Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

Rəsulzadənin nadir fotosu


Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu
Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu

-

«İz» proqramında mühacirlərin Azərbaycanı tanıtmaq üçün yararlandıqları bayraqdan söz açılır

«Arxivimdə mühacirlərin o zaman Azərbaycanı tanıtmaq üçün istifadə erdikləri üçrəngli bayrağın bir neçəsini saxlayıram».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına jurnalist Dilqəm Əhməd söylədi.

Jurnalist Dilqəm Əhməd
Jurnalist Dilqəm Əhməd

Onun sözlərinə görə, bu bayraqlar ona çox əzizdir: «Bayraqlar o zaman Abbasqulu Kazımzadənin (Cümhuriyyət parlamentinin üzvü - S.İ.) İstanbul-Beyazitdə açdığı dəftərxana dükanının vitrinində qoyulubmuş. Çox güman, satılmağa. Dükanın şəkli də məndə var. O dükan bütün mühacirlərin yığnaq yeri olub. Həmin dükandakı bayraqlardan üçünü və kiçik bir rozeti əzizləyib saxlayıram».

«ÜÇRƏNGLİ BAYRAĞINLA MƏSUD YAŞA!»

Dilqəm Əməd üçrəngli bayrağın dalğalanma tarixini də xatırlatdı: «Bildiyiniz kimi, Cümhuriyyət işğal olunandan sonra üçrəngli bayraq bir də uzun illər sonra Qız Qalasının üzərində dalğalandı (Bakıda 1956-cı il mayın 28 mayında bu bayrağı Cahid Hilaloğlu dalğalandırmışdı - S.İ.). Və bir də, 1988-ci il hadisələrində üzə çıxdı. Amma Türkiyədə üçrəngli bayraq müxtəlif tədbir və konfranslarda daim dalğalanırdı. Hətta Almaniyada legionerlərin çıxardığı qəzetlərdə belə üçrəngli bayraq heç unudulmadı. Rəsulzadəgil çap etdirdikləri jurnalların üzərinə bayrağın şəklini vururdular. Öz kitabının üzərini də Azərbaycan bayrağının rəsmi bəzəyirdi».

«ÜÇRƏNGLİ BAYRAĞIN İFADƏ ETDİYİ MƏNALAR MÜKƏMMƏLDİR»

Azərbaycanın milli bayraqları
Azərbaycanın milli bayraqları

Verilişin qonağı 9 noyabr - Bayraq Gününün məxsusi qeyd edilməsini alqışladı: «Bayrağımızın ifadə etdiyi mənaları biz indi də yaşadırıq. Türkçülük, Avropaya inteqrasiya, İslam dünyası - bunlar hələ də bizim içindən çıxa bilmədiyimiz nəsnələrdir. Əli bəy Hüseynzadənin ideyası çox mükəmməldir. Azərbaycanın yerləşdiyi coğrafi ərazi, əhalinin müxtəlif dünyagörüşlülüyü ancaq bu qədər mükəmməl şəkildə üçrəngli bayraqda vəhdət təşkil edə bilərdi. Bu dəyərlər qorunmalıdır, onların hansındansa imtina etmək yolverilməzdir».

ALMAS İLDIRIMIN FOTOSU...

Rəsulzadənin silahdaşları
Rəsulzadənin silahdaşları

Diqəm Əhməd topladığı Cümhuriyyət Arxivindən geniş söhbət açdı: «Bu insanların vəfatından sonra arxivləri dağılıb. Mən təsadüfən onların bəzilərinin izinə düşdüm. İnternetdə bir saytda Almaz İldırımın (istiqlal şairi - S.İ.) bir fotosuna rastladım. 1941-ci ildə Mirzəbala Məmmədzadəyə (mühacirətçi - S.İ.) göndərilmişdi. Fotonu aldıqdan sonra onu satan adama mesaj yazdım. Məlum oldu ki, onda Azərbaycana aid fotolar çoxdur. Bu şəkilləri elektron poçtuma göndərməsini xahiş etdim və qiymətləri də soruşdum. Mənə çoxlu fotolar göndərdi. Dəhşətə gəldim ki, bu fotolar indiyədək gün işığına çıxmayıb...».

CÜMHURİYYƏTİN BİRİNCİ İLİNİN BAYRAM FOTOSU...

İstiqlal Gününün Bakıda qeyd olunması
İstiqlal Gününün Bakıda qeyd olunması

Dilqəm Əhməd fotoların içində diqqətini çəkənlərdən danışdı: «Bax bu foto İstiqlal Gününün Bakıda qeyd olunmasıdır. İndiki İstiqlaliyyət küçəsində insanlar toplaşıb, üçrəngli bayrağımız yüksəlib. Böyük təntənə var. İkinci - Azərbaycan Cümhuriyyəti İran Səfirliyi əməkdaşlarının Novruz Bayramı keçirməsini əks etdirən foto. Arxasında əski əlifba ilə yazılıb ki, səfir Adil xan Ziyadxan çıxış elədi. Bayrağımız müqəddəs «Qurani-Kərim»in altından keçirilib masaya gətirildi. Və yaxud Rəsulzadənin 1922-ci ildə Finlandiyada çəkdirdiyi şəkil.

Rəsulzadə Azərbaycan Gəncliyi dərnəyində
Rəsulzadə Azərbaycan Gəncliyi dərnəyində

Aşağısında bir şəhər adı var - Hirvinq. Xəritəyə baxdım, Sankt-Peterburqla eyni paraleldə yeləşir. Demək, dənizdən keçərək o şəhərə keçiblər. Yanında bir adam da vardı, amma kimliyini müəyyənləşdirə bilmədim. Bu, nadir fotodur. Bir də məndə Rəsulzadənin Türkiyədə çəkdirdiyi bir neçə foto var. Yanında silahdaşları. Daha bir fotonu əldə etdik. İndi həmin foto Ədalət Tahirzadədədir. Bu, İstanbula gedən Azərbaycan nümayəndə heyətinin şəklidir. Rəsulzadədir, Əhməd bəy Pepinovdur (Cümhuriyyətin əmək naziri - S.İ.), Xəlil bəy Xasməmmədlidir. Bu, bilinən fotodur. Qəzetlərdə çıxıb. Maraqlıdır ki, fotonun arxasında kiminsə yazdığı qeydlər var - İstanbula gedişin səbəbləri barədə».

Rəsulzadənin silahdaşları
Rəsulzadənin silahdaşları

2 MİN MANATA EHTİYAC VAR

Dilqəm Əhməd hazırda bu nümayəndə heyətinin və türk hərbçilərinin olduğu bir fotonun satıldığını bildirdi: «Onu almaq istəyirəm. FACEBOOK-da bu üzdən kampaniya başlatmışam ki, vətəndaşlar cümhuriyyətlərinə sahib çıxsınlar. Mənə hazırda 2 min manat lazımdır. Həmin fotoyla birlikdə daha bir neçə foto və bir neçə məktub toplu halında o qiymətə satılır. Orda nələr var? Həmin nümayəndə heyəti, türk hərbçilər və Rəsulzadə ortada əyləşib. Bu, Azərbaycanda bilinməyən fotodur. Digər foto bilinəndir. «Azərbaycan» qəzetinin redaksiyasında çəkilib. Üzeyirbəyin arxivində var. Amma bu foto da orijinaldır. Daha sonra, Mirzə Bala Məmmədzadəyə aid 7 məktubdur və Almas İldırımın Mirzə Balaya yazdığı məktubdur. Bir də, Abbasqulu Kazımzadənin 3 fotosudur. Bax, bunları almaq istəyirəm».

RƏSULZADƏNİN TAM DƏFN ALBOMU...

Cümhuriyyətin İran səfirliyi
Cümhuriyyətin İran səfirliyi

Dilqəm Əhməd Rəsulzadənin dəfn albomundan, ötən ay aldığı 3 məktub-açıqcasından da danışdı: «Bunların bəzilərini bir mobil operatorun dəstəyilə aldım, bəzilərini öz hesabıma...Tutaq ki, maaşımdan kəsmişəm, paltar almamışam, kafeyə getməmişəm.Özümü reklam üçün demirəm. Sadəcə, bu işlər çox pul bahasına başa gəlir. Bunu vaxtkən almaq lazımdır, çünki Türkiyədə kolleksiyaçılar var. Bunlar hansısa kolleksiyaçının arxivinə düşsə, biz onları həmişəlik itirə bilərik. Mən ordan Rəsulzadənin 34 fotodan ibarət dəfn albomunu aldım. Albomdan bəzi fotolar bəlli idi. Hətta AzadlıqRadiosunun saytında da verilmişdi.Amma bu albomda hamısı var, yəni cənazə namazı qılınmasından ta dəfnə qədər...».

RƏSULZADƏNİN NADİR FOTOSU

Dilqəm Əhməd kolleksiyasında olan nadir fotodan da söz açdı: «Rəsulzadənin kiçik bir fotosudur. Çox güman, vəsiqə üçün çəkdirib. Orda xüsusən siması, üz cizgiləri aydın seçilir. İli bilinmir. Amma baxanda görürsən ki, 30-40-cı illər arasıdır. Hələ saçı qaradır».

«CÜMHURİYYƏT ÜÇÜN 100 ADAM»

Rəsulzadənin məktubları
Rəsulzadənin məktubları

Verilişin bələdçisi jurnalistin yardım üçün kimlərə üz tutduğunu soruşanda bu cavabı aldı: «Ən qısa yol kimi vətəndaşlara müraciət etmək qərarına gəldim. Düşündüm ki, «Cümhuriyyət üçün 100 adam» lazımdır. Yüz adam 20 manatdan pul verəcək. Bu da 2 min manat edir. Mən bunu kitablaşdırandan sonra həmin 100 nəfərə pulsuz kitab verəcəyəm. Hələ ki, ümidim vətəndaşlaradır. Kimlər Cümhuriyyəti sevirsə, tariximizin ölkəyə gətirilməsinə maraqlıdırsa-mənə dəstək olsunlar».

«MÜHACİRLƏRİN VƏTƏNƏ DÖNMƏK VAXTIDIR»

Verilişin qonağı 2 kitab çap etdirmək fikrindədir: «Biri «Mühacirlərin dönüşü» adlı kitab olacaq. İstəyirəm topladıqlarım hamısı bir yerdə, həm də, keyfiyyətli çap olunsun. Mühacirlərin artıq Vətənə dönmək vaxtıdır. İkinci arzum da var. Türkiyədə tanınan, zamanında bu ölkənin siyasi həyatına yön verən Ağaoğlular haqqında ayrıca kitab yazmaq istəyirəm. Bu yay İstanbulda Tekdaş Ağaoğlu ilə görüşdüm - Əhməd bəyin nəvəsiylə. Çox qocalıb, maraqlı şeylər danışdı mənə. Əhməd bəyin oğlu Səməd Ağaoğlunu biz tanımalıyıq. Türkiyənin tanınmış yazarlarından olub. 60-cı illərdə Azərbaycana da gəlib, ata yurdu Şuşaya da baş çəkib. Qayıdandan sonra bir kitab yazıb - «Sovet Rusiya İmperatorluğu». Orda açıqca yazır ki, ermənilər Qarabağla bağlı bir plan qurublar. Qarabağı Azərbaycandan ayırmaq istəyirlər. 20-30 il keçdi və bu gerçəkləşdi... Fikrimcə, Azərbaycan mühacirət tarixini öyrənmək üçün yetrərincə material var və öz araşdırıcısını gözləyir».

- Kampaniyada nə qədər pul yığılıb?

- Dilqəm Əhməd indiki gənclərin cümhuriyyət sevgisinə necə qiymət verdi?

- Siyasi partiyaları nədə qınadı?

«İz» proqramını burda dinlə:

Cümhuriyyət üçün 100 adam aranır!
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG