Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

- Anası öləndə nənəsi oğluna tapşırıq vermişdi: “O piano mənə lazım deyil, onu da basdırın”.

Asiman Eyniyev

Kökdən düşmüş piano

O, paltosunu başdan-başa düymələyib, yaşadığı uzun, qırmızı binanın arxasından uzanan enli yolun kənarında dayandı. Bu yolun sonu məşhur bir yazıçının adını daşıyan dairə ilə bitirdi.

Qırmızı rəngli binanın altındakı kafenin qapısı açıldı. İki qarson kafedən sərxoş bir adamı çıxartdılar. Kafenin sahibi də bayıra çıxdı. Gözlərini ovuşdura-ovuşdura işçilərini təlimatlandırdı.

Qarsonlardan biri taksi çağırdı, o birisi isə ağ döşlüyünü açıb qapının ağzına atdı, sonra sərxoş adamı yavaş-yavaş yerdə oturtdu. Elə tarazlıq yaratdı ki, sərxoş adam kürəyini kafenin qarşısına yığılan kirli qar topasına söykədi.

Maşın dayandı. Taksi çağıran qarson kafeyə girdi. Bu vaxt kafedən iki qız çıxdı. İkisi də qorxa-qorxa ətrafa nəzər saldı, sonra tələsik maşına əyləşdilər. Maşın iti sürətlə üzü şimala tərəf yol aldı...

Auguste Renoir, "Piano çalan qızlar"

Auguste Renoir, "Piano çalan qızlar"

Paltolu adam qeyri-ixtiyari düymələrini açdı.

Astma xəstələri kimi həyəcanla, dərindən bir neçə dəfə nəfəs aldı, başını möhkəm silkələdi.

Beyni dumanlanırdı. Fikrini dağıtmaqdan ötrü kafenin qarşısında uzanan sərxoşa baxdı.

– Salam, cənab, başınız ağrıyır?

– Yox. Sən kimsən? –deyən paltolu adam, sol tərəfində peyda olan başdan-ayağa qara geyinmiş adama baxdı.

– Mən, mən həkiməm, həkim. Adım da İtdir, İt. Mən bilirəm ki, sizin başınız ağrıyır və dərmana ehtiyacınız var. –Qara geyimli adamın üzü görünmürdü.

– Bura bax, üzünü məndən niyə gizlədirsən?

– Üzümü? Hə-ə, başa düşdüm... Mən üzümü ona görə gizlədirəm ki, siz məni tanıya bilərsiz. Mən həm də aktyoram axı. Hə-hə, özü də ən məşhurlardan. Mənə bir kinoda rol da veriblər. Çox kiçik bir roldur. Mən əməliyyat zamanı, baş cərraha lazım olan alətlərdən birini uzadıram, vəssalam. O kinodan sonra insanlar harda görsələr, mənimlə şəkil çəkdirir, xoş münasibət göstərirlər.

Diqqətlə qulaq asın! Bir dəfə sevimli fanatlarımdan biri mənə yaxınlaşıb dedi ki, sizi kinoya dəvət edən rejissor, öz işini bilən peşəkardır və siz kino sahəsində əsl tapıntısınız.

Onun fikrincə, filmlərdə tanınmış bir aktyoru həkim libasında görəndə, ölüm çarpayısında uzanan xəstənin sağ qalacağına inam itir. Bəli-bəli, çünki insanlar belə düşünür ki, həmin aktyoru tanıyırlar və onun əsl həkim olmadığını bilirlər. Bax belə...

Paltolu adam başını yenidən silkələdi. Gözlərini yumub-açdı. Qara paltarlı adam yoxa çıxmışdı. Bilirdi ki, gözünə görünən bu kölgə gecəki marixuananın təsiridir.

Səhərə yaxın qız dostu marixuana çəkmiş, oğlan isə tüstüyə düşmüşdü. O, hətta başını pəncərədən bayıra çıxarıb it kimi bərkdən bir neçə dəfə hürmüşdü də...

Uzaqda görünən kauçuk zavodunun iri borularından çıxan qatı tüstü, açıq səmanı korlayırdı. Qəhvəyi rəngli plaş geyinən bir qadın, telefonla danışa-danışa onun yanından ötdü. Paltolu adam cibindən bir gilə tən bölünmüş siqaret tapdı. Yandırdı. Təzəcə rəhmətə gedən anasını xatırladı.

Qadın uşaq bağçasında piano müəlliməsi işləyirdi. İki ildən çox idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Oğlan bilirdi ki, anasının axırına çıxan nənəsidir.

Yaşlı qadın evdə hökmranlıq edir, gəlininə göz verir, işıq vermirdi. Düşməncəsinə etdiyi hərəkətləri ona heç kim bağışlamazdı, amma gəlini ölüm döşəyində bağışladı onu.

Anasının gətirdiyi cehizin içində parlaq taxtadan olan bir piano vardı. Yaşlı qadın elə ilk gündən gəlininə xəbərdarlıq etmişdi: “O pianonun səsi eşidilməyəcək”.

Çörək sexində işləyən atası da buna etirazını bildirməmişdi. Anası yaranan vəziyyətlə barışmışdı və ölənə kimi ona verilən hədiyyə pianoya barmaqlarını toxundurmamışdı...

Hərdənbir oğlan özü pianoda nəsə ifa edirdi, nənəsi heç vaxt onun xətrinə dəymirdi.

Anası öləndə nənəsi oğluna tapşırıq vermişdi: “O piano mənə lazım deyil, onu da basdırın”. Tapşırığı oğlan da eşitmiş, nənəsini öldürmək istəmişdi, lakin fikrindən daşınmışdı.

Yaşlı qadının gəlininə soyuq münasibətinin səbəbini isə heç kəs öyrənməmişdi. Nədənsə heç bunu öyrənmək də istəməmişdilər. Arvad, gəlini ölən günün səhəri, kommunist partiya biletini iki hissəyə bölüb peçə atmışdı.

Siqaretdən dərin bir qullab götürəndən sonra həmin hadisə də yadına düşdü, amma bunun səbəbini heç cür aydınlaşdıra bilmədi.

Diksindi. Səs binanın dördüncü mərtəbəsindən gəlirdi. Məhəllədə dəli kimi tanınan Ələddin kişi idi. Ələddin hər səhər olduğu kimi yenə də eyvana çıxmış, mühüm bir sirr verirmiş kimi həyəcanla və diqqətlə o yan-bu yana baxıb boğuq səslə danışırdı:

– Eşidirsiz? Hey, sizinləyəm, məni eşidirsiz? Əlimdə Roma Papasının gizli çəkilən şəkilləri var. O, kardinallarla qumar oynayır.

Qonşusuna diqqətlə qulaq asan oğlan qəhqəhə çəkdi. Eyni açılmışdı. Gülə-gülə başını dikəldib gözlərini qıydı. Uzaqda görünən qaraltını sezməyə çalışırdı.

Yanılmadı. Atası gecə növbəsindən qayıdırdı. Siqareti tulladı. Əlidolu gələn atasına kömək etməkdən ötrü enli yolun kənarındakı səkiyə çıxdı.

Yolun bir hissəsinin donu hələ də açılmamışdı. Yavaş hərəkət edən bir “jiquli”nin qarşısından ötüb yolu keçdi. Atasına yaxınlaşıb salamlaşdı. Torbalardan ikisini alıb qabağa düşdü.

Atası:
– Ay bala, bir dayan görüm, –dedi– nə oldu, sata bildin?
– Hə, satdım, amma hələ pulunu almamışam, – oğlan arxaya baxmadan, yeriyə-yeriyə: –O adam dedi ki, bu alətin xərci ağırdır, kökdən düşüb, kökləmək lazımdır. Deyəsən, çəkilən xərci də puldan tutacaq –dedi, sonra atasını gözləmədən yolu keçdi.

Arxasınca gələn yox idi...

2013

Günün bütün mövzuları

XS
SM
MD
LG