Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:51

Azərbaycan erməni kilsələrini də qazla təmin edib


Gürcüstanda erməni kilsəsi (arxiv fotosu)

Gürcüstanda erməni kilsəsi (arxiv fotosu)

-

09 noyabr, 2015-ci il mətbuat icmalı...

AZƏRBAYCAN ERMƏNİ KİLSƏLƏRİNİ DƏ QAZLA TƏMİN EDİB

«Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur».

Rövnəq Abdullayev (arxiv fotosu)

Rövnəq Abdullayev (arxiv fotosu)

Bunu ANS televiziyasına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidentinin sözlərinə görə, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb:

«Bilirsiniz ki, cənab prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bizdə bütün dini məbədlər qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olarsa, bizim soydaşlarımıza orda yaşamaq daha rahat olar».

«Hər hansı bir narahatlıq varmı ki, Gürcüstan gələcəkdə Azərbaycanın neft-qaz layihələrinə hər hansısa bir şəkildə əngəl ola bilər?»

sualına SOCAR prezidenti belə cavab verib:

«Azərbaycanın dörd qonşusuna olan xətləri, diversifikasiya olunan imkanları, qaz anbarı imkan verir ki, Azərbaycansız bu regionda heç bir sərfəli neft-qaz əməliyyatı həyata keçirilməsin. Prezidentin apardığı neft strategiyası ondan ibarətdir ki, biz hamıya açığıq, diversifikasiya olunan marşrutlardan istifadə edirik və heç kimə də monopoliya sırımırıq».

«İNANCLI KƏSİM DƏ BİLMƏLİDİR Kİ...»AXCP sədri Əli Kərimli son günlər ölkənin dini kəsimi ətrafında baş verənlər barədə geniş məqalə yazıb. Həmin məqaləni «Azadlıq» qəzeti də dərc edib. Partiya sədri yazır:

«Ölkənin inanclı kəsiminə xarici dövlətlər tərəfindən idarə olunan, müstəqillik əleyhdarları kimi baxmaq praktikasına son qoyulmalıdır. Əlbəttə ki, həssas bölgədə yerləşən ölkəmizdə bütün maraqlı dövlətlərin xüsusi xidmət orqanları, dini məktəbləri onlara bağlı olan, onların idarə etdiyi qrupların, təşkilatların yaranmasına çalışırlar və çalışacaqlar. Lakin həmin fəaliyyətlərin qarşısını almalı olan xüsusi dövlət orqanı var. Əgər ölkənin MTN-i illər uzunu əks-kəşfiyyatla məşğul olub belə şəbəkələri faktlarla, aşkar şəkildə ifşa etmək əvəzinə, reketçiliklə, soyğunçuluqla məşğul olubsa və iş görüntüsü yaratmaq üçün vaxtaşırı müəyyən qrup insanları şərləyib həbs etdiribsə, bu yanlış fəaliyyətin hesabını da inanclı vətəndaşlarımız ödəməli deyil».

Əli Kərimli (arxiv fotosu)

Əli Kərimli (arxiv fotosu)

Daha sonra Əli Kərimli yazır ki, ölkənin inanclı kəsiminin də üzərində böyük məsuliyyətlər var:

«Əvvəla, həmin dostlarımız bilməlidir ki, müasir dünya təcrübəsi birmənalı şəkildə sübut edir: yalnız dünyəvi, demokratik qanunlarla idarə olunan dövlətlər ciddi inkişaf edib, vətəndaşlarının hüquq, azadlıq və rifahını təmin edə bilir. Heç kim ayrı-ayrı dini mərasimlərdə yaşanan kütləvilikdən yanlış nəticə çıxarıb, burada dini dövlət qurula biləcəyinə həvəslənməsin. Azərbaycan xalqının böyük əksəriyyəti dünyəvi dövlət tərəfdarıdır. Və bu böyük əksəriyyətin fikrinə hörmətlə yanaşmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan dövlətinin dünyəviliyinin sual altına alınması ilk növbədə inanclı kəsimin özünə zərbə olar. Çünki bu gün cəmiyyət dindar vətəndaşlarımızın öz etiqad azadlıqları uğrunda, eləcə də hüquqsuzluq və ədalətsizliyə qarşı rejimlə mübarizələrinə əsasən rəğbətlə yanaşır. Amma cəmiyyət şübhələnsə ki, bəzi təşkilatlar üçün etiqad azadlığı bəhanədir, əslində şəriət dövləti yaratmaq uğrunda mübarizə gedir, dərhal həmin təşkilatların arxasından çəkilər və hətta belə istəklərin qarşısını almaqdan ötrü ciddi şəkildə birləşər. İnanıram ki, inanclı kəsimin ölkəmizdə dünyəvi dövlət prinsiplərinə qarşı olmadıqlarını daha birmənalı şəkildə cəmiyyətə çatdırması ümumi işin xeyrinə olar».

«AZƏRBAYCANA BU TƏHLÜKƏ XARİCDƏN GƏLİR»

«Bir qrup dindarın hakimiyyətin ünvanına sərt fikirlər səsləndirməsini demokratiya saymaq olmaz. Onların çoxu sifariş yerinə yetirirlər, xarici qüvvələrin sifarişini».

Sabir Rüstəmxanlı (arxiv fotosu)

Sabir Rüstəmxanlı (arxiv fotosu)

Bunu teleqraf.com portalına müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Dindarların xaricdən maliyyə dəstəyi alıb aktivləşməsini təhlükə hesab edən partiya sədri deyib ki:

«Azərbaycana da bu təhlükə müsəlman ölkələrindən gəlir. Azərbaycan müsəlman dünyasının modern ölkəsidir. Din siyasətdən ayrıdır. Dövlət dini qorumalıdır, amma din dövlətin demokratik, konstitusion prinsiplərinə qarşı çıxmamalıdır».

«AŞPA-NIN QƏTNAMƏSİ DANIŞIQLAR PROSESİNDƏ VACİB SƏNƏDDİR»

«Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsində «Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair» hazırladığı hesabat əsasında qəbul olunan qətnamə Azərbaycan diplomatiyasının uğurudur».

Elman Məmmədov (arxiv fotosu)

Elman Məmmədov (arxiv fotosu)

Bu fikri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ictimai birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.

Yap.org.az yazır ki, E.Məmmədov bildirib ki, sənəddə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsi tələb olunur. Onun sözlərinə görə, bu qətnamə danışıqlar prosesində vacib beynəlxalq sənəddir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG