «Doğrudur, Milli Teleradio Şurası Dilçilik İnstitutu ilə birgə monitorinqlər keçirir. Ancaq bu zaman onlar dilin normasının pozulması hallarını göstərirlər. Təəssüf ki, bu, ancaq göstərməklə də bitir».

Prezidenti İlham Əliyev alimlərin qarşısında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını vacib saydığını deyib. O bildirib ki, bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində kənar kəlmələrdən istifadə edilir: «Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG