Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

- "Normal halda insanlar 60-70 yaşlarında bu cür dərmanlara möhtac olmalıdır. Amma bu gün 60-70 yaşlı qocalar bizim gənclərimizdən qat-qat gümrah, sağlam, enerji doludurlar. Bu xəstəliklərin təməli ailədə və orta məktəbdə qoyulur."

Orxan Bahadırsoy

Validolla yaşayan gənclik

Söhbət təkcə validoldan getmir. Burda validol güclü əsəb dərmanlarının, yuxu dərmanlarının, ürək və təzyiq dərmanlarının hamısını simvolizə edir. Bu qədər dərmanların adını başlığa yerləşdirə bilməzdim...

Azərbaycanda bu dərmanlarla yaşayan 18-25 yaşlarda yüzlərlə gənc görmək olar. Əgər yaş intervalını 18-45 etsək, bu say minlərlə olacaq. Heç də kiçik say deyil.

İllüstrasiya

İllüstrasiya

Normal halda insanlar 60-70 yaşlarında bu cür dərmanlara möhtac olmalıdır.

Amma bu gün 60-70 yaşlı qocalar bizim gənclərimizdən qat-qat gümrah, sağlam, enerji doludurlar.

Bu xəstəliklərin təməli ailədə və orta məktəbdə qoyulur.

“Qonşunun uşağı əlaçı çıxıb, sən niyə oxumursan?” deyib, ana heyva çubuğu ilə, ata kəmərlə uşaq döyəndə, o uşaq, əlbəttə, min cür xəstəlik tapar.

Geyim, saç, hətta oxumaq belə, şagirdlərin şəxsi istəyinə görə olmur. Sən istədiyin paltarı geyinə bilməzsən, “qonşunun uşağı” kostyum geyinir axı.

Sən istədiyin kimi saç saxlaya bilməzsən, “qonşunun uşağı” abırlı saç saxlayıb. Sən istədiyin peşəni seçə bilməzsən, “qonşunun uşağı” neft-qaz mühəndisliyinə hazırlaşır.

Səbəb təkcə döyülməkdə deyil. Məsələn, tipik ailələrin uşaqları yazıçı, aktyor, aktrisa, müğənni, rəssam, bəstəkar kimi yaradıcı peşələrə meyl edə bilməzlər.

Məhz bu tipik ailələrdə yaradıcılıq eşqi və istedadı ürəyində qalan, bu səbəbdən hər gün psixoloji sarsıntı keçirən neçə gənc tanıyıram mən.

Bəli, bu dövrdə artıq həmin xəstəliklərin bünovrsəsi salınır. Sonrakı dönəmdə isə divarları inşa olunmağa başlayır. Bu, orta məktəbi bitirdikdən sonrakı dövrdür.

İllüstrasiya

İllüstrasiya

Qəbul imtahanlarından keçə bilməyən qızlar dərhal ərə verilmək üçün namizəd olurlar.

Onlara heç ikinci şans da verilmir. “Neyləyirsən oxumağı, ərin baxar sənə, dey, görürsən qonşunun qızı bir varlı gədəyə getdi ki, indi yağ-bal içində yaşayır” deyən nənələr, analar, bibilər, xalalar başlayırlar bu qız üçün varlı ər axtarışına.

Oğlanlar da yollanır əsgərliyə. Təbii ki, bu əsgərlik dönəmində bütün biliklərini də unudur. Əsgərlikdən qayıdandan sonra da özünə fəhlə, qarson, kassir, satıcı kimi xırda gəlirli bir iş tapıb özün dolandırır.

Bir vaxt gəlir, ailə deyir ki, evlənməlisən. Heç gəncliyini yaşaya bilmədən, yazıq oğlan məcbur olur evlənməyə. Bunun toy xərci, evlilikdən sonra ailə saxlamaq, sonra uşaq... Bəs harda qaldı gənclik?

Ən böyük dərd isə universitetə qəbul olunanların dərdidir. Bu ölkədə ən böyük əsəb, ürək, təzyiq xəstələri universitet tələbələridir. Mənim bu məzlumlara həmişə ürəyim yanır.

Kimisi istədiyi peşəyə, kimisi istəmədiyi peşəyə birtəhər qəbul olunur. Bundan sonra başlayır təhsil haqqı probelmi, semestr imtahanlarından keçmək üçün pul, qayibləri sildirmək üçün pul və s.

Bilirəm, deyəcəksiz, tələbə niyə oxumur ki, semestr imtahınından keçmək üçün pul versin? Niyə dərslərdə iştirak etmir ki, qayib sildirmək üçün pul versin?

Əgər bir tələbə ildə 2000-2500 təhsil haqqı ödəməlidirsə və o, maddi imkanı zəif bir ailədəndirsə, bu tələbə məcbur olur işləməyə. Təhsil haqqı toplamaq üçün işləyərkən, bir dərsə gecikir, bir dərsə gələ bilmir.

Müəllimlərə də qayib yazıb, sonra pul almaq üçün bəhanə lazımdır. Belə olan halda tələbəni növbəti sarsıntılar alır öz caynağına. İndi bu tələbə əsəb dərmanı, ürək dərmanı atmasın, neyləsin?

Paytaxtda yaşayan tələbələrin işi azca rahatdır. Bölgələrdən gəlib, qohum evində, kirayələrdə qalan tələbələrin halına yanıram mən. Bu gənclər ümid edirlər ki, dörd il ali təhsil alıb bir işə düzələrlər.

Amma dörd il sonra iş tapa bilmirlər, ya da işə qəbul olunmaq üçün böyük məbləğdə pul tələb olunur. Bütün sarsıntılar üst-üstə gəlir.

Bizim gəncliyimizin problemləri saymaqla bitməz. Mən hələ göz önündə olanları yazdım. Onların azad söz, azad əyləncə, azad sevgi, azad seks – bir sözlər azad yaşamaq kimi böyük məhrumiyyəti var.

Onların ürəyi dərmanlar sayəsində döyünür, qanı dərmanlar sayəsində dövr edir, yuxusu dərmanlar sayəsində gəlir. Bu gənclik xəstədir və onun şəfası maddi və mənəvi azadlıqdadır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG